Məhkəmə qərarları › İş №2(033)-593/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-593/2021

01.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-593/2021 01.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı X6 iştirakı ilə, iddiaçı X7 cavabdeh Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurmuş olduğu ziyanın (dağıdılmış çəpərin) bərpasının, 40 manat dövlət rüsumunun ödənilməsinin və onun torpaq sahələrindən Cavabdeh tərəfindən istifadəsinə qadağa qoyulmasına və Cavabdeh tərəfindən qeyri qanuni mənimsənilən torpaq sahəsinin ona qaytarilmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X11 iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona məxsus olan Zaqatala rayonu Cimcimax kəndində yerləşən 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0143 ha istifadə etdiyi torpaq sahəsindən çıxarılmasına dair qərar qəbul edilməini xahiş etmişdir. İddiaçı X6 iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, onun Zaqatala rayonu Cimcimax kəndi ərazisində 0.35 ha torpaq sahəsi vardır. O həmin torpaq sahəsində fındıq əkmişdir. Həmçinin o həmin torpaq sahəsində yonca otu əkib biçir. Cavabdeh onun torpaq sahəsinin yaxınlığında torpaq sahəsi vardır. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsininin bir hissəsini qeyri qanuni mənimsəmişdir. Belə olan halda o məhkəməyə müraciət etməli olmuşdur. O, cavabdehin qeyri-qanuni mənimsədiyi torpaq sahəsindən çıxarılmasını tələb edir. İddia ərizəsində və iddia tələbinin həcminin azaldılmasına dair ərizəsində göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 25 dekabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 121 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində aparılmış ********** nömrəli qeydiyyata əsasən reyestr nömrəsi **********30 olan Zaqatala rayonu, Cimcimax kəndində yerləşən 0,35 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X8 məxsusdur. İşdə olan A seriyalı 388887 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, reyestr nömrəsi **********30 olan Zaqatala rayon Cimcimax kəndində yerləşən 0,35 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin planı və ölçüsü Zaqatala rayonu 2 saylı notariat ofisinin notariusu X1 (şəhadətnamə 108) tərəfindən təsdiq edilmiş 10.01.2018-ci il tarixli Daşınmaz əmlakın alqı satqı müqaviləsi əsasında 21.05.2019-cu il tarixdə tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”nın 26 fevral 2021-ci il tarixli 06 saylı ekspert rəyindən görünür ki, **********22 reyestr nömrəli çıxarış və müvafiq olaraq A seriyalı 422586 nömrəli plan və ölçü sənədi ilə iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Cimcimax kəndi ərazisində yerləşən 0.8499 ha k/t təyinatlı torpaq sahəsinin şərq tərəfində 0.0625 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. Sualda qeyd olunan RX seriyalı ******* nömrəli çıxarış və A seriyalı 388888 nömrəli plan və ölçü sənədində qeyd olunan iddiaçıya məxsus Zaqatala rayonu, Mamrux kəndi ərazisində yerləşən 0.7799 ha k/t təyinatlı torpaq sahəsi faktiki olaraq tam həcmdə iddiaçının istifadəsindədir. Lakin **********30 reyestr nömrəli çıxarış və müvafiq olaraq plan-ölçü sənədi ilə iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Cimcimax kəndi ərazisində yerləşən 0.35 ha k/t təyinatlı torpaq sahəsinin şərq tərəfindən 0.0143 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-119/2021 nömrəli 26 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh və X5 RX seriyalı ******* nömrəli çıxarış əsasən iddiaçı X3 mülkiyyətində olan Zaqatala rayonu, Cimcimax kəndi ərazisində yerləşən 0.8499 ha k/t təyinatlı torpaq sahəsinin şərq tərəfində 0.0625 ha hissəsindən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın cavabdehlər Cavabdeh və X4 alınaraq Kapital Bank ASC Sahil filialı, KOD 201218 VÖEN ********** Müxbir hesab AZ37NABZ******************** SWİFT kod AİİBAZ2X, VÖEN **********, hesab AZ64AİİB400900ŞC**********208 nömrəli hesaba keçirilməsi qət edilmişdir. Məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Cimcimax kəndində yerləşən iddiaçı X8 məxsus 0,35 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır. Hazırda Cavabdeh Zaqatala rayonu Cimcimax kəndində yerləşən iddiaçı X8 məxsus 0,35 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin 0,0143 ha hissəsini zəbt etmişdir. Cavabdeh Cavabdeh iddiaçının həmin torpaq sahəsindən istifadə və sahiblik etməsinə maneçilik törədir. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Cimcimax kəndində yerləşən 0,35 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh iddiaçıya məxsus Zaqatala rayonu Cimcimax kəndində yerləşən 0,35 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin 0,0143 ha hissəsini zəbt etmişdir. Cavabdehin torpaq sahəsinin həmin hissəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh iddiaçıya məxsus Zaqatala rayonu Cimcimax kəndində yerləşən 0,35 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin 0,0143 ha hissəsindən çıxarılmalıdır. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan Zaqatala rayonu Cimcimax kəndində yerləşən 0,35 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsi iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh iddiaçıya məxsus Zaqatala rayonu Cimcimax kəndində yerləşən 0,35 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin 0,0143 ha hissəsi üzərində heç bir hüququ yoxdur. Qeyd olunanlar ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda Zaqatala Rayon Məhkəməsinin 2(033)-119/2021 nömrəli 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə də **********30 reyestr nömrəli çıxarış və müvafiq olaraq plan-ölçü sənədi ilə iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Cimcimax kəndi ərazisində yerləşən 0.35 ha k/t təyinatlı torpaq sahəsinin şərq tərəfindən 0.0143 ha hissəsi cavabdeh tərəfindən istifadə olunması müəyyən edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbindən çıxış edərək hesab edir ki, iddiaçının dəlilləri əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Zaqatala rayonu Cimcimax kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 25 dekabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,35 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş ortofotoplana uyğun olaraq şərq tərəfindən zəbt etdiyi 0,0143 ha hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Zaqatala rayonu Cimcimax kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 25 dekabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,35 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş ortofotoplana uyğun olaraq şərq tərəfindən zəbt etdiyi 0,0143 ha hissəsindən çıxarılsın. İddiaçının dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar