Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-87/2021 08.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi ilə məhkəmə iclasının katibi X2 katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 21.11.2019-cu il qeydiyyat tarixli çıxarışında qeyd edilmiş 2,3921 ha torpaq sahəsinin ona məxsus 5/6 hissəsinin yerdə qalan 1/6 hissəsindən naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2,3921 ha torpaq sahəsinin 5/6 hissəsi onun xüsusi mülkiyyətindədir. Həmin əmlak adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq DƏDRX-in 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. O öz əmlakı barədə sərəncam vermək istəyir. Lakin oğlu cavabdeh Abdullayev X1 qeydiyyatdadır, ancaq harada yaşadığı məlum deyil, uzun illərdir ki, onunla heç bir əlaqəsi yoxdur və harada yaşadığını bilmir. Sözügedən əmlak barədə sərəncam vermək üçün yuxarıda qeyd edilmiş torpaq sahəsinin ona düşən 5/6 hisssənin cavabdeh olan oğlu Cavabdeh aid 1/6 hissəsindən naturada ayrılmasını tələb edir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Keçirilmiş tikinti-texniki ekspertizasının rəyi ilə tanış olmuşdur. Hesab edir ki, iddia tələbi əsaslıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına oxşar məzmunda izahat verərək göstərdi ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2,3921 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında iddiaçıya və cavabdehə məxsus olduğundan iddiaçının həmin torpaq sahəsi üzərində təkbaşına sərəncam vermək hüququ yoxdur. İddiaçı ona xüsusi mülkiyyət hüququ əsasında məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2,3921 ha torpaq sahəsində ona məxsus 5/6 üzərində sərəncam vermək hüququnun olmasını nəzərə alaraq ona məxsus payın naturada ayrılmasını tələb edir. Keçirilmiş tikinti-texniki ekspertizasının rəyi ilə tanış olmuşdur. İddia ərizəsinin ekspert rəyinə uyğun olaraq təmin edilməsini xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 21.11.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2,3921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında Cavabdeh Həzrətəli oğluna (1/6 hissəsi) və İddiaçı (5/6 hissəsi) məxsusdur. İş materiallarına əlavə edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 yanvar 2021-ci il tarixli 534 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində yerləşən “A” seriyalı 447892 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar əsasında 2.392 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi çıxarışda qeyd olunan paylı mülkiyyətçilər arasında bir pay 0.3986 ha olmaqla bölgüsü aparılmışdır. Rəyə ortofotoplan və baxış akı əlavə edilmişdir. Rəyə əlavə edilmiş ortofotoplandan görünür ki, ümumi sahəsi 2,39 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hər birinin sahəsi 0,39866 ha olmaqla 6 paya bölünmüşdür. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Aparılmış tikinti-texniki ekspertizası nəticəsində müəyyən edildi ki, Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində yerləşən “A” seriyalı 447892 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar əsasında 2.392 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi çıxarışda qeyd olunan paylı mülkiyyətçilər arasında bir pay 0.3986 ha olmaqla bölgüsü aparılmışdır. Torpaq sahəsinin naturada bölünməsinə dair sxem ekspert rəyinə əlavə edilmişdir. Məhkəmə də ekspert rəyini sübut növü kimi qiymətləndirir. Məhkəmə araşdırılmasında da müəyyən edildi ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2,392 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/6 hissəsi ********** qeydiyyat nömrəli 21.11.2019-cu il tarixdə İddiaçı adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçı 2,3921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona məxsus 5/6 hissəsinin naturada ayrılmasını tələb edir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən onun iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 dekabr 2020-ci il tarixli 534 nömrəli ekspert rəyinə əsasən sənəd üzrə 0,3921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylara münasib şəkildə naturada bölünməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Mülki Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən iddiaçı və cavabdehin ümumi paylı mülkiyyətində olan torpaq sahəsinin 5/6 hissəyə uyğun 2,39 ha olan kənd təsərüfatı təyinatlı torpaq sahəsinin sxemdə qeyd edilən 1-5 hissələrin hər birinin sahəsi 0,39866 ha olmaqla 6-cı hissədən ayrılması təmin edilməli, həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Bu əsasla məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 21.11.2019 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 2,3921 ha torpaq sahəsinin 5/6 hissəsi (sxemdə qeyd edilən 1-5 hissələr) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 dekabr 2020-ci il tarixli 534 nömrəli ekspert rəyinə əlavə edilmiş sxemə uyğun vəziyyətdə 6-cı hissədən naturada ayrılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, 300 manat aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıdan alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 21.11.2019 qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 2,3921 ha torpaq sahəsinin 5/6 hissəsi (sxemdə qeyd edilən 1-5 hissələr) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 dekabr 2020-ci il tarixli 534 nömrəli ekspert rəyinə əlavə edilmiş sxemə uyğun vəziyyətdə 6-cı hissədən naturada ayrılsın. İddiaçı 300 (üç yüz) manat ekspertiza xərci alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülsün. Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M\h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB**********04********. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-87/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-87/2021
08.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver