Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1004/2021 24.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 24 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iki baş ana inək və iki baş bala dananın və ya həmin heyvanların, inəklərin hər biri 1000 manat olmaqla 2000 manat, danaların hər biri isə 400 manat olmaqla 800 manat, ümumilikdə 2800 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə dəqiqləşdirmə barədə ərizə verərək Cavabdeh iki baş ana inəyin hər birinin dəyəri 1000 manat olmaqla cəmi 2000 manat və iki baş bala dananın hər birinin dəyəri 400 manat olmaqla cəmi 800 manat, ümumilikdə 2800 manat pul və 30 manat dövlət rüsumu məbləği alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehi 2020-ci ilin avqusta ayından tanıyır. 2021-ci ilin yanvar ayının əvvəllərində cavabdeh Mustafa adlı alıcını onun yanına gətirərək satmaq istədiyi inəyi almaq istədiklərini bildirmiş, ilk olaraq inəyin dəyərini 3000 manata qiymətləndirmiş, Mustafa isə 2700 manata satmasını təklif etdikdə bununla razılaşmışlar. Həmin gün Mustafa ilə cavabdeh Saslan evə gedərək məsləhətləşdikdən sonra ona məlumat verəcəklərini bildirərək getmişlər. Təxminən bir həftə sonra cavabdeh ona zəng edərək, inəyi almayacaqlarını, lakin həmin inəyi ona verməsini və qarşılığında üç baş boğaz olan yerli düyə ilə dəyişmək istədiyini bildirmişdir. Cavabdehin təklifi ilə razılaşaraq 25 yanvar 2021-ci il tarixdə inəyi aparmış və 18 gün sonra, yəni 13 fevral 2021-ci il tarixədək bir neçə arıq mal gətirmişdir. Həmin heyvanlardan bir baş dana digərlərindən yaxşı olduğu üçün onu qəbul etmiş və cavabdehə belə mallar gətirəcəyi təqdirdə ona verdiyi inəyi qaytaracağını bildirmişdir. Cavabdeh ona inəyini Şəmkir rayonuna satdığına görə qaytara bilməyəcəkdir. Beləliklə həmin vaxtdan cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərərək onun mallarını verməkdən imtina etmişdir. Hazırda həmin malların dəyəri ümumilikdə 2800 manat təşkil edir. Ona görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, Qəbələ rayonu, Bunud kəndində yaşayır. İddiaçı qonşusudur. Cavabdeh qonşu kənd sakini kimi tanıyır. O, iddiaçının yanına tez-tez gedib gəlmişdir. İddiaçı ilə cavabdeh arasında heyvanların dəyişdirilməsi ilə bağlı razılaşma olmuşdur. Razılaşmaya əsasən iddiaçı cavabdehə iki baş ana inək və iki baş bala dana vermiş, cavabdeh isə qarşılığında üç baş boğaz olan yerli düyə verəcəyini bildirmişdir. İddiaçı razılaşmaya əsasən heyvanları cavabdehə vermiş, əvəzində isə cavabdehin gətirdiyi bir neçə arıq malın içərisindən bir baş dananı götürmüş, digər heyvanalrı isə qəbul etməmişdir. Cavabdeh heyvanları apararkən iddiaçının yanında olmuş və heyvanların aparılmasını görmüşdür. Cavabdeh iddiaçıdan aldığı heyvanların əvəzində verməli olduğu iki baş heyvanı vermədiyindən iddiaçı ilə birlikdə bir neçə dəfə cavabdehin yaşadığı evə getmişlər. Məhkəmə iddiaçının və şahidin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdehə sözügedən inəyi digər heyvanlarla dəyişdirilməsi üçün verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının və şahidin izahatının müqayisəli təhlili nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı ümumi dəyəri 2800 manat olan, bir baş inəyi 4 baş digər heyvanlarla dəyişdirilməsi üçün cavabdehə vermişdir. Cavabdeh isə həmin heyvanları verəcəyini öhdəsinə götürmüş, lakin verməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindı göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş dəyişdirmə müqaviləsinə əsasən tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı 2800 manat dəyərində bir baş inəyi cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış dörd baş düyənin iddiaçıya verilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 662.1-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 662.2-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 662.3-cü maddəsinə əsasən dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh iki baş ana inək və iki baş bala dananın və ya həmin heyvanların, inəklərin hər biri 1000 manat olmaqla 2000 manat, danaların hər biri isə 400 manat olmaqla 800 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2830 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-253-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh iki baş ana inəyin hər birinin dəyəri 1000 manat olmaqla cəmi 2000 manat və iki baş bala dananın hər birinin dəyəri 400 manat olmaqla cəmi 800 manat, ümumilikdə 2800 manat pul və 30 manat dövlət rüsumu məbləği alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1004/2021
İsmayıllı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(037)-1004/2021
24.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver