Məhkəmə qərarları › İş №2(035)-743/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-743/2024

09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-743/2024 09.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə” dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi ) X2 Elxan oğlunun sədrliyi, Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə 09 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi ziyana görə 1027 manat,mənəvi zərərə görə 1000 manat və məhkəmənin hesabına ödədiyi 41 manat olmaqla cəmi 2068 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,cavabdeh müxtəlif vaxtlarda ona məxsus mağazadan müxtəlif növ ərzaq və qeyri ərzaq məhsulları əldə etmişdir. Buna əsasən cavabdehin ona ümumilikdə 2728 manat borcu yaranmışdır. Bununla bağlı Zərdab Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciəət edərk 2728 manat pulun və 500 manat əldən çıxmış faydanın cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Lakin cavabdeh borcu tam etiraf etmədiyindən Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunmuş və 122 manat əsas borcun cavabdehdən tutularaq ona ödənilməsi qət olunmuşdur. Bundan sonra qətnamədən narazı qaldığı üçün Şəki Apellyasiya Məhkəməsinə Zərdab rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti ünvanlamışdır.Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Zərdab Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv olunmuş və 2606 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi qəth olunmuşdur. Apellyasiya şikayəti əldən çıxmış fayda hissəsində təmin olunmamışdır.Qətnamə 2024-cü ilin iyun ayında cavabdeh tərəfindən tam şəkildə icra olunmuşdur.Hazırda iddiaçı hesab edir ki,cavabdeh ona olan borcunu 2021-ci ilin may ayında ödəməli olsada lakin borcunu 2024-cü ildə ödəmişdir. Buna əsasən ona maddi və mənəvi ziyan dəymişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki,cavabdeh bu hərəkətləri ilə ona maddi və mənəvi ziyan vurmuşdur.Belə ki,cavabdeh ona olan borcunu vaxtında ödəməmişdir. Bu müddət ərzində ölkədə inflyasiya olmuş ərzaq və qeyri ərzaq məhsullarının qiymətində kəskim artım halları müşahidə olmuşdur.Eyni zamanda cavabdehin hərəkətləri ilə bağlı məhkəməyə ödədiyi dövlət rüsumları,Şəki Apellyasiya Məhkəməsinə getməsinə görə xərclədiyi yol xərcləri və vəkil xidmətindən istifadə etməsinə görədə ona maddi ziyan dəymişdir. Ümumilikdə dəymiş maddi ziyan 1027 manat təşkil edir. Eyni zamanda qeyd etmişdir ki,cavabdeh müxtəlif vaxtlarda onu təhqir edərək onunla kobud danışmış və bununlada ona mənəvi zərər vurmuşdur.Buna əsasən məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Şahmurad oğlu iddianı qəbul etməyərək izahatında bildirmişdir ki,iddiaçıya olan borcunu tam şəkildə ödəmişdir və hazırda iddiaçıya heç bir borcu yoxdur. Heç bir zaman iddiaçını təhqir etməmiş və ona maddi və mənəvi ziyan vurmamışdır. Buna əsasən məhkəmədən iddianın rədd olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 41 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26.1. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1, 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada əsasən məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdəiştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: İş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddia rədd olunmalıdır.İlk öncə məhkəmə qeyd edir ki,iddiaçının iddiası mümkün iddiadır. Eyni zamanda məhkəmə iddiaçının iddiasına maddi və mənəvi ziyan hissəsində ayrı-ayrılıqa qiymət verərək bildirir ki,iddiaçı ona 1027 manat maddi ziyan dəydiyini bildirsədə lakin həmin ziyan məbləğləri ilə bağlı məhkəməyə hər hansısa sübut təqdim edə bilməmişdir. Belə ki,iddiaçı ərzaq və qeyri ərzaq məhsullarının dəyərində 3 il ərzində 69% artım olmasını bildirsədə lakin həmin statistik göstəriciləri rəsmi sənədlərlə (mütəxəssis rəyi və s) əsaslandıra bilməmişdir.Eyni zamanda məhkəmə hesab edir ki,iddiaçının rüsum,vəkil və yola xərclədiyi pulları cavabdehdən tələb etməsi mümkün olsada lakin bu xərcləri sübut olunmalı və onların hər biri əsaslandırmalıdır. Lakin iddiaçı maddi ziyanla bağlı hissədə heç bir sübut məhkəməyə təqdim etməmiş və formal mülahizələrlə iddiasını əsaslandırmağa çalışmışdır. iddiaçının mənəvi ziyana görə 1000 manat pul tələbinə münasibətdə isə məhkəmə bildirir ki,«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması,sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Lakin iddiaçı iddia ərizəsində və məhkəmə baxışı zamanı cavabdehin ona hansı şəkildə mənəvi zərur vurmasını,bu zərərin onda necə biruzə verməsi və s buna oxşar hallarla bağlı məhkəməyə əsaslı sübutlar təqdim edə bilməmişdir. Məhkəmə iş materiallarına və tərəflərin izahatlarına məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə” dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar