Məhkəmə qərarları › İş №2(037)-1015/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1015/2023

04.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1015/2023 04.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 04 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2970 manat pulun və 50 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Mingəçevir şəhərində yaşayır. Cavabdeh uzun müddətdir tanıyır və aralarında yaxşı münasibət olmuşdur. O,dəniz məhsullarının satışı ilə məşğul olur və Cavabdeh ondan sözügedən məhsulların alıcısıdır.Belə ki,Cavabdehla 2020-ci ildən işgüzar münasibətlərə girsələr də sonradan münasibətləri pozulmuşdur. 2021-ci ildən başlayaraq pulu ödəməməyə və gecikdirməyə başlamışdır. Sözügedən müddət ərzində cavabdehin ona ümumilikdə cəmi 2970 manat borcu qalmışdır. Bununla əlaqədar yetərincə sübutu vardır. Cavabdeh ona borclu olduğu pulu qaytarmaqdan imtina edir. O, sözügedən məbləğdə olan məhsulları cavabdehə inandığı üçün versə də hazırda pulunu ala bilmir. Cavabdehə dəfələrlə borclu olduğu pulu qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh onu aldadaraq borclu olduğu pulu qaytarmır.Müxtəlif bəhanələrlə yalnız müddət uzadır.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli xəbərnamə qəbzindən görünür ki, 01 sentyabr 2023-cü il tarixli xəbərnamə qəbzi 13 sentyabr 2023-cü il tarixdə Cavabdeh qeydiyyatda olduğu və yaşadığı İsmayıllı şəhəri,Şəhriyar küçəsi ev 22 ünvanında şəxsən imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, 08 iyun 2023-cü il tarixdə Cavabdeh tərəfindən Mingəçevir şəhər polis şöbəsində yazdığı izahatdan görünür ki, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Nicat Mustafayev tərəfindən İsmayıllı şəhər sakini Cavabdeh izahatı alınmış, Cavabdeh izahatında Mingəçevir şəhər sakini İddiaçı 2019-cu ildən tanıdığını, aralarında ədavət və düşmənçiliklərinin olmadığını, birlikdə balıq məhsullarının alğı-satqısında fəaliyyət göstərdiklərini, Elşən Əsgərliyə 1700 manat borcu olduğunu və həmin borcu yaxın vaxtlarda hissə-hissə ödəyəcəyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş, “wattsapp” yazışmalarından görünür ki, tərəflər arasında pulun verilməsi ilə bağlı müxtəlif məzmunlu yazışmalar olmuşdur. İş materiallarına əlavə edilmiş qeydiyyat kitabından çıxarışlarda Asəf 2260m,Noruz xx.xx.2022-ci il 180 m və 130 m, elsan abi 359 m və Anar 435 m qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər dəniz məhsullarının satışını həyata keçirdikləri dövrdə cavabdeh iddiaçıdan nisyə dəniz məhsulları almışdır. Cavabdeh izahatında iddiaçıya 1700 manat borcu olduğunu və həmin borcu sonuncuya hissə-hissə qaytaracağını qeyd etmişdir. Bu hal işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçıya olan 1700 manat borcunu hazırkı vaxtadək qaytarmamışdır. Məhkəmə iddiaçının cavabdehdən 2970 manat pul barədə tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı iddia ərizəsində 2020-ci ildən başlayaraq cavabdehlə dəniz məhsullarının satışı ilə məşğul olmaq üçün işgüzar münasibətlərə girdiklərini, cavabdehin ondan dəniz məhsullarını nisyə aldığını, 2021-ci ildən başlayaraq cavabdehin pulu ödəməməyə və gecikdirməyə başladığını, sözügedən müddət ərzində cavabdehin ona ümumilikdə cəmi 2970 manat borcu qaldığını qeyd etmişdir. Cavabdeh izahatında İddiaçı 2019-cu ildən tanıdığını,aralarında ədavət və düşmənçiliklərinin olmadığını, birlikdə balıq məhsullarının alğı-satqısında fəaliyyət göstərdiklərini, Elşən Əsgərliyə 1700 manat borcu olduğunu və həmin borcu yaxın vaxtlarda hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “whatsapp” yazışmalarında və qeydiyyat kitabından çıxarışlarda da cavabdehin iddiaçıya borclu olduğu müəyyən edilmiş, lakin həmin borcun iddiaçının iddia etdiyi kimi 2970 manat borca aid olduğu müəyyən edilməmişdir. Tərəflər arasında olan “whatsapp” yazışmalarının və qeydiyyat kitabından çıxarışın mahiyyətindən borcun 2970 manat hissəsinə aid olduğu müəyyən olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir.Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir.Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini,sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür;məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış şifahi nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iddiaçı tərəfin izahatını iş materiallarının müqayisəli təhlili nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı dəniz məhsullarını cavabdehə sonradan dəyərini ödəməklə nisyə vermişdir. Cavabdeh isə həmin məhsulları qəbul edərək bir hissəsini satıb pulunu iddiaçıya ödəmiş,qalan hissəsini isə ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Cavabdeh polis şöbəsində verdiyi izahatında iddiaçıya 1700 manat borcu olduğunu və həmin borcu hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindı göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı dəniz məhsullarını cavabdehin mülkiyyətinə vermiş,cavabdeh isə razılaşdırılmış məbləğin bir qismini ödəmiş, qalan hissəsini isə ödəməyi öhdəsinə götürmüşdür.Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia tələbi qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 manat dövlət rüsumu məbləğinin 37 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 13 manatı isə iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, cavabdeh iddiaçıya 1700 manat borcunun olmasını polis şöbəsində yazdığı izahatında etiraf etsə də, həmin borc məbləğini hazırkı vaxtadək iddiaçıya ödəməkdən yayınır. Belə olan halda cavabdehdən 1700 manat borc və ödənilmiş 37 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1737 manat pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1700 manat pul və 37 manat dövlət rüsumu olmaqla, cəmi 1730 (bir min yeddi yüz otuz) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar