Məhkəmə qərarları › İş №2(035)-872/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-872/2025

10.02.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-872/2025 10.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı̇ oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadəsinə yaranmış maneənin aradan qaldırılması, cavabdehlərin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması” tələbi) Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Əhmədova Nəzrin Xasay qızının katibliyi, İddiaçı, Cavabdeh2, Mütəxəssis - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi X1 iştirakları ilə, İddiaçı̇ oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadəsinə yaranmış maneənin aradan qaldırılması, cavabdehlərin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı̇ oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən onun və ailə üzvlərinin mülkiyyətində olan 3.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsinə yaranmış maneənin aradan qaldırılması, cavabdehlərin torpaq sahəsindən məcburi qaydada çıxarılması, cavabdehlərin vəsaiti hesabına torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və onun ailə üzvlərinə Zərdab rayon Dəliquşçu kəndi ərazisində 3.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi üzrə mülkiyyətçilərdən atası və anası dünyasını dəyişdiyindən və digər payçılar iki bacısı ailə həyatı qurduğundan həmin torpaq sahəsi onun mülkiyyətindədir. Hər zaman torpaq sahəsi üzərində əkin biçin işləri apararaq maddi gəlir əldə etmişdir. Lakin cavabdehlər hazırda torpaq sahəsindən istifadəsinə maneələr yaradır, onların böyük təsərrüfatları mövcuddur. Hazırda cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsinin ortasından uzun kanal çəkdirmiş və ona məxsus torpaq sahəsini iki hissəyə bölmüşdür. Kanalın digər tərəfində qalan torpaq sahəsini isə öz məqsədləri üçün istifadə edirlər. Cavabdehlər bu hərəkətləri ilə torpaq sahəsindən istifadəsinə maneələr yaratmaqla eyni zamanda torpaq sahəsi üzərində konfiqurasiya dəyişiklikləri də həyata keçirmişdirlər. Dəfələrlə cavabdehlərə müraciət edərək istifadəsində olan torpaq sahəsindən maneənin aradan qaldırılması və torpaq sahəsi üzərində aparılmış dəyişikliklərin onların hesabına əvvəlki vəziyyətə gətirilməsini xahiş etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Cavabdehlər qanunsuz hərəkətlərə davam etməkdə israrlıdırlar. Cavabdehlərlə aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll edə bilmədiyi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə vəsatətlər, ərizələr və etirazlar: Cavabdeh2 iddiaya qarşı “Elketron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə iddiaya etiraz göndərərək ona və atası Cavabdeh1 qarşı qaldırılmış iddia ərizəsi ilə tanış olduqlarını, təqdim olunmuş iddianın nə faktiki, nə də hüquqi baxımdan ciddi qəbul oluna biləcək hüquqi arqumentlərə söykənmədiyini, sübutlarla dəstəklənən prosessual sənəd təsiri bağışlamadığını qeyd edərək, İddiaçı ona qarşı irəli sürdüyü iddianı tam həcmdə əsassız hesab edilməklə rədd edilməsini və atası Cavabdeh1 mübahisə predmetinə heç bir hüquqi aidiyyəti olmadığından onun barəsində icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iddaçı İddiaçı̇ oğlu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar ərazi idarəsinin mütəxəssisi X7 tərəfindən verilmiş rəylə razılaşmayaraq onun işdə mütəxəssis kimi iştirakına şifahi etiraz etmiş, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında etiraz müzakirə edilərək əsassız olduğundan baxılmamış saxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı yazılı etiraz və ya mülahizələrini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı̇ oğlu iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, Aqrar İslahat Komissiyasının qərarına əsasən o və ailə üzvlərinə Zərdab rayon Dəli Quşçu kəndi ərazisində 3.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ümumi birgə mülkiyyətçilərdən X4 onu atası, X5 isə anasıdır və hər iki şəxs rəhmətə getmişdir. X8 və X9 onun bacılarıdır. Cavabdehlər hazırda ümumi birgə mükiyyətdə olan onun torpaq sahəsindən istifadəsinə maneələr yaradır. Cavabdehlər onun ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin ortasından uzun arx çəkdirmiş və torpaq sahəsini iki hissəyə bölərək, 3.67 ha torpaq sahəsinin təxminən 1 ha hissəsini zəbt etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi onun və keçmiş həyat yoldaşı X3 birgə mülkiyyətindədir. Həmin torpaq sahəsində ½ hissədə pay sahibidir. Onun atasının, yəni Cavabdeh1 isə orada heç bir payı və torpaq sahəsi olmamaqla bu məsələyə ümumiyyətlə heç bir aidiyyətı yoxdur. İddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə onun mülkiyyətində olan torpaq sahəsi qonşudur, lakin iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Torpaq sahələrinin sərhədində olan arxı isə o, özünə məxsus torpaq sahəsində çəkmişdir. İddianı qəbul etmir və iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh1 verilmiş iddiaya onun heç bir aidiyyəti olmadığını, iddianın əsassız olduğunu, iddiaçıya heç bir maneə törətmədiyini, mübahisə edilən torpaq sahəsinin onun oğluna məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasına mütəxəssis qismində dəvət edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar ərazi idarəsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 16 saylı Ucar ərazi idarəsi) yerquruluşu üzrə mühəndisi X7 izahatında xx.xx.2025-ci il tarixdə verilmiş mütəxəssis rəyinə istinad edərək bildirmişdir ki, Zərdab rayonu, Dəliquşçu kəndi ərazidə yerləşən 3.67 ha torpaq sahəsi üzərində İddiaçı və ailə üzvlərinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq vətəndaşa çıxarış verilmişdir. İddiaçı və cavadehin iştirakı ilə birgə əraziyə baxış keçirilmiş, iddiaçı (İddiaçı) naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin koordinatları GPS (ölçü cihazı) aləti ilə koordinatları götürülmüşdür. Kameral şəraitdə, yəni idarənin elektron baza məlumatlarında araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin bir hissəsi Cavabdeh2 və digər mülkiyyətçi X6 məxsus olan TEKUİS və AzCAD baza məlumatlarında göstərilən JN 37 nömrəli pay torpağı ilə üst-üstə düşür və iddiaçının çatışmayan torpaq sahəsi cənub hissədə yerləşir və bu barədə rəyə əlavə edilən sxemdə göstərilmişdir. İddiaçının ümumi mülkiyyətində olan torpaq sahəsi öz istifadəsindədir və cavabdehlər tərəfindən zəbt etmə halı müəyyən edilməmişdir. Zərdab rayonu, Dəliquşçu kəndində ərazidə yerləşən **********80 reystr nömrəli çıxarışla İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan 3.67 ha torpaq sahəsinin xx.xx.2025-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatları ilə Torpaqların elektron kadastr uçotu informasiya sistemində göstərilən **********85 reyestr nömrəli çıxarışla Cavabdeh2 və X3 mülkiyyətinə verilmiş 3.67 ha torpaq sahəsi ilə faktiki üst-üstə düşmür. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********80 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Zərdab rayonu, Dəli Quşçu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,67 ha torpaq sahəsi İddiaçı̇ oğlu və onun ailə üzvləri X4, X5, X8 və X2 ümumi birgə mülkiyyətindədir. Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 763 və 764 №li arayışlardan görünür ki, X4 xx.xx.2019-cu il tarixdə, X5 isə xx.xx.2020-ci il tarixdə Zərdab rayonunun Dəliquşçu kəndində vəfat etmişdir. İş materiallarına əlavə edilən Cavabdeh2 tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********85 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Zərdab rayonu, Dəli Quşçu kəndi ərazisində yerləşən 3,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 1/2 hissəsində pay sahibidir. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 16 saylı Ucar ərazi idarəsi tərəfindən 25 dekabr 2025-ci il tarixli, 3-21-3-36/2-4656/2025 nömrəli müşayiət məktubu ilə məhkəməyə təqdim olunan mütəxəssis rəyindən və müvafiq rəyə dair xx.xx.2026-cı il tarixli yazılı izahdan görünür ki; 1-ci sual üzrə cavab. Zərdab rayonu Dəliquşçu kəndində ərazidə yerləşən **********80 reyestr nömrəli çıxarışla X10 və ailə üvlərinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 3.67 ha torpaq sahəsinin xx.xx.2025-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlara (o cümlədən elektron baza məlumatlarına) uyğun döngə nöqtələri naturada mütəxəssis tərəfindən müəyyən edilmişdir. 2-ci sual üzrə cavab. Baxış zamanı iddiaçı mütəxəssisə 3.67 ha torpaq sahəsini naturada göstərmiş və faktiki istifadə etdiyini bildirmişdir. İddiaçının naturada göstərdiyi 3.67 ha torpaq sahəsinin 0.35 ha hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində göstərilən **********85 reyestr nömrəli çıxarışla Cavabdeh2 və X3 mülkiyyətinə verilmiş 3.67 ha torpaq sahəsi ilə üst-üstə düşür. Baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 3.67 ha torpaq sahəsinin 0.35 ha hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində göstərilən **********85 reyestr nömrəli çıxarışla Cavabdeh2 və X3 mülkiyyətinə verilmiş 3.67 ha torpaq sahəsi olduğu məlum olmuş, sözügedən 0.35 ha hissəsinin cavabdeh X11 faktiki istifadə etdiyini mütəxəssisə bildirmişdir. 3-cü sual üzrə cavab. Zərdab rayon Dəli Quşçu kənd ərazisində yerləşən **********80 reyestr nömrəli çıxarışla İddiaçı̇ oğlu və onun ailə üzvlərinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatına alınmış 3.67 ha torpaq sahəsinin faktiki istifadədən kənar qalan (çatmayan) 0.35 ha hissəsinin İddiaçı və ailə üzvlərinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış 3.67 ha torpaq sahəsinin cənub hissəsində yerləşdiyi və istifadəsiz olduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. 4-cü sual üzrə cavab. Zərdab rayonu, Dəli Quşçu kənd ərazisində yerləşən **********80 reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına aılnmış 3.67 ha torpaq sahəsinin xx.xx.2025-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan kordinatları ilə “Torpaqların Elektron kadastrı uçotu informasiya sistemi”ndə göstərilən **********85 reyestr nömrəli çıxarışla Cavabdeh2 və X3 mülkiyyətinə verilmiş 3.67 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının ümumi mülkiyyətində olan torpaq sahəsi öz istifadəsindədir və cavabdehlər tərəfindən zəbt etmə halı müəyyən edilməmişdir. Zərdab rayonu, Dəliquşçu kəndində ərazidə yerləşən **********80 reystr nömrəli çıxarışla İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan 3.67 ha torpaq sahəsinin xx.xx.2025-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatları ilə Torpaqların elektron kadastr uçotu informasiya sistemində göstərilən **********85 reyestr nömrəli çıxarışla Cavabdeh2 və X3 mülkiyyətinə verilmiş 3.67 ha torpaq sahəsi ilə faktiki üst-üstə düşmür. İş materiallarında olan “ASAN ödəniş” sistemidən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 16 saylı Ucar ərazi idarəsinin hesabına 95 manat xidmət haqqı ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü mddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və proses iştirakçılarının izahatlarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İddia tələbindən görünür ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ümumi mülkiyyətində olan torpaq sahəsinin digər şəxslərin qanunsuz müdaxiləsindən qorunmasından ibarət olmuşdur. Odur ki, iddianın əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyətin müdafiəsi rejimini tənzim edən normalarının dispozisiya şərtləri çərçivəsində yoxlanılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Verilmiş iddia vindikasiya iddiası növündə irəli sürüldüyündən ilk növədə Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinin dispozisiyasına görə tələb olunan əmlakın iddiaçının mülkiyyətində, lakin faktiki olaraq cavabdehin sahibliyində olması və həmin sahibliyin qanunsuz olması müəyyən olunmalıdır. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmasını bildirsə də, aparılmış məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Belə ki, qeyd edilən xüsusatın aydınlaşdırılması zəruri texniki bilik tələb etdiyindən məhkəmə iclasına dəvət edilmiş mütəxəssis tərəfindən verilən rəy və ona əlavə olunan yazılı izahla müəyyən olunmuşdur ki, iddiaçının ümumi mülkiyyətində olan torpaq sahəsi öz istifadəsindədir və cavabdehlər tərəfindən zəbt etmə halı müəyyən edilməmişdir. Zərdab rayonu Dəliquşçu kəndi ərazisində yerləşən **********80 reyestr nömrəli çıxarışla İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan 3.67 ha torpaq sahəsinin xx.xx.2025-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatları ilə, Torpaqların elektron kadastr uçotu informasiya sistemində göstərilən **********85 reyestr nömrəli çıxarışla Cavabdeh2 və X3 mülkiyyətinə verilmiş 3.67 ha torpaq sahəsi ilə faktiki üst-üstə düşmür. Həmçinin müəyyən olunmuşdur ki, Zərdab rayonu Dəli Quşçu kəndi ərazisində yerləşən **********80 reyestr nömrəli çıxarışa əsasən İddiaçı̇ oğlu və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan 3.67 ha torpaq sahəsinin faktiki istifadədən kənar qalan (çatmayan) 0.35 ha hissəsi həmin torpaq sahəsinin cənub hissəsində yerləşir və istifadəsizdir. Göründüyü kimi, aparılmış məhkəmə araşdırması nəticəsində iddiaçının irəli sürdüyü tələbin Cavabdeh2 aid hissədə əsaslılığı, digər Cavabdeh1 aid hissədə isə əlaqəsi öz təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh2 torpaq sahəsindən istifadə ilə bağlı hərəkətləri yalnız onun öz mülkiyyətində olan torpaq sahəsinə aid olmaqla qanuni olmuş, digər Cavabdeh1 isə iddiaçının mülkiyyət hüququnun pozulması ilə əlaqəli hərəkətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edəni üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartlarını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (“Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı №25657/94 § 282). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan, Cavabdeh1 isə həmin iddiaya cavab verməyə mükəlləf sayılmadığından rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu və digər xərclər iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı̇ oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən istifadəsinə yaranmış maneənin aradan qaldırılması, cavabdehlərin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı̇ oğlu tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar