Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1211/2023 18.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 18 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2550 manat maddi ziyan və ödənilmiş 45,50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1365 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək iddia tələbinə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılması qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İsmayıllı rayonu Lahıc qəsəbəsinin ərazisində, yaşayış məntəqələrindən kənarda yerləşən, ona məxsus mövsümi fəaliyyət göstərən "Nurlan" adlanan kafeyə hava xətti ilə çəkilmiş, dövlət və ya ictimai əhəmiyyət daşımayan, hər hansı elektrik şəbəkəsinin balansında olmayan, öz şəxsi vəsaiti hesabına alınıb çəkilmiş aliminium materialdan olmaqla üzəri izolyasiyasız, 4 damarlı, hər damarının diametri 3 millimetr olan, 1 metrinin dəyəri 3 manat təşkil edən, hər biri 500 metr olmaqla, cəmi 1000 metr uzunluğunda 2 xətt elektrik naqillərini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə 02 mart 2023-cü il tarixdə, saat 23:00 radələrində həmin kafenin yaxınlığına gəlib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra elektrik dirəyinə qalxaraq 500 metr uzunluğunda olan həmin aliminum materialdan elektrik naqillərinin birini özü ilə gətirdiyi kəlbətinlə kəsib götürərək yaxınlıqda gizlətmişdir. Cavabdeh 03 mart 2023-cü il tarixdə, saat 23:00 radələrində isə öz cinayətkar niyyətini davam etdirib yenidən həmin kafenin yaxınlığına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra yenidən elektrik dirəyinə qalxaraq 500 metr uzunluğunda olan həmin aliminum materialdan elektrik naqilinin ikincisini özü ilə gətirdiyi kəlbətinlə kəsib götürərək yaxınlıqda gizlətməklə vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talamış və 04 mart 2023 cü il tarixdə taladığı cəmi 1000 metr uzunluğunda həmin elektrik naqillərini qəsəbə ərazisinə gələn istintaqla şəxsiyyəti müəyyən edilməyən metal alışı ilə məşğul olan şəxsə satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da cavabdeh vahid niyyətlə əhatə olunan qəsdlə ona 3000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddələri ilə ittiham verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 1(037)-45/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh 10 mart 2023-cü il tarixdən 12 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 gün müddət ona təyin edilən 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməsi hökm edilmişdir. Həmin cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. İttihama görə həmin təqsirləndirilən şəxs Cavabdeh qəsdlə ona 3000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. O, məhkəməyə 23 may 2023- cü il tarixli ərizə təqdim edərək Cavabdeh tərəfindən oğlurlanmış ona məxsus "Nurlan" adlanan kafeyə çəkilmiş 1000 metr uzunluqda elektrik naqilindən 150 metr hissəsi həmin elektrik naqilindən çəkilib bərpa edilməklə ona dəymiş 450 manat ziyanın ödənildiyini bildirmişdir. Lakin hazırda oğurlanmış digər 850 metr elektrik naqilinə görə ona dəymiş 2550 manat maddi ziyan ödənilməmişdir. Hesab edir ki, maddi ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulduğundan, vurulmuş maddi ziyana görə 2550 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa 45,50 manat məbləğində dövlət rüsumu da cavabdehdən alınaraq ona ödənilməlidir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, o, hazırda işsizdir. İddiaçıya maddi ziyan məbləğini ödəməyə imkanı yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 1(037)-45/2023 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh 10 mart 2023-cü il tarixdən 12 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 gün müddət ona təyin edilən 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. 28 sentyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 45,50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh İsmayıllı rayonu Lahıc qəsəbəsinin ərazisində yerləşən, iddiaçıya məxsus "Nurlan" adlanan kafenin 1000 metr uzunluğunda olan elektrik naqillərini oğurlamışdır. Qeyd edilən əmələ görə cavabdehə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. İsmayıllı Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 1(037)-45/2023 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh 10 mart 2023-cü il tarixdən 12 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 gün müddət ona təyin edilən 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Cavabdehin bu əməli iddiaçıya nəticəsində 2550 manat məbləğində maddi ziyan vurulması faktı məhkəmə iclasında tam sübuta yetirilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 45,50 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2550 manat maddi ziyan və 45,50 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 2595 (iki min beş yüz doxsan beş) manat 50 (əlli) qəpik tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1211/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1211/2023
18.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver