Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-991/2023 04.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1700 manat pulun, 2 ilin 170 manat faiz borcunun, mənəvi ziyana görə 500 manat pulun, tərəfindən ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onlarla yaxın qonşuluqda yaşayır. Bir qonşu kimi yaxın münasibətdə olmuşlar. Hərdən Cavabdeh ondan borc pul alıb sonra gətirib verirdi. Özündə inam yaratmışdır. 2021-ci ilin aprelin ortaları idi. Evdə idi. Həmin vaxt qonşuluqda yaşayan Cavabdeh onlara gəldi. Ona dedi ki, oğlu ağır işə düşüb. 1700 manat pul lazımdır. İşini sahmana salıb bir ayda gətirib pulu verəcək. Həmin vaxt Fərhadın oğlu usta işləyirdi. Fərhad ondan borc istəyəndə məhəllə qonşusu Şahid1 də onlarda idi. Ona inandı və fikirləşdi ki, gətirib aldığı pulu verər və həmin vaxt evdə olan puldan 1700 manatını Mahirənin yanında sayıb Fərhada verdi. Aradan bir ay keçəndən sonra Fərhaddan həmin Mahirənin yanında ona verdiyi 1700 manat borc pulu istədi. “Darıxma səbrin olsun, işləyib verəcəm” dedi. Aradan 3 ay da keçdi. Fərhad aldığı pulu gətirib vermək istəmədi. Buna görə onunla yaxın qonşuluqda yaşayan Şahid1 da götürüb təkrar onlara getdi. Yenə həmin vaxt Fərhad dedi ki, “səndən 1700 manat pul almışam, qaytarıb verəcəm”. Aradan 2-3 ay keçəndən sonra yenə Fərhadgilə getdi. Qapıya arvadı Səbirə çıxıb ona dedi ki, “mənim pula aidiyyatım yoxdur. Səndən pulu alıb arvad saxlayır, ona xəcləyir. Get özündən tələb et. Birdə mənim üstümə gəlmə, əgər birdə bizim evə gəlsən üstünə polis işçisi çağıracam, səni şərləyəcəm”. İddiaçı və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. İlkin izahatlarında cavabdehin etirazında bildirdiklərinə cavab olaraq iddiaçı qeyd etmişdir ki, onun arvadına məxsus kartı almamış, cavabdeh isə ona heç bir məbləğdə pul qaytarmamışdır. Sonrakı məhkəmə iclaslarında isə iddiaçı cavabdehin özünün ona arvadına məxsus maaş kartını verməsini, ordan bir ya iki dəfə pul çıxarılmasını, pulu da cavabdehin özünə qaytarmasını bildirmiş, pulu hazırki borc tələbi ilə əlaqədar deyil, başqa işdə onun arvadına kömək etdiyinə görə Fərhad ona vermişdir. Pulu özü yox taksi sürücüsü Mehman bankomatdan çıxarmışdır. Cavabdeh ilkin olaraq iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçını bir şəhər sakini kimi tanıyır. İddiaçı heç bir borcu yoxdur. Onunla heç bir müqavilə və ya əqd bağlamamışdır. Məhkəməyə müraciət edən şəxslər istinad etdiyi halları sübut etməlidir. İddiaçının qeyd etdiyinə görə ona pulu guya 2021-ci ilin aprel ayında vermişdir. Həmin vaxtdan iki ildən çox vaxt keçmişdir. Niyə iddiaçı həmin vaxt, 3 və ya 4 ay sonra məhkəməyə müraciət etməmişdir? İddiaçı iddia ərizəsinə heç bir sübut və ya sənəd əlavə etməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İddiaçı nümayəndəsi Cavabdeh etirazına qarşı bildirmişdir ki, məhkəməyə özünün və şahid qismində təqdim etdiyi həyat yoldaşının izahat və ifadəsində isə borcla əlaqədar ziddiyyətli mövqe və müxtəlif rəqəm söylənmişdir. Cavabdehin özünün məhkəmə icraatında yazılı və şifahi mövqeyinin ziddiyyətli olması, eləcədə məhkəmə iclasında şahid həyat yoldaşının ifadəsinin müxtəlif borc rəqəmləri ilə iddiaçının yazdığına və məhkəmədə dediyinə ziddiyyətli olması, bunların müqayisəli təhlili MPM-in 88-ci maddəsi ilə əhəmiyyətsiz sayılmasına əsas yaradır. Sonrakı məhkəmə iclaslarında isə cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçıdan qarşılığında faiz ödəmək şərtilə 700 manat məbləğində borc almışdır, sonradan iddiaçı və əri dəfələrlə onun evinə gəlib problem yaratmış, o da məcbur qalıb arvadı Səbirənin maaş kartını ona vermişdir. Sonradan iddiaçı 3 ay onun maaş kartından pulu götürmüş, kartdan ədətən iddiaçının sürücüsü Mehman çıxarmışdır. Sonradan özləri karta blok qoymuşlar, çünki Lətifəyə heç bir məbləğdə borcları qalmamışdır. İddiaçı və özünü onun sürücüsü kimi qələmə verən Mehman onun arvadının kartından qanunsuz olaraq maaşı götürüb, onların əməllərində cinayət tərkibi vardır. İddiaçının əri sərxoş vəziyyətdə onların evinə gəlib səs-küy salmış, arvadına və ona hədə-qorxu gəlmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: "xxxx" ASC-nin ödəniş kartı üzrə xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Şahid2 adına olan 5103007*****4049 nömrəli kartdan xx.xx.2022-ci il tarixdə 266 manat, xx.xx.2022-ci il tarixdə 283 manat və xx.xx.2022-ci il tarixdə isə 295 manat məbləğində ATM vasitəsi ilə pul məbləğləri çıxarılmışdır. Məhkəmənin qərarı əsasında sorğu edilərək "xxxx" ASC-dən xx.xx.2023-cü il, 2023/111/13928 nömrəli məktubla götürülmüş video görüntülərin məhkəmə iclasında nümayişi zamanı xx.xx.2023-cü il tarix göstərilmiş görüntüdə olan şəxs məhkəmə iclasında iddiaçının vəsatəti ilə dindirilmiş Şahid3dur. Göstərilən xüsusatı həm tərəflər təsdiq etmiş, həmçinin şahidin özünə də nümayiş etdirilən zaman pulu bankomatdan çıxardığını etiraf etmişdir. Məhkəmənin qərarı əsasında sorğu edilərək "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli, 2023/111/11358 nömrəli məktuba əlavə olaraq bildirilmişdir ki, təqdim olunanlardan əlavə görüntü mövcud deyil. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi (ayrı-ayrılıqda) tərəfin vəsatəti ilə dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Cavabdeh Lətifənin qonşusu kimi tanımışdır. Bir neçə dəfə onlar hər ikisi onun avtomobilinə minmişlər. Fərhadla Lətifə arasında pul söhbəti olmuş, lakin məbləğin nə qədər olduğunu bilmir. Sonradan cavabdehin arvadına məxsus kartdan pul çıxarılması xüsusatı ilə əlaqədar məhkəmənin təşəbbüsü ilə təkrar dindirilərkən kartdan pul çıxardan şəxsin özü olduğunu, neçə dəfə çıxarmasını dəqiq xatırlamadığını, çıxarılan pulu iddiaçıya və cavabdehə verməsini bildirmişdir. Şahid1 ifadəsində bildirdi ki, hər iki tərərf onun qonşusudur. Bir dəfə iddiaçının həyətində oturub çay içərkən Fərhad gəlib ondan pul istəmiş, o da evə keçib gətirib məbləğini bilmədiyi pulu sonuncuya vermişdir. Sonradan Lətifə cavabdehin evinə onunla getmiş, cavabdeh iddiaçıya pulu yaxın zamanlarda qaytaracağına dair söz vermişdir. Şahid4 Lətifənin bacısının evində usta kimi işləmiş, bir dəfə evə qayıdarkən avtomobildə iddiaçı və cavabdeh də olmuş, cavabdeh iddiaçıya 1700 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Cavabdehin vəsatəti ilə dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Cavabdeh yoldaşıdır. Əri İddiaçı faizlə 700 manat məbləğində pul almışdır. Sonradan Lətifənin əri sərxoş halda onların həyətinə gəlib səs-küy salmış, onları hədələmişdir. Yoldaşı məcbur qalıb onun maaş kartını Lətifəyə vermişdir. Kart 2022-ci ilin iyun ayından oktyabr ayına kimi Lətifədə qalıb. 3 ay Lətifə həmin kartdan 280 manat məbləğində pul götürmüşdür. Sonra kartı bloklamışlar. Amma kart hələ də Lətifədə qalmışdır. Fərhadın Lətifəyə borcu qalmamışdır. Məhkəmənin mülki iş ilə bağlı tətbiq etdiyi hüquq: Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. (Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-4106/21 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Presedenti Məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır (N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı). Mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı) Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edilməsi yolverilməzdir. (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı təcrübəyə əsasən yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; -əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmənin mübahisə ilə əlaqədar mövqeyi və əsaslandığı hallar: İlk öncə məhkəmə hazırki mübahisəni- mülki prosessual qanunvericiliyinin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi və hər bir tərəf istinad etdiyi halları sübuta yetirməlidir prinsipinə əsaslanmaqla həll edilməsini məqsədəmüvafiq hesab edir. Çünki sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, tərəflər arasında borc münasibətləri olmuş, cavabdeh verməli olduğu ödənişi gecikdirmiş, iddiaçıya olan borcunu ödəmək üçün arvadına məxsus maaş kartını ona vermək məcburiyyətində qalmışdır. Hazırda iddianın qismən təminini mümkün edən aşağıdakı hallar mövcuddur. İlk öncə məhkəmə iddiaçının irəli sürdüyü tələb üzrə verdiyi ilkin və sonrakı izahatları, həmçinin şahid ifadələri arasındakı ziddiyyətli məqamları bir-biri ilə müqayisə etməyi vacib bilir. Belə ki, iddiaçı ilkin olaraq cavabdehin etirazında bildirdiyi xüsusatlara cavab olaraq ona heç bir məbləğdə pul qaytarılmadığını, heç bir kart verilmədiyini qeyd edir. Sonradan məhkəmə cavabdehin vəsatəti əsasında sorğu verərək müvafiq bankdan məlumatları əldə edir və tədqiq edildikdən sonra, iddiaçı və onun vəsatətilə əlavə şahid qismində dindirilmiş şəxs Şahid3 oğu cavabdehin arvadına məxsus kartdan pul çıxarılmasını etiraf edirlər. Lakin iddiaçı pulu çıxarıldlıqdan sonra cavabdehin özünə qaytarılmasını bildirir. Məhkəmə iddiaçının bununla əlaqədar bildirdiyini həqiqətəuyğun hesab etmir və belə qənaətə gəlir ki, cavabdehin ona olan borcu müqabilində arvadına məxsus bank kartından pulun iddiaçı tərəfindən bilavasitə və ya vasitəli şəkildə də olsa çıxarılaraq götürülməsi ağlabatan hesab edilməlidir. O ki, qaldı cavabdehin bildirdiyi kimi 3 dəfə pulun məhz iddiaçı tərəfindən çıxarılaraq götürülməsinə münasibətdə isə məhkəmə hər iki tərəfin izahatlarına və araşdırılan sübutlara, o cümlədən də şahidin ifadəsinə nəzərən sübutları bərabər və obyektiv qiymətləndirərək bu hissədə cavabdehin qismən haqlı olmasını hesab edir. Belə ki, iddiaçı kartdan iki dəfə pul çıxarılmasını, şahid pulun cavabdehə məxsus kartdan neçə dəfə çıxarıldığını xatırlamamasını, bank isə yalnız xx.xx.2022-ci il tarixli görüntü təqdim etməklə digər görüntülərin saxlanmadığını bildirir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin borcunu qaytarmaq məqsədi ilə arvadına məxsus kartın iddiaçıda olması və həmin kartdan xx.xx.2022-ci il tarixdə 295 manat və ondan əvvəlki ən yaxın tarixdə yəni xx.xx.2022-ci il tarixdə 283 manat pulun çıxarılması işin halları ilə təsdiq edilir. Bununla da məhkəmə mülki qanunvericiliyin prinsiplərini və daxili inamını rəhbər tutaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıdan özünün etirafı ilə 700 manat borca pul alması və həmin puldan 578 manatının arvadı X1 maaş kartından çıxarılmaqla qaytarılması və hazırda iddiaçıya 122 manat borcunun qalması sübuta yetirilmiş hesab oluna bilər. O ki, qaldı tələbin - iddiaçının cavabdehdən əsas borc kimi tələb etdiyi 1000 manat hissəsinə, tələbin cavabdeh tərəfindən mübahisələndirilməsi, iddiaçının isə bu hissədə tələbini sübuta yetirə bilməməsi səbəbindən məhkəmə onun təmin olunmasını məqbul hesab etmir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bundan əlavə iddianın qalan hissəsi kimi - cavabdehdən 2 ilin 170 manat faiz borcu və 500 manat mənəvi ziyan hissəsinə gəldikdə isə iddiaçının nümayəndəsi şifahi məhkəmə çıxışında həmin hissədən imtina etmələrini bildirsə də məhkəmə tələbdən imtinaya dair mülki prosessual qanunvericiliyin irəli sürdüyü vacib prosedur müddəaları baxımından ( MPM 191-ci mad. imtina yazılı formada verilməsi) imtinanın qanunamüvafiq verilməməsi əsası ilə qəbul edilmədiyini və mahiyyəti üzrə baxılan zaman da əsassız olması səbəbindən rədd edilməsinin düzgün qənaət olmasını hesab edir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli 7 saylı qərarının 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməs barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Beləliklə, qanunvericiliyin şərhində əsasən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Özü-özlüyündə ziddiyyətli və şübhəli hallara əsaslanan, cavabdeh tərəfindən qəbul edilməyən pul tələbi üzrə iddiaçının sözügedən məbləğdə pulunun cavabdeh tərəfindən qaytarılmamasının iddiaçıya fiziki və mənəvi iztirab yaşatması halının mümkünlüyü nə iddiaçının ərizəsində, nə də ki, vermiş olduğu izahatlarında, həmçinin işin faktiki hallarının araşdırılması zamanı da müəyyən edilmədi və bu səbəbdən də məhkəmə tələbin formal olaraq əsassız irəli sürülməsini hesab edir. Beləliklə, bütün sübutlara qiymət verən məhkəmə yekun olaraq belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 122 manat pul alınaraq iddiaçıya verilməlidir. Qalan hissədə iddia sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 45 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri təmin olunan hissəyə mütanasib olaraq cavabdehə aid edilməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Həmçinin məhkəmə işə baxılan zaman cavabdeh və onun arvadının iddiaçıya borclarının olmasına görə İddiaçı və onun əri tərəfindən hədə-qorxuya məruz qalmaları, məcburiyyət qarşısında qalıb X1 özünəməxsus maaş kartını İddiaçı verməsi, kartdan X2 və Şahid3 oğu tərəfindən müxtəlif vaxtlarda və məbləğlərdə pulun çıxarılması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən xüsusatlarla əlaqədar aidiyyəti şəxslərin hərəkətlərində cinayət tərkibinin olub-olmaması araşdırılmalı və bununla əlaqədar ayrıca xüsusi qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 122 (bir yüz iyirmi iki) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edənSəidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-991/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-991/2023
04.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver