Məhkəmə qərarları › İş №2(036)-38/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-38/2025

03.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-38/2025 03.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarazadə Ənvər Samiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Maşalla qızı, Cavabdeh4 Maşalla oğluna qarşı «torpaq mübahisələri, torpaq sahəsinin bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Maşalla qızı, Cavabdeh4 Maşalla oğluna qarşı «torpaq mübahisələri, torpaq sahəsinin bölünməsi» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Aqrar İslahat Komisiyasının 18 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə birgə paylı mülkiyyətlərində olan İmişli rayonu Xoşçobanlı kəndində yerləşən 0.57 ha Həyətyanı torpaq sahəsindən payının müəyyən edilməsi və naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki , İmişli Rayon Aqrar İslahat Komisiyasının 18 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə onların mülkiyətinə fərdi yaşayış evi, həyətyanı sahə və sair məqsədlər üçün 0.57 ha torpaq sahəsi verilmişdir. Bu barədə Torpağa mülkiyyət hüququna dair JN102A kod 90713028 nömrəli Şəhadətnamə verilmişdir. Hazırda cavabdehlərlə aralarında ümumi birgə torpaq sahəsi ilə bağlı mübahisə yaranmışdır. Belə ki, o ümumi birgə mülkiyyətlərində olan 057 hektar həyətyanı torpaq sahəsindən öz payına düşən hissəsini razılıqla ayırmaq istəyir, cavabdehlər buna imkan vermir və nəticədə o torpaq payımdan istifadə edə bilmir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 102A seriyalı 90713028 nömrəli şəhadətnamənin surətindən görünür ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə 0.57 ha torpaq sahəsi Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh5, X5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10, Cavabdeh9, X6, Əmirov Elman Vəkil oğlu, Əmirov Telman Vəkil oğluna ayrılmışdır. İddiaçı hazırki iddia tələbi Cavabdeh1, X3, X2, Cavabdeh4, Cavabdeh5, X5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10, Cavabdeh9, X4, Əmirov Elman Vəkil oğluna, Əmirov Telman Vəkil oğlunun hamısına qarşı yönəlsə də, iddia ərizəsində cavabdeh qismində yalnız Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 göstərilmişdir. Bunlardan da Cavabdeh2 torpaqayırma sənədində olan X7 olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddia ərizəsində cavabdeh qismində gösətərilən şəxslərin eyniləşdirmə məlumatları da qeyd edilməmişdir. İddia ərizəsində cavabdehlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq tam və dəqiq məlumatlar göstərilməmişdir. Belə ki, cavabdehlərin şəxsiyyət vəsiqələrinə dair məlumatlar, o cümlədən FİN kodları, yaşayış ünvanları və əlaqə vasitələri iddia ərizəsində tam əks etdirilməmişdir. Bununla da, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl edilməmişdir. İddiaçıya için araşdırmasına mane olan nöqsanların aradan qaldırılması üçün vaxt verilsə də, həmin nöqsanlar iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1- 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Bundan əlavə, məhkəmə iclası zamanı iddiaçı tərəf qeyd olunan nöqsanların iclas zamanı aradan qaldırılmasının mümkün olmadığını, iddia tələbinə hazırki iddia ərizəsi çərçivəsində baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12 –ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikasının MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən yuxarıda qeyd edilən nöqsanlar məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə iddiaçı tərəfindən aradan qaldırılmadığından ərizə baxılmamış saxlanılmalı və iddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Maşalla qızı, Cavabdeh4 Maşalla oğluna qarşı «torpaq mübahisələri, torpaq sahəsinin bölünməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mahmud Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar