Məhkəmə qərarları › İş №2(036)-261/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-261/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-261/2021 29.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Fiat Doblo” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 2988 manat sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Vaz 21061” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil PAZ ********** nömrəli şəhadətnamə əsasında 31 may 2017-ci il tarixdən 31 may 2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh 14 iyul 2017-ci il tarixdə saat 16:30 radələrində İmişli şəhəri, Q.İsmayılzadə küçəsi ilə sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 21061” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, nəticədə “Fiat Doblo” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 2988 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə AR DİN İmişli RPŞ-nin DYPB-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh barəsində KYP 676875 nömrəli protokol tərtib olunmuş və İmişli rayon məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 3(036)-480/2017 saylı qərarı ilə Cavabdeh barəsində İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. “Fiat Doblo” **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı F.S. İlqar Zeynalov tərəfindən 2988 manat məbləğində müəyyən edilmişdir. “Azsığorta ASC tərəfindən avtomobilə dəymiş zərər 2988 manat məbləğində pul vəsaiti zərəçəkənin bank hesabına ödənilmişdir. Lakin cavabdeh bu məbləği "xxxx" ASC Sığorta şirkətinin hesabına ödəməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə verərək mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarında olan icbari sığorta aktından görünür ki, “Vaz 21061” markalı, **- HL-*** dövlət qeydiyyat nömrəli avtomobil "xxxx" ASC Sığorta Şirkətində icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsinin X3 İdarəsi tərəfindən tərtib edilmiş KYP 676875 nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, Cavabdeh idarə etdiyi “Vaz 21061” markalı, **-HL-*** dövlət nömrə nişanlı avtomobillə “Fiat Doblo” markalı, **-LA-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuşdur. Cavabdeh hadisənin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İmişli rayon məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 3(036)-480/2017 saylı qərarının surətindən görünür ki, Cavabdeh barəsində İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan zərər aktından görünür ki, “Fiat Doblo” markalı, **-LA-*** dövlət nömrə nişanlı avtomobilə 2988 manat məbləğində maddi zərər vurulmuşdur. İş materiallarında olan sığorta aktından və ödəniş tapşırığından görünür ki, “Fiat Doblo” markalı, **-LA-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 2988 manat məbləğində pul "xxxx" ASC Sığorta Şirkəti tərəfindən zərərçəkən X2 oğluna ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin səxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci madəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Аzərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan “Fiat Doblo” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 2988 manat sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu, cəmi 3018 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC Sığorta Şirkətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Fiat Doblo” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 2988 manat sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu, cəmi 3018 (üç min on səkkiz) manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC Sığorta Şirkətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi andan 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar