Məhkəmə qərarları › İş №2(036)-228/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-228/2025

10.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-228/2025 10.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması” tələbinə dair mülki mübahisə (açar sözlər: paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan İmişli şəhəri, P.Həsənov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evinin (əmlakın) hərracdan satılması və satışdan əldə edilən pulun paylara mütənasib surətdə bölünməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı ümumi paylı mülkiyyətdə olan İmişli şəhəri, P.Həsənov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evinin (əmlakın) hərracdan satılması və satışdan əldə edilən pulun paylara mütənasib surətdə bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli rayonu, R.Həsənov küçəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında mərhum X2na məxsus olmuş, bu evə dair onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad Rayon Ərazi İdarəsi tərəfindən 16 fevral 2008-ci il tarixli, MH ******* seriya nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. X2 adıçəkilən fərdi yaşayış evini və 4 sot həyətyanı torpaq sahəsini İmişli rayonunun birinci dövlət notariat kontorunda 2008-ci il iyunun 27-də 2V1-20 nömrəli reyestrdə rəsmiləşdirməklə iddiaçıya vəsiyyət etmiş, anası 01 noyabr 2013-cü ildə vəfat etmiş, adıçəkilən ev anasından miras qalmış, vərəsələr arasında razılıq olmadığından İmişli rayon Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli 2(036)-3894/2015 nömrəli Qətnamə ilə qeyd edilən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin 3/4 hissəsi üzərində iddiaçının, 1/4 hissəsi üzərində X5 payı müəyyən edilmiş və həmin hissələrdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla 03 mart 2016-cı il tarixli, RX C826279 seriya nömrəli çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən İmişli şəhəri, R.Həsənov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən birmətəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə mənim İddiaçı və Cavabdeh adına mülkiyyət hüququ əsasında **********29-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2003-cü ildə Bakı şəhərində yerləşən iddiaçıya məxsus olan mənzili sataraq X5 borclarını ödəmiş və sonrakı müddətdə daşınmaz əmlak qiymətlərində çox böyük artım olduğundan indiyədək mənzil ala bilməmişdir. Ümumi paylı mülkiyyətdə olan İmişli şəhəri, R.Həsənov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evinin naturada bölünməsi və birgə istifadəsi mümkün deyil. Ona görə də, qeyd edilən ünvanda yerləşən vahid daşınmaz əmlak obyektində mülkiyyət hüququndakı payına (1/4 hissə) mütənasib məbləğdə kompensasiya ödənilməklə Cavabdeh ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi haqqında məhkəmədə iddia qaldırmağına baxmayaraq iddia tələbi təmin edilməmişdir. Bu səbəbdən də, paylı mülkiyyətdə olan daşınmaz əmlakın (İmişli şəhəri, R.Həsənov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evi) paylara uyğun naturada bölünməsi mümkün olmadığından, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən pulun paylara mütənasib surətdə bölünməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1 -ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. 27.06.2008-ci il tarixli 2V1-20 reyestr nömrəli Vəsiyyətnamədən görünür ki, X1 şəhəri, P.Həsənov küçəsi, ev 51 saylı ünvanda yerləşən evi və həyətyanı torpaq sahəsi ilə birlikdə iddiaçıya vəsiyyət etmişdir.

10. RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ümumi pay üzrə iddiaçının və X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

11. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-265/2024 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilməsi və ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddiası İmişli Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(036)- 47/2023 saylı qətnaməsi ilə təmin olunmuş, Cavabdeh İmişli şəhəri, P.Həsənov küçəsi 51də yerləşən 0,04 ha torpaq sahəsi və birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan fərdi yaşayış evindən ibarət vahid daşınmaz əmlak obyektindəki ümumi paylı mülkiyyət hüququna 8750 manat kompensasiya verilməklə xitam verilməsi və onun həmin vahid daşınmaz əmlak obyektinin yerləşdiyi ərazinin hüdudlarından kənara çıxarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin göstərilən qətnaməsi ilə İmişli Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(036)-47/2023 saylı qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilməsi və ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddiası təmin edilməmişdir.

12. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.

13. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir.

14. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi).

15. Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilir ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı.

17. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

18. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur.

19. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda.

20. Hazırkı halda isə cavabdehin ümumi paylı mülkiyyətdə olan əmlak üzərində payı cüzi deyildir, çünki cavabdehin əmlak üzərində mövcud olan 1/4 hissədə pay hüququ cüzi hesab edilə bilməz. Bundan əlavə, iddiaçı ümumi əmlakdan istifadə edilməsində cavabdehin mühüm mənafeyinin olmamasına dair hər hansı sübut da təqdim etməmişdir.

21. İddiaçı tələbində əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etmişdir.

22. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

23. Normanın tələbindən göründüyü kimi əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda hazırki tələblə məhkəməyə müraciə edə bilərdi. Hazırda isə əmlakın açıq hərracdan satılaraq bölünməsi üçün Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində nəzərdə tutulmuş şərtlərin mövcudluğu müəyyən edilməmişdir.

24. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən Qərarında bildirir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.

25. Eyni zamanda Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)- 265/2024 saylı qətnaməsindən müəyyən olunur ki, "xxxx" MMC-nin 21 noyabr 2023-cü il tarixli, UNİ/N 01-174/23 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, İmişli şəhəri, PHəsənov küçəsi, ev 51 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin % və % pay, müvafiq olaraq 0,03 ha və 0,01 ha sahələrə naturada bölünməsi mümkündür. İmişli şəhəri, P.Həsənov küçəsi, ev 51 ünvanında yerləşən 70,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin yalnız 54,4 kv.m və 16 kv.m (bir otaq) hissələrə naturada bölünməsi kommunikasiya xətlərinin (elektrik, qaz, su) yenidən quraşdırma şərtilə mümkündür.

26. Hazırkı iş üzrə isə iddiaçı əmlakın naturada bölünməsini deyil, paylı mülkiyyətdə payın ayrılmasının sonuncu mərhələsi olan əmlakın açıq hərracdan satılaraq bölünməsini tələb etmişdir. Halbuki, bu tələbi irəli sürmək üçün ümumi əmlakdan payın ayrılmasının əvvəlki mərhələləri yerinə yetirilməli idi, onlar mümkün olmadığı təqdirdə hazırki tələblə iddiaçı məhkəməyə müraciət etməli idi. İşin hallarından isə iddiaçının Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində nəzərdə tutulmuş qaydalara əməl etməsi müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin oluna bilməz.

27. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

VI. Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan İmişli şəhəri, P.Həsənov küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evinin (əmlakın) hərracdan satılması və satışdan əldə edilən pulun paylara mütənasib surətdə bölünməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar