Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-53/2025 13.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “paylı mülkiyyətdə olan əmlakın bölünməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: paylı mülkiyyətdə olan əmlakın bölünməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı2, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddiaçılara və cavabdehlərə birgə mülkiyyətlərinə İmişli rayonunun Qaralar kəndində Torpağa mülkiyyət hüququna dair JN479 KOD 90709038 nömrəli Dövlət Aktı ilə verilmiş 4,11 ha çöl pay torpaq sahəsindən iddiaçıların paylarının naturada müəyyən edilib ayrılaraq iddiaçılara verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçılar cavabdehlərə qarşı iddiaçılara və cavabdehlərə birgə mülkiyyətlərinə İmişli rayonunun Qaralar kəndində Torpağa mülkiyyət hüququna dair JN479 KOD 90709038 nömrəli Dövlət Aktı ilə verilmiş 4,11 ha çöl pay torpaq sahəsindən iddiaçıların paylarının naturada müəyyən edilib ayrılaraq iddiaçılara verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatı zamanı ailə üzvlərinə, iddiaçılara və ataları Cavabdeh1, anaları Cavabdeh2, bacıları Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və qardaşları Cavabdeh6 İmişli rayonunun Qaralar kəndində Torpağa mülkiyyət hüququna dair JN-479 kod 90709038 nömrəli Dövlət aktı ilə 4,11 ha çöl pay torpaq sahəsi verilmişdir Sonradan iddiaçılar İmişli şəhərində yaşayan 2 qardaşla ailə qurmuşlar və birgə yaşayırlar. Həmin vaxtdan torpaq sahələrindən cavabdehlər istifadə edirlər. Cavabdehlər iddiaçılara islahat zamanı ayrılmış torpaq paylarını vermirlər, onları torpaq sahələrinə buraxmırlar. İddiaçılar aidiyyəti orqanlara müraciət etmişlər, onlara deyirlər ki, torpaq payının ayrılıb verilməsi üçün məhkəməyə müraciət edilməlidir. “Torpaq islahatı haqqında” Qanunun tələblərinə əsasən iddiaçılar da qanuni sənədlə ailələrinə verilmiş birgə mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçisidirlər və islahat zamanı adambaşına torpaq payı nəzərdə tutulmuşdur. Ona görə də birgə mülkiyyətdə olan ümumi torpaq sahəsindəki paylarına, yəni torpaq sahəsinin 2/8 hissəsinə mülkiyyət hüquqları vardır. Göstərilənlərə əsasən iddiaçıların birgə mülkiyyətdə olan torpaq sahəsindəki paylarının müəyyən edilib naturada ayrılıb iddiaçılara verilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. JN-479 kod 90709038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, İmişli rayon Aqrar islahat Komissiyasının xx.xx.1999-cu il tarixli 11 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün iddiaçılar Rüstəmova (Mehdiyeva) Aygün Valeh qızına, Rüstəmova (Mehdiyeva) Kamalə Valeh qızına, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İmişli rayonu, Qaralar kəndində yerləşən 4,11 ha torpaq sahəsi pay verilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08.01.202-ci il tarixli 10/8731 nömrəli mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN 479 KOD 90709038 nömrəli Dövlət Aktı ilə verilmiş İmişli rayonunun Qaralar kəndində yerləşən 4.11 ha torpaq sahəsinin naturada mülkiyyətçilər arasında paylara bölünməsi mümkündür. “Torpağa mülkiyyət hüququna dair” JN 479 KOD 90709038 nömrəli Dövlət aktında adları göstərilən şəxslərin o cümlədən, qərardadda adları qeyd olunan İddiaçı2 və X2 ayrılması nəzərdə tutulan pay torpaqları adam başına düşən orta torpaq norması əsasında (4.11 ha : 8 = 0.5138 ha) naturada müəyyən edilmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə xx.xx.2024-cü il tarixli, 3-21-3-45/2-6539/2024 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində göstərilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair" JN 479 KOD 90709038 nömrəli Dövlət Aktı ilə verilmiş İmişli rayonunun Qaralar kəndində yerləşən 4.11 ha torpaq sahəsinin naturada mülkiyyətçilər arasında paylara bölünməsi mümkündür. "Torpağa mülkiyyət hüququna dair" JN 479 KOD 90709038 nömrəli Dövlət aktında adları göstərilən şəxslərin o cümlədən, qərardadda adları qeyd olunan İddiaçı2 və X2 ayrılması nəzərdə tutulan pay torpaqları adam başına düşən orta torpaq norması əsasında (4.11 ha:8= 0.5138 ha) naturada müəyyən edilmişdir.
13. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar.
14. Həmçinin, ayrılmaq istəyən mülkiyyətçinin payının naturada ayrılması mümkündürsə, onun payının kompensasiya edilməsinə və paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasına ehtiyac qalmır.
15. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçıların və cavabdehlərin ümumi paylı mülkiyyətində olan torpaq sahələrindən iddiaçılara və cavabdehlərə düşən payların naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis rəyi və ekspert rəyi alınmış və rəylərlə tədqiqata məruz qalmış torpaq sahələrindən iddiaçıların və cavabdehlərin paylarının naturada bölünməsinin mümkünlüyü göstərilmiş, eyni zamanda bununla bağlı bölgü planı (sxemi) məhkəməyə təqdim edilmişdir. Mütəxəssis tərəfindən təklif olunan qaydada (sxemlərə əsasən) torpaq sahələrinin ayrılmasına iddiaçılar etiraz etməmişlər.
16. Məhkəmə reallığı və mövcud vəziyyəti, eləcə də işin hallarını nəzərə alaraq hesab edir ki, JN-479 kod 90709038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə verilmiş 4,11 ha torpaq sahəsindən İddiaçı2 0,5138 ha və İddiaçı1 0,5138 ha payları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilməsi daha ədalətli, qanuni və məqsədəmüvafiqdir. Belə bölgü, iddiaçıların və cavabdehlərin mənafeyinə xələl yetirmir və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla tərəflərin qanunla qorunan hüquqlarına toxunmur və tərəflərin hüquqi mənafeyinə uyğundur.
17. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
18. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
VI. Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı2, İddiaçı1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4nın, Cavabdeh5 və Cavabdeh6 birgə mülkiyyətlərinə İmişli rayonunun Qaralar kəndində Torpağa mülkiyyət hüququna dair JN479 KOD 90709038 nömrəli Dövlət Aktı ilə verilmiş 4,11 ha çöl pay torpaq sahəsindən İddiaçı2 0,5138 ha və İddiaçı1 0,5138 ha torpaq sahəsi payları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən tərtib olunmuş bölgü planına uyğun şəkildə və ölçüdə naturada ayrılaraq onlara verilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev