Məhkəmə qərarları › İş №2(035)-384/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-384/2024

26.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-384/2024 26.07.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Mügdət oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi”) X1 Baxşəli oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Zərdab şəhəri, 20 Yanvar küçəsində yerləşən dalan 2, 1 saylı evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab şəhəri, 20 Yanvar küçəsində yerləşən dalan 2, 1 saylı ev özünün xüsusi mülkiyyətindədir. Həmin evdə doğulmuş və hazırda da həmin evdə yaşayır. Cavabdehlər heç vaxt sözügedən evdə yaşamamışlar. Onların hamısının öz evləri var və öz evlərində yaşayırlar. Lakin, buna baxmayaraq cavabdehlər formal olaraq onun evində qeydiyyatda qalmaqdadırlar. Sözgedən evə dair sahiblik və istifadə hüququnu həyata keçirə bilsə də, cavabdehlərin ona məxsus evdə formal qeydiyyatda qalmaları səbəbindən xüsusi mülkiyyətində olan evə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini bildirməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnaməçəkişməşəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı Müğdət oğlu iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən 1 saylı ev özünün xüsusi mülkiyyətindədir. O, həmin evdə doğulmuş və hazırda da həmin evdə yaşayır. Cavabdehlər heç vaxt sözügedən evdə yaşamamışlar. Onların hamısının öz evləri var və öz evlərində yaşayırlar. Lakin, buna baxmayaraq cavabdehlər formal olaraq onun evində qeydiyyatda qalmaqdadırlar. Sözgedən evə dair sahiblik və istifadə hüququnu həyata keçirə bilsə də, cavabdehlərin ona məxsus evdə formal qeydiyyatda qalmaları səbəbindən xüsusi mülkiyyətində olan evə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmir. Hesab edir ki, sahiblik və istifadə hüququ ilə yanaşı, evə dair sərbəst sərəncam verə bilmək hüququna da dövlət tərəfindən təminat verilməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Zərdab şəhəri, 20 Yanvar küçəsində 2-ci dalan, 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 182.1 kv.m olan 1 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 130 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Zərdab rayon Polis Şöbəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-120/2-578/24 saylı arayışdan görünür ki, hazırkı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hazırkı İddiaçı məxsus ünvan 2 ünvanda qeydiyyatdadırlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Kostitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, işüçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən 1 saylı ev Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Lakin, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hazırda iddiaçıya məxsus evdə qeydiyyatdadırlar. İddiaçı evə dair sahiblik və istifadə hüququnu həyata keçirə bilsə də, cavabdehlərin həmin ünvanda formal qeydiyyatda qalmaları səbəbindən evə dair sərəncam vermək hüququnu həyata keçirə bilmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, hazırkı iddia tələbi iddiaçının qanunla qorunmalı olan hüquq və azadlıqlarına aiddir. Haqqında mübahisə qaldırılan ünvan 1 ünvanda yerləşən 1 saylı fərdi yaşayış evi hazırda xüsusi mülkiyyət hüququ üzrə iddiaçının tam mülkiyyətində olduğundan onun həmin ev üzərində mülkiyyət hüququ qorunmalı, onun sözügedən evlə bağlı sahiblik və istifadə hüququnu həyata keçirməsi ilə yanaşı, həmin fərdi yaşayış evinə dair sərbəst sərəncam verə bilmək hüququna da təminat verilməlidir. Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, cavabdehlərin sözügedən evdə qeydiyyatda olmaları tamamilə formal xarakter daşıyır və onlar üçün heç bir hüquqi nəticə yaratmır. Məhkəmə hesab edir ki, iddia həm faktiki, həm də hüquqi əsasa malikdir. Ona görə də iddia təmin edilməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən 1 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar