Məhkəmə qərarları › İş №2(035)-79/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-79/2024

08.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-79/2024 08.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair” mülki iş üzrə (Açar sözlər: mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi) X4 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Zərdab şəhəri, Azərbaycan küçəsi 97(55V,14) saylı mənzil, 14 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 68.4 kv.metr olan mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlər hazırda onun evində yaşamasalarda formal olaraq sözügedən evdə qeydiyyatda qalmaqdadırlar. Cavabdehlərin həmin evdə qeydiyyatda qalmaları onun evindən istədiyi kimi istifadə etmək və sərəncam vermək hüququnu pozur. Özü hazırda Bakı şəhərində yaşayır, evini satmaq istəyir. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan evdə qeydiyyatda olmaları ona problem yaradır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 məhkəməyə ərizə göndərərk, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh7 Xurşüd qızının əri X3 məhkəməyə teleqrama göndərərək yoldaşı Cavabdeh7 və oğlu Cavabdeh6 iddianı qəbul etdiklərini, işə onların iştirakı olmadan baxılmasını bildirmişdir.Cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 68.4 kv.metr olan mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh5 həmin evdə əvvəllər yaşamış, sonradan ailə quraraq başqa evə köçmüş, uzun müddətdir ki, ailəsi və uşaqları, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilə özünə məxsus evdə yaşayır. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 ümumiyyətlə hazırda sözügedən evdə yaşamamışlar, onların hamısının öz evləri var və onlar öz evlərində yaşayırlar. Cavabdeh2 isə öz qızıdır, tələbədir, Bakı şəhərində yaşayır. Cavabdehlər formal olaraq ona məxsus mənzildə qeydiyyatdadırlar. Sözügedən evə dair sahiblik və istifadə hüququnu həyata keçirə bilsə də, cavabdehlərin ona məxsus evdə formal qeydiyyatda qalmaları səbəbindən xüsusi mülkiyyətində evə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmir. Belə ki, özü Bakı şəhərində yaşayır, özünə məxsus sözügedən mənzili satmaq istəyir. Lakin cavabdehlərin sözügedən mənzildə qeydiyyatda olmaları ona problem yaradır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən cavabdehlərin ona məxsus Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən bina 97(55V,14) 14 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışın surətindən görünür ki, Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən bina 97(55V,14), 14 saylı mənzil hazırkı İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Zərdab rayon Polis Şöbəsi tərəfindən hazırkı İddiaçı adına verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-120/2-13653/23 saylı arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Zərdab şəhəri, Azərbaycan küçəsi bina 97(55V, 14), mənzil 14-də qeydiyyatdadırlar. İşdə olan Cavabdeh1 tərəfindən məhkəməyə göndərilən ərizədən görünür ki, o, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşdə olan X3 (Cavabdeh7 əri) tərəfindən məhkəməyə göndərilən teleqramdan görünür ki, o, arvadı Cavabdeh7 və oğlu Cavabdeh6 iddianın qəbul etdiklərini, işə onların iştirakları olmadan baxılmasını bildirmişdir. İşdə olan Zərdab rayon İcra Hakimiyyəti Zərdab şəhər Mənzil İstismar Sahəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 qeydiyyatda Zərdab şəhəri, Azərbaycan küçəsi bina 97(55) mənzil 14-də aolmalarına baxmayaraq hal-hazırda həmin ünvanda yaşamırlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Aərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İnsan hüquqları vəəsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının: 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun: 1-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən bina 97(55V 14), mənzil 14 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışa əsasən hazırkı İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh5 həmin evdə əvvəllər yaşamış, sonradan ailə quraraq başqa evə köçmüş, uzun müddətdir ki, ailəsi və uşaqları, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ilə özünə məxsus evdə yaşayır. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 ümumiyyətlə hazırda sözügedən evdə yaşamamışlar, onların hamısının öz evləri var və onlar öz evlərində yaşayırlar. Cavabdeh2 isə iddiaçının qızıdır, tələbədir, Bakı şəhərində yaşayır. Cavabdehlər formal olaraq iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. İddiaçı sözgedən evə dair sahiblik və istifadə hüququnu həyata keçirə bilsə də, cavabdehlərin iddiaçıya məxsus evdə formal qeydiyyatda qalmaları səbəbindən xüsusi mülkiyyətində olan mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmir. Belə ki, iddiaçı Bakı şəhərində yaşayır, özünə məxsus sözügedən mənzili satmaq istəyir. Lakin cavabdehlərin sözügedən mənzildə qeydiyyatda olmaları iddiaçıya problem yaradır. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesinin gedişində Cavabdeh1 məhkəməyə ərizə, digər cavabdehlər Cavabdeh6, Cavabdeh7 məhkəməyə teleqram göndərərək iddianı qəbul etdiklərini bildirmişlər. Məhkəmə hesab edir ki, haqqında iddia qaldırılan mənzil daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyatdan keçdiyindən məsələnin həlli zamanı mülkiyyətə dair Azərbaycan Respublikası Konstitusiyasının və digər mülki qanunvericilik normaları tətbiq olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, hazırkı iddia tələbi iddiaçıların qanunla qorunmalı olan hüquq və azadlıqlarına aiddir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, haqqında iddia qaldırılan Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən bina 97 (55V,14), 14 saylı mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan onun həmin mənzil üzərində mülkiyyət hüququ qorunmalı, iddiaçının sözügedən mənzillə bağlı sahiblik və istifadə hüququnu həyata keçirməsi ilə yanaşı, həmin mənzilə dair sərbəst sərəncam verə bilmək hüququna da dövlət tərəfindən təminat verilməlidir. Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, cavabdehlərin sözügedən evdə qeydiyyatda olması tamamilə formal xarakter daşıyır və onlar üçün heç bir hüquqi nəticə yaratmır. Məhkəmə hesab edir ki, iddia həm faktiki, həm də hüquqi əsasa malikdir. Ona görə də təmin edilməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Məmmədzadə X1 Sadiq Hakim oğlu, Cavabdeh7 İddiaçı xüsusi mülkiyyətində olan Zərdab şəhəri Azərbaycan küçəsində yerləşən bina 97(55V,14), 14 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar