Məhkəmə qərarları › İş №2(033)-1215/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1215/2025

21.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1215/2025 21.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9 Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X4 Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs X7 qarşı “yol tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbi və dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs X7 qarşı “yol tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yol vermək öhdəliyi olan Cavabdeh2 bölgü plan sənədində öz imzası ilə təsdiqlədiyi öhdəliyi icra etdirməklə 6 (altı) sot torpaq sahəsinə getmək üçün 4 metr enində yolun açılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onun xeyrimə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2024-cü ildə Yuxarı Tala kəndində yerləşən Cavabdeh1 məxsus 9 (doqquz) sot torpağın 6 (altı) sot torpağı (altı sot torpaq - 0,0278 + 0,0322 ha = altı sot iki bitişik hissədən ibarətdir) hissəsini Cavabdeh1 tərəfindən verilmiş etibarnamə əsasında 30.000 (otuz min) manata ona satmışdır. O, həmin anda 30.000 (otuz min) manat pulu Cavabdeh2 verməklə müqavilə şərtlərinə tam əməl etmişdir. Lakin alqı-satqı müqaviləsindən bir ildən artıq vaxt keçməsinə baxmayaraq Cavabdeh2 öz imzası ilə təsdiqlədiyi müqavilə şərtlərinə müxtəlif bəhanələrlə əməl etmək istəməmişdir. Hal-hazırda onun mülkiyyəti olan 6 sot (altı) torpaq mülkinə yeganə giriş imkanı olan X6 həyətindən minnət, xahiş etməklə gedib-gələ bilir. O, hal-hazırda aldığı 6 sot (altı) torpaq mülkündən 16 km aralıda, Yuxarı Çardaxlar kəndində yaşayır. Uzaqda yaşadığına görə torpaq sahəsi ilə müntəzəm əlaqə qura bilmir. Cavabdeh1 məxsus torpağın yerdə qalan 3 (üç) sot torpağında tikili ev yerləşir. O, torpağı alanda evdə heç kim yaşamırdı. Cavabdeh2 ona bildirmişdir ki, evi də satışa qoyulmuşdur. Cavabdeh2 xx.xx.2024-cü ildə evin aşağı geniş dəmir darvazaları olan hissəsindən ona yol verdi. Lakin Kamran 2025-ci ilin fevral ayında evi X2 onun uzaqda olmağından istifadə edərək ondan xəbərsiz, Amilədən həqiqətləri gizlədərək müxtəlif yalanlarla aldadaraq ona verilmiş yol üçün torpağı daha çox qazanc əldə etmək üçün sonuncuya satmışdır. Cavabdeh2 bu bağışlanmaz və yaramaz hərəkətindən sonra onun torpaq sahəsinə gedən yeganə yol üzünə bağlanaraq sahəsi ilə əlaqəsi kəsilmişdir. O, Kamrana narazılığını və etirazını bildirərək onun imzası ilə təsdiqlənən bölgü planında 4 (dörd) metr enliyində yol vermək öhdəliyinin olduğunu xatırladanda sonuncu bildirmişdir ki, o əvvəl verilmiş yolun əks istiqamətindən, evin arxa tərəfindən yol verəcəkdir. Yolun açılması məsələsinə gəldikdə isə bəlli olmuşdur ki, Kamran yenə əvvəllər olduğu kimi yalan danışır, onu aldatmağa çalışır. Həqiqətdə isə bəlli oldu ki, evin arxa hissəsindəki torpaq sahəsini Cavabdeh2 evi satarkən Amilə evin arxa tərəfindən, ona məxsus torpaq sahədən yolun açılmasına razı olmamışdır. Bununla da yenə də Kamranın fırıldaqlarının üstü açılmışdır. Nəhayət bir ildən sonra Amilə bu ilin fevral ayında Kamranın ona satdığı evin arxa tərəfindən 4 (dörd) metr enində olan torpaq sahəsini yol üçün Kamrandan ona pul ödəmək şərtilə verməyə razılaşmışdır. Müəyyən olundu ki, həmin torpaq sahə 4 metr eni, 15 metr uzunluq olmaqla 4x15=60 kv metrdir. Amilə Kamranın 2025-ci il fevral ayında özünə 3.000 (üç min) manata satdığı torpağı eyni qiymətə Kamrana satmağa razılıq verdi. Bir ildən sonra yolun açılmasına bu qədər yaxın olduğu məqamda Kamran yenə özünün əsil simasını açıb göstərdi. Kamran yenə əvvəllər olduğu kimi yalan, fırıldaq, bəhanə yolu seçmək, Amiləyə 3.000 (üç min) manat ödəməkdən boyun qaçırmaqla ona yol verəcək öhdəliyindən yenə yayınmağa çalışdı. O, bir il müddətində səbr etmişdir. O, Kamranın yalan və bəhanələrinə inanmasa da, işin xətrinə dözmüş, lakin yolun açılması üçün əlinə keçən bu imkandan da ağlasığmaz yalanlarla, inanılmaz bəhanələrlə qaçmağa çalışan sonuncunun bu yaramazlıqlarına dözmək mümkün deyildir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, oğlu Cavabdeh2 torpaq sahəsini alsa da, onların arasında yol məsələsi həllini tapmamışdır. Oğlunun mülkiyyətində olan 6 sot torpaq sahəsinə giriş yanaşı olan 3 sot torpaq sahəsindən keçir. Həmin 3 sot torpaq sahəsində fərdi yaşayış evi vardır və cavabdeh ona bildirmişdir ki, bu sahəyə giriş darvazasının yanından öz torpaq sahəsinə yol kimi istifadə edə bilər. Onlar 7 ay həmin yoldan istifadə etmişlər. 2025-ci ilin fevral ayında ona məlum olmuşdur ki, Cavabdeh2 həmin evi satmışdır. O, torpaq sahəsinə getmiş və orada evin yeni mülkiyyətçisi olan Amilə Yusifova torpaq sahəsindən onlara yol verilməsinə razı olmadığını bildirmişdir. O, bu barədə cavabdehə bildirmiş, cavabdeh isə ona Amilə Yusifovanın evin arxasından yolun verilməsinə razı olduğunu bildirmişdir. O, cavabdehlə Amilə Yusifovanın yanına getmiş və sonuncu onlara bildirmişdir ki, o evin arxasında ona yolun verilməsinə bir şərtlə razı ola bilər ki, Cavabdeh2 həmin yolu tutan torpaq sahəsinin dəyərini ona qaytarsın. Cavabdeh2 həmin yola görə 1000 manat verə biləcəyini bildirmişdir. Lakin buna baxmayaraq razılıq əldə olunmamışdır. Cavabdehlər tərəfindən ümumi yoldan oğlunun torpaq sahələrinə giriş-çıxış üçün yolun açılması ilə bağlı heç bir işlər görülməmişdir. Bundan başqa Cavabdeh2 tərəfindən ona 10000-15000 manat dəyərində ziyan dəymişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıya 0,6 sot torpaq sahəsini o, satmışdır. Torpağın mülkiyyətçisi Cavabdeh1 olsa da etibarnamə əsasında bütün proseslərdə özü iştirak etmişdir. Daha sonra həmin torpağa bitişik olan 3 sot torpaq sahəsinin və orada yerləşən fərdi yaşayış evinin də satıldığını iddiaçıya bildirmişdir. Lakin iddiaçı tərəfindən torpaq sahəsinin alınmasına heç bir münasibət bildirilməmişdir. O, fərdi yaşayış evini və torpaq sahəsini Amilə Yusifova adlı şəxsə satmışdır. Torpaq sahəsini satandan sonra iddiaçı ilə onun münasibətləri pozulmuşdur. Belə ki, iddiaçı nə üçün torpaq sahəsini ona satmadığını bildirərək müxtəlif bəhanələr axtarıb Amilə Yusifovanı incitməyə başlamışdır. Onun torpaq sahəsinə müstəqil yolu olduğu halda Aminə Yusifovnanın həyətindən gedib-gəlmək istəmişdir. Hər iki torpaq onun mülkiyyətində olanda o, iddiaçıya satdığı torpağa Amilə Yusifovaya satdığı torpaqdan keçmişdir. Belə ki, torpaqlar arasında hasar olmamışdır. Lakin iddiaçıya satılan torpağın əvvəldən özünün müstəqil yolu və giriş-çıxışı olmuşdur. İddiaçıya torpaq sahələrinə girişçıxış üçün 4 metr enində yoldan istifadə edilməsinə razılıq versə də, sonradan həmin yolun yerləşidyi torpaq sahəsinin mülkiyyətçisi olsan Amilə Yusifova buna imkan verməmişdir. Amilə Yusifova əgər yol iddiaçıya lazımdırsa dəyərinin ona ödənilməsini tələb etmişdir. Hazırda iddiaçının özünün torpaq sahələrinə gediş-gəliş üçün ümumi yoldan qapı yeri qoymaq imkanı vardır. O, iddiaçıya məxsus torpaq sahələrinə ümumi yoldan giriş-çıxış üçün yolun açılması xərclərini üzərinə götürsə də iddiaçının nümayəndəsi tərəfindən müxtəlif bəhanələr gətirilərək yolun açılmasına imkan verilməmişdir. 25 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi üçün ümumi yol vardır. Həmin yoldan iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış üçün ayrılacaq hissənin qarşısından qaz xətləri keçir. O, razıdır ki, Azəriqaz İB-in əməkdaşları tərəfindən qaz xətlərinin açılacaq yola uyğun quraşdırılması xərclərini ödəsin. Üçüncü şəxs X7 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə mülki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar AN-İ ******* nömrəli 03 iyul 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İman oğlu mülkiyyətində olan Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən ümumi sahəsi 0,0322 ha olan torpaq sahəsini 15 000 manata İddiaçı satmışdır. AN-İ ******* nömrəli 03 iyul 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İman oğlu mülkiyyətində olan Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən ümumi sahəsi 0,0278 ha olan torpaq sahəsini 14 000 manata İddiaçı satmışdır. xx.xx.2024-cü il tarixli bölgü planından görünür ki, Cavabdeh1 İman oğlunun mülkiyyətində olan və onun əvəzindən iştirak edən Cavabdeh2 torpaq sahəsindən 4 metr enində yolun verilməsini öz öhdəsinə götürmüşdür. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24 iyul 2024-cü il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,0322 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24 iyul 2024-cü il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,0278 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 457 nömrəli reyestr kitabının 01 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ ******* nömrəli 07 yanvar 2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İman oğlu mülkiyyətində olan Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən ümumi sahəsi 0,0322 ha olan torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahə 91,2 kvm, yaşayış sahəsi 47 kvm, yardımçı sahəsi 44,2 kvm olan 2 otaqlı fərdi yaşayış evini 39 000 manata X1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı ərazi İdarəsinin 25 noyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0.032 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin əhatəsində olan torpaq sahələrinin yerləşmə vəziyyəti və ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0.0322 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə giriş-çıxış təmin edən yol nəzərdə tutulmuşdur. Həmin yol hər hansı bir vətəndaşın istifadəsində deyildir və ümumi istifadədə olan yol kimi istifadə olunur. Nəzərdə tutulan və faktiki istifadə olunan yolun yerləşmə vəziyyəti ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 15 avqust 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Mustafa oğlu tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 576-cı maddəsinə əsasən əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə və yerli baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı tələbini Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,0278 və 0,0322 ha iki bitişik torpaq sahəsinin ona satıldığı vaxt bölgü planında torpaq sahələrinə gediş-gəliş üçün 4 metr enliyində yolun açılması barədə razılıq əldə edilməsinə baxmayaraq, javabdeh Cavabdeh2 yol kimi ayrılmış 4 metr enində torpaq sahəsini X3, nətijədə 6 sot torpaq sahəsinə giriş-çıxışının məhdudlaşdırılması ilə əsaslandırmışdır. Məhkəmə həmin sənədə tənqidi yanaşır. Belə ki, iddiaçının yol kimi ayrıldığını iddia etdiyi 4 metr enində torpaq sahəsi üçüncü şəxsə satılmaqla, hazırda onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin sonuncuya satılmasına dair əqd və qeydiyyat mübahisələndirilməmiş, etibarsız sayılmamış və qüvvədədir. Odur ki, həmin torpaq sahəsinə dair mülkiyyətçi hüquqları yalnız üçüncü şəxsə aiddir. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus bitişik 0,0278 və 0,0322 ha torpaq sahələrinə giriş-çıxışı təmin edən yol mövcuddur və hər hansı bir vətəndaşın istifadəsində deyil, iddiaçı ümumi istifadədə olan həmin yoldan keçməklə mülkiyyətində olan torpaq sahələrinə gedib-gələ bilər. Bu isə iddiaçının özünə məxsus torpaq sahəsinə gedib-gəlməsi üçün yolla təmin edildiyini təsdiq edir. Məhkəmə hesab edir ki, ümumi istifadədə olan yoldan iddiaçıya məxsus 6 sot (0,06 ha) torpaq sahəsinə gediş-gəliş yolu mövcud olduğundan, bununla da iddiaçı özünə məxsus torpaq sahəsinə gedib-gəlməsi üçün yolla təmin edildiyindən, eləcə də mübahisəli 4 metr enində torpaq sahəsinə dair mülkiyyətçi hüquqları yalnız üçüncü şəxsə aid olduğundan və iddiaçı ona qarşı tələb yönəltmədiyindən, həmçinin onun üçün gediş-gəliş yolu olaraq razılaşdırıldığını iddia etdiyi torpaq sahəsi 03 iyul 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin bağlanması zamanı Cavabdeh2 məxsus olmadığından, bununla da iddiaçıya yol vermək öhdəliyi də həmin cavabdehə aid olmadığından, nəticədə tələb iddiaya cavab verməli olmayan şəxsə verildiyindən, yəni Cavabdeh2 4 (dörd) metr enində yolu iddiaçının istifadəsinə vermək öhdəliyi, iddiaçının isə yolu istifadəsinə verməyi ondan tələb etmək hüququ əmələ gəlmədiyindən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğudan məhkəmə xərci olan 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs X7 qarşı ona yol vermək öhdəliyi olan Cavabdeh2 bölgü plan sənədində öz imzası ilə təsdiqlədiyi öhdəliyi icra etdirməklə 6 (altı) sot torpaq sahəsinə getmək üçün 4 metr enində yolun açılması tələbinə dair iddiası rədd edilsin. Dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar