Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-38/2024 13.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki mübahisə (açar sözlər: mülkiyyət hüququ, torpaq sahəsindən çıxarılma) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan İmişli rayonu, Kürdmahmudlu kəndi ərazisində yerləşən 1,41 ha torpaq sahəsindən çıxarılması və 32000 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan İmişli rayonu, Kürdmahmudlu kəndi ərazisində yerləşən 1,41 ha torpaq sahəsindən çıxarılması və 32000 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 2004-cü i 21 may tarixli 05 saylı qərarı ilə iddiaçıya Kürdmahmudlu kənd ərazisindən 1.41 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. Lakin, 2005-ci ildən etibarən cavabdeh İmişli rayon Aqrar İslahat Komissiyasının 2004-cü il 21 may tarixli 05 saylı qərarı ilə iddiaçıya Kürdmahmudlu kənd ərazisindən verilmiş 1.41 ha torpaq sahəsini zəbt edərək bugünədək əkib becərir istifadə edir. Bu müddət ərzində iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan 1.41 ha torpaq sahəsindən istifadə edə bilməmiş,heç bir gəlir götürə bilməmişdir. Mükiyyət hüququ ilə iddiaçıya məxsus olan 1.41 ha torpaq sahəsinin cavabdeh tərəfindən 2005-ci ildən bu günədək zəbt olunması faktı İmişli rayon X3 Mərkəzinin nümayəndəsinin və X2 və ərazi nümayəndəsinin iştirakı ilə tərtib olunmuş aktlarda təsdiq olunur. Əgər cavabdeh mükiyyət hüququ ilə iddiaçıya məxsus olanı 1.41 ha torpaq sahəsini zəbt etməsəydi 2005ci ildən 2022-ci ilədək olan müddət ərzində hər il növbəli əkin (yonca, arpa və s.) əkməklə həmin torpaq sahəsindən hər il ən aşağı olmaq şərtilə 2000 manat gəlir götürə biləcəkdir ki, 16 il ərzində 32000 manat gəlir götürmək mümkün idi. Lakin cavabdehin qanunsuz hərəkətləri iddiaçıya həmin torpaq sahəsindən 16 il ərzində 32000 manat gəlir götürmək imkanından məhrum etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
9. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. JN-0196 saylı 90716028 kodlu Dövlət aktından görünür ki, İmişli rayonu, Kürdmahmudlu kəndində yerləşən 1,41 ha torpaq sahəsi iddiaçının və qeyrilərinin adına qeydiyyata alınmışdır.
11. JN-193 saylı 90716028 kodlu Dövlət aktından görünür ki, İmişli rayonu, Kürdmahmudlu kəndində yerləşən 1,66 ha torpaq sahəsi cavabdehin və qeyrilərinin adına qeydiyyata alınmışdır.
12. İmişli rayonu Xəlfəli Bələdiyyəsi və İmişli Rayon İcra Hakimiyyəti başçısının Xəlfəli, Kürdmahmudlu və Hacalmuradlı kəndləri üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, cavabdeh iddiaçıya məxsus 1,41 ha torpaq sahəsi 2005-ci ildən hal-hazıra kimi zəbt edərək istifadə edir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2633 nömrəli ekspert rəyindən görünür ki, JN 0196 saylı Dövlət Aktına əsasən 196 saylı planda sərhədləri göstərilmiş İmişli rayonu, Kürdmahmudlu kəndində yerləşən 1.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. JN 0194 saylı Dövlət Aktına əsasən 194 saylı planda sərhədləri göstərilmiş İmişli rayonu, Kürdmahmudlu kəndində yerləşən 1.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Mübahisəli torpaq sahəsi JN 0196 saylı Dövlət aktına əsasən 196 saylı planda sərhədləri göstərilmiş İmişli rayonu Kürdmahmudlu kəndində yerləşən 1.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.82 ha hissəsinə aiddir.
14. Məhkəmə hesab edir ki, iddiaçının bu iddiası onun qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının müdafiəsindən irəli gəlir.
15. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkivyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
17. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
18. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
19. Həmçinin məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülkiyyət hüququnun ümum bəşəri dəyərlər sırasında olması qəbul edilmiş bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmışdır.
20. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «lnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı protokolunun l-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».
21. «İnsan hüquqları haqqında Ümumi Bəyunnamə»nin 17-ci maddəsinə əsasən, hər bır insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
22. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlarda "mülkiyyət" hüquqları sayıla bilər,
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.
24. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.
25. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1 -ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
26. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh, iddiaçıya məxsus 1,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,82 ha hissəsini özbaşına zəbt etməklə qanunsuz sahibliyinə keçirmiş və oradan istifadə edir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələrinin tələblərinə əsasən iddiaçıya məxsus 1,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz sahibliyə keçirilmiş 0,82 ha hissəsi iddiaçıya geri qaytarılmaqla iddia qismən təmin edilməlidir.
27. Məhkəmə iddia tələbinin 32000 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə hesab edir ki, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin oluna bilməz.
28. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh iddiaçının mülkiyyətində olan İmişli rayonu, Kürdmahmudlu kəndi ərazisində yerləşən 1,41 ha torpaq sahəsinin 0,82 ha hissəsindən çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir.
29. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği cavabdehdən, qalan 25 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
VI. Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan İmişli rayonu, Kürdmahmudlu kəndi ərazisində yerləşən 1,41 ha torpaq sahəsinin 0,82 ha hissəsindən çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 186 manat dövlət rüsumunun 93 manat məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan 93 manat məbləği İddiaçı aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği Cavabdeh, qalan 25 manat məbləği İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev