Məhkəmə qərarları › İş №2(035)-846/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(035)-846/2025

17.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(035)-846/2025 17.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsinin hakimi Abbasov Cavid Mehman oğlu, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanına cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, təqdim olunmuş iddia ərizəsinin məzmunundan belə aydın olur ki, iddiaçı mənzili mülkiyyətinə keçirdikdən sonra cavabdeh mənzildə yaşayış yeri üzrə qeydiyyatdan çıxmamışdır. Cavabdeh iddiaçıya məxsus mənzildə heç vaxt yaşamamış və formal olaraq həmin mənzildə qeydiyyatda qalmışdır. Cavabdehin formal olaraq iddiaçıya məxsus mənzildə qalması isə iddiaçının mülkiyyət üzərində istifadə və sərəncam vermə hüququqlarını pozmuşdur. Göründüyü kimi tələb formal olaraq cavabdehin istifadə hüququna xitam verilməsi kimi irəli sürülsə də, işin mahiyyəti, yəni iddianın obyekti cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Həmin Qərarda belə nəticəyə gəlinmişdir ki, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia tələbi cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından ibarət olduğu üçün, iddiaçı tərəfindən ona məxsus mənzildə cavabdehin qeydiyyatına xitam verilməsi məqsədilə inzibati orqana müraciət edilməli, inzibati orqan imtina etdiyi təqdirdə isə aidiyyəti inzibati məhkəmədə iddia qaldırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 5-ci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların siyahısına daxil edilmişdir. Yuxarıda göstərilən normaların təhlilindən belə nəticəyə gəlinir ki, hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında deyil, inzibati orqanın imtina etdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. - 114.1.2-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəyə əlavə edilmiş “dövlət rüsumunun ödənilməsi barədə” qəbzdən görünür ki, hazırki ərizənin verilməsi ilə bağlı İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Hökumət Ödəniş portalı vasitəsilə Zərdab Rayon Məhkəməsinə 100 manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi **********) ödənilmişdir. Ona görədə hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edildiyi üçün xx.xx.2025ci il tarixli, ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın və ona müvafiq tələblə müvafiq inzibati orqana müraiət etməsi, inzibati orqanın imtina etdiyi halda aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci ildə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar