Məhkəmə qərarları › İş №2(036)-1787/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1787/2021

11.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1787/2021 11.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1 və X2 nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə mülkiyyətdə olan torpaq sahəsindəki payların müəyyən edilməsi və cavabdehlərin qanunazidd hərəkətlərinə son qoyulması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair” JN-0052 kodlu, 90700038 qeydiyyat nömrəli Dövlət aktı ilə birgə paylı mülkiyyətlərində olan, İmişli rayonunun Ağaməmmədli kəndində yerləşən 2,51 ha torpaq sahəsindən paylarının müəyyən edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsindən istifadə etmələrinə mane olan qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı2, İddiaçı1 və X4 iddia ərizəsi iddia ərizəsini onunla əsaslandırmışlar ki, torpaq islahatı zamanı Torpağa mülkiyyət hüququna dair JN-0052 kod 90700038 nomrəli Dövlət Aktı ilə onların ailə üzvlərinə İmişli rayonunun Ağaməmmədli kəndində 2.51 ha çöl pay torpaq sahəsi verilmişdir. Onlar torpaq sahələrini ayırıb birgə istifadə etmək istəyirlər. Lakin Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsinin bütövlükdə onlara məxsus olduğunu bildirərək onları torpaq sahəsinin onlara aid hissəsindən istifadə etmələrinə mane olurlar. Torpaq islahatı haqqında Qanunun tələblərinə əsasən onlar da Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ailələrinə verilmış birgə mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçiləridir və islahat zamanı adambaşına torpaq payı nəzərdə tutulmuşdur. Ona görə də birgə mülkiyyətdə olan ümumi torpaq sahəsindəki paylarına, yəni hər birinin torpaq sahəsinin 1/5 hissəsinə mülkiyyət hüququ vardır. Lakin cavabdehlər onlara öz mülkiyyətlərindən istifadə etməyə mane olaraq torpaq sahəsinin tam şəkildə onlara məxsus olduğunu bildirirlər. Mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll edə bilmədikləri üçün məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 və X2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, torpaq islahatı zamanı Torpağa mülkiyyət hüququna dair JN-0052 kod 90700038 nomrəli Dövlət Aktı ilə onların ailə üzvlərinə İmişli rayonunun Ağaməmmədli kəndində 2.51 ha çöl pay torpaq sahəsi verilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 və X4 da həmin torpaq mülkiyyətçilərindəndir. O, iddiaçılara torpaq sahəsindən istifadə etmələtinə mane olmur, iddiaçılar istədikləri vaxt gəlib torpaq sahəsinin özlərinə aid hissəsindən istifadə edə bilərlər. Odur ki, iddianı qəbul edir və təmin olunmasına etiraz etmir. Cavabdeh2 Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə görə torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0052 saylı, 90700038 kodlu Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 23 noyabr 1999-cu il tarixli 11 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.51 ha torpaq sahəsi Cavabdeh1, İddiaçı2, Cavabdeh2, X1 və İddiaçı3 ümumi mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1 maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 223.2-ci maddəsinin tələbinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. İşin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında mübahisələndirilən torpaq sahələri üzərində paylarının müəyyən olunmasına dair razılıq olmadığından iddiaçılar torpaq sahələrindən paylarının müəyyən olunmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, paylı və ya birgə olmasından asılı olmayaraq ümumi mülkiyyətdə olan əmlaka hər bir mülkiyyətçinin payı bərabər sayılır. Bu baxımdan, mübahisəli torpaq sahələrinin 5 bərabər birgə mülkiyyətçisi olduğundan, iddiaçıların payları hər birinə münasibətdə 1/5 hissə üzrə müəyyən olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İmişli rayon AİK-nin 23 noyabr 1999-cu il tarixli 11 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-0052 saylı, 90700038 kodlu Dövlət aktı ilə verilmiş 2.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı2, İddiaçı1 və X2 hər birinin 1/5 hissə üzrə payları müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İmişli rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1999-cu il tarixli, 11 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-0052 saylı, 90700038 kodlu Dövlət aktı ilə verilmiş 2.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı2, İddiaçı1 və X2 hər birinin 1/5 hissə üzrə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar