Məhkəmə qərarları › İş №2(036)-103/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-103/2024

15.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-103/2024 15.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsinin boşaldılması tələbi barədə iddia ərizəsinə dair işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədəiddia qaldıraraq ona məxsus olan İmişli şəhəri, H.Əliyev prospekti 97 ünvanda yerləşən fərdi yaşayış evində Cavabdeh1 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 oğlunun yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 2014-cü ilin avqust ayında X1 ilə rəsmi nikaha evlənərək ona məxsus olan İmişli şəhəri, H.Əliyev prospekti 97 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüş və ailənin digər üzvləri ilə birgə təsərrüfat aparmışdır. Onların xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 oğlu adında uşaqları olmuş və 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən yeni tikilidə aldıqları iki otaqlı təmirli mənzilə köçərək daimi yaşayış yerlərini dəyişmişlər. X1 Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşayır və orda işləyir. Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşamasına baxmayaraq İmişli şəhəri, H.Əliyev prospekti 97-də qeydiyyatdadır. Cavabdeh1 İmişli şəhəri, H.Əliyev prospekti 97-də uzun müddət ərzində yaşamdığından yaşayış sahəsindən istifadə hüququnu itirmiş, lakin həmin ünvanda daimi qeyydiyyatı ləğv edilməmişdir. İmişli şəhəri, H.Əliyev prospekti ev 97-də o, hal-hazırda X2 ilə birlikdə yaşayır və Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququ olan şəxslər sırasında qalması səbəbindən mülkiyyət hüququnu həyata keçirə bilmir. Ona görə də, adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış İmişli şəhəri, H.Əliyev prospekti 97 ünvanda yerləşən fərdi yaşayış evində Cavabdeh1 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 oğlunun yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və xitam verilməsi haqqında iddia qaldırmışdır. İş üzrə şahid X2 göstərmişdir ki, o, oğlu X4 ilə birlikdə İmişli şəhəri, H.Əliyev prospekti 97 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır və İddiaçı ilə birgə təsərrüfat aparır. Cavabdeh1 2014-cü ilin avqust ayında X1 ilə rəsmi nikaha evlənərək valideynlərinə məxsus olan İmişli şəhəri, H.Əliyev prospekti 97 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüş, onların xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 oğlu adında uşaqları olmuş və 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən yeni tikilidə aldıqları iki otaqlı təmirli mənzilə köçərək daimi yaşayış yerlərini dəyişmişlər. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən İmişli şəhəri, H.Əliyev prospekti 97 ünvanda yerləşən ümumi sahəsi 98,6 kv/m olan fərdi yaşayış evi və 0,05 ha həyətyanı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə **********788-10301 reyestr nömrəli qeydiyyata alınmışdır. İşdə olan AR DİN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışa əsasən X2 (xx.xx.1976), X4 (xx.xx.2000), ə Cavabdeh1 (xx.xx.1989) və Cavabdeh2 oğlu ( xx.xx.2015) İmişli şəhəri, H.Əliyev prospekti 97-da daimi pasport qeydiyyatındadır. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN tərəfindən təsdiq edilmiş Akta əsasən (İmişli şəhəri, H.Əliyev pr-ti ev 24-də yaşayan X3, İmişli şəhəri, H.Əliyev pr-ti ev109, mən.04-də yaşayan Məmmədova ilkanə Qiyas qızı və İmişli şəhəri, H.Əliyev pr-ti ev 95-də yaşayan X7 tərəfindən təsdiq olunmuşdur) Cavabdeh1 İmişli şəhəri, H.Əliyev prospekti 97 ünvanda yerləşən fərdi yaşayış evində son səkkiz il müddətində yaşamamışdır İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3138 saylı arayışda göstərilmişdir ki, Cavabdeh1 İmişli şəhəri, H.Əliyev prospekti 97 ünvanda yerləşən fərdi yaşayış evində beş ildən artıqdır ki, yaşamır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən X1 Bakı şəhəri, Suraxanı ra-nu, Y.Günəşli Y/M “D” Massivi, 12/23-də daimi pasport qeydiyyatındadır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olmunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 2014-cü ildə X1 ilə evlənərək İddiaçı məxsus olan İmişli şəhəri, H.Əliyev prospekti 97 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüş, onların xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh2 oğlu adında uşaqları olmuş, 2018-ci ildə Bakı şəhərinə köçərək daimi yaşayış yerini dəyişmiş və həmin vaxtdan indiyədək qeyd olunan ünvanda yaşamamışdır. AR Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh1 İmişli şəhəri, H.Əliyev prospekti 97 ünvanda yerləşən fərdi yaşayış evində fasiləsiz olaraq uzun müddət ərzində yaşamadığından İddiaçı ailə üzvləri sırasından çıxmış və yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi üçün İmişli şəhəri, Muğan küçəsi 23 A-da yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı məxsus olan İmişli şəhəri, H.Əliyev prospekti 97 ünvanda yerləşən fərdi yaşayış evində ( reyestr nömrəsi:**********788-10301) Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin olunsun. İddiaçı məxsus olan İmişli şəhəri, H.Əliyev prospekti 97 ünvanda yerləşən fərdi yaşayış evində ( reyestr nömrəsi:**********788-10301) Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququna xitam verilsin. Qətnamədən 1(bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar