Məhkəmə qərarları › İş №2(036)-126/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-126/2024

01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-126/2024 01.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların onun yanında saxlanması və aliment tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə, 571 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 onun yanında saxlanılması, və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün bir uşaq üçün hər ay 220 manat olmaqla sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2016-cü il tarixdə, 571 nömrə ilə İmişli rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Bir müddət ər-arvad kimi mehriban yaşamış, lakin sonradan münasibətləri pozulmuş, ailədə narazılıqlar baş vermişdir. Cavabdeh işləmədiyi və ailəsinə baxmadığı üçün normal ailə kimi yaşamaları mümkün olmamış və nəticədə ayrılaraq ata evinə qayıtmışdır. Hazırda nikah formal xarakter daşıyır və boşanmaq fikri qətidir.

3. AZ- İİ 113183 nömrəli nikah haqqında şəhadətnamə ilə müəyyən olunur ki, Cavabdeh və X4 arasında xx.xx.2016-ci il tarixdə İmişli rayon qeydiyyat şöbəsi tərəfindən nikahları rəsmi bağlanmış, bu barədə akt qeydləri kitabında 571 nömrə ilə qeyd edilmişdir.

4. AZ-İV 184041 nömrəli doğum haqqında şəhadətnaməni surətindən görünür ki, X2 xx.xx.2018-ci ildə Bakı şəhərində doğulmuşdur.

5. AZ-İV 678298 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2021-ci ildə Bakı şəhərində doğulmuşdur.

6. İmişli Rayon Məhkəməsinin 2(036)-2942/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə uşaqların valideyinlərin hansıının yanında qalmasının onların mənafeyinə uyğunluğu haqqında İmişli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasından rəy alınması qərara alınmışdır.

7. İmişli Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəy əsasında müəyyən olunur ki, yetkinlik yaşına çatmayanlar – X2 və X3 azyaşlı və ana qayğısına ehtiyacı olduğunu nəzərə alaraq anası İddiaçı himayəsində saxlanılması uşaqların mənafeyinə uyğundur. Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında İddiaçı izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə rəsmi məlumat verməmişdir.

10. Məhkəmə MPM 185-ci maddəsinə əsasən işə cavabdehn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstıtusiyası

11. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur.

12. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyası

13. Maddə 27. Hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

14. Maddə 17.2. Nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

15. Maddə 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

16. Maddə 22.2 və 22.2.1. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.

17. Maddə 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

18. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

19. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

20. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

21. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

22. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.

23. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

24. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

25. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

26. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

27. Maddə 19.1 Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

33. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

34. Belə ki, iş materialları ilə müəyyən olur ki , tərəflər xx.xx.2016-cü il tarixdə, 571 nömrə ilə İmişli rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Bir müddət ər-arvad kimi mehriban yaşamış, lakin sonradan münasibətləri pozulmuş, ailədə narazılıqlar baş vermişdir, cavabdeh işləmədiyi və ailəsinə baxmadığı üçün normal ailə kimi yaşamaları mümkün olmamışdır. Hazırda nikah formal xarakter daşıyır və tərəflərin boşanmaq fikri qətidir.

35. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

36. Məhkəmənin qənaətinə görə, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşağa münasibəti, eləcə də uşağın yaşı nəzərə alınmalıdır.

37. İşin faktiki hallarından göründüyü kimi, birgə nikahdan doğulmuş uşaqların valideynləri arasında ailə münasibətləri pozulmuşdur və onlar ayrı yaşayırlar. xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 faktiki olaraq iddiaçının yanında qalır.

38. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilərək İddiaçı və Cavabdeh arasında İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cü il tarixdə, 571 nömrəli nikah akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 iddiaçının yanında saxlanılmalı və uşaqlar yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

39. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalı və qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların onun yanında saxlanmasl və aliment tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cü il tarixdə, 571 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 İddiaçı yanında saxlanılsın. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmılması üçün hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə- aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar