Məhkəmə qərarları › İş №2(037)-132/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-132/2021

01.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-132/2021 01.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar İddiaçı1 (bundan sonra birinci iddiaçı) və İddiaçı2 (bundan sonra ikinci iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1200 manat borcun, 300 manat hüquqi yardım üçün çəkdikləri xərcin və 30 manat dövlət rüsumunun alınıb onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci iddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Ağdaş rayonu Dovutlu kəndində yaşayırlar. 2020-ci ilin noyabr ayında cavabdehlə Ağdaş rayon heyvan bazarında tanış olmuşlar. Cavabdeh bazarda bir baş yanı balalı inəyi 1200 manata onlara satmışdır. Cavabdehlə aralarında yeddi gün ərzində heyvanla bağlı narazılıq olduğu halda geri qaytarmağa dair razılaşma olmuşdur. Yeddi gün ərzində aldıqları heyvanın istədikləri keyfiyyətdə olmadığını gördükdən sonra cavabdehə bu barədə məlumat vermişlər. 2020-ci ilin noyabr ayında cavabdeh yaşadığı Ağdaş rayonu Dovutlu kəndinə gələrək satdığı heyvanı təhvil götürərək aparmışdır. Cavabdeh heyvanı təhvil götürərkən aldığı 1200 manat pulu 2020-ci ilin dekabr ayının 10-dək qaytaracağına söz vermişdir. Ancaq cavabdeh verdiyi sözə əməl etməyərək aldığı pulu qaytarmamışdır. Cavabdehin şəriki Əbülfəz Həşimli ilə birlikdə onu aldadaraq pulunu mənimsəmələri barədə yaşadığı ərazi üzrə polis şöbəsinə müraciət etmiş və müraciəti əsasında Ağdaş Rayon Polis Şöbəsində təhqiqat işi aparılmışdır. Ancaq cavabdeh Ağdaş Rayon Polis Şöbəsinin sahə müvəkkilinə gələcəyini və borcu ödəyəcəyini bildirsə də polis əməkdaşını da aldadaraq borcunu ödəməkdən boyun qaçırmışdır. Onlar verdikləri pulu almaq üçün cavabdehin yaşadığı İsmayıllı rayonu Cülyan kəndinə gələrək onunla görüşmüşlər. Cavabdeh heyvanı özünün satdığını və 1200 manat pulu aldığını təsdiq etsə də aldığı pulu heyvanın sahibi Əbülfəz Həşimliyə verdiyini bildirmişdir. Cavabdehin yanında heyvanın sahibi Əbülfəz Həşimlinin atasına zəng etmişdir. Əbülfəz Həşimlinin atası telefonda oğlunun aldığı 1200 manat pulu bazarda heyvanını satıb qaytaracağını bildirsə də yaşadığı Qaraqaya kəndinə getdikdən sonra oğlu Əbülfəz Həşimlinin əməllərindən bezdiyini bildirməklə pulu qaytarmayacağını bildirmişdir. Cavabdeh aldığı pulu qaytarmadığından məhkəməyə müraciət etmişlər. Məhkəməyə müraciət etmək üçün hüquqi yardıma görə 300 manat və dövlət rüsumu ödəmək üçün 30 manat xərc çəkmişlər. Onlar cavabdehdən 1200 manat borc, 300 manat hüquqi yardım üçün çəkdikləri xərc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1530 manatın alınıb onlara qaytarılmasını tələb edirlər və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İkinci iddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və birinci iddiaçının izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, bazarda heyvan alqı-satqısı ilə məşğuldur. Qaraqaya kənd sakini Əbülfəz Həşimli təsərrüfatında olan bir baş yanı balalı inəyi Ağdaş rayon heyvan bazarında satmağı ondan xahiş etmişdir. Əbülfəz Həşimlinin təsərrüfatında olan bir baş yanı balalı inəyi satmaq üçün Ağdaş rayonundakı heyvan bazarına aparmışdır. Bazarda Ağdaş rayon sakini İddiaçı1 ona yaxınlaşaraq satdığı inəyi almaq istədiyini bildirmişdir. O, İddiaçı1 inəyin qüsuru barədə əvvəlcədən məlumat vermişdir. İddiaçı1 inəyin qüsurunun onun üçün qəbul olmasını bildirməklə inəyi 1200 manata ondan almışdır. İddiaçı1 aldığı 1200 manat pulu heyvanın sahibi Əbülfəz Həşimliyə vermişdir. Əbülfəz Həşimli təsərrüfatında olan inəyi satdığından zəhmət haqqı olaraq ona 20 manat pul vermişdir. Bir müddətdən sonra İddiaçı1 ona zəng edərək inəyin südünün olmamasını səbəb göstərməklə inəyi gəlib aparmağı tələb etmişdir. O, telefonda İddiaçı1 inəyin qüsuru barədə əvvəlcədən məlumat verdiyini bildirməklə heyvanı nə üçün qaytarmasını bildirmişdir. Bundan sonra İddiaçı1 inəyi qaytarmasını bildirməsi barədə Əbülfəz Həşimliyə məlumat vermişdir. Sonradan İddiaçı1 yaşadığı evə gedərək satdığı bir baş yanıbalalı inəyi götürərək sahibi Əbülfəz Həşimliyə təhvil vermişdir. Əbülfəz Həşimli bir neçə dəfə İddiaçı1la əlaqə saxlayaraq qaytardığı heyvanın əvəzində təsəsrrüfatında olan heyvanlardan hər hansı birini seçib götürməsini təklif etsə də İddiaçı1 Əbülfəz Həşimlinin təklifi ilə razılaşmamışdır. İddiaçı1 və oğlu İddiaçı2 ondan satdığı heyvanın dəyəri olan 1200 manat pulu tələb etmələrinə münasibət bildirərək qeyd edir ki, o bazarda heyvanı İddiaçı1 1200 manata sataraq pulunu götürsə də həmin heyvan ona məxsus olmadığından İddiaçı1 aldığı 1200 manat pulu heyvanın sahibi Əbülfəz Həşimliyə vermişdir. Onun iddiaçılara borcu yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, Kənan tanışıdır. Kənan ona məxsus bir baş yanıbalalı inəyi satmaq üçün Ağdaş heyvan bazarına aparmışdır. Kənan inəyin qüsuru barədə əvvəlcədən məlumat verməklə İddiaçı1 1200 manata satmışdır. Sonradan İddiaçı1 Kənana zəng edərək satdığı inəyin südünün olmamasını əsas göstərərək geri qaytarmışdır. O, bir neçə dəfə İddiaçı1 telefonda qaytardığı heyvanın əvəzinə təsərrüfatında olan heyvanlardan hər hansı birinin seçib götürməsini təklif etsə də İddiaçı1 onun təklifi ilə razılaşmamışdır. Hazırda onun İddiaçı1 satdığı inəyin dəyəri olan 1200 manat pulu qaytarmağa imkanı yoxdur. O, İddiaçı1 qaytardığı bir baş yanıbalalı inəyin dəyəri olan 1200 manat pulun əvəzində təsərrüfatında olan heyvanlardan hər hansı birinin seçib götürməsini təklif edir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.4 manat dövlət rüsumu ödəmişdir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh Ağdaş heyvan bazarında bir baş yanıbalalı inəyi 1200 manata iddiaçılara satmışlar. Tərəflər arasında heyvanla bağlı narazılıq olduğu halda geri qaytarmağa dair razılaşma olmuşdur. İddiaçılar yeddi gün ərzində aldıqları heyvanın istədikləri keyfiyyətdə olmadığını gördükdən sonra cavabdehə bu barədə məlumat vermişlər. İddiaçılar aldıqları heyvanı cavabdehə təhvil vermişlər. Cavabdeh heyvanı təhvil götürmüş və aldığı pulu 2020-ci ilin dekabr ayının 10-dək qaytaracağına dair söz vermişdir. Cavabdeh heyvanı təhvil götürsə də aldığı pulu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 612.3-cü maddəsinə əsasən əgər satıcı heyvanın, quşun və ya balığın hər hansı başlıca qüsurlarının olmadığına və ya hər hansı konkret xassələrinin olduğuna xüsusi qarantiya verirsə və onlar bu qarantiyaya uyğun gəlmirsə, alıcı müqavilənin ləğvini və ya icra edilməmə nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdehin iddiaçılara bir baş yanıbalalı inəyi 1200 manata satması və satdığı inəyin pulunu alması, həmçinin satdığı inəyin qüsuru yaranmasından sonra iddiaçılardan təhvil götürməsi və aldığı pulu iddiaçılara qaytarmaması iş materalları, şahid ifadəsi və cavabdeh tərəfindən təsdiq edildiyindən iddia tələbi 1200 manat borcun cavabdehdən alınmasına dair hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardım üçün 300 manat xərclənməsinə münasibət bildirərək qeyd edir ki, iddiaçılar hüquqi yardım üçün 300 manat xərclədiklərini bildirsələr də, həmin sübutları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. İddiaçılar hüquqi yardım üçün 300 manat pulu cavabdehdən hansı əsasla tələb etmələri ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməsələr də onların qeyd edilən xərclər üçün 100 manat pul xərcləmələri ağlabatandır. Ona görə də iddia tələbinin 300 manat hüquqi yardım üçün çəkilən xərcin tutulmasına dair hissəsi 100 manat hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbinin 30 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1200 manat borc, 100 manat hüquqi yardım üçün çəkilən xərc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1330 (bir min üç yüz otuz) manat alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar