Məhkəmə qərarları › İş №2(037)-1220/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1220/2025

02.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1220/2025 02.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə 02 fevral 2026-cı il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat olmaqla, ümumilikdə 5070 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 4000 manat, hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar 250 manat,ödənilmiş dövlət rüsumu kimi 70 manat olmaqla,ümumilikdə 5320 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Cavabdeh zəng edərək iş yerinə gəlməsini xahiş etmiş, təxminən 5 dəqiqədən sonra sonuncu iş yerinə gəlmişdir. O, iş yerində cavabdehdən hansı əsasla onun səs yazısını qeydə aldığını soruşmuş və təcili olaraq telefonunda olan səs yazılarını silməsini sonuncudan tələb etmişdir. Cavabdeh isə onun polis barəsində dediyi səsləri yazdığını və həm polisə həm də prokurorluğa göndərdiyini bildirmişdir. Bundan sonra o cavabdehin əlindən “Samsung” markalı mobil telefonu alaraq səs yazılarını silmək istəmişdir. O, cavabdehdən mobil telefonu aldıqdan sonra sonuncu bir azdan qayıdıb mobil telefonu ondan tələb etmiş və sonra yenidən üçüncü dəfə mobil telefonu ondan istəmiş, o isə həmin mobil telefonu cavabdehin üstünə atmışdır. Bu zaman cavabdeh ona hücum edərək əli ilə onun burun nahiyyəsinə sillə vurmuşdur. Bu zaman onun gözündə olan eynək sınaraq iki qaşının arasını və burnunun sağ tərəfini sıyırmışdır. Bu zaman aldığı xəsarətlər nəticəsində üz nahiyyəsindən qan gəlməyə başlamış və özünü itirmişdir. Bundan sonra həm həkimə, həm də AR DİN-nin 102 qaynar xətt xidmətinə müraciət etmişdir. Müraciəti əsasında müvafiq araşdırmalar aparılmış və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin polis kapitanı Həşdər Əmrahov tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və cavabdehin əməlində AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib hissəsi olduğu üçün onun barəsində inzibati xəta haqqında iş ayrılaraq aidiyyəti üzrə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə göndərilmişdir. Yəni cavabdehin əməlində inzibati xətanın tərkib hissəsinin olması və ona qarşı belə bir əməli törətməsi öz təsdiqini tapmışdır. Qeyd etmək istəyir ki, cavabdehin qanuna zidd əməli nəticəsində ona həm maddi və həm də mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehin onu döyməsi nəticəsində eynəyinin sındığı üçün onun alınmasına və həmçinin özünün müalicə almağına xeyli vəsait sərf olunmuşdur. Cavabdehin onu döyməsi nəticəsində ona vurulmuş mənəvi ziyan isə daha çoxdur. Bu hadisədən sonra o xeyli müddət mənəvi stress və əzab çəkmiş və əsəb sistemi korlanmışdır. O, hüquqlarının müdafiəsi ilə əlaqədar vəkillə hüquqi xidmət barəsində müqavilə bağlamış və bununla əlaqədar vəkilə 250 manat müqavilə haqqı ödəmişdir. Hesab edir ki, həmin məbləğ də cavabdehdən tutularaq ona ödənilməlidir. Ona görə də cavabdehdən maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 4000 manat, hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar 250 manat, ödənilmiş dövlət rüsumu kimi 70 manat olmaqla, ümumilikdə 5320 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir və hazırkı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil təmsil etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil sonuncu məhkəmə iclasına gəlməmiş, elektron qaydada ərizə göndərərək məhkəmə iclasını iştirakı olmadan keçirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilıməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat vermiş və əlavə olaraq göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Cavabdeh zəng edərək iş yerinə gəlməsini xahiş etmiş və təxminən 5 dəqiqədən sonra cavabdeh iddiaçının iş yerinə gəlmişdir. İddiaçı iş yerində cavabdehdən hansı əsasla onun səs yazısını qeydə aldığını soruşmuş və təcili olaraq telefonunda olan səs yazılarını silməsini ondan tələb etmişdir. Cavabdeh isə iddiaçıya polis barəsində dediyi səsləri yazdığını və həm polisə həm də prokurorluğa göndərdiyini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehin əlindən “Samsung” markalı mobil telefonu alaraq səs yazılarını silmək istəmişdir.İddiaçı cavabdehdən mobil telefonu aldıqdan sonra sonuncu iki dəfə mobil telefonu iddiaçıdan tələb etmiş və sonra yenidən üçüncü dəfə mobil telefonu iddiaçıdan istəmiş, iddiaçı isə həmin mobil telefonu cavabdehin üstünə atmışdır. Bu zaman cavabdeh iddiaçıya hücum edərək əli ilə sonuncunun burun nahiyyəsinə sillə vurmuşdur. Bu zaman iddiaçının gözündə olan eynək sınaraq onun iki qaşının arasını və burnunun sağ tərəfini sıyırmışdır. Aldığı xəsarətlər nəticəsində iddiaçının üz nahiyyəsindən qan gəlməyə başlamış və özünü itirmişdir. Bundan sonra iddiaçı həm həkimə, həm də AR DİNnin 102 qaynar xətt xidmətinə müraciət etmişdir. İddiaçının müraciəti əsasında müvafiq araşdırmalar aparılmış və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin polis kapitanı Həşdər Əmrahov tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və cavabdehin əməlində AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib hissəsi olduğu üçün onun barəsində inzibati xəta haqqında iş ayrılaraq aidiyyəti üzrə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə göndərilmişdir. Yəni cavabdehin əməlində inzibati xətanın tərkib hissəsinin olması və iddiaçıya qarşı belə bir əməli törətməsi öz təsdiqini tapmışdır. Cavabdehin qanuna zidd hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. İddiaçı hüquqlarının müdafiəsi ilə əlaqədar vəkillə hüquq xidməti barəsində müqavilə bağlamış və bununla əlaqədar 250 manat müqavilə haqqı ödəmişdir. Hesab edir ki, həmin məbləğ də cavabdehdən tutulmalıdır. Ona görə də cavabdehdən maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 4000 manat, hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar 250 manat, ödənilmiş dövlət rüsumu kimi 70 manat olmaqla, ümumilikdə 5320 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini tələb edir və hazırkı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, dəftərxana vasitəsilə məhkəməyə teleqram göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Bakı şəhərində yaşayır. Stomatoloq işləyir. İddiaçı onun iş yerinin yanında dərzi işləyir. Əvvəllər Aygünlə münasibətləri yaxşı olmuşdur. Aygün şantaj yolu ilə pul alır. O, İsmayıllıdan olan xanım üçün 1600 manat dəyərində diş düzəltmişdir. Sonradan dişini düzəltdiyi xanım ondan polisə şikayət etmişdir. Təhqiqatçı onu çağıraraq 2000 manat pul istəmişdir. O, təhqiqatçıya pulunun olmadığını bildirmişdir. Aygün ona dedi ki, şantaj yolu ilə polislə birlikdə 5000 pul almışlar. Polis 2000 manatını özündə saxlayıb qalanını ona veribdir. O, Aygünə polisdən pulunu geri almasını bildirmişdir. Sonradan təhqiqatçı Hüseyn adlı şəxs onunla telefon vasitəsilə əlaqə saxlamışdır. O, Hüseyn adlı şəxsə Aygünlə birlikdə gördükləri işlə bağlı əlində səs yazısı olduğunu, həmin səs yazısını prokurorluğa təqdim edəcəyini bildirərək Aygündən aldığı pulu geri qaytarmasını tələb etmişdir. Bundan sonra Hüseyn adlı təhqiqatçı Aygündən aldığı pulu geri qaytarmışdır. X6 danışaraq özünə xəsarət yetirərək ondan şikayətçi olmasını bildirmişdir.Aygün Hüseyinin sözü ilə özünə xəsarət yetirərək onun barəsində polisə şikayət etmişdir. Polis şöbəsində Aygünün onun barəsində olan şikayəti əsasında araşdırma aparılsa da düzgün araşdırma aparılmamışdır. Pols şöbəsində onun şahidlərinin izahatları alınmamışdır. Nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq 300 manat cərimə olunmuşdur. O, Aygünə xəsarət yetirməmiş və ona maddi və mənəvi ziyan vurulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Bakı şəhərində yaşayır. Xalid doktorla birlikdə stomatoloq işləyir. Aygün işlədikləri yerin yanında dərzi işləyir. Bu hadisədə Xalid doktorun heç bir günahı yoxdur. O, həmin vaxt Xalid doktorla bir yerdə olmuşdur. Xalid doktor Aygünə xəsarət yetirməmişdir. Aygün özüözünə xəsarət yetirərək polisə şikayət etmişdir. Belə ki, təhqiqatçı Hüseyn adlı şəxs Aygünə deyib ki, get özünə xəsarət yetir. Aygün də Hüseyinin sözü ilə özünə xəsarət yetirmişdir. Aygünə Xalid doktorun əli dəyməyibdir. Xalid doktorla Aygün arasında olan məsələ düzülüb qoşulma işdir. Xalid doktor pis adam olsa o onunla birlikdə işləməz. Xalid doktorun bu işdə heç bir günahı yoxdur. İş materiallarına əlavə olunan sənədlər və məhkəmədə tədqiq edilən faktlar Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 10 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı DİN-nin 102 xidmətinə müraciəti əsasında HK-1/4919/2023 saylı material əsasında Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən araşdırma aparılmış, araşdırma nəticəsində İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və bu barədə maraqlı tərəflər məlumat verilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh təsirinin tətbiq edilməsi üçün qərarın surətinin Sabunçu RPİ-nin 12-ci PŞnə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PB-nin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN №1861756 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən təqsirli bilinərək barəsində Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PB-nin sahə inspektoru X2 tərəfindən xx.xx.2024-cü il tarixli,MN №1861756 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PB-nin sahə rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN №1571781 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən təqsirli bilinərək barəsində Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PB-nin sahə rəisi X4 tərəfindən xx.xx.2024cü il tarixli, MN №1571781 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli, “PulPal İD” ödəniş sistemi vasitəsilə ödənilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə “PulPal İD” ödəniş sistemi vasitəsilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil kart hesabına 250 manat vəsait ödənilmişdir. xx.xx.2025-ci il tarixli,********** nömrəli mədaxil qəbzindən görünür ki, bank kartı hesabı vasitəsilə İsmayıllı Rayon Məhkəməsinin hesabına 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutların mümkünlüyü baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi,yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi,əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur.Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur.Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. İş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Ona görə də, hazırkı mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin 1000 manat maddi ziyan və 4000 manat mənəvi ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Qeyd edilənə münasibətdə isə məhkəmə iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları mövcud olmayan kimi rədd edə bilər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə şahid ifadəsinə və tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, iddiaçı tərəfindən cavabdehin ona hücum edərək əli ilə onun burun nahiyyəsinə sillə vurması, nəticədə gözündə olan eynəyin sınaraq iki qaşının arasını və burnunun sağ tərəfini sıyırması, bu zaman aldığı xəsarətlər nəticəsində üz nahiyyəsindən qan gəlməyə başlaması, nəticədə özünü itirməsi, cavabdehin qanuna zidd əməli nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəyməsi, cavabdehin onu döyməsi nəticəsində eynəyinin sındığı üçün onun alınmasına və həmçinin özünün müalicə almağına xeyli vəsait sərf olunması, eyni zamanda cavabdehin onu döyməsi nəticəsində xeyli müddət mənəvi stress və əzab çəkməsi və əsəb sisteminin korlanması barədə məhkəməyə hər hansı bir sübut, sənəd təqdim olunmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçının qeyd olunanlar barəsində göstərdikləri ərizəsində qeyd etdiyi izahatdan başqa heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının Hüseyn adlı polis əməkdaşının sözü ilə özünə xəsarət yetirərək barəsində polisə şikayət etdiyi, polis şöbəsində iddiaçının onun barəsində olan şikayəti əsasında araşdırma aparılsa da, düzgün araşdırma aparılmadığı, polis şöbəsində onun şahidlərinin izahatlarının alınmadığı, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq 300 manat cərimə olunduğu, iddiaçıya xəsarət yetirmədiyini və ona maddi və mənəvi ziyan vurulmasına səbəb olmadığı qeyd edilmiş, eyni zamanda cavabdeh tərəfindən qeyd edilənlər əvvəlki məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə təsdiq edilmiş, lakin bütün bunların əksini təsdiq edəcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçının maddi zərər tələbi ilə bağlı gəldiyi qənaətin məntiqi nəticəsi olaraq məhkəmə, mənəvi ziyan tələbini də əsassız hesab edir və bununla bağlı əlavə araşdırılma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Məhkəmə mənəvi zərərin əvəzi olaraq 4000 manat tələb etməsinə gəldikdə məhkəmə bu hissədə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli 20 nömrəli Qərarın əsasən mənəvi zərər dedikdə fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirab başa düşülür. Qərarın 5.2 və 5.3cü bəndlərinə müvafiq olaraq mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.), mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Mənəvi zərərə görə kompensasiya dedikdə isə hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsi kimi başa düşülür. Məhkəmə eyni zamanda qeyd edir ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: - hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, -əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), -şəxsiyyət hüquqlarının pozulması -hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması. Başqa sözlə desək məhkəmələr mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən yuxarıda göstərilən dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır. Sözügedən Qərara əsasən mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən həmin meyarlar əsasında müəyyən edilir. həmçinin məhkəmə bu kateqoriyadan olan işlərə baxarkən zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığına məhkəmə tərəfindən işin diqqətəlayiq bütün faktiki hallarına görə qiymət verilməlidir. Qeyd edilənlərlə yanaşı, Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər-inamsızlıq,narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 250 manat xərcin cavabdehdən tutulması hissəsinə gəlincə hesab edir ki, hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada hüquqi yardıma görə iddiaçı tərəfindən vəkilə ödənilmiş 250 manat məbləği də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada çəkilmiş məhkəmə xərclərinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 70 manat dövlət rüsumu məbləği də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227.2,227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 70 manat dövlət rüsumu məbləği və hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar 250 manat xərc İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar