Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-842/2025 30.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Ozal Pərviz oğlu Xəlilovun, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma və torpağın geri qaytarılması" tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(027)-44/2025 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçılar İddiaçı1, İddiaçı2 Məmmədrahim oğlu, İddiaçı3, İddiaçı4 Məmmədrahim qızı və İddiaçı5 iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il 16 saylı qərarı ilə JN-262 KOD 30317018 saylı “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı”-na əsasən onların mülkiyyətində olan Quba rayon Qəçreş kəndi ərazisində yerləşən 0,95ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafına çəkdiyi hasarın sökülməsi və həmin torpaq sahəsinin qanunsuz sahibliyindən geri alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli 16 saylı qərarı ilə Quba rayonu Qəçrəş kəndi ərazisindən 0,95 ha kənd təsərrüfatı məhsulları üçün torpaq sahəsi ayrılmış və onlara mülkiyyəti təsdiq edən JN-262 KOD 30317018 Saylı “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Qeyd edilən torpaq sahəsi ayrıldığdan sonra bir müddət torpağa sahiblik edərək istifadə etmişlər və sonradan Cavabdeh1 torpağı hasara alaraq onların mülkiyyətinə verilmiş torpağa sahiblik və istifadə etməyə imkan verməmişdir. Onlar öz adlarına çıxarış almaq üçün sənədləri DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmiş, lakin Cavabdeh1 torpağı müayinə etməyə belə imkan verməmişdir. Ona görə də pozulmuş hüquqların bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. İddia ərizəsinə əlavə edilmiş JN-262 KOD 30317018 Saylı “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktın”dan aşkar olunur ki, qeyd edilən Dövlət Aktına əsasən onların mülkiyyətində olan Quba rayon Qəçrəş ərazisində 0,95 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. DƏDRX-nin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan aşkar olur ki, onların mülkiyyətində olan 0,95 ha torpaq sahəsi başqa şəxs tərəfindən hasara alınaraq istifadə olunur və ona görə də müayinə işlərinin aparılması mümkün olunmamışdır.
3. Bundan sonra iddiaçılar iddianın həcminin artırılmasına dair ərizə ilə müraciət edərək göstərmişlər ki, Cavabdeh2 da onların torpağının zəbt edilməsində iştirakçıdır. Ona görə də Cavabdeh2 da cavabdeh qismində işə cəlb olunmasını, cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il 16 saylı qərarı ilə JN-262 KOD 30317018 saylı “ Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı”-na əsasən onların mülkiyyətində olan Quba rayon Qəçrəş kəndi ərazisində yerləşən 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ətrafına çəkdiyi hasarın sökülməsi və həmin torpaq sahəsinin qanunsuz sahibliyindən geri alınaraq, onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. JN-262 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999cu il tarixli 16 saylı qərarı ilə Quba rayonu, Qəçrəş kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.95 ha torpaq sahəsi X1, İddiaçı1, İddiaçı2 Məmmədrahim oğlu, İddiaçı3, İddiaçı4 Məmmədrahim qızı və İddiaçı5 mülkiyyətinə verilmişdir.
6. JN-269 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999cu il tarixli 16 saylı qərarı ilə Quba rayonu, Qəçrəş kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.69 ha torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
7. JN-270 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999cu il tarixli 16 saylı qərarı ilə Quba rayonu, Qəçrəş kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.18 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir.
8. JN-271 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999cu il tarixli 16 saylı qərarı ilə Quba rayonu, Qəçrəş kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.13 ha torpaq sahəsi X8 və X3 mülkiyyətinə verilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2024-cü il tarixli ekspert rəyində qeyd edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyinə əsasən, Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli 16 saylı qərarı ilə Quba rayonu, Qəçrəş kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə JN-262 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında iddiaçılara verilmiş 0.95 ha torpaq sahəsi ilə JN-269 KOD 30317018 saylı, JN-270 KOD 30317018 saylı və JN-271 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarına əsasən cavabdehlərə verilmiş 0,69 ha, 0,18 ha və 0.13 ha torpaq sahələri üst-üstə düşmür. JN- 269 KOD 30317018 saylı, JN-270 KOD 30317018 saylı və JN-271 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarına əsasən 0,69 ha, 0,18 ha və 0.13 ha torpaq sahələri qonşu torpaq sahəsi olan JN-262 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında iddiaçılara verilmiş 0.95 ha torpaq sahəsi ilə həmsərhəddir.
10. Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna əsasən, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən təqdim olunmuş arayışda qeyd edilir ki, Quba Aqrofirmasının N.Nərimanov adına sovxozun 1992-1995-ci illərə aid əmr kitablarında icarə müqavilələrinə dair məlumat aşkar edilməmişdir. Ona görə də sorğuda adları qeyd olunan vətəndaşlarla bağlanan icarə müqavilələrinə dair məlumat vermək imkanları yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
11. Quba Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(027)-44/2025 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddianın təmin edilməsi, Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il 16 saylı qərarı ilə JN-262 KOD 30317018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı1, İddiaçı2 Məmmədrahim oğlunun, İddiaçı3, İddiaçı4 Məmmədrahim qızının və İddiaçı5 mülkiyyətində olan Quba rayon Qəçrəş kəndi ərazisində yerləşən 0.95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsində çəkilmiş hasarın Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsin 1 və 3-cü bəndləri, “Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 3-cü bəndi, 13 və 14-cü maddələri, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140 və 152-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2025-ci il tarixli, 2(105)-842/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri
14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(027)- 44/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq ərazisindən 1992-1995-ci illərdən Quba Aqrofirmasının N.Nərimanov adına sovxozu ilə bağlanmış icarə müqavilələrinə əsasən istifadə etmişlər. Lakin Quba rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlər Arxivinin Quba filialına ünvanladığı sorğuya cavab olaraq filialın məhkəməyə təqdim etdiyi arayışda sovxozun 1992-1995-ci illərə aid əmr kitablarında icarə müqavilələrinə dair məlumat aşkar edilmədiyi və sorğuda adları qeyd edilən vətəndaşlarla bağlanan icarə müqavilələrinə dair filialın məlumat vermək imkanlarının olmadığı qeyd edilir. Halbuki, cavabdehlər izahatlarında icarə müqaviləsi əsasında kəndli təsərrüfata daxil edilməklə iddiaçılara məxsus torpaq sahəsini istifadə etdiklərini, icarə haqqlarını ödədiklərini bildirmişlər və müvafiq icarə müqavilələrini və ödəniş qəbzlərini məhkəməyə təqdim etmişlər. Məhkəmə qətnaməsində bu məsələyə münasibət bildirməmişdir. Halbuki, cavabdehlərin torpaqdan istifadəsinə dair icarə müqavilələrinin Dövlət Arxivində saxlanılması vətəndaşın, hazırkı iş üzrə cavabdehin vəzifəsi deyil, müvafiq dövlət qurumunun vəzifəsi idi, cavabdeh bağlanmış icarə müqavilələrinin özünə aid nüsxələrini və ödəniş qəbzlərinin nüsxələrini özündə saxlamışdır. Dövlət qurmunun müqavilələrin özünə aid nüsxələrini arxivə təqdim etməməsi vətəndaşın səhvi və məsulətsizliyi deyil, həmin qurumun məsuliyyətidir. Həmin nüsxələr məhkəməyə təqdim edilmişdir. Eyni zamanda bildirir ki, məhkəmə ədalətli araştırmaya nail olmak istəsə idi təqdim olunmuş ödəniş qəbzlərində qeyd olunan hesabların kimə məxsus olmasını müəyyən edə bilərdi. Qətnamədən də görünür ki, məhkəmə işi tam və hərtərəfli araşdırmamışdır və bu səbədən yanlış nəticəyə gəlməklə qanunsuz qətnamə qəbul etmişdir. Torpaq İslahatı haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Qanunun 10-cu maddəsinin tələblərindən də aydın olur ki, islahat aparılan zaman cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 icarə nüqavilələri əsasında məxsus olan 2 ha-dan artıq torpağa dair mülkiyyət hüququ onların qanunu istifadəyə və icarəyə götürdükləri ölçüdə verilməli idi. Cavabdehlər izahatlarında bildirmişlər ki, iddiacıların mübahisələndirdikləri torpaq sahəsindən qeyd edilən icarə müqavilələrinə əsasən 50 ildən çoxdur ki istifadə ediblər, orada sahənin ətrafında çəpərləmə aparmaqla kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olublar, heç kəs onlardan bu sahənin başqasına məxsus olmasına dair məlumat verməyibdir və yalnız məhkəmə prosesi zamanı həmin torpaq sahəsinin iddiaçıların adına özgəninkiləşdirildiyini bilmişlər. Bu barədə bilsə idilər özləri əvvəlcədən iddia ilə məhkəməyə müraciət edib torpağın iddiaçılara deyil, onlara məxsus olmasına dair məsələsini mübahisələndirərdilər. Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin 3-cü bəndinə əsasən bu Qanun qüvvəyə minənədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təssərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsinə müəyyən edilən torpaq sahələrindən artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Məhkəmə Qanunun bu maddəsinə istinad edib qeyd edir ki, Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış kəndli (fermer) təsərrüfatlarının torpaq sahələrinin müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara daxil edilmişdir. Hər bir şəxsə düşən orta torpaq payının ölçüsü sovxozun özəlləşdirilən umumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilmişdir. Lakin məhkəmə iş üzrə Quba rayonu Qəçrəş kəndində hər adam payına nə qədər torpaq payının düşməsinə dair məsələni aydınlaşdırmadan cavabdehlərin istifadəsində olan artıq torpaq payının alınaraq iddiaçılara verilməsi qənaətinə gəlmişdir. Halbuki, cavabdehlərdən X4 və X5 digər cavabdehlərdən və hətta iddiaçılara ayrılan torpaq sahələrindən fərqli olaraq ən az pay, yəni, 0.13 ha torpaq şahəsı ayrılmışdır. Yəni məhkəmə tərəfindən qətnamədə cavabdehlərdə nə qədər artıq torpaq sahəsinin qalmasına və iddiaçılara cavabdehlərin hər birindən nə qədər torpaq sahəsinin alınaraq hər bir iddiacıya paylanmasına, cavabdehlərdən X4 və X5 hansı səbəbdən ən az torpaq sahəsinin ayrılmasına dair məsələyə aydınlıq gətirilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
18. İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
19. İş üzrə iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı5 və İddiaçı3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bənd İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Aqrar İslahat Komissiyasının qərarı ilə Quba rayonu Qəçrəş kəndi ərazisindən 0,95 ha torpaq sahəsi iddiçılara ayrılmış və onlara mülkiyyəti təsdiq edən Dövlət aktı verilmişdir. İddiaçılar qeyd edilən torpaq sahəsinin cavabdehlər tərəfindən hasara alındığını, iddiaçıların sahiblik və istifadəsinə maneə yaradıldığını iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişlər.
28. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir.
29. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə ekspertizası zamanı hüquq müəyyənedici sənədlər üzrə tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşmədiyi və həmsərhəd olduqları müəyyən edilmişdir.
30. Məhkəmə həmçinin göstərmişdir ki, cavabdehlər izahatlarında icarə müqaviləsi əsasında kəndli təsərrüfata daxil edilməklə iddiaçılara məxsus torpaq sahəsini istifadə etdiklərini, bir neçə il icarə haqqını ödədiklərini, sonrakı illərdə heç bir ödənişin olunmadığını və bu barədə onlardan icarə haqqı tələb olunmadığını etiraf etmişlər.
31. Məhkəmə qeyd etmişdir ki, sovxozun və kolxozun torpaqlarında yaradılmış kəndli (fermer) təsərrüfatlarının torpaq sahələrinin müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara daxil edilmişdir. Hər bir şəxsə düşən orta torpaq payının ölçüsü sovxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilmişdir. Qeyd edilən əsasla da torpaq sahələrinin cavabdehlərin torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara daxil edilməklə iddiaçılara pay torpağı olaraq verilmişdir.
32. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdehlər apellyasiya şikayəti vermişlər.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır.
34. Bununla yanaşı məhkəmə kollegiyası aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir:
35. Araşdırılan iddia tələbindən görünür ki, mübahisə mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır.
36. Qeyd olunmalıdır ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir.
38. Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
39. Göründüyü kimi iddiaçılar torpaq sahəsinin birgə mülkiyyətçiləri olmaqla mülkiyyət hüquqlarının pozuntusunun aradan qaldırılmasını, həmin torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsindən geri qaytarılmasını tələb edir.
40. Apellyasiya şikayətinin dəlillərinin hərtərəfli yoxlanılması məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2025-ci il tarixli, 2(105)- 842/2025 nömrəli qərardadına əsasən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 10 oktyabr 2025-ci il tarixli, 3-21-3-34/2- 14195/2025 nömrəli mütəxəssis rəyinə əsasən araşdırılmanın nəticəsi olaraq aşağıda qeyd olunanlar müəyyən edilmişdir: - Quba rayonu Aqrar İsiahat Komissiyasının 26 oktyabr 1999-cu ii tarixll 16 saylı qerarı liə Quba rayonu, Qəçrəş kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə JN-262 KOD 30317018 sayİı Torpağa Mülkiyyət Huququna dair Dövlət Aktı əsasında iddiaçılara veriİmiş 0.95 ha torpaq sahəsinin faktiki vəziyyəti müəyyən edildi. - Quba rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu ii tarixil, 16 saylı qərarı liə Quba rayonu, Qəçrəş kəndi ərazisindən kənd tesərrüfatı məhsulları istehsalı məqsədilə JN-262 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında iddiaçılara verilmiş 0.95 ha torpaq sahəsinə JN-269 KOD 30317018 saylı, JN- 270 KOD 30317018 saylı və JN-271 KOD 30317018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarına əsasən cavabdehlərə verilmiş 0.69 ha, 0.18 ha və 0.13 ha torpaq sahələrindən faktiki halda müdaxilə mövcuddur. Belə ki, iddiaçılar tərəfindən iddia olunan torpaq sahəsi bütövlüklə cavabdehlər tərəfindən istifadə olunur.
41. Məhkəmə kollegiyası mütəxəssis rəyini mötəbər sübut növü olaraq qiymətləndirir.
42. Kollegiya həmçinin vurğulayır ki, analoji işlər üzrə məhkəmə təcrübəsi göstərir ki, ekspert rəyi xüsusi bir tədqiqat aparılmadan mütəxəssis rəylərinə əsaslanır, odur ki, araşdırılan mübahisə üzrə yenidən ekspert tətqiqatının aparılmasına zərurət yoxdur, tədqiqat obyekti üzrə mübahisə doğuran məsələ mütəxəssis tərəfindən araşdırılmışdır.
43. Mütəxəssis rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında əldə edilmiş rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
44. Kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıların birgə mülkiyyətində olması, həmin torpaq sahəsinin qonşu sahələr ilə üst-üstə düşmədiyi və cavabdehlər tərəfindən həmin torpaq sahəsinin bütünlüklə zəbt edilərək istifadə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
45. Məlum olduğu kimi, hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər.
46. Kollegiyası şikayətin həmin torpaq sahəsinin cavabdehlərin icarəsində olması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi cavabdehlər torpaq sahəsinin 1992-1995-ci illərdə Quba Aqrofirmasının N.Nərimanov adına sovxozu ilə bağlanmış icarə müqavilələrinə əsasən istifadə etdiklərini göstərmişər. Kollegiya qeyd edir ki, torpaq sahəsinin 1992-1995-ci illərdə icarədə olması, daha sonra bu torpaq sahəsinin Aqrar İslahat Komissiyasının xx.xx.1999-cü il tarixli Qərarına əsasın iddiaçıların birgə mülkiyyətinə verilməsini istisna etmir, Torpağın mülkiyyət hüququna dair Dövlət Aktından da görünür ki, torpaq sahəsi iddiaçıların birgə mülkiyyətinə verilmişdir. Cavabehlər həmin torpaq sahəsinə dair əmlak hüquqlarının olması ilə bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişlər.
47. Beləliklə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
48. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara əsasən araşıdırılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(027)-44/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.