Məhkəmə qərarları › İş №2(034)-504/2025

Zəngilan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(034)-504/2025

17.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-504/2025 17.11.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı X2, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərə görə 48.501.8 manat pul vəsaitinin, həmçinin vurulmuş mənəvi zərərin kompesasiyasına kimi 10.000 manat məbləğində pulun və ödənilmiş 270 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı X5 tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, Rusiya Federasiyasında ailə üzvləri ilə birlikdə yaşayır və işləyir, hazırda Rusiya Federasiyasının vətəndaşıdır, il ərzində müxtəlif vaxtlarda Azərbaycana gəlib qayıtmışdır. Növbəti dəfə 16 noyabr 2024-cü il tarixdə yenidən Azərbaycana gəlmiş və doğulub boya-başa çatdığı Zərdab rayonu, Qaravəlli kəndinə getmiş, 18 noyabr 2024-cü il tarixdə həmin kənddən Bakı şəhərinə oğlu X1 adına olan və etibarnamə əsasında idarə etdiyi “X10” markalı “** BX ***” dövlət qeydiyyat nişanlı avtomobil ilə gələrkən saat 13:40 radələrində Kürdəmir rayonu ərazisində X9 polis postunda saxlanılmışdır. Avtomobildə tək olmuş və yanında başqa şəxs olmamışdır. Həmin postda onun içkili olub-olmamağına dair yoxlanış aparılmış və onda heç bir sərxoşluq əlaməti olmadığına görə polis əməkdaşları ona qarşı nəzakətli olmuşlar. Bundan sonra o, Bakı şəhəri istiqamətində hərəkətini davam etdirmiş, Hacıqabul rayonu, Nəvai qəsəbəsi ərazisində yerləşən yol polis postunda saat 15:00 radələrində ona polis əməkdaşları “maşını saxla” komandası vermişlər. O, maşını yolun kənarında saxlamışdır. Onu saxlayan, özünü təqdim etməyən polis əməkdaşı maşına aid sənədləri təqdim etməyini bildirmiş, polis əməkdaşı onun təqdim etdiyi sənədlərə baxandan sonra ona “avtomobildən düş polis postuna gedək” demişdir. O, isə polis əməkdaşına bildirmişdir ki, “Azərbaycana təzə gəlmiş, qonaqları var, Bakı şəhərinə qonaqlarla görüşə gedir, saat 16.00-da Bakı şəhərində qonaqlarla görüşü var, tələsir”. Bu zaman polis əməkdaşı ona “düş stasionar posta gedək, kompüterdə baxaq, görək nədir” demişdir. Halbuki həmin vaxt polis əməkdaşının əlində monitor olmuş, o, həmin monitora baxıb ona deyə bilərdi ki, “cərimən var”. O, isə həmin polis əməkdaşına bildirmişdir ki, avtomaşının cəriməsi olmasından xəbəri yoxdur. Polis əməkdaşı ona təkrar olaraq təkidlə “düş gedək, sənə deyirəm” demişdir. Həmin polis əməkdaşının adı Əli, soyadı Ağayev, döş nişanı isə “1011” omuşdur. Polis əməkdaşı təkrar olaraq onu hədələyib “lazım gəlsə, səni ora zorla da olsa sürüyüb maşından çıxarıb aparacağam”. Demişdir. Bundan sonra həmin polis əməkdaşı bir əlini avtomaşının açıq olan pəncərəsindən zorla içəri soxaraq həmin əli ilə onun remen qarışıq yaxasından yapışıb özünə doğru dartışdırmış, bu zaman ona “görmürsən təhlükəsizlik kəməri və qapı bağlıdır, onu pəncərədən çıxaracaqsan” demiş, Əli adlı polis əməkdaşı bu zaman ikinci əlini də pəncərədən içəri soxub təhlükəsizlik kəmərini açmağa çalışmış, bundan sonra polis maşının qapısını açmağa çalışmışdır. Əlini içəri salıb qapının knopkasını içəridən basıb qapının blokirovkasını açmış, qapını açdıqdan sonra qapının qarşısında durub ona qapını bağlaya imkan verməmiş və ona “polisdən qrup çağıracam, polisə müqavimət göstərdiyinə görə səni polisə aparacam və sənin cəzanı verdirəcəm və sənin başına oyun açdıracam, səni dizi üstə qoyduracam” demişdir. O, , “mən neynəmişəm ki, məni dizi üstə qoydurursan” bildirmiş, «sən dizi üstə qoydurmağın” mənasının nə olduğunu bilməsini, bu sözlərin çox pis mənası var və insanlara qarşı təhqir və onların şəxsiyyətini alçaltma, aşağılama hesab olunur. Polis yenə də ona israrlı olaraq bildirmişdir ki, “sən polisə müqavimət göstərirsən” o, isə polisə “mən polisə müqavimət göstərmirəm və necə müqavimət göstərə bilərəm, avtomaşınımda oturmuşam və təhlükəsizlik kəmərim də bağlıdır” demişdir. Bundan sonra həmin polis postda olan iş yoldaşlarına uca səslə qışqırmış “Qruppa çağırın, gəlin mənə kömək edin, bunu posta aparaq” demişdir. Onun səsinə iki nəfər polis gəlmiş, onlardan da birinin adının sonradan “Sadiq” olduğunu bildimişdir. Sadiq adlı polis əməkdaşının döş nişanı isə “1003” olmuşdur. Sadiqlə gələn digər polis əməkdaşının isə soyadı təxmini “Mehdiyev” olmuşdur. Sadiqlə Əli birləşib ona qarşı fiziki zor tətbiq edərək onu dartışdırmış, sonra Sadiq, Əli və Mehdiyev maşının qabağını kəsərək ona “avtomaşını cərimə meydançasına sür” göstərmişlər. O, polislərin göstərişi ilə avtomaşını sürüb onların dediyi cərimə meydançasında saxlamış, daha sona komandir özünü ona “Mərdan” kimi təqdim etmiş Mərdan bildirmişdir ki, “onlara deyim, gəlib sizdən üzr istəsinlər və sən onları bağışla”. Lakin, ona qarşı etdikləri qanunsuz hərəkətlərə görə şikayətçidir və aidiyyəti orqanların hamısına müraciət edəcək demişdir. Səhəri gün o, polis əməkdaşlarının ona qarşı etdikləri bu qanunsuz hərəkətlərindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” nömrəli “Qaynar xətt”əlaqə mərkəzinə zəng edib qeyd etdiyi zorakılıqlar barədə məlumat vermiş, eyni zamanda 24 və 27 noyabr 2024-cü il tarixlərdə DİN-nin 102 “Qaynar Xəttlə” əlaqə mərkəzinə təkrar olaraq polis əməkdaşları tərəfindən ona qarşı edilmiş özbaşınalıq və qanunsuzluqlar barədə ətraflı məlumat vermişdir. Həmçinin, polis postunda ona qarşı edilən fiziki və mənəvi zorakılıqları, qanunsuz hərəkətləri təsdiq edən telefon danışıqları, foto-şəkillər və səs yazıları vardır. Eyni zamanda o, şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək BDYPİ-nin bilavasitə tabeliyində olan YPX-i alayının 7-ci tağımının əməkdaşlarının idarə etdiyi “X10” markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini əsassız olaraq dayandırmalarını və əsassız olaraq ona fiziki güc tətbiq etmələri barədə məlumat vermişdir. Müraciəti əsasında Hacıqabul rayon prokurorluğunda araşdırma aparılmış, aparılmış araşdırma zamanı isə idarə etdiyi “X10” markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin BDYPİ-nin bilavasitə tabeliyində olan YPX-i alayının 7-ci tağımının ərazisində saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki güc tətbiq edilməsi, əlində olan telefonun üzlüyünün zədələnməsi, əynində olan köynəyin düymələrinin qoparılması hallarının öz təsdiqini tapmaması, BDYPİ-nin bilavasitə tabeliyində olan YPX-i alayının 7-ci tağımından təqdim edilmiş fotoşəkildə idarə etdiyi “X10” markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsi ilə EQ23134312 nömrəli protokola əsasən 10 manat cərimə edilməsi, cərimə ödənilmədiyindən xx.xx.2024-cü il tarixdə avtomobilin üzərinə həbs qoyulması öz təsdiqini tapması nəticəsinə gəlinmişdir. Ona görə də Hacıqabul rayon prokurorluğunun 29 dekabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. O, Hacıqabul rayon prokurorluğunda verdiyi izahatında polis əməkdaşları tərəfindən həmin vaxt əynində olan köynəyinin ön düyməsinin qırıldığını və telefonunun üz qabığı sındırılaraq ona maddi ziyan dəyməsini göstərsə də, araşdırma zamanı ona məxsus telefon və köynəyə mütəxəssisin iştirakı ilə baxış keçirilməklə dəymiş maddi zərərin məbləği müəyyən olunmamışdır. Onun idarə etdiyi “X10” markalı **-BX- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsi ilə EQ23134312 nömrəli protokola əsasən 10 manat cərimə edilməsi, cərimə ödənilmədiyindən xx.xx.2024-cü il tarixdə avtomobilin üzərinə həbs qoyulmasından məlumatı olmamışdır. Bu barədə ona DİN-nin aidiyyəti qurumları tərəfindən heç bir bildiriş və məlumat göndərilməmiş və bunlardan xəbəri olmamışdır. Qeyd edir ki, həmin avtomobil onun oğlu Nüsrətin adına sənədləşsə də, avtomobil həmişə onda olmuşdur. O, idarə etdiyi avtomobilin cərimələrini həmişə vaxtında ödəmişdir. Onun idarə etdiyi avtomobilin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsi ilə EQ23134312 nömrəli protokola əsasən 10 manat cərimə edilməsindən və cərimə ödənilmədiyindən xx.xx.2024-cü il tarixdə avtomobilin üzərinə həbs qoyulmasından məlumatı olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 122.6-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Həmin Məcəllənin 96-cı maddəsində nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsinin əsasları göstərilir. Azərbaycan Respublikasının İXM-nin 96.1.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma aparıla bilər. Ona görə ki, idarə etdiyi avtomobilin cərimə edilməsindən o, məlumatlı olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 122.6-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Ona görə də polis əməkdaşlarının onun idarə etdiyi avtomobili iki ay müddətinə cəriməni ödəmədiyi əsası ilə polis əməkdaşları onu nəqliyyat vasitəsini idarə olunmasından kənarlaşdıra bilməzlər və bu qanuni və əsaslı deyildir. Eyni zamanda Hacıqabul rayonunun Nəvai qəsəbəsində yerləşən polis postunda 18 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX-i alayının bilavasitə tabeliyində olan 7-ci tağımının yol polis inspektorları tərəfindən ona qarşı fiziki zor tətbiq olunaraq şərəf və ləyaqəti təhqir olunmuş, mobil telefonun üz qabığı sındırılaraq istifadə üçün yararsız hala salınmış, köynəyinin düyməsi dartışdırılaraq qırılmış, yaxası cırılmış və istifadə üçün yararsız hala salınmışdır. Hacıqabul rayonunun ərazisində yerləşən Nəvai stasionar polis postunda 18 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX-i alayının bilavasitə tabeliyində olan 7-ci tağımının yol polis inspektorları Cavabdeh2, Cavabdeh1 polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq olunması zamanı tərəfindən mobil telefonu vasitəsi ilə aparılmış səs yazıları şikayəti əsasında araşdırma aparılan Hacıqabul rayon prokurorunun köməkçisinə mobil telefon vasitəsi ilə göndərilsə də, həmin səs yazıları onun iştirakı ilə dinlənilməmiş və həmin səs yazılarına hüquqi qiymət verilməmişdir. Hacıqabul Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 6(071)-3/2025 saylı qərarı ilə onun tərəfindən verilmiş şikayət təmin edilməmiş, Hacıqabul rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X4 tərəfindən 94C-25 saylı material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında olan 29 dekabr 2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. Hacıqabul Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 6(071)-3/2025 saylı qərarı ilə “vətəndaşla davranışda etik qaydalardan kənar ifadələrin işlədilməsinə yol verdiklərinə və vətəndaşla davranışda kobudluğa yol verdiklərinə görə BDYPİ-nin 7-ci tağımının əməkdaşları Cavabdeh1 və Cavabdeh2 barəsində xüsusi qərar çıxarılaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 6(071)-3/2025 saylı qərarında həmçinin göstərilir ki, “.... lakin, baş vermiş hadisənin gedişini özündə əks etdirən yuxarıda vurğulanan hallarla yanaşı qeyd edilməlidir ki, məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, vətəndaş X5 idarə etdiyi avtomobillə DYPİ-nin Hacıqabul rayonu Nəvai kəndi ərazisində yerləşən stasionar postunda saxlanıldıqdan sonra yol-patrul xidmətinin əməkdaşları tərəfindən vətəndaşa qarşı cinayət və ya inzibati xəta tərkibini özündə əks etdirən əməllərə yol verilməsə də, vətəndaş R.İsgəndərovla davranışlarda yol-patrul xidmətinin əməkdaşları tərəfindən etik qaydalardan kənar ifadələrdən istifadə edilmiş və sonuncuya qarşı davranışlarda kobudluğa yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş yol patrul xidməti haqqında Təlimatın 13-cü bəndinə əsasən YPX inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır. Vətəndaşlarla söhbət zamanı yol polisi əməkdaşları təmkinli olmalı, mübahisələrə girməməli, soyuqqanlılığını itirməməli, kobudluğa kobudluqla cavab verməməlidir.Beləliklə, məhkəmənin qənaətinə görə, Hacıqabul rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X4 tərəfindən 94C-24 saylı material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 dekabr 2024-cü il tarixli qərarı qanuni hesab edilməli, həmin qərardan məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməməli, lakin vətəndaşla davranışda etik qaydalardan kənar ifadələrin işlədilməsinə yol verdiklərinə və vətəndaşla davranışda kobudluğa yol verdiklərinə görə BDYPİ-nin 7-ci tağımının əməkdaşları Cavabdeh1 və Cavabdeh2 barəsində xüsusi qərar çıxarılaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir”. Hacıqabul Rayon Məhkəməsinin qeyd olunan qərarından da aydın olur ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 7-ci tağımının əməkdaşları YPX inspektorları Cavabdeh1 və Cavabdeh2 tərəfindən öz xidməti vəzifə borcları lazımı qaydada qanunvericiliyin tələblərinə uyğun yerinə yetirilməmiş, polis adına yaraşmayan hərəkətlərə yol verilərək ona qarşı etik qaydalardan kənar ifadələrdən istifadə edilmiş və onunla davranışlarda kobudluğa yol verilmişdir. Eyni zamanda Hacıqabul Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 6(071)-3/2025 saylı qərarı qanunsuz və əsassız olduğundan onun ləğv olunması üçün onun tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 7ci tağımının əməkdaşları Cavabdeh1 və Cavabdeh2 barəsində müvafiq tədbirlərin görülməsi üçün Hacıqabul Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası DİN-nə göndərilmiş XÜSUSİ QƏRARA Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsində baxılmışdır. Həmin İdarə tərəfindən Hacıqabul Rayon Məhkəməsinin hakimi Orxan Bayramova ünvanlanmış 02 may 2025-ci il tarixli, 3-13-16Ğ2-88985/2025 saylı cavab məktubunda göstərilir ki, “....vətəndaş Rəhim isgəndərovun Hacıqabul rayon prokurorluğunun qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə iş materiallarının araşdırılması zamanı Baş DYP İdarəsinin əməkdaşları tərəfindən “Yol-patrul xidməti haqqında Təlimat”ın tələblərinin pozulması faktı müəyyən edildiyindən barələrində müvafiq tədbirlərin görülməsilə bağlı Daxili İşlər Nazirliyinə göndərilmiş xüsusi qərarda göstərilmiş xüsusatlar öyrənilmişdir. Qərarda qeyd olunan xüsusatlarla bağlı araşdırma aparılmış, DYP əməkdaşları intizam məsuliyyətinə cəlb edilmiş, bununla yanaşı onlara hərəkət iştirakçıları ilə münaqişəli vəziyyətlər yarandıqda hüquq və vəzifələrini, eləcə də hərəkətlərindən şikayət edilməsi qaydalarının təmkinlə izah edilməsi barədə tövsiyələr verilmişdir”. Hacıqabul rayonunun Nəvai qəsəbəsində yerləşən polis postunda 18 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX-i alayının bilavasitə tabeliyində olan 7-ci tağımının yol polis inspektorları olan Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona qarşı fiziki zor tətbiq olunaraq şərəf və ləyaqəti təhqir olunmuşdur. Polis əməkdaşlarının ona qarşı etdikləri qanunsuz hərəkətlərə görə özünü təhqir olunmuş və alçaldılmış hesab edir. Polis əməkdaşlarının ona qarşı törətdikləri qeyd olunan qanunsuz hərəkətlərindən sonra mənim səhhətimdə və sağlamlığımda ağrılar əmələ gəlmişdir. Ona görə də o Rusiya Federasiyasının Jeleznovodsk şəhərində müalicədə olarkən həkim müayinəsindən “UZİ”-dən keçmiş, 18 noyabr 2024-cü ildə polis əməkdaşları zərurət olmadığı halda ona qarşı fiziki zor tətbiq edərək dartıb onu avtomaşından düşürdükləri üçün onun sol ayağının oynaqlarında və çiynində ağrılar əmələ gəlmişdir. O, Rusiya Federasiyasının Novosibirski vilayətində böyük bir tikinti şirkətinin təsisçisidir, polis əməkdaşları tərəfindən ona qarşı yuxarıda qeyd olunan qanunsuz hərəkətlərin törədilməsinə görə o, həmin polis əməkdaşlarının barəsində qanuni tədbir görülərək onların cəzalandırılması üçün 2025-ci ilin yanvar ayında Rusiya Federasiyasının Jeleznovodski şəhərində sanatoriya müalicəsi başa çatdıqdan sonra Rusiya Federasiyasının Novosibirski vilayətinə getməmiş, məlum hadisələrlə bağlı Rusiya Federasiyasının Mineralnıy Vodı şəhərindən Bakı şəhərinə hava yolu ilə təyyarə uçuş xətti bağlı olduğu üçün Tbilisi şəhərinə uçmuş və sonra Tbilisidən Bakıya təyyarə ilə uçmuşdur. Halbuki o, sanatoriya müalicəsindən sonra Novosibirskə getməli idi. Beləliklə, 16 noyabr 2024cü ildən hal-hazıra kimi o, Azərbaycandadır və davamlı olaraq şikayətilə bağlı Zərdab rayonundan Bakı şəhərinə gəlmiş, Hacıqabul rayonunda prokurorluqda, rayon məhkəməsində, poçt sorğusu ilə bağlı Göyçay şəhərində, bir neçə dəfə Şirvan şəhərində və Bakı şəhərində dəfələrlə DİN-də, BDYPİ-də, Baş Prokurorluqda və digər aidiyyəti dövlət orqanlarında olmuş, şikayətlər etmiş, verilmiş sorğulara cavablar almış və sair aidiyyəti hərəkətləri yerinə yetirmişdir. Bütün bu və digər aidiyyəti hərəkətlərin icrası üçün tərəfindən yanacağa, nəqliyyata, təyyarə biletlərinə, poçta pul vəsaiti xərclənmiş və vaxtı sərf olunmuşdur. Bütün bunların hamısının səbəbkarı və təqsirkarı isə yuxarıda qeyd olunan polis əməkdaşlarıdır. xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək o, Rusiya Federasiyasında olmamışdır. Onun Rusiya Federasiyasında olmaması səbəbindən KapitalStroy MMC rəqabətli satınalmalarda iştirak etmək, habelə böyük bir əməliyyatı təsdiqləmək imkanı olmamışdır, eyni zamanda KapitalStroy MMC-nin fəaliyyəti ilə bağlı hər hansı bir böyük əməliyyat etmək imkanı olmamışdır. Bu imkanın olmaması səbəbindən təşkilat təxminən 2.000.000.00 rubldan çox itki ilə üzləşmişdir.” (Həmin məktubun surəti rus dilində və Azırbaycan dilinə tərcümə edilmiş şəkildə əlavə olunur). Qeyd etdiyi kimi o, Rusiya Federasiyasının vətəndaşıdır, Rusiya Federasiyasının Novosibirski şəhəri Leskova küçəsi ev 197 ünvanında qeydiyyatdadır və daimi olaraq orada yaşayır, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur və "xxxx" MMC- nin təsisçisidir. Həmin MMC-nin fəaliyyətinə də o nəzarət edir və onun işlərini də o təşkil edir. O, 13 noyabr 2024-cü ildən 11 may 2025-ci il tarixə kimi yuxarıda göstərilən səbəblərdən Novosibirski şəhərində ola bilməmişdir. Nəticədə də polis əməkdaşları Cavabdeh1 və Cavabdeh2 təqsiri üzündən "xxxx" MMC-nin iş fəaliyyəti pozulmuş və nəticədə həmin şirkətə 2.000.000 (iki milyon rubl) rubl 43.576 (qırx üç min beş yüz yetmiş altı manat ziyan dəymişdir. (RF-ı Pasportumun və müvafiq sənədlərin surətləri əlavə olunur). Rusiya Federasiyası vətəndaşlığı barədə olan pasportda olan qeydlərdən aydın olur ki, o, 16 noyabr 2024-cü ildə Novosibirski şəhərindən çıxmış, həmin gün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzarətindən keçməklə Azərbaycana Beynəlxalq Hava Limanı yolu ilə Azərbaycana daxil olmuş, 10 dekabr 2024-cü ildə Azərbaycan Respublikasından çıxmış, 05 yanvar 2025-ci ildə yenidən Azərbaycan Respublikasına Beynəlxalq Hava Limanından daxil olmuşdur. Polis əməkdaşlarının ona qarşı törətdikləri qanunsuz hərəkətlər nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona dəymiş 48501.8 (qırx səkkiz min beş yüz bir manat) manat maddi zərər məhkəmə qaydasında cavabdehlərdən alınaraq ona ödənilməlidir. Beləliklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindənona 2.000.000 rubl Rusiya Federasiyasında təsisçisi və bilavasitə fəaliiyətinin təşkilatçısı olduğu "xxxx" MMC-ə dəymiş (Azərbaycan manatı ilə) 43576 (qırx üç min beş yüz yetmiş altı) manat + 1023 manat ( avtomobilə işlədilmiş yanacaq üçün) +1042 manat vəkil xidməti üçün) + 90 manat (səs yazıları üçün istifadə edilmiş disklərə görə) + 148 manat (müalicə və müayinə üçün) + 40 manat (köynəyin cırılaraq istifadə üçün yararsız hala salınmasına görə) + 40 manat (telefonun üz qabığının sındırılaraq istifadə üçün yararsız hala salınmasına görə) + 2510.9 manat (təyyarə biletlərinin qiyməti) + 26 manat (poçt ödənişləri) + 270 manat (dövlət rüsumu) yekun olaraq = 48501.8 (qırx səkkiz min beş yüz bir manat ) manat məbləğində maddi zərər vurmuşlar. Həmin sənədlərin surətləri əlavə olunur). Eyni zamanda bildirir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rərəfindən ona qarşı qeyd olunan maddi zərərlə yanaşı 10000 manat mənəvi zərər də vurulmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona qarşı törətdikləri yuxarıda qeyd etdiyi qanunsuz hərəkətlər onun səhhətinə və sağlamlığına çox pis təsir etməklə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuş və o, hal-hazırda da mənəvi sarsıntı və iztirab keçiririr. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona vurulmuş mənəvi zərəri 10000 (on min) manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməlidir. İddiaçı X5 daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə iddia ərizəsi məhkəməyə verildikdən sonra o, məhkəmədə iştirak etmək üçün təkrar olaraq Rusiya Federasiyasından Azarbaycan Respublikasına gəlib-getmək üçün təyyarə biletlərinin alınması üçün pul vasaiti xarcləmişdir. Həmçinin, Azarbaycanda olarkan avtomobil üçün yanacağa əlavə pul xərcləmiş, eyni zamanda məhkəməyə təqdim olunmuş sənədlərin rus dilindən azərbaycan dilinə tərcümə edilməsi, notarial qaydada təsdiqi, sənədlarin ksero suratlərinin çıxarılması, taksi xidməti, "Asan imza” alınması üçün və sair xidmətlər üçün əlavə pul vəsaiti xərclənmişdir. Eyni zamanda Rusiya Federasiyasında təsisçisi va bilavasitə fəaliyətinin təşkilatçısı olduğu "KapitalStroy” MMC-3 şirkətinə dəymiş 2.000.000 (iki milyon rubl) Azarbaycan manatı ilə 43576 manat məbləğində maddi zərərə dair məhkəməyə təqdim edilmiş sənədlərdən əlavə sübutlar təqdim olunması mümkün olmamışdır. Ona görə da bu xüsusat üzrə əvvəl verilmiş maddi zərər həmin hissədə azaldılmalıdır. Beləliklə, iddia tələbinin dəyişdirilməsi nəticəsində cavabdehlər Cavabdeh1 va Cavabdeh2 tərəfindən ona maddi zərər kimi aşağıdakı məbləğdə maddi zərər vurulmuşdur: -Avtomobilə işlədilmiş yanacağa görə-1812 manat, -Vəkil xidmətinə görə-1042 manat, -Səs yazıları üçün istifadə edilmiş disklərə görə -90 manat, -Müalicə və müayinəyə görə -348 manat, -Köynəyin cırılaraq istifadə üçün yararsız hala salınmasına göra - 40 manat, -Telefonun üz qabığının sındırılaraq istifadə üçün yararsız hala salınmasına görə-40 manat, -Təyyarə biletlərinin qiymətinə görə-4271 manat, -Poçt ödənişlərinə görə-36 manat, -Dövlət rüsumuna gərə-270 manat -Sənədlərin tərcüməsi və notarial təsdiqinə görə-490 manat -Kseroks xidmətinə görə-300 manat, -«Asan imza» alınmasına görə-26 mant, -İlkin araşdırma zamanı vəkil ilə müqaviləyə kimi şikayət ərizələrinin yazılması və tərtibatına gərə-950 manat, Taksi xidmətinə görə-555 manat, Yekun olaraq 10.000 manat məbləğində maddi zərər vurmuşlar. (Həmin sənədlərin surətləri əlavə olunur). Eyni zamanda cavabdehlər Cavabdeh1 va Cavabdeh2 tərəfindən ona qarşı qeyd olunan maddi zərərlə yanaşı 10.000 manat mənəvi zərər da vurulmuşdur. Bununla da son olaraq iddia tələblərinin dəyişditrilməsi nəticəsində qeyd olunan cavabbehlər tərəfindən ona 10.000 manat maddi zərər və 10.000 manat mənəvi zərər vurulmuşdur. Ümumilikdə, cvabdehlər tərəfindən ona vurulmuş maddi zərərin məbləği 10.000 manat mənəvi zərər vurulmuşdur. Cavabdehlərdən ona vurulmuş mənəvi zərərin kompensasiyası kimi 10.000 manat məbləğində mənəvi zərər tələb edir.Ona görə də qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurulmuş maddi zərərə görə yekun olaraq 10.000 manat məbləğində maddi zərər və vurulmuş mənəvi zərərin kompensasiyası kimi 10.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhərinə oğlu X1 adına olan və etibarnamə əsasında idarə etdiyi “X10 “markalı “** BX ***” dövlət qeydiyyat nişanlı avtomobil ilə gələrkən saat 13:40-radələrində Kürdəmir rayonu ərazisində X9 polis postunda saxlanılmış, avtomobildə tək olmuş və yanında başqa şəxs olmamışdır. Həmin postda onun içkili olubolmamasına dair yoxlanış aparılmış və onda heç bir sərxoşluq əlaməti olmadığına görə polis əməkdaşları ona qarşı nəzakətli olmuş və yoluna davam etməsini bildirmişlər. Bakı şəhəri istiqamətində hərəkətini davam etdirmiş, Hacıqabul rayonu, Nəvai qəsəbəsi ərazisində yerləşən yol polis postunda saat 15:00-da radələrində ona polis əməkdaşları “maşını saxla” komandası vermiş, o, maşını saxlamış, onu saxlayan özünü təqdim etməyən polis əməkdaşı maşına aid sənədləri təqdim etməsini bildirmişdir. O, da sənədlərini polis əməkdaşına təqdim etmiş, polis əməkdaşı sənədlərinə baxandan sonra onu polis postuna dəvət etmişdir. Polis əməkdaşına qonaqları var tələsir demiş, lakin polis əməkdaşı ona qarşı zor tətbiq etmişdir. Prokuror vaxtında düzgün araşdırma aparsaydı iş bura kimi gəlib çıxmazdır. Cavabdehlər məhkəmə iclaslarına gəlmədiklərindən iddiaçı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini bildirmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, cavabdehlər saymamazlıq etmiş, bu vaxta qədər olan məhkəmə proseslərində iştirak etməmişlər. Cavabdehlər həmçinin Hacıqabul Rayon Məhkəməsinin iclaslarında da iştrak etməmişlər. Cavabdehlər məhkəmə iclaslarına gəlmədiklərindən iddiaçının nümayəndəsi-vəkili ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini bildirmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 va Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə iddiaçının və onun nümayndəsi-vəkilinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmələrini nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazimı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Belə ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan və iddiaçı X5 tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respukblikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə ünvanlanmış şikayət ərizələrinin məzmunundan aydın olur ki, iddiaçı polis əməkdaşlarının ona qarşı etmiş olduqları qanunsuz hərəkətlərinə görə onların barəsində tədbir görülməsi və məsuliyyətə cəlb olunmaları üçün göstəriş verilməsini xahiş etmişdir. -İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 6(071)-3/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Hacıqabul rayon prokurorluğunun köməkçisi İİ dərəcəli hüquqşünas X4 tərəfindən 94C-25 saylı material üzrə qəbul edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 29 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. -İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 6(071)-3/2025 nömrəli, xx.xx.2025-ci il tarixli xüsusi qərarından görünür ki, vətəndaş X2 Hacıqabul rayon prokurorunun köməkçisi X4 tərəfindən 94C-25 saylı material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 dekabr 2024-cü il tarixli qərardan məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş yol-patrul xidməti haqqında Təlimatın tələblərini kobud şəkildə pozduqlarına görə BDYPİ-nin bilavasitə tabeliyində olan YPX- Alayının 7-ci tağımının YPX-i inspektorları Cavabdeh1 və Cavabdeh2 barəsində xüsusi qərar çıxarılmış və çıxarılmış xüsusi qərar müvafiq tədbirlərinin görüliməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliynə göndərilmişdir. -İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 6(106)-9/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X5 tərəfindən apellyasiya qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imina edilmiş, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün iş materialları Hacıqabul Rayon Məhkəməsinə qaytarılmış və X3 birinci instansiya məhkəməsi qarşısında buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququ izah edilmişdir. -İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş məktubdan görünür ki, X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək olan müddət ərzində Azərbaycan Respubliksına gəlməsi və ölkdən gtməsi barədə AZAL-ın məlumat bazasında aşkar edilməmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.202025-ci il tarixli, 3-38-33/2-1343/25 nömrəli məktubdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2024-xx.xx.2024-cü il tarixdə çıxış, xx.xx.2025-ci il tarixdə isə giriş məlumatları qeydə alınmşdır. -İş materiallarında olan yanacaq ödəniş qəbzlərindən görünür ki, 12 mart 2025-ci il tarixdən 06 may 2025-ci il tarixlərində iddiaçı idarə etdiyi avtomobil üçün ümumilikdə 1023 manatlıq yanacaq istifadə etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Madə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Maddə 242.Qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Maddə 243.1. Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Maddə 244.Cavabdehlər qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı 18 noyabr 2024-cü il tarixdə Zərdab rayonu, Qaravəlli kənddən Bakı şəhərinə oğlu X1 adına olan və etibarnamə əsasında idarə etdiyi “X10” markalı “** BX ***” dövlət qeydiyyat nişanlı avtomobil ilə gələrkən saat 13:40 radələrində Kürdəmir rayonu ərazisində X9 polis postunda saxlanılmış, həmin vaxtı avtomobildə tək olmuş və yanında başqa şəxs olmamışdır. Postda onun içkili olubolmamasına dair yoxlanış aparılmış və yoxlama nəticəsində onda sərxoşluq əlaməti olmadığından polis əməkdaşı ona yoluna davam etməsini bildirmiş və o, yoluna davam etmişdir. Daha sonra Hacıqabul rayonu, Nəvai qəsəbəsi ərazisində yerləşən yol polis postunda saat 15:00 radələrində polis əməkdaşları ona “maşını saxla” əmri vermiş, o, polisin bu əmrindən sonra maşını yolun kənarında saxlamış, onu saxlayan polis əməkdaşı özünü təqdim etmədən ondan sənədləri tələb etmiş və o, sənədləri polisə təqdim etmişdir. Polis əməkdaşı sənədlərinə baxdıqdan sonra ondan avtomobildən düşərək polis postuna getmələrini demiş, o, isə polis əməkdaşına qonaqları olmasını və tələsməsini bildirsə də, polis əməkdaşı buna əhəmiyyət verməyərək ona cəriməsinin olmasını bildirmişdir. O, polis əməkdaşına cərimədən xəbərinin olmamasını desə də, Cavabdeh2 adlı polis əməkdaşı təkidlə ona maşından düşməsini, düşmədiyi halda onu zorla sürüyərək maşından düşürüb aparacağını deyərək bir əlini avtomaşının açıq olan pəncərəsindən zorla içəri soxaraq remen qarışıq onun yaxasından yapışıb özünə doğru dartmışdır. O, polis əməkdaşına təhlükəsizlik kəmərənin olmasını, qapının isə bağlı olmasını desə də, həmin polis əməkdaşı digər əli ilə maşının təhlükəsizlik kəmərni və qasını açmağa çalışmış, qapını açdıqdan sonra ona maşının qapısını bağlamağa imkan verməmişdir. Polis əməkdaşı qrup çağıracağını, polisə müqavimət göstərdiyinə görə ona cəza verəcəyini, onu dizi üstə qoyacağı kimi ifadələr işlətmiş, digər Sadiq adlı polis əməkdaşı ilə birləşib ona qarşı fiziki zor tətbiq edərək onu dartışdırmış, sonra onun maşınının qabağını kəsərək ona “avtomaşını cərimə meydançasına sür” demişlər. O, polislərin göstərişi ilə avtomaşını onların dediyi cərimə meydançasında saxlamış, daha sona özünü Mərdan adlı komandir kimi təqdim edən polis əməkdaşı ona qarşı etdikləri hərəkətə görə həmin polis əməkdaşlarını bağışlamağı demiş, lakin o, polis əməkdaşlarının bu qanunsuz hərəkətlərindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə şikayət etmiş, Hacıqabul rayon prokurorluğunda şikayəti araşdırılmış, lakin polis əməkdaşları olan Cavabdeh1 və Cavabdeh2 əməllərindən cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmş, həmin qərardan məhkəmə nəzarəti qaydasında vermiş olduğu şikayət Hacıqabul Rayon Məhkəməsinin 6(071)-3/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilməmiş, Hacıqabul rayon prokurorluğunun köməkçisi İİ dərəcəli hüquqşünas X4 tərəfindən 94C-25 saylı material üzrə qəbul edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 29 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, məhkəmənin həmin qərarı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş yol-patrul xidməti haqqında Təlimatın tələblərini kobud şəkildə pozduqlarına görə BDYPİ-nin bilavasitə tabeliyində olan YPX- Alayının 7-ci tağımının YPX-i inspektorları Cavabdeh1 və Cavabdeh2 barəsində xüsusi qərar çıxarılmış və çıxarılmış xüsusi qərar müvafiq tədbirlərinin görüliməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX-i alayının bilavasitə tabeliyində olan 7-ci tağımının yol polis inspektorları olan Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya qarşı fiziki zor tətbiq olunaraq şərəf və ləyaqəti təhqir olunmuş, polis əməkdaşlarının iddiaçıya qarşı etdikləri qanunsuz hərəkətlərinə görə iddiaçı özünü təhqir olunmuş və alçaldılmış hesab etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı Rusiya Federasiyasının Novosibirski vilayətində böyük bir tikinti şirkətinin təsisçisidir, polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərin törədilməsinə görə o, həmin polis əməkdaşlarının barəsində qanuni tədbir görülərək onların cəzalandırılması üçün 2025-ci ilin yanvar ayında Rusiya Federasiyasının Jeleznovodski şəhərində sanatoriya müalicəsi başa çatdıqdan sonra Rusiya Federasiyasının Novosibirski vilayətinə getməmiş, məlum hadisələrlə bağlı Rusiya Federasiyasının Mineralnıy Vodı şəhərindən Bakı şəhərinə hava yolu ilə təyyarə uçuş xətti bağlı olduğu üçün Tbilisi şəhərinə, oradan isə Bakıya gəlməli olmuş, 16 noyabr 2024-cü ildən hal-hazıra kimi o, Azərbaycandadır və davamlı olaraq şikayətilə bağlı Zərdab rayonundan Bakı şəhərinə gəlmiş, Hacıqabul rayonunda prokurorluqda, rayon məhkəməsində, poçt sorğusu ilə bağlı Göyçay şəhərində, bir neçə dəfə Şirvan şəhərində və Bakı şəhərində dəfələrlə DİN-də, BDYPİ-də, Baş Prokurorluqda və digər aidiyyəti dövlət orqanlarında olmuş, şikayətlər etmiş, verilmiş sorğulara cavablar almış və sair aidiyyəti hərəkətləri yerinə yetirmişdir. Bütün bu və digər aidiyyəti hərəkətlərin icrası üçün tərəfindən yanacağa, nəqliyyata, təyyarə biletlərinə, poçta pul vəsaiti xərclənmiş, vaxtı sərf olunmuş, bütün bunların hamısının səbəbkarı və təqsirkarı isə polis əməkdaşları olmuşdur. xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək Rusiya Federasiyasında olmamış, onun Rusiya Federasiyasında olmaması səbəbindən "xxxx" MMC rəqabətli satınalmalarda iştirak etmək, habelə böyük bir əməliyyatı təsdiqləmək imkanı olmamış, eyni zamanda "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı hər hansı bir böyük əməliyyat etmək imkanı olmamış, bu imkanın olmaması səbəbindən təşkilat təxminən 2.000.000.00 rubldan çox itki ilə üzləşməsini əsas göstərək cavabdehlərdən 10.000 manat maddi zərərin tutulmasını tələb edir və məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının maddi ziyanla bağlı tələbini əsaslı hesab edir. İddiaçı həmçinin baş vermiş hadisə nəticəsində cavabdehlərdən 10.000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb edir və məhkəmə hesab edir ki, onun bu tələbi təmin edilməlildir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olumşdur ki, baş vermiş hadisə nəticəsində iddiaçının səhhətində problemlər yaranmış, sağlamlığında ağrılar əmələ gəlmiş, ona qarşı edilmiş bu cür hərəkətlər onun mənəvi sarsıntılar, iztirablar keçirməsinə səbəb olduğundan iddiaçının mənəvi ziyan tələbini əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərərin əvəzi olaraq 10.000 manat və mənəvi zərərin əvəzi olaraq 10.000 manat pul alınaraq iddiaçı X2 xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 270 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 270 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərərin əvəzi olaraq 10.000 manat və mənəvi zərərin əvəzi olaraq 10.000 manat pul vəsaiti, 270 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar