Məhkəmə qərarları › İş №2(034)-288/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-288/2025

21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-288/2025 21.05.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərə görə 475 manat, mənəvi zərərə görə 3000 manat olmaqla, ümumillikdə, 3475 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 55 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun yaxın qohumları kənddə yaşayır və təsərrüfatla məşğul olaraq dolanışıqlarını təmin edirlər. 2024-cü ilin noyabr ayının sonları ona kənddən göndərilmiş pendiri Yasamal rayonunda yerləşən «Kaktus» restoranının yanında “Kənddən şəhərə” yarmarkasını işlədən Cavabdeh satılması üçün vermiş, cavabdeh ondan götürdüyü məhsula görə 475 manat pulu bir həftə ərzində ödəyəcəyinə söz vermiş, lakin Cavabdeh onu aldadaraq ondan götürdüyü pendiri satdıqdan sonra borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin onun telefon zənglərinə cavab verməməsinə və onun dəfələrlə cavabdehlə bu məsələ üzrə üz-üzə söhbətlər aparmasına baxmayaraq, cavabdeh ona məhəl qoymayaraq ödəyəcəyi məbləği bu günə qədər ödəməmişdir. Cavabdehlə birlikdə işləyən oğlu X1 ilə ********** nömrəli telefonla əlaqə saxlayaraq ona veriləcək pulun ödənilməsini tələb etsə də, məsələ öz həllini tapmamışdır. Onun məsələ ilə əlaqədar Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə ərizə ilə müraciət etməsinə və cavabdehin həmin pulu ödəyəcəyinə dair polis əməkdaşlarına söz verməsinə baxmayaraq, sonradan verdiyi sözü danaraq pulu ona ödəməmişdir. Cavabdeh bu hərəkətləri ilə bilərəkdən və qəsdən ona maddi və mənəvi zərər yetirmişdir. Cavabdehin ona qarşı etdiyi hərəkətləri nəticəsində onun keçirdiyi streslər səhhətinin pisləşməsinə səbəb olmuşdur. O, xx.xx.2025-ci il tarixdə xəstəxanaya müraciət etmiş və hal-hazırda da səhhəti ilə bağlı müalicə alır. Ona vurulmuş maddi zərərin dəyəri 475 manatdır. Vurulmuş mənəvi zərərin dəyəri pulla ölçüləsi vəziyyətdə deyil, lakin buna baxmayaraq cavabdeh ona vurulmuş mənəvi zərərə görə ən azı 3000 manat ödəməlidir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi zərər cavabdehdən alınıb ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia əriəzəsinin məzmununa uyğun izahat verərək bildirmişdiri ki, cavabdehə 475 manat dəyərində pendir vermiş, cavabdeh pendirin pulunu ödəməmişdir. Cavabdeh pulu ödəmədiyi üçün polisə müraciət etmiş, lakin polis işə baxmadığından onda əsəb xəstəliyi yaranmışdır. O, birinci dəfə cavabdehə kiloqramı 10 manatdan olmaqla, 27 kiloqram pendir vermiş, bunun da qiyməti 270 manat etmiş, bundan başqa cavabdehə yenə 20 kiloqram əlavə pendir vermiş, həmin pendirin qiyməti isə 200 manat məbləğində olmuşdur. Cavabdehə iki ədəd bal vermiş və 20 manat pulunu almışdır. Sonda iddiaçı məhkəmədən tələbin tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13- 53-3/2-3-14xx/xx/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü, Cavabdeh barədə müraciətdə qeyd edilən xüsusat mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -İş materiallarında olan “Azercell” tərəfindən verilmiş çıxarışının surətindən görünür ki, İddiaçı tərəfindən ********* mobil telefon vasitəsi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci l tarixə kimi telfnon danışıqları aparılmışdır. -İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail rayonu 45 nömrəli Mənzil Kommunal İstismar Sahəsin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 117 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Əhəd Yaqubov küçəsindəki 2 nömrəli evin 2 nömrəli məzilində qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı kənddə yaşayan yaxın qohumları tərəfindən ona göndərilmiş pendiri Yasamal rayonunda yerləşən «Kaktus» restoranının yanında “Kənddən şəhərə” yarmarkasını işlədən Cavabdeh satılması üçün vermiş, cavabdeh aldığı məhsula görə 475 manat pulu bir həftə ərzində ödəyəcəyinə söz vermiş, lakin cavabdeh sözünə əməl etməyərək pendiri satdıqdan sonra iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. İddiaçı tərəfindən dəfələrlə borcun qaytarılması üçün cavabdehə və onun oğluna edilmiş telefon zənglərinə, hətta üzbə-üz aparılmış söhbətlərə heç bir məhəl qoymayaraq, bu günə kimi iddiaçın borcu qaytarılmamışdır. İddiaçı məsələnin həlli ilə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə müraciət etmiş, lakin şöbə tərəflər arasında olan mübahiəsnin mülki xarakterli olmasını əsas gətirərək aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi iddiaçıya tövsiyyə edilmşdir. Mənəvi zərərlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya qarşı etdiyi hərəkətlər iddiaçının mənəvi sarsıntılar keçirməsinə, keçirdiyi sarsıntılar nəticəsində xəstəxanaya müraciət etməsinə və hal-hazırda da səhhəti ilə bağlı müalicə almasına səbəb olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 475 manat, mənəvi zərərə görə isə 300 manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 55 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsmunun qalan 25 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 475 manat, mənəvi zərərə görə isə 300 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Dövlət rüsmunun qalan 25 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar