Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1159/2021 07.12.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və Cavabdeh İmişli rayon Aqrar İslahat Komissiyasının 21 may 2004-cü il tarixli, 05 saylı qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0196 kodlu, 90716028 nömrəli Dövlət aktına əsasən 1.41 ha torpaq sahəsindən payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının keçmiş həyat yoldaşı olmuşdur. Aralarında olan nikah ləğv olunmuşdur. İmişli rayon Aqrar İslahat Komissiyasının 21 may 2004-cü il tarixli, 05 saylı qərarına əsasən onların ümumi mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün İmişli rayonunun Kürdmahmudlu kəndində 1.41 ha torpaq sahəsi verilmişdir. Bu barədə onlara “Torpağa mülkiyyət hüququna dair” JN-0196 kodlu, 90716028 nömrəli Dövlət aktı verilmişdir. Hazırda cavabdehlə aralarında torpaq sahəsi ilə bağlı mübahisə yaranmışdır. Belə ki, o ümumi mülkiyyətlərində olan 1.41 ha torpaq sahəsindən öz payına düşən hissəsini razılıqla ayırmaq istəsə də, cavabdeh buna imkan verməmiş və nəticədə o, öz payından istifadə edə bilməmişdir. Mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll edə bilmədikləri üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçıların nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə görə torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0196 kodlu, 90716028 kodlu Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 21 may 2004-cü il tarixli 05 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 1.41 ha torpaq sahəsi Cavabdeh və X4 ümumi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan İmişli rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(036)- 982/2021 saylı qətnaməsindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0196 kodlu, 90716028 kodlu Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X1 Gülşən Yaqub qızına aid edilmiş və həmin sənədin müvafiq olaraq ona məxsus olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1 maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 223.2-ci maddəsinin tələbinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. İşin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında mübahisələndirilən torpaq sahələri üzərində paylarının müəyyən olunmasına dair razılıq olmadığından iddiaçıtorpaq sahələrindən payının müəyyən olunmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, paylı və ya birgə olmasından asılı olmayaraq ümumi mülkiyyətdə olan əmlaka hər bir mülkiyyətçinin payı bərabər sayılır. Bu baxımdan, mübahisəli torpaq sahəsinin 2 bərabər birgə mülkiyyətçisi olduğundan, iddiaçının payı 1/2 hissə üzrə müəyyən olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İmişli rayon AİK-nin 21 may 2004-cü il tarixli 05 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-0196 kodlu, 90716028 kodlu Dövlət aktı ilə verilmiş 1.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/2 hissə üzrə payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İmişli rayon Aqrar İslahat Komissiyasının 21 may 2004-cü il tarixli 05 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-0196 kodlu, 90716028 kodlu Dövlət aktı ilə verilmiş 1.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/2 hissə üzrə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1159/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1159/2021
07.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver