Məhkəmə qərarları › İş №2(032)-902/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-902/2023

13.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-902/2023 13.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı iddiaçının şərəf və ləyaqətinin ləkələyən sözlərin təkzib edilməsi və iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq 2000 manat təzminatın cavabdeh tərəfindən ödənilməsi barədə iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının şərəf və ləyaqətini ləkələyən Cavabdeh qızı tərəfindən ictimai yerdə səsləndirdiyi sözləri təkzib edilməsi və ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 2000 (iki min) manat təzminatın və dövlətə ödədiyi 41 manat dövlət rüsumu Cavabdeh qızı tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2002-ci il sentyabr ayında qardaşı Zahir və həyat yoldaşı Mehriban ilə ailə qurub və ailəsi ilə birgə atası evində yaşamağa başlayıb. Həmin vaxt ailəsi ilə birgə işi ilə əlaqədar bir neçə aylığa Bakı şəhərində olmuşdur. 2002-ci ilin noyabr ayında atası onun təcili evə qayıtmağını tələb etmişdir. Qayıtdığı vaxt qardaşı və yoldaşı Mehriban evi tərk etmişdilər. Səbəbini valideynlərindən soruşduqda məlum oldu ki, gəlin gəldiyi gündən evdə ciddi söz-söhbət yaratmış, ata-anasını oğurluqda ittiham etmiş, nişan üzüyünün itməsində valideynlərini günahlandırmışdır. Böyük sözsöhbətlərdən sonra atası və anası qardaşı Zahiri və Mehribanı evdən qovmuşdur. Onlar Mehribanın atası evinə getmişlər və 2008-ci ilə qədər orada yaşayıblar. Atasının və anasının ciddi narazılıqlarına baxmayaraq 2008-cı ilin ayında şəxsi təşəbbüsü ilə onları evə gətirmişdir. Anası ağır xəstə və ölüm ayağında olduğuna gorə məqsədi onların anası ilə halallaşmağı olub. Mehriban evə qayıtdığı müddətdən sonra yenə də, bu günə qədər düşmən mövqeyini davam etdirir. Onu, atasını, ailəsini təhqir edir, dəfələrlə ona şər və böhtan ataraq polis bölməsinə şikayət edir. Nəticəni yoxlayıblar və ediblər ki, o, nahaqdan ona böhtanlar atır və onu ləkələmək istəyir. 17 fevral 2023-cü il tarixli qərar ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar verilmişdir. Atası 2016-cı ildə vəsiyyətnamə yazaraq bütün mülkünü ona vermişdir. Mehriban öz ailəsi olan Zahirlə də pis münasibətdə olduğu üçün 2009-cu ildən qardaşı evi tərk edib, bu günə qədər də gəlməməsinin səbəbi kimi Mehribanı günahlandırır. Mehriban ona atasının vəsiyyət etdiyi həyət və mülkdə yaşamağa imkan vermir, onunla özbaşına yer bölgüsü iddiası edir. Artıq onun hərəkətləri dözülməz xarakter daşıyır. Gələcəkdə başqa hadisələr olmasın deyə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Cavabdeh qızı iddia tələbini etiraf etməyərək etirazında göstərmişdir ki, iddiaçının iddiası əsassızdır, belə ki, onu ictimai yerlərdə ümumiyyətlə söyub təhqir etməmişdir. İddiaçı heç bir mənəvi ziyan yetirməmişdir. Bir yurdda ikimərtəbəli bir evdir, 6 otağa iddiaçıya 2 otaq isə ondadır. İddiaçı onu dəfələrlə təhqir etmiş, nəlayiq ifadələr işlədərək, uşağları ilə birlikdə evdən çıxmağını, evi satacağını bildirmışdır. İddiaçı onu dəfələrlə ona evdən çıxmasa o qədər bezdirəcəyini, əl dəymədən öldürəcəyini bildirir. Mübahisəli mənzildə pasport qeydiyyatındadır. xx.xx.2002-ci ildə ailə qurduqdan sonra başqa mənzildə yaşasa da, mübahisəli mənzillə və mənzilin mülkiyyətçisi qayınatası olmuşdur. Həyat yoldaşı onu 15 ildir ki, atıb gedib heç bir aliment ödəmir. Həyat yoldaşının adına olan kredit borclarını 45.000 manat pulu özü və əmisi ödəyibdir. Onun mübahisəli mənzildə pasport qeydiyyatında qalmağı iddiaçıya hər hansı çətinlik yaratmır. Çünki hazırda bütün kommunal ödənişlər işlədilən sərfiyyata uyğun olaraq ödənilir. Buna görə də bu, iddiaçıya maddi ziyan vurmur. İddiaçının şərəf və ləyaqətini ləkələyən Cavabdeh qızı tərəfindən ictimai yerdə səsləndirdiyi sözləri təkzib edilməsi və ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 2000 (iki min) manat təzminatın və dövlətə ödədiyi 41 manat dövlət rüsumu Cavabdeh qızı tərəfindən ona ödənilməsi barədə iddianın əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat xidməti və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Göründüyü kimi iddiaçı cavabdehin hüquq mühafizə orqanlarına müraciət etməsinə və yalan məlumat verdiyinə əsaslanaraq onun cəmiyyətdə olan şərəf və ləyaqətinə xələl gətirdyini əsas gətirməklə iddianın təmin edilməli olmasını bildirir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Azərbaycan Rspublikası Konstitusyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 saylı qərarının 4-cü bəndinə əsasən qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi qaydasında baxıla bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində onu hədələməsi ilə bağlı polis orqanlarına müraciət etməsi onun vətəndaş kimi pozulmuş hər hansı hüququnun pozulması ilə bağlı dövlət orqanlarına sərbəst surətdə müraciət etmək hüququ ilə bağlıdır. Hər bir Azərbaycan Respublikası vətəndaşının öz pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı dövlət, orqanlarında, eləcə də digər təşkilatlara müraciət etmək hüququ vardır və bu hüquq məhdudlaşdırılmamalıdır. Lakin belə müraciətlərdə və ya şikayətlərdə məlumatlar haqqında müraciət edilən şəxsin şərəf və ləyaqəti ləkələyən və yalan məlumatlar (təhqir, böhtan və.s kimi) məlumatlar olmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş müraciətin iddiaçının şərəf və ləyaqətinə xələl gətirməsi dəlili əsaslı sayıla bilməz. Belə olan halda iddia tələbi cavabdehin üzərinə müraciətdə göstərilənlərin təkzib edilməsi və üzr istənilməsi barədə vəzifə qoyulması hissədə iddia tələbi təmin edilməməlidir. İddia tələbinin cavabdehdən onun xeyrinə 2000 manat mənəvi zərərin tutulması ilə bağlı isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə araşdırması zamanı cavabdehin polis orqanlarına müraciətində şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların olması sübuta yetirilməməklə həmin hissədə iddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, həmin tələbdən irəli gələn bu hissədə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qızına qarşı iddiaçının şərəf və ləyaqətinin ləkələyən sözlərin təkzib edilməsi və iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq 2000 manat təzminatın cavabdeh tərəfindən ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar