Məhkəmə qərarları › İş №2(036)-1043/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1043/2024

27.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1043/2024 27.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki mübahisə (açar sözlər: istifadə hüququna xitam verilməsi və evdən çıxarılma) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı1, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Cavabdeh qarşı cavabdehin yetkinlik yaşına çatmamış uşaqları X3 və X2 ilə birlikdə iddiaçılara məxsus İmişli şəhəri, R.Məmmədov küçəsi, 76 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçılar cavabdehə qarşı cavabdehin yetkinlik yaşına çatmamış uşaqları X3 və X2 ilə birlikdə iddiaçılara məxsus İmişli şəhəri, R.Məmmədov küçəsi, 76 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1, mərhum X1, uşaqları İddiaçı3, İddiaçı2 və İddiaçı4 birgə mülkiyyətlərində İmişli şəhəri, R.Məmmədov küçəsi 76 saylı ünvanda fərdi yaşayış evi vardır. X4 xx.xx.2023-cü ildə vəfat etmişdir. İddiaçı2 2011-ci ildə faktiki nikahla Cavabdeh ilə evlənmiş, xx.xx.2018-ci ildə nikahı qeyd etdirmişdirlər. 2 uşaqları var, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2. Onların ailə münasibətləri pozulduğundan İmişli rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə boşanmışlar və uşaqlar ananın yanında saxlanılmaqla İddiaçı2 Cavabdeh xeyrinə hər ay əmək haqqının 1/3 hissəsi miqdarında aliment müəyyən edilmişdir. Bundan sonra İddiaçı2 çıxıb Bakı şəhərinə getmişdir. Cavabdeh isə evdə qalıb normal yaşayışlarına mane olur, birgə yaşayış qaydalarını pozur. Cəmi yaşayışa yararlı 2 otağ var. Cavabdehin isə qonşu Beyləqan rayonunun İmanverdilər kəndində atasının həyətində 2 evləri var. Lakin cavabdeh evi tərk etmək istəmir. İddiaçı1 ilə kobud rəftar etdiyindən gedib başqa evlərdə qalmalı olur. İddiaçı1 cavabdehin evə qeydə alınmasına rəsmi razılıq verməmişdir. Cavabdeh hazırda ailə üzvü deyildir və mülkiyyətlərində olan evdə yaşamaq hüququ yoxdur. Ona görə cavabdehin evlə bağlı qanunazidd hərəkətlərinə son qoyulmalı, iddiaçıların mülkiyyətlərində olan fərdi yaşayış evindən çıxarılmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

9. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Konstitusiyası: 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. 152.3 və 152.4-cii maddələrinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

13. Azərbaycan Respublikası Mənzil Məcəlləsi 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisiilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

14. Məhkəmə tədqiqatı zamanı zamanı müəyyən olundu ki, İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 76 ünvanında yerləşən fərdi yaşayış evi paylı (ümumi birgə) mülkiyyət hüququ üzrə iddiaçıların adına qeydiyyata alınmaqla Çıxarış ilə rəsmiləşdirilmişdir. Cavabdeh İddiaçı2 keçmiş arvadı olmuş və 2011-ci ildən iddiaçılara məxsus evdə qeydiyyatdadır, lakin o, hazırda həmin evdə yaşamır. Cavabdehin qeyd edilən evdə qeydiyyatda olması evin mülkiyyətçilərinin bir sıra hüquqlarını məhdudlaşdırır.

15. Hazırda məhkəmə tərəfindən müəyyən edilməli fakt həmin tarixdə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması ilə bağlıdır. Bunun üçün qanunvericilikdə istifadə hüququnun yaranması əsaslarına diqqət yetirilməlidir. Məlum olduğu kimi, şəxsin yaşayış sahəsinə qeydiyyata düşməsi özlüyündə yaşayış sahəsinə istifadə hüququnun yaranmasını ehtiva etmir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

17. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

18. Məhkəmə tərəflər arasında olan hüquq münasibətləri 2011-ci ildən sonrakı dövrdə yarandığından bu mübahisə qüvvədə olan mənzil qanunverciliyinin normaları baxımından hüquqi qiymət verilməklə həll edilməsini məqbul hesab edir.

19. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmunundan aydın olduğu kimi, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılması yalnız keçmiş ailə üzvlərinə münasibətdə tətbiq edilə bilər. Hazırki mülki işin halları tərəflər arasında ailə-qohumluq münasibətlərinin mövcud olmadığını göstərir.

20. Odur ki, cavabdeh, iddiaçıların ailə üzvi hesab olunmadığından, habelə onların yaxın qohumu qismində çıxış etmədiyindən, onlarla birgə yaşasa da, onlarla birgə ümumi təsərrüfat aparmadığından, cavabdehin həmin evə dair istifadə hüququ yaranmamışdır.

21. Qeyd edilən əsaslardan çıxış edərək məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evə istifadə hüququ yaranmadığından onun həmin evdən istifadə hüququna xitam verilə bilməz. Odur ki, iddia cavabdehin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi hissəsində təmin oluna bilməz.

22. Yetkinlik yaşına çatmayanlara münasibətdə məhkəmə hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi onların atası olan İddiaçı2 paylı mülkiyyətindədir və uşaqlar iddiaçıların ailə üzvləri hesab edildiyindən yaşayış sahəsindən istifadə hüququna xitam verilə bilməz. Bu halda isə yetkinlik yaşına çatmamış uşaqlar X3 və X2 həmin fərdi yaşayış evindən çıxarıla bilməzlər.

23. Məhkəmə cavabdehin fərdi yaşayış evindən çıxarılması ilə bağlı aşağıdakıları qeyd edir:

24. İddiaçıların bu iddiası onun qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının müdafiəsindən irəli gəlir.

25. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkivyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

27. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

28. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi luiquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsixası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

29. Həmçinin məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülkiyyət hüququnun ümum bəşəri dəyərlər sırasında olması qəbul edilmiş bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmışdır.

30. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «lnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı protokolunun l-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».

31. «İnsan hüquqları haqqında Ümumi Bəyunnamə»nin 17-ci maddəsinə əsasən, hər bır insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

32. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlarda "mülkiyyət" hüquqları sayıla bilər,

33. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1 -ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

34. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh İddiaçı2 keçmiş arvadı olsa da, mülkiyyətçilərin razılığı olmadan onların mülkiyyətində olan İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 76 ünvanında olması, gəlib-getməsi və sair formada istifadə etməsi iddiaçıların yuxarıda qeyd edilən hüquqlarının pozulması ilə nəticələnir. Buna görə də iddia cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

35. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 məxsus İmişli şəhəri, R.Məmmədov küçəsi ünvanında yerləşən 76 saylı fərdi yaşayış evindən çıxarılmalı və iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 məxsus İmişli şəhəri, R.Məmmədov küçəsi ünvanında yerləşən 76 saylı fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar