Məhkəmə qərarları › İş №2(036)-30/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-30/2024

23.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-30/2024 23.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və X1 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların naturada ayrılması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 10 saylı qərarı ilə İmişli rayonu, Qaragüvəndikli kəndində ümummi birgə mülkiyyətə verilmiş 5.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payların naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarına əsasən tərəflərin mülkiyyətinə İmişli rayonu, Qaragüvəndikli kəndində kənd təsərrüfatı təyinatlı 5.81 ha torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN 0123 kod 90700068 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Hazırda torpaq sahəsi ilə bağlı cavabdehlərlə aralarında mübahisə yaranmış və sonuncular onların torpaq sahəsindən istifadəsinə maneə törədir. Mübahisənin məhkəmədən kənar həlli üçün çalışsalar da bu heç bir nəticə verməmişdir.

3. JN 0123 kod 90700068 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İmişli rayonu, Qaragüvəndikli kəndində yerləşən, 5.81 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi olaraq İddiaçı1, X2, Cavabdeh1, X3, İddiaçı3 və İddiaçı2 göstərilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/9762 saylı məhkəmə mühəndis texniki ekspertizasının rəyi ilə müəyyən olur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-12 kodlu, 90700068 nömrəli Dövlət Aktına əsasən İmişli rayonu, Qaragüvəndikli kənd sakini İddiaçı1 və digərlərinə məxsus 5.81 ha torpaq sahəsinin 6 nəfərdən ibarət torpaq mülkiyyətçilərinin hər birinə çatası payların bərabər hissədə, hər birinə 0.9683 ha olmaqla naturada ayrılması mümkündür. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri

5. Cavabdeh tərəfin iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İddiaçılar İddiaçı1 və İddiaçı3 Məhərəm oğlu iddianı müdafiə edərək təmin olunmasını xahiş etdiər.

7. Cavabdeh1 iddianı qəbul edərək təmin olunmasına etirazı olmadığını bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

8. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

9. Maddə 29. Hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

11. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

12. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

13. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

14. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

15. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

16. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

17. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

24. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

25. Belə ki, iş materialları ilə müəyyən olur ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarına əsasən İddiaçı1, X2, Cavabdeh1, X3, İddiaçı3 və İddiaçı2 mülkiyyətinə İmişli rayonu, Qaragüvəndikli kəndində kənd təsərrüfatı təyinatlı 5.81 ha torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN 0123 kod 90700068 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Bu barədə onlara JN 0123 kod 90700068 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Hazırda torpaq sahəsi ilə bağlı cavabdehlərlə aralarında mübahisə yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/9762 saylı məhkəmə mühəndis texniki ekspertizasının rəyi ilə müəyyən olur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-12 kodlu, 90700068 nömrəli Dövlət Aktına əsasən İmişli rayonu, Qaragüvəndikli kənd sakini İddiaçı1 və digərlərinə məxsus 5.81 ha torpaq sahəsinin 6 nəfərdən ibarət torpaq mülkiyyətçilərinin hər birinə çatası payların bərabər hissədə, hər birinə 0.9683 ha olmaqla naturada ayrılması mümkündür.

26. Qanunvericiliyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

27. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

28. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

29. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

30. Mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

34. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

35. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

36. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməli və JN 0123 kod 90700068 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı əsasında İmişli rayon Aqrar İslahat Komissiyasının 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarına əsasən İddiaçı1, X2, Cavabdeh1, X3, İddiaçı3, İddiaçı2 ayrılmış 5.81 ha həyətyanı torpaq sahəsindən torpaq mülkiyyətçilərinin hər birinə çatası payların bərabər hissədə, hər birinə 0.9683 ha olmaqla naturada ayrılıb verilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və X1 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların naturada ayrılması tələbinə dair mülki iş üzrə iddiası təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 0123 kod 90700068 saylı Dövlət Aktı əsasında İmişli rayon Aqrar İslahat Komissiyasının 06 sentyabr 2001-ci il tarixli, 10 saylı qərarına əsasən İddiaçı1, X2, Cavabdeh1, X3, İddiaçı3 və İddiaçı2 ayrılmış 5.81 ha həyətyanı torpaq sahəsindən torpaq mülkiyyətçilərinin hər birinə çatası pay bərabər hissədə, hər birinə 0.9683 ha olmaqla naturada ayrılıb verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar