Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-136/2022 03.03.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh2 və onun vəkili X4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çəkilmiş xərcin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zaqatala rayonu Muğanlı kəndində yerləşən cavabdehlərin istifadəsində olan fərdi yaşayış evinə, hasara və altıaçığa çəkilmiş xərcin yarısı olan-20500 manat pulun yarısı olan 10250 manat pulun, iddianın qaldırılması üçün ödənilmiş 120,75 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 05 yanvar 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan 15 oktyabr 2008-ci il tarixdə Zəhra, 01 avqust 2011-ci il tarixdə Mirağa adlı övladları doğulmuşdur. Evləndikdən sonra qaynatası iş üzrə Cavabdeh2 məxsus Zaqatala rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə köçmüş, 1 il ərzində isə həyətdə olan fərdi yaşayış evinin yarımçıq tikilisini Cavabdeh1la birgə ümumi vəsaitləri hesabına təmir edərək yararlı vəziyyətə gətirmiş, həyətyanı torpaq sahəsinin sərhədlərini mişar daşı ilə hasara almış, həmçinin həyətdə altıaçıq inşa etmişlər. Zaqatala Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh1 ilə aralarında bağlanmış nikah pozulmuş, bundan sonra cavabdehlər onu həmin evdən çıxarmışlar. Fərdi yaşayış evinin təmiri məqsədi ilə evin daxili divarlarında suvaq, üz və astar işləri aparılmış, taxta materialla tavan və döşəmə quraşdırılmış, qapı və pəncərə qoyulmuş, daxildə taxtadan pilləkən quraşdırılmış, işıq və su xətti çəkilmişdir. Həmçinin 70 metr uzunluğunda, 3 metr hündürlüyündə mişar daşı ilə hasar hörülmüş, həyətdə 15 metr uzunluğunda və 7 metr enində altıaçıq inşa edilmişdir. Fərdi yaşayış evinin təmirinə ümumilikdə 15000 manat, hasara 2000 manat, altıaçığa isə 3500 manat pul sərf edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun vəkili Vəkil isə iddiaçının verdiyi izahata uyğun çıxış edərək iddia ərizəsinin təmin edilməsini xahiş etdilər. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsində qeyd edilənlərə etiraz edərək göstərdi ki, iddiaçı məhkəmədə onlara qarşı iddia qaldıraraq onun inşa etdiyi yaşayış evinin dəyərini ondan tələb edir. İddiaçı ilə onun oğlu evlənərkən iddiaçı, onun mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən köhnə tikiliyə gəlin köçmüşdür. Həmin evin yerləşdiyi torpaq sahəsi də ona və ailə üzvlərinə məxsusdur. Həmin evdə onlar hələ oğlu ilə iddiaçı evlənməmişdən əvvəl də yaşamışlar. Həmin ev köhnə olduğundan və tam yararsız hala düşdüyündən qərara gəlmişlər ki, öz həyətlərində yaşamaq üçün ev tiksinlər. Özünün zəhməti hesabına hazırda çıxarışla mülkiyyətində olan ev tikilmişdir. İddiaçı həmin tikintisinə hər hansı xərc çəkməmiş və həmin evdə yaşamamışdır. Həmin torpaq sahəsi üzərində və fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququ vardır. Hesab edir ki, iddia əsassızdır, qanunsuzdur, rədd edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 vəkili X9 cavabdehin izahatına uyğun çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, hər iki tərəf onun qohumudur. İddiaçı ilə cavabdeh evləndikdən sonra iddiaçı, həmin həyətdə yerləşən köhnə tikiliyə gəlin köçmüşdür. Bundan sonra həyətdə usta kimi Cavabdeh1la birgə yeni fərdi yaşayış evi tikmişlər. Kimin hesabına evin tikilməsindən məlumatı yoxdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(033)- 419/2021 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında Zaqatala RİHB-nın Muğanlı kənd ərazi nümayəndəliyində qeyd edilmiş 05 yanvar 2008-ci il tarixli 01 nömrəli nikahın pozulması, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi, tərəflərin uşaqları olan- 15 oktyabr 2008-ci il təvəllüdlü X10 və 01 avqust 2011-ci il təvəllüdlü X5 anaları İddiaçı himayəsində saxlanılması, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 20 (iyirmi) manatın özünə aid edilməsi, 15 oktyabr 2008-ci il təvəllüdlü X6 və 01 avqust 2011ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat alimentin tutularaq İddiaçı ödənilməsi, aliment tutulmasının əvvəlinin 06 iyul 2021-ci il tarixdən hesablanması, Cavabdeh1 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən 28 sentyabr 2021-ci il tarixdə verilmiş 483 nömrəli arayışdan görünür ki, Məmmədova X1 ərdə olduğu dövrdə onların həyətinin kənarına mişar daşı ilə hasar çəkilmiş və evin içərisində təmir işləri aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Muğanlı kəndində yerləşən 0,6215 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 116,70 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh2, həmin torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2, X3, Cavabdeh1, X11, X8 və X7 adına 16.06.2021-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar tərəflərin iştirakı ilə mübahisə predmeti olan Zaqatala rayonu Muğanlı kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Həmçinin baxış zamanı müəyyən edildi ki, Cavabdeh2 paylı mükiyyət hüququ əsasında məxsus olan 0,6215 ha torpaq sahəsində sonuncaya tam mülkiyyət hüququ əsasında məxsus olan-ümumi sahəsi 116,70 kv.m olan fərdi yaşayış evi vardır, həmin evdən baxdıqda sağ tərəfdə iddiaçının gəlin köçdüyü mübahisə predmeti olmayan köhnə tikilmiş fərdi yaşayış evi vardır. Hər iki fərdi yaşayış evi də cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin üzərindədir. Məhkəmə iddia tələbi üzrə dəyərləndirmə apararaq bu qənaətə gəlir ki, iddia tələbi əsaslı deyildir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1) iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olubolmaması, yəni tərəflərin birgə nikah dövründə qanuni əsaslarla əldə edilmiş və ər-arvadın birinin adına dövlət qeydiyyatına alınmış iddia tələbində göstərilən daşınmaz əmlaklarının, həmçinin rəsmi reyestrdə qeydə alınmış daşınar əşyaların (avtomobillərin) olub-olmaması; 2) əgər yuxarıda qeyd edilən hallar mövcuddursa, cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Məhkəmə qeyd edilən halların mövcudluğunu ardıcıllıqla yoxlamağı (araşdırmağı) zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi məhkəmənin araşdırmalı olduğu məsələdir. İddia ərizəsindən aydın olur ki, iddiaçı mübahisə predmeti olan əmlakın cavabdehlə birgə nikah dövründə əldə olunmasını iddia edərək çəkilmiş xərclərin bölünməsini tələb etmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı iddia ərizəsinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, mülki və ailə qanunvericiliyinin, həmçinin beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında 05 yanvar 2008-ci il tarixdə rəsmi nikahın bağlanması, birgə nikahdan uşaqlarının olması, nikahlarının pozulması işin mübahisə edilməyən faktiki hallarıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak da ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən maddəsinin tələblərinə əsasən müvafiq olaraq mülkiyyətçi öz əmlakını özgənin qanunsuz istifadəsindən geri tələb edə bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinin tələbinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlararasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. İddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə Zaqatala rayonu Muğanlı kəndində həyətyanı torpaq sahəsində onlar tərəfindən evin tikilməsini iddia etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı mübahisə predmeti olan Zaqatala rayonu Muğanlı kəndində yerləşən mübahisələndirilən fərdi yaşayış evinin də cavabdehin, yəni iddiaçının keçmiş qaynatası Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilmişdir. İddiaçı dəlillərində Zaqatala rayonu Muğanlı kəndində yerləşən yaşayış evinin tikintisində onunla birgə nikahda olmuş cavabdehin birgə nikah dövründə qazandıqları vəsait hesabına tikilməsini göstərsə də, bunu sübut edə bilməmiş, həmçinin həmin fakt daşınmaz əmlakın ər-arvadın birgə mülkiyyəti hesab olunması üçün sübut kimi qəbul edilə bilməz. Əksinə olaraq işdən görünür ki, fərdi yaşayış evi tam mülkiyyət kimi iddiaçının qaynatasına məxsusdur. Qanunverici də daşınmaz əmlaklara hüquqların yaranması anını dəqiq müəyyən etmişdir. Mülkiyyət hüququ isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır (Mülki Məcəllənin 139, 146.2 və s. maddələri). İddiaçı cavabdehlə birgə nikah dövründə ər-arvadın birgə vəsaiti hesabına onlardan birini adına mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış hər hansı daşınmaz əmlakın mövcudluğu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İşdə olan, icra nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilmiş “müvafiq yaşayış evinin iddiaçının gəlin köçdükdən sonra da bəzi tikinti işlərinin aparılması”, həmin daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya və keçmiş ərinə məxsus olması qənaətinə gəlməyə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (İddiaçı şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmin edilməsi üçün yetərli saymır və hesab edir ki, iddiaçı iddia ilə bağlı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, tələb yazılı sübutlarla (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Sübutların qiymətləndirilməsinin məzmununu aşağıdakılar ehtiva edir: onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödənilmiş 125,40 manat dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çəkilmiş xərcin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödənilmiş 125,40 (bir yüz iyirmi beş manat qırx qəpik) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-136/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-136/2022
03.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver