Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1923/2021 29.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “su filtirinin yenisi ilə əvəz olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə aralarında bağlanmış 14 noyabr 2020-ci il tarixli, KG-B85/2020 saylı alqı-satqı müqaviləsinə və zəmanət talonuna əsasən qüsurlu su filtirinin yenisi ilə əvəz olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Məzrəli kəndində yaşayır. 14 noyabr 2020-ci ildə cavabdeh təşkilatın əməkdaşları onun yaşadığı ünvana gələrək su filtiri satdıqlarını bildirmişdirlər. İddiaçı razılaşma əsasında su filtirini 23 aylıq kreditlə 1690 manata ayda 70 manat ödəmək şərtilə almışdır. Avadanlıq həmin tarixdə dərhal quraşdırılmış və ona təhvil verilmişdir. Qeyd etmişdir ki, Cavabdeh MMC firmasının əməkdaşları su filtirinin keyfiyyəti haqqında söylədikləri fikirlər üst-üstə düşməmişdir. Belə ki, təqdim olunan su filtiri quraşdırıldıqdan bir neçə gün sonra işləməmişdir. O, dəfələrlə cavabdeh təşkilata müraciət etsə də, ona rəsmi olaraq heç bir cavab verilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, bütün bunların nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh MMC həmin iddia ərizəsinə yazılı etiraz edərək göstərmişdir ki, İddiaçı ilə aralarında bağlanmış 14 noyabr 2020-ci il tarixli, KG-B85/2020 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçıya 1690 manat dəyərində su filtiri satılmış və 14 noyabr 2020ci il tarixli təhvil-təslim aktına əsasən bir ədəd su filtiri tam işlək vəziyyətdə alıcıya təhvil verilmişdir. Lakin İddiaçı ona satılmış su təmizləyici filtirində qüsur olması barədə bu günə qədər rəsmi qaydada onlara heç bir müraciət etməmişdir. Ona görə də iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia rədd edilməlidir. Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, sübut etmək yükü üzərinə düşən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyindən, həmin hallar mövcud olmayan hallar kimi qiymətləndirilməli və iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunmasın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1923/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1923/2021
29.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver