Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1419/2022 29.12.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə 29 dekabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 2000 ABŞ dolları maddi və 2000 manat mənəvi ziyan məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, xəstəliyi ilə əlaqədar İsmayıllı rayon poliklinikasının fizioterapiya şöbəsində tibb bacısı işləyən Cavabdeh yanına gedib gəlmişdir. Firəngiz hər dəfə söhbət zamanı ailə üzvlərindən kimi istəyirsə pensiyaya çıxara biləcəyini demişdir. O, Firəngizə oğlu Valehin təxminən 4-5 ildir ailə həyatı qursa da uşağının olmadığını bildirmişdir. Firəngiz hər dəfə and içib pensiya işini həll edə biləcəyini və oğlu Valehin uşağının olması üçün tanışı Zümrüd adlı həkimin vasitəsilə onu müalicə etdirəcəyini bildirmişdir. O, Firəngizin sözlərinə inanaraq təxminən 2017-ci ilin noyabr ayının əvvəllərində oğlu Valehin pensiya işini həll etmək üçün Firəngizin yanına getmişdir. O, Firəngizə oğlu Valehin pensiya işini həll etmək üçün 2000 ABŞ dollarına gücü çatdığını bildirmiş və bu işi tezliklə həll etməyi ondan xahiş etmişdir. Firəngiz həmin məbləğlə razılaşmış və Zümrüd həkim kimi təqdim etdiyi şəxsin istifadəsində olan bir neçə mobil telefon nömrələrini ona verərək oğlu Valehin şəxsiyyət vəsiqəsini həmin həkimə göndərməyini xahiş etmişdir. Oğlu Valeh sonradan Bakı şəhərində həmin qadınla əlaqə saxladıqdan sonra kiminləsə görüşüb şəxsiyyət vəsiqəsini ona vermişdir.Sonradan Firəngizin yanına gedərək oğlunun işinin nəyə görə həll olunmadığını soruşmuş və Firəngiz müxtəlif cür bəhanələr gətirmişdir. Beləliklə cavabdeh onun inamından, etibarından sui-istifadə edərək pulunu mənimsəmiş və ona qarşı dələduzluq hərəkətləri edərək əldə etdiyi vəsaiti öz ehtiyaclarına sərf etmişdir. Bununla da cavabdeh Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İsmayıllı rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli,1(037)-4/2020 saylı hökmünə əsasən cavabdeh Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 il, 04 ay, 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Lakin məhkəmə istintaqı başa çatsa da, həmçinin cavabdeh ona vurduğu ziyanı ödəyəcəyinə söz versə də verdiyi sözə əməl etməmiş, müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Cavabdehə verdiyi 2000 ABŞ dolları məbləğinin 1000 manatı qohumu tərəfindən qaytarılmışdır. Cavabdehin dəymiş ziyanı ödədiyi və ona qarşı tələb və şikayətinin olmadığı qeyd olunmuş ərizəni məhkəməyə təqdim etməkdə məqsədi cavabdehin qadın olması və cəzaçəkmə müəssəsindən çıxarılması olmuşdur. Belə ki, cavabdehin qohumları tərəfindən ona 1000 manat pul ödənilmişdir. Bundan əlavə Şəki Apelyasiya Məhkəməsi tərəfindən o və digər şəxslər zərərçəkmiş şəxs qismində tanındıqdan sonra cavabdehin X2 onun adına poçt vasitəsilə 300 manat pul göndərmişdir. Cavabdehin ona qarşı törədilən qanunsuz hərəkəti nəticəsində müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş və iztirab keçirməklə sağlamlığı pozulmuş və fiziki əzab çəkmişdir. Belə ki, baş vermiş hadisə ilə əlaqədar dəfələrlə Bakı şəhərinə, polis idarəsinə, Şəki Apelyasiya Məhkəməsinə getmiş, bu da ona artıq vəsait xərcləməyinə səbəb olmuşdur. Cavabdehin bu hərəkətləri, onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırmışdır. Cavabdehin təqsiri üzündən ona vurulmuş mənəvi ziyanı 2000 manat məbləğində qiymətləndirir. O, cavabdehdən 2000 ABŞ dolları maddi və 2000 manat mənəvi ziyan məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Mərkəzi poliklinikasında tibb bacısı işləyir. 2017-ci ilin noyabr ayının əvvəllərində İsmayıllı şəhər sakini,şəkərli diabet xəstəsi olan İddiaçılə söhbət zamanı Zümrüd adlı tanışı olduğunu, həmin qadının Bakı həkim ekspert komissiyasının sədri işlədiyini və vətəndaşları 4000 manat pulun qarşılığında İ qrup əlilliklə pensiyaya çıxarmasını bildirmişdir. Vaqif də oğlu Valeh Ağayevin İ qrup əlilliklə pensiyaya çıxartmaq istədiyini, lakin bunun üçün o, qədər pulunun olmadığını bildirmişdir. O, bu barədə Zümrüdlə danışıb ona deyəndən sonra sonuncu ona nə qədər pulu varsa götürməyini demişdir.Vaqif 2000 ABŞ dolları pulunun olduğunu demiş və iş otağında həmin pulu ona vermişdir. O, Vaqifə Zümrüdün telefon nömrəsini vermiş və oğlu Valehin şəxsiyyət vəsiqəsinin surətini Zümrüdə verməsini bildirmişdir.X1 adına pensiya adı ilə adi hesab kartı açacağı adı ilə ondan əlavə olaraq 200 manat pul almasını bilmişdır. İddiaçıdan aldığı pulu İradə adlı şəxsə vermişdir. O, sonradan aldadıldığını bildikdən sonra İradə ilə əlaqə saxlayıb şəxslərin pullarını qaytarmasını bildirsə də sonuncu pulları qaytarmamışdır. Həmin işlə əlaqədar barələrində cinayət işi başlanmış və o məhkəmənin hökmü ilə məhkum olunmuşdur. İddiaçıdan aldığı pulun 1000 manatı əvvəlcədən, qalan məbləğ isə məhkəmə istintaqının gedişatında qaytarılmışdır. Hazırda onun iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçı məhkəmə istintaqında verdiyi ifadəsində və yazdığı ərizədə onunla barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını qeyd etmişdir. X2 tərəfindən iddiaçının adına 300 manat pul göndərilməsinə münasibət bildirərək qeyd edir ki, əri tərəfindən iddiaçının adına göndərilmiş 300 manat pulun onunla iddiaçı arasında olan məsələyə aidiyatı yoxdur. Əri ilə iddiaçı arasında hansı münasibətlərin olduğunu və həmin münasibətlərə görə əri tərəfindən iddiaçının adına pul göndərilməsindən məlumatı yoxdur. O, iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 1(037)-4/2020 saylı qərarından görünür ki, İradə Cəfərlinin və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslər Əfqan Əzizov, Əhliman Əzizov və İddiaçı tərəfindən təqsirləndirilən şəxs Cavabdeh qarşı verilmiş mülki iddia ərizələri vaxtında verilmədiyindən iddia ərizələrinin qəbul edilməsindən imtina edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 1(037)-4/2020 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin tarixli qərarı ilə cinayət işi üzrə cinayət prosesində Firuzə Nuriyeva, Azər Məmmədov, Elxan Bağırov, Gülağa Mehdiyev, Gülxanım Şirinova, Rahid Pirvəliyev, Əfqan Əzizov, Neməddin Məmmədov, Əhliman Əzizov, Elşən Məhərrəmov, Ellada İsmayılova, İddiaçı, Fəxrəddin Mamedov, Elxan İbrahimov, Dilbər Hüseynova, Nərgiz Zeynalova, Pərviz Əliyev, Qorxmaz Əzimov, Mahirə Yusubova, Vüsal Rəhimov, Elşad Bağırov, Məlahət Fərzalıyeva, Novruz Bağırov, İradə Hüseynova, Qumru Abdullayeva və Sədulla Həsənovun zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 1(107)-1/2022 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, İradə Cəfərlinin və Cavabdeh Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmənin 11 avqust 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin və müdafiəçisinin,zərərçəkmiş şəxslərin tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməklə məhkəmənin 11 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, məhkəmənin 11 avqust 2020-ci il tarixli hökmünün həmin cinayət işi üzrə Firuzə Nuriyeva, Elxan Bağırov, Rahid Pirvəliyev, Neməddin Məmmədov, Elşən Məhərrəmov, Fəxrəddin Mamedov, Elşad Bağırov, Azər Məmmədov, Gülxanım Şirinova, Ellada İsmayılova, Gülağa Mehdiyev, Əfqan Əzizov, Əhliman Əzizov, İddiaçı, Dilbər Hüseynova, Nərgiz Zeynalova, Məlahət Fərzalıyeva, Elxan İbrahimov, Mahirə Yusubova, Pərviz Əliyev, Qorxmaz Əzimov, Novruz Bağırov, Vüsal Rəhimov, Sədulla Həsənov, İradə Hüseynova və Qumru Abdullayevanın zərərçəkmiş şəxs qismində tanınmaqla dəyişdirilməsi və məhkəmənin 11 avqust 2020-ci il tarixli hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İradə Cəfərlinin və Cavabdeh Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarında olan İddiaçı tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli ərizənin və həmin cinayət işinin məhkəmə iclas protokolunun surətindən görünür ki,İddiaçı ona vurulmuş ziyanın tam ödənildiyini, Cavabdeh ilə barışdıqlarını və ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını qeyd etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı cavabdehdən 2000 ABŞ dolları maddi və 2000 manat mənəvi ziyan məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçıdan oğlu Valehi pensiyaya çıxarılması məqsədi ilə 2000 ABŞ dolları məbləğində pul aldığını, həmin pulun 1000 manatını əvvəlcədən, qalan məbləği isə məhkəmə istintaqının gedişatında qaytarıldığını, iddiaçı ilə barışıq əldə etdiyini, onun iddiaçıya heç bir borcunun qalmadığını, iddiaçının özünün də yazdığı ərizədə onunla barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını qeyd etdiyini, X2 tərəfindən iddiaçının adına göndərilmiş 300 manat pulun onunla iddiaçı arasında olan məsələyə aidiyatı olmadığını və əri ilə iddiaçı arasında hansı münasibətlərin olmasından məlumatı olmadığını bildirir və iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Araşdırma zamanı müəyyən edildi ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə oğlu Valehi pensiyaya çıxarmaq üçün 2000 ABŞ dolları verilmişdir. İradə Cəfərlinin və Cavabdeh Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarında olan İddiaçı tərəfindən yazılmış ərizənin və həmin cinayət işinin məhkəmə iclas protokolunun surətindən görünür ki, İddiaçı təqsirləndirilən şəxs Cavabdeh tərəfindən vurulmuş zərərin tam həcmdə ödənildiyini, Cavabdeh ilə barışdıqlarını və ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını qeyd etmişdir. Bundan əlavə iddiaçı cavabdehin ərinin onun adına 300 manat pul göndərdiyini bildirsə də həmin pulun cavabdehlə aralarında olan məsələ ilə bağlı olub-olmamasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 1(037)-4/2020 saylı qərarından da göründüyü kimi, İradə Cəfərlinin və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslər Əfqan Əzizov, Əhliman Əzizov və İddiaçı tərəfindən təqsirləndirilən şəxs Cavabdeh qarşı verilmiş mülki iddia ərizələri vaxtında verilmədiyindən iddia ərizələrinin qəbul edilməsindən imtina edilmiş, sözügedən qərar mübahisələndirilməmiş, dolayısı ilə mülki iddiaçı hissəsində də də hökm apelyasiya qaydasında qüvvədə saxlanılmışdır. Bundan sonra isə xx.xx.2020-ci il tarixdə, yəni təxminən 3 ay sonra İddiaçı Cavabdeh heç bir şikayət və tələbinin olmaması, ona vurulmuş ziyanın tam ödənilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır.Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər,habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. İddiaçının maddi zərər tələbi ilə bağlı gəldiyi qənaətin məntiqi nəticəsi olaraq məhkəmə, mənəvi ziyan tələbini də əsassız hesab edir və bununla bağlı əlavə araşdırılma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Şərh olunan əsaslara və qeyd olunan hüquq normalarına əsaslanaraq məhkəmə qərara gəlir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1419/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1419/2022
29.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver