Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-74/2022 10.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, Cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35.000 (otuz beş min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Oğuz rayonunda işlədiyi vaxtlarda Oğuz Rayon X2 12 noyabr 1993-cü il tarixli 17 saylı qərarı ilə istifadəsinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini cavabdeh 1997-ci ildə iş yerini dəyişən zaman X4 adlı şəxsə satmışdır. Qeyd edilən dövrdə torpaq alğı-satqısı mümkün olmadığı üçün aralarında notariat qaydada müqavilə imzalanmamışdır. Cavabdeh həmin vaxt torpaq sahəsinin sənədlərinin əsllərini X3 vermişdir. Öz növbəsində X4 2000-ci ildə həmin torpaq sahəsini ona satmış və sənədlərin əsllərini ona vermişdir. Bundan başqa o, həmin torpağın planı və ölçüsü sənədini də sifariş verərək hazırlatmışdır. 2000-ci ildən həmin həyətyanı torpaq sahəsinin kənarlarını bağlayaraq istifadə edir. Həyətyanı torpaq sahəsində ağaclar əkmiş və qulluq edərək böyütmüşdür. Həyətyanı torpaq sahəsində yaxşılaşdırma işlərinə xeyli vəsait xərcləmişdir. Bir müddət əvvəl X4 ilə birlikdə cavabdehə müraciət edərək torpağın mülkiyyət sənədlərini hazırladaraq ona satması üçün etibarnamə verməsini xahiş etmişdir. Lakin cavabdeh buna etirazını bildirmişdir. Bundan sonra o, cavabdehə xəbərdarlıq məktubu göndərərək 20 gün müddətində torpaq sahəsinin sənədləşmə işlərini yekunlaşdıraraq onunla alğı-satqı müqaviləsi bağlamasını xahiş etmişdir. Əks təqdirdə o, iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh onun xəbərdarlıq məktubuna cavab verməmiş, lakin əvvəllər bir yerdə işlədiyi iş yoldaşı ilə “məhkəmədə görüşərik” mesajını göndərmişdir. Cavabdeh onunla razılaşmır və torpaq sahəsini ona satmaq istəmir. O, həmin torpaq sahəsinin alınmasında, əkilib-becərilməsinə, torpaq sahəsinin münbitləşdirilməsinə ötən 21 il ərzində xeyli zəhmət və xərc çəkmişdir. Hazırda Oğuz şəhərində bir sot torpaq sahəsinin qiyməti 4.000-5.000 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, əlavə olaraq göstərdi ki, cavabdeh özünə məxsus torpaq sahəsini Yaqut Alcanova satmış və sonuncudan da həmin torpaq sahəsini iddiaçı almışdır. Cavabdeh əvvəl satdığı torpaq sahəsinə görə yenidən pul tələb edir və iddiaçıdan həmin torpaq sahəsinə görə 10.000 manat pul istəyir. Torpaq sahəsi 2000-ci ildən sonra iddiaçının istifadəsində olmuş və iddiaçı həmin sahəyə xeyli xərc çəkmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, ona müharibə veteranı kimi Oğuz rayonunda 6 sot torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə bir neçə beton plitə, mişar daşı və qum yerləşdirmişdir. Yaqut Alcanova 100 ABŞ dolları vermişdir ki, torpağa baxsın və əgər istəyən olsa ona xəbər versin. X6 heç bir xəbər çıxmamışdır. Torpaq sahəsinin satılmasına ehtiyacı olmadığı üçün torpaq sahəsini satmamışdır. Düşünmüşdür ki, gələcəkdə ehtiyacı olarsa satar. Lakin bu yaxınlarda xəbər tutmuşdur ki, torpaq sahəsi onun xəbəri olmadan Etibar adlı şəxsə satılmışdır. Lakin onun həmin torpaq sahəsini İddiaçı satmaq fikri olmamışdır. Torpaq sahəsinə dair sənədləri Yaqut Alcanova o səbəbdən vermişdir ki, kimsə gələrsə, hər hansı bir mübahisə olsa Y.Alcanov torpaq sahəsinə dair sənədləri həmin orqanın nümayəndəsinə göstərsin və yaranacaq mübahisə həll olunsun. Yaqub Alcanov xəbəri və icazəsi olmadan ona məxsus torpaq sahəsini iddiaçıya satmışdır. Heç kimə ona məxsus torpaq sahəsində ağac əkməyə icazə verməmişdir. Yaqub torpaq sahəsi ilə qonşuluqda yaşadığı üçün özünün dolanışığı üçün sonuncuya icazə vermişdir ki, həmin torpaqda göy-göyərti əkib ailəsini dolandırsın. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, tərəfləri tanıyır. Cavabdeh Oğuz rayonunda uzun müddət polis əməkdaşı kimi işləmişdir. O isə həmin vaxt çayxana işlədirdi. Fərhad Abdullayev onun yanına gələrək özünə məxsus Oğuz rayonunda yerləşən torpaq sahəsini satmaq istədiyini bildirmiş və ona həmin torpaq sahəsini abadldşdıraraq satış vəziyyətinə çatdırmaq və müəyyən sənədləşdirmə işləri aparmaq üçün zəhmət haqqı kimi 100 ABŞ dolları pul vermişdir. Daha sonra Fərhad torpağa dair sənədlər üçün 100 ABŞ dolları xərcinin çıxdığını bildirdikdə o, sənədlər üçün Fərhada 100 ABŞ dolları vermişdir və sonuncu torpağın sənətlərini ona vermişdir. Həmin vaxt torpağın qiyməti aşağı olduğu üçün torpaq sahəsi Fərhadı maraqlandırmırdı, bu səbəbdən o, son 20 il ərzində bir dəfədə olsa torpağına gəlməmişdir. Torpağın qiyməti qalxdığı üçün Fərhad torpağı satdığını danmağa başlamış və torpağı satmadığını iddia edir. Halbu ki, Fərhad torpağı ona satmasaydı torpağın sənətlərinin əsillərini ona verməzdi. O, da torpağa müştəri tapdığı üçün iddiaçıya sataraq torpağa dair Fərhada verdiyi 100 ABŞ dollarını geri almışdır. 23 ildir vu vəziyyət davam edir. Onun adına sənədlər olmadığı üçün və aralarında etibar olduğundan iddiaçı onunla alqı-atqı müqaviləsi bağlamamışdır. İşin halları Mülki işin materiallarında olan Oğuz rayon X2 12 noyabr 1993-cü il tarixli 17 nömrəli protokolundan çıxarışdan və 30 may 1994-cü il tarixli 220 saylı aktdan görünür ki, “28 May” kolxozunun 23 avqust 1993-cü il tarixli 3 nömrəli ümumi yığıncaq qərarı, Oğuz rayon İcra Hakimiyyəti Başçısının 4 oktyabr 1993-cü il tarixli 83 nömrəli vəsatətinə əsasən Cavabdeh 0,06 ha həyətyanı torpaq sahəsi daimi istifadəyə verilmişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, “sizin Oğuz rayonunda işlədiyiniz zaman, Oğuz rayon X2 12 noyabr 1993-cü il tarixli 17 saylı qərarı ilə istifadənizə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini siz 1997-ci ildə iş yerinizi dəyişən zaman X7 adlı şəxsə satmışınız. Qeyd edilən dövrdə torpaq alğı-satqısı mümkün olmadığı üçün aranızda notariat qaydada müqavilə imzalanmamışdır. Siz həmin vaxt torpaq sahəsinin sənədlərinin əsllərini X3 vermişsiniz. Öz növbəsində X4 2000-ci ildə həmin torpaq sahəsini mənə satmış və sənədlərin əsllərini mənə vermişdir. Bundan başqa mən həmin torpağın planı və ölçüsü sənədini də sifariş verərək hazırlatmışam. 2000-ci ildən həmin həyətyanı torpaq sahəsinin kənarlarını bağlayaraq istifadə edirəm. Həyətyanı torpaq sahəsində ağaclar əkmişəm və qulluq edərək böyütmüşəm. Həyətyanı torpaq sahəsində yaxşılaşdırma işlərinə xeyli vəsait xərcləmişəm. Odur ki, sizdən xahiş edirəm 20 gün müddətində torpaq sahəsinin sənədləşmə işlərini yekunlaşdırraraq mənimlə alğı-satqı müqaviləsini bağlayasınız”. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146-cı maddəsinin tələbinə görə daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən məhkəmə bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iddiaçı tələbini cavabdehin 1997-ci ildə mübahisələndirilən torpaq sahəsini X3, sonuncunun isə öz növbəsində 2000-ci ildə isə həmin torpaq sahəsini ona satdığını, həmin vaxtdan bu torpaq sahəsindən istifadə etməsi və xərclər çəkərək qulluq etməsi, lakin həmin dövrdə çıxarış sənədi olmadığına görə cavabdehlə aralarında notarial qaydada alğı-satqı müqaviləsinin bağlanmaması ilə əsaslandırmışdır. Məhkəmə, iddiaçının bu dəlillərini tələbin təmin edilməsinə əsas saymır. İlk öncə, həmin dövrdə çıxarış sənədi olmadığına görə, torpaq sahəsinin sənədinin Oğuz rayon X2 12 noyabr 1993-cü il tarixli qərarı olduğunu düşünməsi üzrə qeyd edilməlidir ki, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı tarixindən əmələ gəlir və qeydə alınmış hüquq qərar ilə deyil, onun məzmununun əks olunduğu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış müqavilələr də etibarsız sayılır. İddiaçının qanunu bilməməsi və ya onu yanlış başa düşməsi isə qanunun tətbiq edilməməsinə əsas verə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, cavabdeh daimi istifadəsinə verilmiş torpaq sahəsinin iddiaçıya satılması üçün hər hansı danışıq aparmamış, hər hansı qiymət təklifi etməmiş, iddiaçıya həmin torpaq sahəsində hər hansı işlərin görülməsinə (tikinti işlərinin aparılmasına, ərazinin dizayn edilməsi və münbitləşdirilməsinə, bitkilər və ağaclar əkməsinə və s.) razılıq verməmiş, iddiaçı ilə hər hansı şəkildə torpağın sonuncunun adına özgəninkiləşdirilməsi üçün təmas qurmamışdır. Torpaqla sahəsi ilə bağlı bütün münasibətlər iddiaçı ilə şahid X4 arasında olmuşdur və iddiaçının tələb etmək hüququ cavabdehə münasibətdə əsaslı deyil. Cavabdeh torpaq sahəsi ilə bağlı iddiaçıdan pul vəsaiti almamış, X4 da cavabdehə həmin torpaq sahəsinə görə pul vəsaiti ödəməmişdir. Bundan başqa, cavabdeh daimi istifadəsində olan torpaq sahəsinin satılması üçün şahidə hər hansı səlahiyyət (etibarnamə) verməmişdir, X1 cavabdehin adından iddiaçı ilə hər hansı müqavilə bağlamaq üçün səlahiyyəti olmamışdır. X4 ilə iddiaçı arasında həmin torpaq sahəsi ilə bağlı istənilən əqd əhəmiyyətsiz əqd olmaqla, bağlandığı andan etibarsızdır, hər hansı hüquqi nəticələr yaratmır. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 164.1, 165.1, 445.1, 445.2.1, 443.1, 1091.1, 1091.2, 21.1, 448.1-ci maddələrinə istinad etsə də, işin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının sahiblik hüququ deyil, əksinə, iddiaçı tərəfindən cavabdehin torpaq üzərində olan daimi istifadə hüquqları pozulmuşdur. Mülki Məcəllənin 164.1, 165.1-ci maddələrinə iddiaçı o halda istinad edə bilərdi ki, o, torpaq sahəsinin mülkiyyətçisi (sahiblik və istifadə hüquqları) olardı və cavabdeh onu sahiblikdən məhrum edərdi. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı iddia predmeti olan torpaq sahəsinə hər hansı qanuni əsasla sahiblik etmir və cavabdeh onun qanunda təsbit olunmuş hər hansı hüququnu pozmur. Bundan başqa, cavabdeh iddiaçı qarşısında hər hansı öhdəlik daşımır, iddiaçıya hər hansı zərər vurmamış, iddiaçıya münasibətdə delikt törətməmiş, əsassız varlanmamışdır. Bu səbəbdən, iddia əsassız olmaqla, təmin edilə bilməz. Məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə uyğun işdə iştirak edən şəxslərə aid edildiyindən, iddianın təmin edilməməsi nəzərə alınıb iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı 35.000 (otuz beş min) manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №2(033)-74/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-74/2022
10.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver