Məhkəmə qərarları › İş №2(036)-110/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-110/2021

10.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-110/2021 10.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: X12, Cavabdeh: X9 iştirakı ilə, X6 cavabdeh X13 qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 cavabdeh X13 qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X7 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi birlikdə İmişli rayonu, Xəlfəli kəndində yaşayır. Cavabdeh X16 onun həmkəndilisidir. İmişli Rayonu Xəlfəli Bələdiyyəsinin 12 saylı, xx xxxxxxx 2001-ci il tarixli qərarına, “Torpaqların alğı-satqısı”na dair aktına və torpaq sahəsinin planına əsasən İmişli rayonu, Xəlfəli kəndi ərazisində yerləşən 0.12 ha. torpaq sahəsi onun istifadəsinə verilmişdir. O, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Cavabdeh X16 heç bir hüququ əsas olmadan həmin ərazidə təxminən 2.0 ha. torpaq sahəsi əldə edərək, onun istifadəsində olan 0.12 ha. torpaq sahəsindən istifadə etməsinə müxtəlif manelər törədir. O, cavabdeh X8 dəfələrlə qanunazidd hərəkətlərinə son qoyulmasını tələb etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Hesab edir ki, onun mülkiyyət hüququ cavabdeh X16 tərəfindən kobud şəkildə pozulmuşdur. Məhz bu səbəbdən də, o, cavabdeh X13 qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, mülkiyyət hüququnun müdafiəsi edilməsi və cavabdeh X9 torpaq sahəsindən istifadə etməsinə mane olan qanunazidd hərəkətlərinə son qoyulması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X16 iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Xəlfəli kəndində yaşayır. X7 onun həmkəndlisidir. Onu da qeyd edir ki, X6 dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, İmişli Rayonu Xəlfəli Bələdiyyəsinin 12 saylı, xx xxxxxxx 2001-ci il tarixli qərarına, “Torpaqların alğı-satqısı”na dair aktına və torpaq sahəsinin planına əsasən İmişli rayonu Xəlfəli kəndi ərazisində yerləşən 0.12 ha. torpaq sahəsi onun istifadəsinə verilmişdir. Bundan başqa, İmişli rayonu, Kürdmahmudlu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.0752 ha. torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Onun xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx xxxx 2020-ci il tarixdə qeydiyyata alınmış və ona ********** №-li çıxarış da verilmişdir. Onu da qeyd edir ki, X6 istifadəsində olan İmişli rayonu, Xəlfəli kəndi ərazisində yerləşən 0.12 ha. torpaq sahəsi ilə özünün xüsusi mülkiyyətində olan İmişli rayonu, Kürdmahmudlu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1.0752 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və istifadəsində olan İmişli rayonu, Xəlfəli kəndi ərazisində yerləşən 0.12 ha. torpaq sahəsi ilə üst-üstə düşmür. Hesab edir ki, X6 ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Bütün bunları nəzərə alaraq, X6 ona qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş “Torpaqların alğı-satqısı”na dair aktın surətindən görünür ki, İmişli Rayonu Xəlfəli Bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində yerləşən 0.12 ha. torpaq sahəsinin iddiaçı X3 dair 12 saylı, xx xxxxxxx 2001-ci il tarixli qərar qəbul edilmiş və akt ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən xx xxxxxxx 2001-ci il tarixdə 202 № ilə Dövlət Torpaq Kadastrı kitabında uçota alınmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş “Torpaqların alğı-satqısı”na dair aktın surətindən görünür ki, İmişli Rayonu Xəlfəli Bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində yerləşən 0.12 ha. torpaq sahəsinin cavabdeh X1 dair 12 saylı, xx xxxxxxx 2001-ci il tarixli qərar qəbul edilmiş və akt ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən xx xxxxxxx 2001-ci il tarixdə 202 № ilə Dövlət Torpaq Kadastrı kitabında uçota alınmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli çıxarışdan (elektron çıxarış forması) görünür ki, İmişli rayonu, Kürdmahmudlu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.0753 ha. torpaq sahəsi tam mülkiyyət hüququ üzrə cavabdeh X9 adına xüsusi mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X19 AA 527830 saylı, xx xxxx 2020-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, İmişli rayonu, Kürdmahmudlu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1.0753 ha. torpaq sahəsinin hüquq sahibi iddiaçı X14r, mülkiyyətin növü xüsusi mülkiyyətdir və **********26 № ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə tikinti-texniki ekspertizası”nın keçirilməsinə dair 10/2150 №-li, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1. İmişli Rayonu Xəlfəli Bələdiyyəsinin 12 saylı, xx xxxxxxx 2001-ci il tarixli qərarına, “Torpaqların alğısatqısı”na dair aktına və torpaq sahəsinin planına əsasən X6 istifadəsində olan İmişli rayonu, Xəlfəli kəndi ərazisində yerləşən 0.12 ha. torpaq sahəsinin hüdudları (sərhədləri) yerində müəyyən edilərək, ölçülmüşdür. 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ********** №-li, xx xxxx 2020ci il tarixli çıxarışına, AA 527830 №-li, xx xxxx 2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən cavabdeh X9 xüsusi mülkiyyətində olan İmişli rayonu, Kürdmahmudlu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1.0752 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları (sərhədləri) yerində müəyyən edilərək, ölçülmüşdür. 3. İmişli Rayonu Xəlfəli Bələdiyyəsinin 12 saylı, xx xxxxxxx 2001-ci il tarixli qərarına, “Torpaqların alğı-satqısı”na dair aktına və torpaq sahəsinin planına əsasən cavabdeh X9 istifadəsində olan İmişli rayonu Xəlfəli kəndi ərazisində yerləşən 0.12 ha. torpaq sahəsinin hüdudları (sərhədləri) yerində müəyyən edilərək, ölçülmüşdür. 4. X6 istifadəsində olan İmişli rayonu, Xəlfəli kəndi ərazisində yerləşən 0.12 ha. torpaq sahəsi ilə cavabdeh X9 mülkiyyətində olan İmişli rayonu, Kürdmahmudlu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1.0752 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ya istifadəsində olan İmişli rayonu, Xəlfəli kəndi ərazisində yerləşən 0.12 ha. torpaq sahəsi ilə üst-üstə düşmür. 5. X6 istifadəsində olan İmişli rayonu, Xəlfəli kəndi ərazisində yerləşən 0.12 ha. torpaq sahəsinə cavabdeh X16 tərəfindən hər hansı müdaxilə faktı yoxdur. 6. Cavabdeh X16 tərəfindən 0.12 ha. torpaq sahəsinə müdaxilə faktı yoxdur və həmin 0.12 ha. torpaq sahəsi cavabdeh X16 tərəfindən tutulmamışdır. Aparılmış tədqiqatın dəyəri (xərc): 50 (əlli) AZN məbləği təşkil edir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli Rayonu Xəlfəli Bələdiyyəsinin 12 saylı, xx xxxxxxx 2001-ci il tarixli qərarı ilə İmişli rayonu, Xəlfəli kəndində yerləşən 0.12 ha. torpaq sahəsi iddiaçı X4. Bundan başqa, İmişli Rayonu Xəlfəli Bələdiyyəsinin 12 saylı, xx xxxxxxx 2001-ci il tarixli qərarı ilə İmişli rayonu, Xəlfəli kəndində yerləşən 0.12 ha. torpaq sahəsi cavabdeh X2. Bundan başqa, İmişli rayonu, Kürdmahmudlu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.0752 ha. torpaq sahəsi tam mülkiyyət hüququ üzrə cavabdeh X9 adına xüsusi mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. X6 cavabdeh X13 qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olub-olmaması; 2. X6 mülkiyyət hüququnun cavabdeh X16 tərəfindən məhdudlaşdırılıb-məhdudlaşdırılmaması kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əmlak və əşya hüquqları”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsindən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülkiyyət hüququ və mülkiyyətin müdafiəsi” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, X6 daşınmaz əmlaka dair (İmişli rayonu, Xəlfəli kəndində yerləşən 0.12 ha. torpaq sahəsi) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasa da, lakin o, həmin daşınmaz əmlaka dair mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün cavabdeh X13 qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ; 3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır... Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərindəbələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 5-ci maddəsinin İİİ hissəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 49-cu maddəsinin İ hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49-cu maddəsinin İİ hissəsinə torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc (maneəsiz) istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibraətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də ehtiva edə bilər. (X22 Məhkəməsinin “mülkiyyət” hüququ ilə bağlı hüquqi mövqeyi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx xxxxxx 2004-cü il tarixli və “Axverdiyev Azərbaycana qarşı” iş üzrə xx xxxxxx 2015-ci il tarixli qərarlarında öz əksini tapmışdır.) Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə faktı” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilməklə təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Eyni zamanda, X7 “istifadəsində olan torpaq sahəsinə cavabdeh tərəfin müdaxiləsi” faktına istinad etdiyi məhz həmin halları əsaslandıra bilməmiş, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və həmin hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Bununla yanaşı, eskpert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, X6 iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığı üçün iddia tələbi rədd edilməlidir. Belə ki, X7 iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə, onun istifadəsində olan 0.12 ha. həyətyanı torpaq sahəsinə cavabdeh X16 tərəfindən hər hansı müdaxilə faktının olmasını maddi hüquq normları ilə əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, X6 iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə hesab edir ki, cavabdeh X16 iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Belə ki, cavabdeh X9 izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. X22 Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X22 Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. X22 Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əssən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün X6 cavabdeh X13 qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda, X5 mülki iş üzrə ilkin “məhkəmə tikinti-texniki ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X6 cavabdeh X13 qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə iddiası rədd edilsin. X5 mülki iş üzrə ilkin “məhkəmə tikinti-texniki ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X11 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar