Məhkəmə qərarları › İş №2(037)-168/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-168/2020

08.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-168/2020 08.05.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 08 may 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) vurulmuş maddi ziyana görə 45800 manat, mənəvi ziyana görə 10000 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdehi atasının dostu vasitəsi ilə tanımışdır və cavabdehin qaynatası onun atası ilə birlikdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ticarətlə məşğul olarkən yaxın dostluq münasibətində olmuşlar. O, Yasamal rayonu ərazisində yerləşən “Kristal Abşeron MTK”-nın inşa etdiyi yaşayış binasından ipoteka krediti ilə 2 otaqlı mənzil almışdır. Atası hər ay mənzilin ipoteka kreditini cavabdehin qaynatasına göndərmiş və cavabdehin qaynatası da öz növbəsində həmin pulları hər ay “Kristal Abşeron MTK”-ya ödəmişdir. 2018-ci ilin yanvar ayından cavabdehin qaynatası xəstələndiyinə görə pulu cavabdehə göndərməyə başlamışdır. O, ayrı-ayrı vaxtlarda cavabdehə 45800 manat məbləğində pul göndərmişdir. 2018-ci ilin may ayında isə cavabdehin onun etibarından suiistifadə edərək göndərdiyi 45800 manat pulu şəxsi məqsədləri üçün istifadə etdiyini və mənzil aldığı “Kristal Abşeron MTK”-ya ödəmədiyi ona məlum olmuşdur. Cavabdehin qanunsuz hərəkətlərindən Qaradağ rayon Polis İdarəsinə şikayət vermiş, şikayəti əsasında araşdırma aparılaraq cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar məhkəmə nəzarəti qaydasında və prokuror tərəfindən bir neçə dəfə ləğv edilərək təkrar araşdırma aparılması üçün istintaqa qaytarılmış və nəticədə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cavabdeh borcunu etiraf etsə də, özü və qohumları dəfələrlə onunla əlaqə saxlayaraq qısa bir zamanda pulu qaytaracaqlarına söz versələr də, borcu qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona külli miqdarda maddi ziyanla yanaşı, mənəvi ziyan da dəymiş, ipoteka kreditini vaxtında ödəmədiyindən kredit məbləğinə faizlər hesablanmış və nəticədə mənzilin dəyərini tam ödəmədiyindən mənzili öz adına rəsmiləşdirə bilməmişdir. O, cavabdehdən maddi ziyana görə 45800 manat, mənəvi ziyana görə 10000 manat və məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumu məbləğinin alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən etiraf etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçını qaynatasının vasitəsi ilə tanımışdır. İddiaçının atası qaynatası ilə birlikdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ticarətlə məşğul olmuşlar. “Kristal Abşeron MTK”-nın inşa etdiyi yaşayış binasından ipoteka krediti ilə mənzil aldıqları üçün iddiaçının atası əvvəlcə pulu qaynatasına göndərmişdir. 2017-ci ilin son aylarında qaynatası xəstə olduğu üçün iddiaçı ayrı-ayrı şəxslər vasitəsi ilə pulu ona göndərmişdir. Belə ki, o 2017-ci ilin noyabr ayında 20 yanvar metrostansiyasının yaxınlığında Xəyal adlı azyaşlı uşaqdan yaşadığı binanın həyətində 13000 manat, 2018-ci ilin yanvar ayında Neftçilər metrostansiyasının yaxınlığındakı Xəzər Universitetinin yanındakı ofisdə Gündüz adlı şəxsdən 5000 manat, həmin ilin aprel ayının əvvəllərində eyni məkanda Gündüz adlı şəxsdən 6100 manat, aprel ayının sonlarında eyni məkanda Xəyal adlı azyaşlı uşaqdan 18100 manat, 2-4 may aralığında dəqiq tarixini yadda saxlamadığı gündə eyni məkanda Gündüz adlı şəxsdən 1900 manat, sonuncu dəfə isə iyun ayının əvvəllərində eyni məkanda Gündüz adlı şəxsdən 1000 ABŞ dolları məbləğində pul götürmüşdür. Ümumilikdə iddiaçının göndərdiyi 45800 manat pul məbləğindən 28000 manatı “Kristal Abşeron MTK”-ya ödəmişdir. 850 manatı isə 20 yanvar metrostansiyasının yaxınlığında iddiaçının əvvəlcədən tapşırdığı tanımadığı şəxsə vermişdir. Qalan 16950 manat məbləğində pulu şəxsi borclarına ödəmişdir. Onun iddiaçıya 16950 manat borcu qalmışdır. Maddi vəziyyəti aşağı olduğundan həmin pulu qaytara bilməmişdir. O, borclu olduğu 16950 manat pulu qaytarmağa razıdır və həmin məbləği iddiaçıya ödəyəcəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. HK-1-140 saylı material üzrə 08 fevral 2019-cu il tarixli qərarın surətindən müəyyən edilir ki, Qaradağ Rayon Polis İdarəsi tərəfindən İddiaçı şikayət ərizəsi əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və istintaqının aparılması qərara alınmışdır. 190030044 nömrəli cinayət işinin materialları üzrə 09 fevral 2019-cu il tarixli qərarın surətindən müəyyən edilir ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərar ləğv edilmiş və İddiaçı şikayət ərizəsi əsasında toplanmış material əlavə araşdırmanın aparılmasından ötrü Qaradağ RPİ-nin İŞ-nə göndərilmişdir. HK-1-140 saylı material üzrə 15 fevral 2019-cu il tarixli qərarın surətindən müəyyən edilir ki, Qaradağ Rayon Polis İdarəsi tərəfindən İddiaçı şikayət ərizəsi əsasında toplanmış material ətrafında əlavə araşdırma aparılmış və araşdırılan xüsusatlar mülki xarakterli mübahisə olduğundan HK-1-140 saylı material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 6(002)- 19/2019 nömrəli qərarından müəyyən edilir ki, Bakı şəhəri, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən HK-1/140 saylı material üzrə 15 fevral 2019-cu il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar ləğv edilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ Rayon Prokurorunun 09 fevral 2019-cu il tarixli qərarında və İddiaçı şikayətində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır. HK-1-140 saylı material üzrə 02 noyabr 2019-cu il tarixli qərarın surətindən müəyyən edilir ki, Qaradağ Rayon Polis İdarəsi tərəfindən İddiaçı şikayət ərizəsi əsasında toplanmış material ətrafında yenidən əlavə araşdırma aparılmış və araşdırılan xüsusatlar mülki xarakterli mübahisə olduğundan toplanmış material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qaradağ Rayon Prokurorunun 10 noyabr 2019-cu il tarixli qərarının surətindən müəyyən edilir ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış HK-1-140 saylı material üzrə 02 noyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş və material əlavə araşdırmanın aparılması üçün aidiyyəti üzrə Qaradağ RPİ İŞ-nə göndərilmişdir. HK-1-140 saylı material üzrə 23 dekabr 2019-cu il tarixli qərarın surətindən müəyyən edilir ki, Qaradağ Rayon Polis İdarəsi tərəfindən İddiaçı şikayət ərizəsi əsasında toplanmış material ətrafında əlavə araşdırma aparılmış və araşdırılan xüsusatlar mülki xarakterli mübahisə olduğundan toplanmış material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Yasamal rayonu ərazisində yerləşən “Kristal Abşeron MTK”-nın inşa etdiyi yaşayış binasından aldığı 2 otaqlı mənzilin ipoteka kreditinin ödənilməsi üçün ayrı-ayrı vaxtlarda cavabdehə 45800 manat məbləğində pul göndərdiyini, cavabdehin isə həmin pul vəsaitini “Kristal Abşeron MTK”-ya ödəmədiyini və şəxsi məqsədləri üçün istifadə etdiyini bildirmişdir. İddiaçının şikayəti əsasında Qaradağ rayon Polis İdarəsində araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı cavabdehdən borcu ödəməsini tələb etsə də, cavabdeh borcu qaytarmamışdır. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı, mənəvi ziyan da dəydiyini bildirir və vurulmuş mənəvi ziyanı 10000 manat məbləğində qiymətləndirir. İddiaçı maddi ziyana görə 45800 manat, mənəvi ziyana görə 10000 manat və məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumu məbləğinin cavabdehdən alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən- 16950 manat məbləğində etiraf etdiyini bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı dəymiş maddi ziyana görə 45800 manat məbləği tələb etsə də, həmin faktları təsdiq edən sübutları təqdim etməmişdir. Cavabdeh isə iddiaçıya 16950 manat məbləğində maddi zərər vurmasını etiraf etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, vurulmuş maddi ziyan cavabdeh tərəfindən 16950 manat məbləğində etiraf edildiyinə görə, iddia tələbi qismən, 16950 manat hissəsində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın əvəzi kimi 10000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirdiyini, bununla da ona 10000 manat məbləğində mənəvi ziyan dəydiyini qeyd etsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı mənəvi zərərin nədə ifadə olunduğunu da izah edə bilmədi. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinəəsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulması faktı sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinin tələbləri baxımından iddia tələbinin cavabdehdən mənəvi zərərə görə 10000 manat məbləğinin alınaraq iddiaçıya verilməsinə dair hissəsi də rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214.1, 214.2, 214.4, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16950 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu olmaqla, cəmi 16980 (on altı min doqquz yüz səksən) manat məbləğ alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar