Məhkəmə qərarları › İş №2(033)-364/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-364/2024

02.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-364/2024 02.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh icra olunmamış xidmətə görə 700 (yeddi yüz) manat, 120,75 (bir yüz iyirmi manat yetmiş beş qəpik) manat faiz borcu, 250 (iki yüz əlli) manat hüquqi xidmətlərə görə sərf olunmuş vəsaitlər, 200 (iki yüz) manat mənəvi ziyan, cəmi 1270,75 (bir min iki yüz yetmiş manat yetmiş beş qəpik) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25 dekabr 2021-ci il tarixdə qızının toy mərasimini keçirmək üçün Cavabdeh ilə onun tərəfindən videoçəkiliş aparılmasına razılaşmışlar. Toy Bakı şəhəri Səbail rayonu “Narşərab” restoranında keçirilmiş, Cavabdeh video çəkmişdir və onlar sonuncuya xidmətə görə 700 manat məbləğində pul ödəmişdirlər. Razılaşmaya əsasən cavabdeh toydan sonra 20 gün ərzində onlara toy ziyafətinin video diskini təqdim etməli idi. Bir müddət sonra cavabdeh bildirmişdir ki, video çəkilişin bir hissəsi pozulub, onu bərpa etmək üçün vaxt tələb olunur. Nəticədə video onlara verilməmişdir, o, cavabdehdən ödənilmiş məbləğin geri qaytarılmasını istəmişdir. Cavabdeh buna etiraz etməmişdir, lakin bu günə qədər heç bir pul məbləği qaytarılmamışdır. Məhkəmədən qabaq o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə və Bakı şəhər Baş Polis idarəsinə şikayət etmişdir. Cumayevin əməllində cinayət tərkibi aşkar olunmadığı üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdehin təqsirindən onlara həm maddi, həm mənəvi ziyan yetirilmişdir. Qızının toyundan onlara - valideynlərinə, həm də qızına şəkillərdən başqa xatirə qalmamışdır. Cavabdeh onlara ümidlər bəxş edirdi ki, zədələnmiş video material bərpa olunacaq, nəticədə isə onlar cavabdehdən nə video, nə də pul ala bilməmişlər. Tələb üzrə əsas borc 700 manat, mənəvi ziyan 200 manat, ona göstərilən hüquqi xidmətə görə xərc 250 manat, 2022-ci il üçün AR Mərkəzi Bankın uçot faiz dərəcəsi 8,25 faiz hesablamaqla faiz 57,75 manat, 2023-ci il üçün uçot faiz dərəcəsi 9 faiz hesablamaqla 63 manat, cəmi pul tələbi 1270,75 (bir min iki yüz yetmiş manat yetmiş beş qəpik) təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, ilk övladının toy mərasiminin videoçəkilişini etmək məqsədi ilə cavabdehlə razılıq əldə etmişlər və 700 manat pul ödəmişdir. Lakin cavabdeh toy mərasiminin videoçəkilişini etsə də ona heç bir disk verməmişdir. Cavabdeh videoçəkilişi 20 gün ərzində verməli idi. O və qudaları dəflərlə cavabdehdən videoçəkilişi tələb etsələr də, sonuncu hər dəfə yaxın zamanda çəkilişləri verəcəyini bildirişdir. Cavabdeh bildirmişdir ki, diski düzəltməyə verərkən zədələmişlər və əgər videoçəkilişi ona verməsə ona verilən pulun iki qatını ona qaytaracaqdır. Bu barədə cavabdeh ona səs də atmışdır. Həmin səs yazısı olan diski sübut kimi məhkəməyə təqdim etmişdir. Qızı xarici ölkədə yaşayır və hər dəfə ona zəng edərək videoçəkilişi istəyir. Toy pandemiya dövründə olmuşdur və qonaqlar məhdud dəvət olunmuşdur. O, istəməzdi ki, övladının toy mərasimindən videoçəkiliş xatirə qalmasın. Buna görə o mənəvi pis olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 18 aprel 2023-cü il tarixli məktubdan görünür ki, sonuncunun Cavabdeh videoçəkiliş müqabilində verdiyi 690 manat pulun mənimsənilməsi barədə Azərbaycan respublikasının Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciətinə baxılmışdır. Araşdırma zamanı müraciətdə göstərilən xüsusatların mülki xarakterli olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6 və 24.1-ci maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ N 453642 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X3 nikahlarını 28 dekabr 2021-ci il tarixdə bağlamışlar. İş materiallarına əlavə edilmiş “whatsapp” tətbiqi ilə aparılmış yazışmalardan görünür ki, 25 oktyabr 2022-ci il tarixdə Vəkil tərəfindən “Sanan Operator” kimi qeyd edilmiş cavabdeh vəkil bürosuna dəvət edilmiş, lakin sonuncu gəlməmişdir. Ona borcu könüllü şəkildə qaytarmadığı təqdirdə onu məhkəməyə verilməsi, məhkəmə tərəfindən ondan 690 manat yox, rüsum və məhkəmə xərcləri ilə birlikdə 1100 manat tutulacağı bildirilmişdir. Həmin tarixdə cavabdeh cavabında məhkəməyə verilməməsini, sabahısı günü Bakı şəhərinə gələcəyini və pulu qaytaracığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot faiz dərəcəsindən görünür ki, uçot faiz dərəcəsi 2022-ci il üçün 7.5 %, 2023-cü il üçün 8.5 % olmuşdur. İş materiallarına əlavə edilmiş 17 oktyabr 2023-cü il tarixli təmassız ödəmə qəbzindən görünür ki, 12 saylı Vəkil Bürosuna 250 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş 17 oktyabr 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 33 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. 1092.1.2-ci maddəsinə əsasən qaytarma vəzifəsi əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Rеspublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tariхli Qərarında qеyd еdilmişdir ki, ...MM-nin 449.1-ci maddəsinin mənasına görə, borclu şəхs yalnız aşağıdakı dörd hərəkəti еtməklə özgənin pul vəsaitindən faydalanır: -qanunsuz saхlama; -qaytarmaqdan boyun qaçırma; -ödənilməsini digər şəkildə gеcikdirmə; -başqa şəхsin hеsabına pul vəsaitini əsassız əldə еtmə və ya toplama. Qеyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvеricilikdə vеrilməsə də, faydalanmanın hərfi mənasının öz təlabatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu tеrminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu baхımdan, MM-in “öhdəliklərin icra еdilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki хüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri еyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə еdilməsi mənasını nəzərdə tutur. Еyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gеcikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit еdir. Lakin nəzərə alınmalıdır ki, sözügеdən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gеcikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb еdilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb еtmək hüququnu əks еtdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qərarın 10-cu bəndində izah еdilmişdir ki, mənəvi zərərin miqdarı işin konkrеt hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən еdilir. Bu zaman mənəvi zərərin baş vеrməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin kеçirdiyi mənəvi iztirab və sarsıntıların хaraktеri və ağırlığı, zərərvuran şəхsin təqsiri (qəsd və yaхud еhtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəхsin fərdi хüsusiyyətləri (azyaşlı və yaхud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, pеşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habеlə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən edilmiş hallar ondan ibarətdir ki, cavabdеh hər hansı müqavilə bağlamadan, onun təşkil еtdiyi qızının toy mərasiminin videoçəkilişini edib 20 gün ərzində videoçəkilişin yazıldığı diski iddiaçıya verməyi vəd еtmiş, iddiaçı da buna görə cavabdehə 690 manat pul ödəmişdir. Lakin cavabdeh videoçəkilişin diskini iddiaçıya verməmiş və aldığı pulu iddiaçıya gеri qaytarmamışdır. Məhkəmə övladının toy günü validеyn üçün həyatının ən хoşbəхt günü olduğunu nəzərə alaraq, cavabdеhin hərəkətsizliyi nəticəsində bu günün хatirəsi olan görüntülərdən məhrum olan iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini, bununla da mənəvi zərərə uğramasını inandırıcı, mənəvi zərərin əvəzi olaraq tutulması tələb olunan vəsaitin məbləğini də ağlabatan və ədalətli sayır. Məhkəmə onu da qеyd еtməyi zəruri sayır ki, cavabdеh xx.xx.2021-ci il tarixdən pul vəsaitini qanunsuz olaraq özündə saхlayır, qaytarmaqdan boyun qaçırır, həmin vəsaitdən istifadə еdir-faydalanır. Odur ki, həmin vəsaiti qaytaranadək, gecikdirilmiş vaxt üçün faiz də ödəməyə borcludur. İddiaçı gecikdirilmiş vaxt üçün faiz üzrə 120,75 manat məbləğində pulun tutulmasını tələb еtsə də, Mərkəzi Bankın müəyyən еtdiyi bank uçot dərəcəsi nəzərə alınmaqla aparılmış hеsablama ilə (2022-il üçün 700 x7.5% = 52.5 ; 2023-cü il üçün 700 x 8.5% = 59,5; 52,5+59,5= 112) gecikdirilmiş vaxt üçün ödənilməli olan faizin 112 manat olduğu təsdiq еdilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, qanuni və ya müqavilə əsası olmadan iddiaçının hеsabına 700 pul vəsaiti əldə еtmiş cavabdеh əldə etdiklərini, еləcə həmin vəsaitdən götürülən faydanı iddiaçının tələbi ilə ona qaytarmağa, hərəkətsizliyi nəticəsində dəymiş mənəvi zərərin əvəzini tam həcmdə ödəməyə borclu olduğundan, iddia qismən təmin edilməli, öhdəlikdən kənar ödənilmiş 700 manat, götürülən fayda üzrə 112 manat faiz, mənəvi zərərin əvəzi üzrə 200 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Nümayəndəyə və ya vəkilə göstərdiyi yardıma görə iddiaçının tələb etdiyi 250 (iki yüz əlli) manat ağlabatan məbləğdir və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən 33 manat dövlət rüsumu tələb olunmadığından həmin xərc onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh icra olunmamış xidmətə görə 700 (yeddi yüz) manat, 112 (bir yüz on iki) manat faiz borcu, vurulmuş mənəvi ziyana görə 200 (iki yüz) manat, hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat, cəmi 1262 (bir min iki yüz altmış iki) manat alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar