Məhkəmə qərarları › İş №2(037)-1227/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1227/2023

13.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1227/2023 13.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 13 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən verdiyi 4000 manat və əlavə olaraq maddi ziyan kimi 500 manat – cəmi 4500 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda Abşeron rayonu Məmmədli kəndində yaşayır. Rəsmi qaydada işləmir və fərdi işlə məşğul olaraq dolanır. O, özünə minik avtomobili almaq üçün 17 sentyabr 2023-cü il tarixdə Sumqayıt maşın bazarına gedərək orada cavabdehlə rastlaşmışdır. Cavabdeh ona bildirmişdir ki, 1997-ci il istehsalı, “VAZ” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini satır. Onun inamından sui-istifadə edərək onu inandırmışdır ki, avtomobil tam saz vəziyyətindədir və 4000 manata satır. O, cavabdehə inanaraq avtomobili 4000 manata almışdır. Cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat Ofisində ona 11 ay müddətində baş etibarnamə vermişdir. O, maşın alandan bir gün sonra baxmışdır ki, maşın tam yararsız vəziyyətindədir, elektrik və xodovoy hissələri ümumiyyətlə sıradan çıxmışdır. Həmin vaxt cavabdehə zəng vuraraq maşını qaytarmasını bildirmiş, lakin sonuncu buna razı olmamışdır. O, aldandığını görəndən üç gün sonra, yəni 20 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. 3-cü Polis Bölməsindən ona cavab olaraq məhkəməyə müraciət edilməsi bildirilmişdir. Cavabdeh tərəfindən hüquqları pozulmaqla bərabər külli miqdarda ziyan vurulmuşdur. Maşına verdiyi 4000 manatdan başqa əlavə olaraq ona 500 manat da maddi ziyan dəymişdir. Cavabdehdən verdiyi 4000 manat və əlavə olaraq maddi ziyan kimi 500 manat – cəmi 4500 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçını tanıyır. Ona məxsus “VAZ” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini satmaq məqsədi ilə Sumqayıt maşın bazarına getmişdir. Sumqayıt maşın bazarında iddiaçı ilə rastlaşmış və avtomobilini 4200 manata satmaq istədiyini bildirmişdir. İddiaçı avtomobilə baxış keçirtdikdən sonra almaq qərarına gəlmiş və 4000 manata aralarında razılığa gəlmişlər. İddiaçı avtomobili aldıqdan az müddət sonra ona zəng vuraraq avtomobili qaytarmaq istədiyini bildirmişdir. O, iddiaçıya bildirmişdir ki, 3000 manatı indi, qalan 1000 manatı isə hissə-hissə verə bilər. İddiaçı bununla razılaşmamışdır. Onun satdığı avtomobil tam yararlı vəziyyətdə olmuş və iddiaçı da avtomobili nəzərdən keçirtmişdir. İddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş edir. 25 may 2022-ci il tarixli BD226788 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1997-ci il istehsalı, “VAZ 21093 minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. 17 sentyabr 2023-cü il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən 1997-ci il istehsalı, “VAZ 21093 minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq və ərizə vermək səlahiyyətləri çərçivəsində İddiaçı 11 ay müddətinə etibar edilmişdir. Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin İddiaçı ünvanladığı 26 sentyabr 2023-cü il tarixli 58-3/2-Q-14096 nömrəli məktubdan görünür ki, İddiaçı müraciətində qeyd etdiyi xüsusatların həlli məhkəmələrin səlahiyyətində olduğundan iddia ərizəsi ilə məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Cavabdehin təqdim etdiyi foto-şəkillərdən görünür ki, “VAZ 21093 minik” markalı, **- CC-*** dövlət qeydiyyat nişanlı avtomobil yararlı vəziyyətdədir. 04 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 65 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı cavabdehdən verdiyi 4000 manat və əlavə olaraq maddi ziyan kimi 500 manat – cəmi 4500 manat məbləğində pulun alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir, sözügedən avtomobilin tam yararlı vəziyyətdə olduğunu, iddiaçı avtomobili aldıqda ona baxış keçirtdiyini bildirir və iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş edir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv halı üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddia tələbi təmin edilmədiyindən və iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar