Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-236/2021 04.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərə görə 82000 manat, mənəvi zərərə görə 20000 manat, ümumilikdə 102000 manat məbləğində pul vəsaitinin tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Ümman Salahzadə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, hüquqlarını müdafiə etdiyi iddiaçılar Bakı şəhəri, Buzovna qəsəbəsində 12 sot torpaq sahəsini iki yerə bölüb hər birində bir fərdi yaşayış evi inşa etdirmək istəyiblər. Ev inşaatı ilə bağlı Cavabdeh ilə 2018ci ilin yayında tanış olmuşlar, o, tikinti işi ilə məşğul olduğunu bildirmiş, özünü şirkət rəhbəri kimi təqdim etmişdir. Onunla danışılmış və razılaşdırılmışdır ki, Buzovna qəsəbəsində olan torpaq sahəsini daş hasarla iki yerə bölərək, hər birində 95 kv.m sahəsi olan, birmərtəbəli, mansardlı fərdi yaşayış evi inşa edəcək, evləri tam təmirli vəziyyətdə 4 ay müddətində təhvil verəcək. Bu işlərin dəyəri olaraq hər bir ev üçün iddiaçılar cavabdehə 35000 manat, cəmi 70.000 manat pul ödəməli olmuşdurlar. Bundan başqa, Cavabdeh İddiaçı2 məxsus Bakı şəhəri Bayıl qəsəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 130 kv.mlik mənzili də təmir edəcəyini və 120 gün ərzində təhvil verəcəyini vəd etmişdir. Həmin mənzilin təmiri üçün 21.000 manat pul istəmişdir. Beləliklə, Buzovna qəsəbəsində 2 fərdi yaşayış evinin inşası, tam təmirli vəziyyətdə təhvil verilməsi ilə bağlı tikinti işlərinin aparılması üçün iddiaçılar cavabdehə hissə-hissə olmaqla ümumilikdə 70.000 manat, həmçinin Bakı şəhəri Bayıl qəsəbəsində yerləşən mənzilin təmiri üçün isə 12.000 manat olmaqla, ümumilikdə 82000 manat pul vermişlər. Cavabdeh Buzovna qəsəbəsində 2 fərdi yaşayış evini inşa etmiş, evin birində yarımçıq təmir işləri görmüş və gözlənilmədən işi dayandırmışdır, heç bir iş aparmamış, əlavə pullar tələb etməyə başlamışdır. İddiaçılar ona razılaşma haqqında məlumat vermiş, Buzovna qəsəbəsində inşa olunacaq evlərin tam təmirli vəziyyətdə təhvil verilməsi üçün pulun hamısını - 70.000 manat, Bakı şəhəri Bayıl qəsəbəsində yerləşən mənzilin təmiri üçün isə 12.000 manat verildiyini onun nəzərinə çatdırmışlar. Lakin, cavabdeh iddiaçılarla razılaşmayıb, öhdəliyini pozmuş və tikinti işi aparmamış, evləri tam təmirli vəziyyətdə təhvil vermədən işdən qaçmışdır. Cavabdeh Bakı şəhəri Bayıl qəsəbəsində yerləşən mənzilin təmiri ilə bağlı heç bir iş görməmişdir. Cavabdehə tikinti materiallarının, usta əmək haqqısı da daxil olmaqla bütün tikinti prosesi üçün tam pulu verilməsinə baxmayaraq, məlum olmuşdur ki, cavabdeh tərəfindən işlər görülərkən o, tikinti materiallarının çoxunu nisyə götürmüş, pulunu verməyib, ustaların əmək haqqını kəsmiş, onların da pulunu mənimsəmişdir. İşi yarımçıq qoyub, pulu ələ keçirdiyi üçün Cavabdeh 2018-ci ilin noyabr ayında Xəzər rayon Polis İdarəsinə iddiaçılar şikayət etmişlər. Lakin, Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Kamran Zülfüqarov HK-1/633 saylı ilkin yoxlama materialı üzrə yarımçıq, səthi, natamam araşdırıma aparmış və material üzrə qəbul etdiyi 23 noyabr 2018-ci il tarixli qərarla cinayət işinin başlamamış, hesab etmişdir ki, məsələ mülki mühakimə icraatı qaydasında məhkəmədə həll edilməlidir. Həmin qərar Xəzər rayon prokurorluğu tərəfindən 25 dekabr 2018-ci il tarixli qərarla ləğv edilmiş, material əlavə yoxlamaya göndərilmişdir. Əlavə yoxlama zamanı müstəntq K.Zülfüqarov tərəfindən görülmüş işlərin dəyərini müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Lakin, müstəntiq ekspertizanın rəyini gözləmədən 19 yanvar 2019-cu il tarixli qərarla cinayət işinin başlanmasını rədd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza tədiqiqatı aparılmış və müəyyən edilmişdir ki, tikinti təmir işlərinə 82.000 manat deyil, 42.268 manat pul vəsaiti xərclənib. Bu səbəbdən Xəzər rayon Polis İdarəsinin 19 yanvar 2019-cu il tarixli qərarı Xəzər rayon Prokurorluğu tərəfindən 06 mart 2010-cu il tarixdə yenidən ləğv edilmişdir və material yenidən Xəzər rayon Polis İdarəsinə qaytarılmışdır. Bu dəfə 19 mart 2020-ci il tarixdə müstəntiq X4 Abbasovun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (xeyli miqdarda dələduzluq əməlinə görə) cinayət işi başlanması üçün Xəzər rayon Prokuroru qarşısında vəsatət qaldıraraq prokurordan cinayət işi başlanması məsələsinə baxılmasını xahiş etmişdir. Lakin, Prokurorluq müstəntiqin vəsatətini təmin etmədən materialı əlavə araşdırma aparılması üçün müstəntiqə qaytarmışdır. Belə olan halda müstəntiq 10 aprel 2020-ci il tarixli qərarla yenidən cinayət işinin başlanmasını rədd etmiş və hesab edilmişdir ki, mülki qaydada məhkəmə müdafiəsindən istifadə edilməlidir. Xəzər Rayon Polis İdarədinin 10 aprel 2020-ci il tarixli qərarı Xəzər rayon Prokurorluğu tərəfindən 2020-ci ilin sentyabr ayında üçüncü dəfə ləğv edilmişdir. Material yenidən araşdırılması üçün Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş, başqa müstəntiqin icraatına verilmişdir. Beləliklə, cavabdeh iddiaçılara məxsus fərdi yaşayış evlərinin inşası üçün tam pulu almasına baxmayaraq öhdəliyini icra etmədən yarımçıq qoyduğu üçün ona ödənilmiş pulu iddiaçılar tam olaraq tələb edirlər. Hesab edir ki, cavabdehə ödənilmiş 81500 manat pul qaytarılmalıdır. Bundan başqa, cavabdeh iddiaçılara mənəvi zərər vurmuşdur, o, bu mənəvi zərəri kompensasiya etməlidir. İki ildir ki, cavabdeh pulu qaytarmır. Onun iddiaçılara vurduğu mənəvi zərəri hər bir iddiaçı üçün 10.000 manat olmaqla cəmi 20.000 manat dəyərində qiymətləndirirlər. Göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, “xxxx” MMC-nin təsisçisidir. Şirkətin fəaliyyəti bağ və yaşayış evlərinin tikintisindən ibarətdir. 2018-ci ildə İddiaçı1 internet saytlarında şirkətin reklamlarını görmüş, onunla əlaqə saxlamış, özünə Xəzər rayonu, Buzovna qəsəbəsində 1 ədəd bağ evi tikdirmək istədiyini bildirmiş, bunun üçün görüşmək və sifariş vermək istədiyini demişdir. O, İddiaçı1la görüşmüş, birlikdə tikiləcək evin layihəsini və görüləcək işlərin qiymətini müzakirə etmişlər. İddiaçı1 ona 35000 manat pulunun olduğunu və kataloqda sahəsi 80m2 olan evi bəyəndiyini demişdir. Lakin həmin ev bir mərtəbəli olduğundan yuxarısının mansart formasında dam örtüyünün dik formalı və ortasının boş, təmirsiz olacağını qərarlaşdırmışlar. O, Rüstəmə birinci mərtəbəni tikib, təmir edib, təhvil verdikdən sonra qalan pula nə qədər mümkündürsə əlavə material alıb damı mansart tipli, damı dik formada, daxilini təmirsiz təhvil verəcəyini bildirmişdir. Torpaq sahəsinin yerləşdiyi yerə baxış keçirən zaman sonradan millət vəkili olduğunu öyrəndiyi Rauf Əliyevlə qarşılaşmışdır. Rauf Əliyev həmin torpaq sahəsində hasarın sökülüb yenidən qurulacağını, həyətdə əlavə abadlıq-tikinti işlərinin aparılacağını və Rüstəm üçün tikəcəyi evdən əlavə eyni layihə üzrə bir ev də tikiləcəyini bildirmişdir. O, həmin təkliflə razılaşmış, nəticədə 18.07.2018-ci il tarixdə Rüstəmlə aralarında müqavilə bağlamışlar. Razılaşmalarında ilkin olaraq 1 mərtəbəli, 80 m2-lik, mansart tipli, təmirli evin tikilməsi olmuş, o, briqada ilə birlikdə evin bünövrəsini hazır etdiyi zaman Rüstəm ona evin içərisində yuxarı çardağa pilləkən qoyulmasını istəmişdir, o da pilləkənin evin içərisində darısqallıq yaradacağını nəzərə alıb evin sahəsini genişləndirmiş və bu işin müqabilində heç bir əlavə vəsait tələb etməmişdir. Çünki ona əlavə olaraq bir evin tikintisini və iki həyətdə tikinti- abadlıq işlərinin görülməsini tapşırmışlar. Müqavilədən də göründüyü kimi 1 mərtəbəli, 95 m2-lik, mansart tipli, evin tikintisi razılaşdırılmışdır. Həmin evlərin tikintisi zamanı iş prosesində o, ilkin müqavilədə nəzərdə tutulmayan şifahi qaydada razılaşdırılmış işləri görməyə başlamışdır. Hər iki evin qabaq işlərinin (podmayak) tikintisini 4 aya başa çatdırmış, bunun müqabilində ona 65000 (altmış beş min) manat pul ödənilmişdir. Əlavə olaraq Səbail rayonunda yerləşən bir mənzilin təmiri üçün 21000 (iyirmi bir min) manata razılaşdırdıqları işin müqabilində ona 15000 (on beş min) manat pul verilmişdir. O, həmin məbləğdən 5000 manat pulu bağ evlərinin tikintisində istifadə etmişlər. Çünki ikinci ev üçün dam örtüyü alınmalı və dam örtüyü vurulmalı idi. Buna görə 5000 manat vəsait çatmamışdır. Daha sonra həyətlərin tikinti-abadlıq işləri və evlərin təmirinə başlanacaqdı. Bunun müqabilində vəsait ona verilməli idi. Lakin o, təhqir olunaraq bütün işlərdən kənarlaşdırılmışdır. O, indiyə qədər niyə təhqir olunmağının və işlərdən niyə kənarlaşdırılmağının səbəbini bilmir. Lakin onun briqadası həmin yerdə saxlanılaraq verdiyi layihə üzrə işləri görmüş, onsuz işləri başa çatdırmışlar. O, işlərdən kənarlaşan zaman əlavə görüdüyü işlərin haqqının tam ödənilməsini tələb etmiş, lakin ona heç bir vəsait ödənilməmişdir. Belə ki, müqavilədə evin birinci mərtəbəsinin sahəsi 95 m2 nəzərdə tutulmuş, faktiki olaraq ev bir mərtəbə deyil, iki mərtəbəli tikilmişdir. Buna görə də evin sahəsi 95 yox 190 m2 olmuşdur. Həmin evdən iki ədəd tikilmişdir. Ümumi sahə 380 m2 edir. Evlərin tikintisi 1 m 2-ə 250 manat məbləğindədir. Bu hesabla evlərin tikintisinin ümumi məbləği 95000 manat etmişdir. Lakin ona faktiki olaraq 81500 manat pul ödənilmişdir. Hazırki vaxtda o, iş prosesi zamanı müqavilədə nəzərdə tutulmayan gördüyü əlavə işlərin müqabilində ona ödənilməli olan 20000 manat məbləğində borcun ödənilməsini tələb etmişdir. Xahiş etmişdir ki, Rauf Əliyevlə və İddiaçı1la aralarında bağlanılmış müqaviləyə əsasən iş prosesi zamanı əlavə gördüyü işlərin müqabilində ona ödənilməli olan, lakin tam ödənilməmiş məbləğin, yəni 20000 manatın ödənilməsi təmin edilsin. Rauf Əliyev tərəfindən ona gördüyü işlərin müqabilində 20000 manat vəsait ödənilmədiyinə görə nisyə aldığı materialların dəyərini həmin materialların sahiblərinə ödəyə bilməmiş, borcu yaranmışdır. Buna görə də psixoloji və mənəvi cəhətdən onda narahatlıq yaranmış, eyni zamanda vergi borcunu və digər şəxsi ehtiyaclarını ödəyə bilməmişdir. O görülmüş işlər üçün iddiaçılardan ümumilikdə 81500 manat pul aldığını və pulun əvəzində evlər tikdiyini qeyd edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan Cavabdeh ilə sifarişçi İddiaçı1 arasında bağlanmış 13 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında Buzovna qəsəbəsində yerləşən, sifarişçiyə məxsus, tikinti aparılması üçün ayrılmış torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 95 kv.m mansardlı evin tikilməsi, görülən işlər, həmən tikiliyə aid istifadə olunan mal-material siyahısının və ümumu tikilinin qiymətinin razılaşdırılmışdır. Mülki iş materiallarında olan Cavabdeh ilə sifarişçi İddiaçı1 arasında bağlanmış 18 iyul 2018-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında Buzovna qəsəbəsində yerləşən, sifarişçiyə məxsus, tikinti aparılması üçün ayrılmış torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 95 kv.m mansardlı evin tikilməsi, görülən işlər, həmən tikiliyə aid istifadə olunan mal-material siyahısının və ümumu tikilinin qiymətinin razılaşdırılmışdır. Həmin müqaviləlrin Vİ hisəsindən görünür ki, tikintinin ümumi dəyərinin 35000 manat olması və işin ümumi dəyərinin 30 faizinin yəni 10000 manatın nəğd şəklində və ya bank hesabına köçürülməklə pulun qalan 70 faiz hissəsinin 5 hissəyə bölünməsi tikinti sona çatan müddətə qədər sifarişçi tərəfindən icraçıya ödənilir. Mülki iş materiallarında olan Cavabdeh ilə sifarişçi İddiaçı2 arasında bağlanmış 20 sentyabr 2018-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında Bayıl ünvanında yerləşən, sifarişçiyə məxsus, təmir aparılması üçün 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 130 kv.m yayayış mənzilinin təmiri üçün görülən işlər, həmin təmirə aid mal-material siyahısının və ümumi təmirin qiyməti razılaşdırılmışdır. Həmin müqavilələrin Vİ hisəsindən görünür ki, tərəflər təmir işlərini, yəni mal material və zəhmət haqları daxil olmaqla ümumi dəyərinin 21000 manat olmasını razılaşaraq müqaviləni imzalamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 09.09.2019-cu il tarixli 5455 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 2 fərdi yaşayış evində aparılmış tikinti-təmir işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 42268 manat məbləğində müəyyən edilir. Tədqiq olunan evdə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Tərəflərin sözlərinə görə, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzildə hər-hansı bir təmir işləri aparılmamışdır. Bu səbəbdən də, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan 05 oktyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı1 şikayət ərizəsi əsasında toplanmış HK- 1- 633 saylı materiallda cinayət tərkibinin olmadığı nəzərə alınaraq cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 01 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh Milli Məclisin deputatı Rauf Əliyevə qarşı irəli sürdüyü iddialara dair müraciəti əsasında rayon prokurorluğunda toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 18 iyun 2018-ci il tarixli və 13 avqust 2018-ci il tarixli müqavilələrə əsasən sonuncu sifarişçi olan İddiaçı1 məxsus Buzovna qəsəbəsində yerləşən, sifarişçiyə məxsus, tikinti aparılması üçün ayrılmış torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 95 kv.m mansardlı evin tikilməsini və tam təmirli halda sifarişçiyə təqdim edilməsini öhdəsinə götürmüş və hər bir müqavilə üzrə tikintinin ümumi dəyərinin 35000 manat təşkil edəcəyi barədə razılığa gəlmişlər. Cavabdeh Cavabdeh hər iki evin tikintisi üçün 65000 manat vəsaiti iddiaçılardan almışdır. Cavabdeh ilə İddiaçı2 arasında 20 sentyabr 2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən tərəflər arasında Bayıl ünvanında yerləşən, sifarişçiyə məxsus, təmir aparılması üçün 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 130 kv.m yayayış mənzilinin təmiri üçün görülən işlər, həmən təmirə aid mal-material siyahısının və ümumi təmirin qiyməti razılaşdırılmışdır. Müqaviləyə əsasən ümumi təmirin dəyəri 21000 manat müəyyən edilmişdir. Cavabdeh həmin müqavilə üzrə 15000 manat vəsaiti aldığını bildirmişdir. Cavabdeh 18 iyun 2018-ci il tarixli və 13 avqust 2018-ci il tarixli müqavilələrə əsasən Bakı şəhəri Buzovna qəsəbəsində 2 ədəd ayrı ayrılıqda 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 95 kv.m mansardlı evin tikilməsini və tam təmirli halda sifarişçiyə təqdim edilməsi öhdəliyini üzərinə götürsə də, o ev tikintisi zamanı sifarişçi olan İddiaçı1 evin içərisindən pilləkən qoyulması, iki evinin həyətinin abadlaşdırılması, iki ev arasında hasar çəkilməsi kimi əlavə tələbləri olduğunu və həmin işlərin görülməsinin və işlərin görülməsi üçün lazım olacaq vəsaitin məbləğində müqavilədə qeyd edilmədiyi, onun tərəfindən əlavə işlər görüldüyünü və bu səbəbdən hər iki evin tam təmirli şəkildə təhvil verilməsi üçün əlavə vəsaitə ehtiyac olduğundan müqavilələr üzrə öhdəlikləri tam icra etmək mümkün olmadığı bildirmişdir. Cavabdeh 20 sentyabr 2018-ci il tarixdə bağlanmış müqavilə əsasında İddiaçı2 məxsus Bakı şəhəri Bayıl ünvanında yerləşən, 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 130 kv.m yaşayış mənzilinin təmiri üçün ona verilmiş olan 15000 manat vəsaitin 5000 manatı qədər hissəsinin Buzovna qəsəbəsində tikintisi aparılan 2 bağ evinə xərcləndiyini bildirmiş və 20 sentyabr 2018-ci il tarixdə bağlanmış müqaviləsinə əsasən İddiaçı2 məxsus Bakı şəhəri Bayıl ünvanında yerləşən, 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 130 kv.m yaşayış mənzilinin təmir işləri aparılmamışdır. O iddiaçılardan görülmüş işlər üçün ümumilikdə 81500 manat vəsait götürdüyünü qeyd etdi. Cavabdeh X2 iddia tələbi əsassız olduğundan və İddiaçı1 ilə bağlanmış 18 iyun 2018-ci il tarixli və 13 avqust 2018-ci il tarixli müqavilələr üzrə tikilməsi nəzərdə tutulan ümumi sahəsi 95 kv. m ibarət olan evlər əvəzinə onun istəyi ilə ona 190 kv.m sahəsi olan 2 ev tikildiyini və həmin evlərin tikintisi üçün müqavilələr üzrə razılaşdırılan məbləğlərdən daha çox vəsait sərf edildiyini nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil cavabdeh X1 18 iyun 2018-ci il tarixli, 13 avqust 2018-ci il tarixli, 20 sentyabr 2018-ci il tarixi müqavilələrə əsasən Bakı şəhəri Buzovna qəsəbəsində 2 evin tikintisi üçün və Bakı şəhəri Bayıl ünvanında yerləşən, 1 mərtəbəli, 4 otaqlı mənzilin təmir edilməsi üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənmiş 82000 manat vəsaitin qaytarılması və mənəvi zərərə görə iddiaçılara 20000 manat vəsaitin ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 09.09.2019-cu il tarixli 5455 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, 2 fərdi yaşayış evində aparılmış tikinti-təmir işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 42268 manatdır və Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzildə isə hər-hansı bir təmir işləri aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 754.1-ci maddəsinə əsasən əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Mülki Məcəllənin 754.2-ci maddəsinə əsasən müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Mülki işin məhkəmə araşdırmasında müəyyən edildi ki, Cavabdeh ilə cavabdeh İddiaçı1 arasında 13.08.2018-ci il tarixdə və 18.07.2018-ci il tarixdə Rüstəm Çingiz oğluna məxsus Buzovna qəsəbəsində yerləşən tikinti aparılması üçün ayrılmış torpaq sahəsində 2 ədəd 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 95 kv.m mansardlı evin tikilməsini və tam təmirli halda sifarişçiyə təqdim edilməsinə, Cavabdeh ilə İddiaçı2 arasında 20 sentyabr 2018-ci il tarixdə İddiaçı2 məxsus Bakı şəhəri Bayıl ünvanında yerləşən, 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 130 kv.m yaşayış mənzilinin təmiri üçün podrat müqavilələri bağlanmışdır. İddiaçılar tərəfindən həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlik yerinə yetirilərək müqavilələr üzrə ümumilikdə 81500 manat vəsait Cavabdeh verilmişdir. Lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürülən öhdəliklər tam icra edilməmişdir. Cavabdeh 13.08.2018-ci il tarixli və 18.07.2018-ci il tarixli müqavilələrin icra edilməməsinin əsası kimi həmin müqavilələr üzrə tikintisi nəzərdə tutulan evlərin ümumi sahəsinin 95 kv.m olmaqla razılaşdırıldığına baxmayaraq sifarişçi olan İddiaçı1 istəyinə uyğun olaraq ümumi sahəsi 190 kv.m olan evlər tikildiyindən, həmin evlər arasında sifarişçinin istəyi ilə hasarlama və abadlaşdırma işləri aparıldığından müqavilə üzrə nəzərdə tutulan vəsaitdən daha artıq vəsait sərf edilmiş və nəticədə evlərin tikintisi tam başa çatdırılmamışdır. Məhkəmə araşdırmasında həm də müəyyən edildi ki, İddiaçı1 istəyi ilə 13.08.2018-ci il tarixli və 18.07.2018-ci il tarixli müqavilələr üzrə nəzərdə tutulmayan əlavə işlərin görülməsi ilə bağlı əlavə muzd barədə Cavabdeh sifarişçi olan İddiaçı1 məlumatlandırmamışdır. Məhkəmə tərəfindən tədqiq edilən sənədlərlə müəyyən edilir ki, 13.08.2018-ci il tarixli, 18.07.2018-ci il tarixli və 20.09.2018-ci il tarixli müqavilələr üzrə icraçı olan cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirə bilməmişdir. Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə ilk öncə hazırkı iş üzrə verilən iddia ilə əlaqədar xüsusilə qeyd etməyi lazım bilir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Şərh edilən normaların məzmununa əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar iddia tələbinin qismən təmin olunması üçün əsas verir. Belə ki, 13.08.2018-ci il tarixli, 18.07.2018-ci il tarixli və 20.09.2018-ci il tarixli müqavilələr üzrə icraçı olan cavabdeh Ağahüseyn Abbas tərəfindən görülmüş işlərin bazar qiymətinə uyğun qiyməti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 5455 nömrəli 09.09.2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir. Həmin ekspert rəyindən müəyyən edilir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 2 fərdi yaşayış evində aparılmış tikinti-təmir işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 42268 manat məbləğindədir. Tədqiq olunan evdə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzildə isə hər-hansı bir təmir işləri aparılmamışdır. Məhkəmə ekspert rəyini sübut qismində qiymətləndirərək hesab edir ki, iddia tələbinin maddi zərərlə bağlı hissəsi ekspert rəyinə uyğun olaraq təmin edilməli, Cavabdeh iddia tələbinin maddi zərər hissəsinə görə tələb edilən 82000 manat puldan ekspert rəyi ilə müəyyən edilmiş 42268 manat çıxılmalı, nəticədə iddia tələbi 39232 manat hissədə təmin edilməli, qalan 42268 manat və 500 manat hissədə iddia tələbi rədd edilməlidir. İddia tələbinin 500 manat hissəsinin rədd edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfin özü qeyd edir ki, cavabdehə cəmi 82000 manat deyil, 81500 manat pul ödənilmişdir. Məhkəmə daha sonra iddia tələbinin “mənəvi zərərə görə 20000 manat” hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi 31 may 2003-cü il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bütün bunlar məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır, odur ki, iddiaçı mənəvi, psixoloji sarsıntı keçirməsi əsası ilə ona vurulmuş mənəvi ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Ona görə də, iddia tələbi bu hissədə əsaslı deyil, qeyd olunan əsaslarla iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh maddi zərərə görə 39232 manat pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı1 tərəfindən tələb edilmədiyindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat vəsait onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 39232 (otuz doqquz min iki yüz otuz iki) manat məbləğində pul vəsaiti alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia tələbinin qalan hissəsi rədd edilsin. İddiaçı1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 30 (otuz) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-236/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-236/2021
04.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver