Məhkəmə qərarları › İş №2(033)-515/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-515/2021

30.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-515/2021 30.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X1 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə əldən çıxmış fayda qismində dəymiş maddi zərərin əvəzi olan 10.000 manat pulun və mənəvi zərərin əvəzi olan 10.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, onun mülkiyyətində Zaqatala rayonu, Yuxarı Tala kəndində 0,1426 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 75,4 m2 olan fərdi yaşayış evi vardır. Həmin əmlak üzərində mülkiyyət hüququ 09 fevral 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla" rəsmiləşdirilmişdir. Cavabdeh 2009-cu ilin avqust ayından bu günədək onu mülkiyyətindən məhrum etmək üçün bir çox yola əl atmışdır. Belə ki, həmin hərəkətlər iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evinə sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaq, mülkiyyət hüququndan məhrum etmək, əmlakına ziyan vurmaqdan və sairdən ibarət olmuşdur. Cavabdeh 2009-cu ildən bu yana çəkmiş məhkəmə mübahisələrində heç bir nəticə əldə etməməsinə baxmayaraq, hal-hazırda da onun qeyd olunan əmlaklara sahiblik, istifadə və sərəncam vermək hüquqlarına birbaşa və yaxud dolayı yollarla qəsd edir. Belə ki, onun mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0,1426 ha həyətyanı torpaq sahəsini və ümumi sahəsi 75,4 m2 olan fərdi yaşayış evini satmaq istəyir, lakin Cavabdeh ev almaq məqsədi ilə gələn şəxsləri hədələyir, təhqir edir, əmlakın özünə məxsus olduğunu bildirir və yaxud onları əmlak üzərində məhkəmə mübahisəsinin davam etməsi adı altında aldadır. Bununla yanaşı, Cavabdeh onun mülkiyyət hüququnu pozaraq, sərbəst surətdə istədiyi vaxt sonuncuya məxsus əmlaka daxil olur və oradan istifadə edir. O Cavabdeh qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Lakin, iddiaçının şikayətlərinin müəyyən bir qisminin mülki xarakterli olması əsası ilə məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona, həm mülkiyyətində olan əmlakı sata bilməməklə əldən çıxmış fayda qismində maddi zərər, həm də mülkiyyətində olan əmlakdan sahiblik, istifadə etmə və sərəncam verə bilməməklə çəkdiyi sıxıntılar nəticəsində mənəvi zərər dəymişdir. Ona əldən çıxmış fayda qismində dəymiş maddi zərər 10.000 (on min) manat, mənəzi zərər qismində dəymiş zərər isə 10000 (on min) manat olmuşdur. İddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil çıxış edərək iddanın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, hazırda Aşağı Tala kəndində yaşayan İddiaçı özünə məxsus olduğunu iddia etdiyi kürsülü, bir mərtəbəli, iki otaqlı çay daşından inşa edilmiş ev onun mərhum bibisi Zahidət Babayevaya məxsus olmuşdur. O, bibisi Zahidət Babayeva vəfat edincə həmin evi onun oğulluğu İddiaçı bibisinin humanistliyindən istifadə edib onu aldadaraq 2011-ci ilin fevral ayında həmin ev rəsmi olaraq öz adına keçirmişdir. Onun bibisi Zahidət Babayeva 2009-cu ilin mart ayında vəfat etmişdir. İddiaçı onun ögey bibisi oğludur. Hazırda həmin evdə yaşayış yoxdur. Həmin yurd mərhum babası Cavabdeh Çingöz oğluna məxsusdur, həmin mülklə bağlı aralarında çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Həmin mülklə bağlı İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə hər hansı formada maneə törətmir. İddiaçı Abdulcəli oğluna məxsus torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə zərərvurma ilə bağlı məhkəmənin icraatında iş olmuşdur və o, məhkəmədə olan və olacaq mübahisələr barədə həmin torpaq sahəsini almaq üçün gəlmiş şəxslərə məlumat vermişdir. Hazırda iddiaçının həmin torpaq sahəsini satmasına hər hansı maneçilik törətmir. Onun tərəfindən iddiaçıya hər hansı maddi və mənəvi zərər vurulmamışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək göstərdi ki, o, 2018ci il tarixdə İddiaçı qardaşı üçün 14 sot torpaq sahəsi almaq qərarına gəlmişdir. Torpağın dəyəri aralarında 25000 manata razılaşdırılmışdır. Cavabdeh əvvəllər tanımışdır, onlar birlikdə hərbi xidmət keçmişlər. Cavabdeh, onun iddiaçıya məxsus torpaq sahəsi ilə maraqlandığını biləndə ondan məqsədini soruşmuş və o, Əliağaya torpaq almaq istədiyini bildirmişdir. Cavabdeh həmin torpaq sahəsinin mübahisəli olduğunu, problemli yer olduğunu qeyd edərək onu həmin torpaq sahəsini almaqdan çəkindirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək göstərdi ki, torpaq almaq məqsədi ilə İddiaçı müraciət etmişdir, torpağın dəyəri barədə də onunla razılığa gəlmişdir. Almağı planlaşdırdığı torpaq sahəsinin qonşuluğunda yaşayan Cavabdeh həmin torpaq sahəsinin mübahisəli olduğunu bildirmişdir. O, da mübahisə olacağı ehtimalına görə həmin torpaq sahəsini almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmişTahirova Səadət Tacəddin qızı izahat verərək göstərdi ki, torpaq almaq məqsədi ilə İddiaçı müraciət etmişdir, onun mülkiyyətində olan torpaq sahəsini almaq üçün onunla razılığa gəlmişdir. Torpaq sahəsinin yerləşdiyi əraziyə getdikdə orada Cavabdeh ilə rastlaşmış və o həmin torpağa dair məhkəmənin icraatında mübahisənin olduğunu, torpaq sahəsinə dair sənədlərdə problemlər olduğunu bildirərək onu həmin torpaq sahəsini almaq fikrindən daşındırmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanunsuz və əsassız olduğuna görə iddia ərizəsi rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,1426 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 75,4 kv.m olan yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın reyestrində 06 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində 09.02.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-660/2018 nömrəli 14 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evinə vurduğu maddi zərərin əvəzi olan 20000 (iyirmi min) manatın, 10800 (on min səkkiz yüz) manat əldən çıxmış faydanın, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 1000 (bir min) manatın, məhkəmələrə gedib-gəlməsi üçün xərclədiyi 2000 (iki min) manat nəqliyyat xərclərinin və əsassız tələblərlə məhkəmələrə müraciət etdiyi üçün 5000 (beş min) manat mənəvi zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsini 01 noyabr 2018-ci il tarixli 2(107)-2450/2018 nömrəli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Zaqatala Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli 2(033)-660/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2019-cu il tarixli 2(102)-1985/19 nömrəli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,1426 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 75,4 kv.m olan yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh ilə İddiaçı arasında həmin əmlaka dair mübahisələr, eləcə də əmlaka zərər vurma ilə bağlı mübahisələr olmuşdur. İddiaçı özünə mülkiyyət hüququ əsasında məxsus Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,1426 ha torpaq sahəsini satmaq qərarına gəlmiş və bu məqsədlə torpaq sahəsini almaq üçün müxtəlif vaxtlarda alıcılar tapmışdır. İddiaçı Cavabdeh hərəkətləri nəticəsində ona dəymiş maddi zərər, yəni əldən çıxmış faydanın və mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir və o torpaq sahəsini almaq məqsədi ilə gələn şəxslərə həmin torpaq sahəsinə dair mübahisənin olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Şərh edilən normaların məzmunundan görünür ki zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması başa düşülür. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Qanunvericiliyin şərh edilən 21.2-ci maddəsindən görünür ki əldən çıxmış fayda o halda tələb edilə bilər ki, şəxsin hüququ pozulmuş olsun. Lakin iş materialları ilə İddiaçı hər hansı hüququnun Cavabdeh tərəfindən pozulması aşkar edilməmişdir və cavabdehin torpaq sahəsinin potensial alıcılarına həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmasını deməsi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Həqiqətən də tərəflər arasında dəfələrlə məhkəmə mübahisələri olmuşdur. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin alıcılarına torpaq sahəsi ilə bağlı mübahisələrin olduğunu deməsi müəyyən edilsə də, iddiaçı cavabdehin göstərilən hərəkəti nəticəsində ona maddi zərər dəyməsini, eləcə də ona dəymiş zərərin məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi “əldən çıxmış fayda qismində dəymiş maddi zərərin əvəzi olan 10.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin əvəzi olan 10.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi 31 may 2003-cü il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarının 8-ci bəndində məhkəmlərə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002- ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Bütün bunlar məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır, iddiaçı tərəf ancaq cavabdehin alıcılara torpaq sahəsi üzərində mübahisənin davam etdiyini deməsini iddia ərizəsində qeyd etməklə kifayətlənmiş, nə iddia ərizəsində, nə də ki, məhkəmə iclasında onun fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edilmiş olması sübuta yetirilməmişdir. Ona görə də, iddia tələbi bu hissədə əsaslı deyil, qeyd olunan əsaslarla iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə vəziyyətdə məhkəmə hesab edir ki, iddia ərizəsinin vurulmuş mənəvi zərərə görə cavabdehdən 10000 (on min) manat məbləğində pulun onun xeyrinə tutulması tələbinə dair hissəsi də əsassızdır və təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Abducəlil oğlunun Cavabdeh qarşı 10000 (on min) manat əldən çıxmış faydanın və 10000 (beş min) manat mənəvi zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı 10000 (on min) manat əldən çıxmış faydanın və 10000 (beş min) manat mənəvi zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar