Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-119/2022 15.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" sığorta şirkətinin (bundan sonra - LPO ASC "xxxx" Sığorta Şirkəti) Cavabdeh Maqsud oğluna qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Maqsud oğlundan 360 manat məbləğində vurulmuş zərər və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 380 manat məbləğində pulun tutulub iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 30 dekabr 2019-cu il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, Ş.Bədəlbəyli küçəsində Cavabdeh Maqsud oğlu hazırda ləğv prosesində olan "xxxx" sığorta şirkətinin tərəfindən icbari sığorta növü ilə sığortalanmış, “İlkin-92” fırmasına məxsus “MERSEDES BENZ” yük markalı, **-AN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili hüququ olmadığı halda idarə edərkən ehtiyatsızlıq etmiş və nəticədə X2 məxsus olan, “VOLLKSWAGEN JETTA” minik markalı, **-VF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuşdur. Sumqayıt şəhər DYPŞ-nin X3 protokoluna əsasən, Cavabdeh Maqsud oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələri ilə təqsirli bilinmiş və onun barəsində 01 yanvar 2020-ci il tarixdə AP N: ******* saylı “X3 Protokol” tərtib olunmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilən qiymətləndirmə aktından görünür ki, X2 məxsus olan, “VOLLKSWAGEN JETTA” minik markalı, **-VF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 360 (üç yüz altmış) manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq 11 mart 2020-ci il tarixli, İC AA 0482/20 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanmaları həyata keçirildikdən sonra ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X2 məxsus olan “VOLLKSWAGEN JETTA” minik markalı, **- VF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 12 mart 2020-ci ildə 360 (üç yüz altmış) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh Maqsud oğlu tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 360 (üç yüz altmış) manat məbləğində sığorta ödənişi ASC "xxxx" Sığorta Şirkəti tərəfındən zərərçəkən X2 ödənildiyindən hazırda LPO ASC ''Standart İnsurance" Sığorta Şirkətinin "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına əsasən Cavabdeh Maqsud oğlundan həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Maqsud oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehi динляйиб, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarında olan icbari sığorta aktından görünür ki, “Mersedes Benz” yük markalı, **-AN-*** dövlət qeydiyyat nömrəli avtomobil "xxxx" ASC Sığorta Şirkətində icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan Sumqayıt şəhər DYPŞ-nin X3 protokolunun surətindən görünür ki, Cavabdeh Maqsud oğlunun idarə etdiyi “Mersedes Benz” yük markalı, **-AN- *** dövlət nömrə nişanlı avtomobillə “Vollkswagen Jetta” minik markalı, **-VF-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuşdur. Cavabdeh Maqsud oğlu hadisənin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.4-cü maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan 21 fevral 2020-ci il tarixli zərər aktından görünür ki, “Vollkswagen Jetta” minik markalı, **-VF-*** dövlət nömrə nişanlı avtomobilə 360 manat məbləğində maddi zərər vurulmuşdur. İş materiallarında olan İC AA 0482/20 saylı sığorta aktından və 12 mart 2020-ci il tarixli, 120320-29 nömrəli ödəniş tapşırığından görünür ki, “Vollkswagen Jetta” minik markalı, **-VF-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 360 manat məbləğində pul "xxxx" ASC Sığorta Şirkəti tərəfindən zərərçəkən X2 ödənilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 noyabr 2021-ci il tarixli 9/7475 nömrəli rəyinə əsasən LPO ASC "xxxx" Sığorta Şirkətinin 21 fevral 2020-ci il tarixli, qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətlərini nəzərə alaraq 2007ci il buraxılışılı “Vollkswagen Jetta” minik markalı, **-VF-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 360 manat müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin səxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci madəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Аzərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Maqsud oğlundan vurulmuş zərərin əvəzi olaraq 360 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, cəmi 380 manat məbləğində pul tutulub iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Maqsud oğlundan vurulmuş zərərin əvəzi olaraq 360 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, cəmi 380 (üç yüz səksən) manat məbləğində pul tutulub iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul Cavabdeh Maqsud oğlundan tutularaq SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab № AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi andan 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-119/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-119/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver