Məhkəmə qərarları › İş №2(037)-198/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-198/2024

24.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-198/2024 24.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı X3 Cavabdeh və üçüncü şəxslər X4 və İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinə qarşı mülkiyyətdə və icarədə olan torpaq sahələrinin qanunsuz əkilməsinə görə pul və həmin torpaq sahələrinə edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə 24 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində və icarəsində olan İsmayıllı rayonu,Qubaxəlilli kəndi ərazisində yerləşən torpaq sahəsinin qanunsuz əkilməsinə görə ona dəymiş ziyan olaraq 12.600 manat və iddia ərizəsinin verilməsinə görə ödədiyi 127.80 manat, cəmi 12.727.80 manat pulun alınaraq ona ödənilməsi və mülkiyyətində olan 10.1821 hektar və icarəsində olan 207 hektar torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 12 iyun 2024-cü il tarixli, 2(037)-198/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Qarayev Xatı̇ r Nəzı̇ rməmməd oğlu və üçüncü şəxs İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinə qarşı mülkiyyətdə və icarədə olan torpaq sahələrinin qanunsuz əkilməsinə görə pul və həmin torpaq sahələrinə edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki iş üzrə X4 cavabdeh Qarayev Xatı̇ r Nəzı̇ rməmməd oğlunun tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, **********38 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, qeydiyyat tarixi xx.xx.2013 olan Çıxarış əsasında onun xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, Qubaxəlilli kəndi ərazisində 10.1821 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bundan əlavə, 27 oktyabr 2001-ci ildən etibarən İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 207 hektar torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə icarəyə götürmüşdür. 06 dekabr 2022-ci il tarixdə isə müqavilə şərtlərində bəzi dəyişikliklər edilmiş və onunla Qubaxəlilli bələdiyyəsi arasında həmin torpaq sahəsinə dair yeni müqavilə bağlanmışdır.Həmin müqavilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********64 reyestr nömrəli,********** qeydiyyat nömrəli (qeydiyyat tarixi xx.xx.2023) çıxarış əsasında qeydiyyata alınmışdır. İcarəyə götürdüyü tarixden etibarən hər il müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada icarə haqqını ödəməklə torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə başlamışdır. Hazırkı vaxtadək Qubaxəlilli bələdiyyəsi ilə aralarında hər hansı bir narazılıq olmamış və icarə müqaviləsinin tələblərinə zidd olan hansısa bir hərəkətə yol verməmişdir. Bu ildə daxil olmaqla üç ildir ki, Cavabdeh mülkiyyətində olan 10.1821 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hektarını, icarəsində olan 207 hektar torpaq sahəsinin isə dörd hektar hissəsini hər il əkib becərir. Cavabdehə dəfələrlə etdiyi xahiş və tələblərinə baxmayaraq sonuncu öz qanunsuz əməllərindən əl çəkmir.Bu barədə birinci növbədə İsmayıllı rayonu,Qubaxəlilli bələdiyyəsinə müraciət etmişdir. Onlar tərəfindən də cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq bu məsələnin müsbət nəticəsi olmamışdır.İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsi ona rəsmi məktubla cavab verərək bu məsələnin qanunauyğun həlli barəsində məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İcarəsində olan torpaq sahəsindən hər il orta hesabla 28-30 sentner aralıqda taxıl götürür.Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o həmin gəlirindən məhrum olmuşdur. Hesab edir ki, torpaq sahələrinin mülkiyyətçisi və icarəçisi olaraq hüquqlarının məhdudlaşdırılması və fiziki şəxsin fəaliyyəti nəticəsində ona dəymiş zərər mülkiyyətində olan 10.1821 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsinin bir hektarının cavabdeh tərəfindən üç il əkilməsinə görə əldə edəcəyi hər il 28 sentner olmaqla (məhsuldarlığın aşağı həddini qeyd edir) 8400 kiloqram buğdanın hər kiloqramının real bazar dəyəri olaraq (1 kq buğdanın qiyməti 0,30 qəpikdən olmaqla) 2.520 (iki min beş yüz iyirmi) manat, icarəsində olan 207 hektar torpaq sahəsinin isə dörd hektar hissəsinin cavabdeh tərəfindən üç il əkilməsinə görə əldə edəcəyi hər il 28 sentner olmaqla (məhsuldarlığın aşağı həddini qeyd edir) 33.600 kiloqram buğdanın hər hektarının real bazar dəyəri olaraq (1 kq buğdanın qiyməti 0,30 qəpikdən olmaqla) 10.080 manat olmaqla cəmi 12600 manat təşkil edir.Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş,onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi əri X10 təmsil etmişdir. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Qarayev Xatı̇ r Nəzı̇ rməmməd oğlu məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu,Qubaxəlilli kəndində yaşayır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********16 olan və xx.xx.2023-cü il tarixli,qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********15 olan Çıxarışlara əsasən İsmayıllı rayonu, Qubaxəlilli kəndi ərazisindən 4.4145 və 2.8583 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri anası Əzimə Qarayevanın xüsusi mülkiyyətinə verilmişdir.Eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli,RX seriyalı,0520807 nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu,Qubaxəlilli kəndi ərazisindən 2.909 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi atası Nəzirməmməd Qarayevin xüsusi mülkiyyətinə verilmişdir. O, iddiaçının mülkiyyətində və icarəsində olan torpaq sahələrini deyil, valideyinlərinə məxsus torpaq sahəsini əkmişdir. Onun əkdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində və icarəsində olan torpaq sahələri ilə üst-üstə düşmür və başqa ərazidə yerləşir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 may 2024-cü il tarixli 3-21-3-42/2-2555/2024 saylı mütəxəssis rəyində onun tərəfindən göstərilən və faktiki naturada onun tərəfindən istifadə olunan torpaq sahəsi, X5 X7 əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********64 saylı çıxarışla qeydiyyata alınmış İddiaçı icarəsində olan 207.0 hektar torpaq sahəsi və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********38 saylı çıxarışla qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan 10.18 hektar torpaq sahəsi ilə üst-üstə düşmür. O, iddiaçının mülkiyyətində və icarəsində olan torpaq sahələrini əkməmiş,ona maddi ziyan vurulmasına səbəb olmamış və iddiaçıya mülkiyyətində və icarəsində olan torpaq sahələrindən istifadə etməsinə maneçiliklər törətməmişdir. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Üçüncü şəxs X4 məhkəmə iclasında izahat verərək göstərdi ki,İsmayıllı rayonu,Qubaxəlilli kəndində yaşayır.Cavabdeh oğludur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı,0520807 nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu,Qubaxəlilli kəndi ərazisindən 2.909 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Bundan əlavə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli,qeydiyyat nömrəsi **********,reyestr nömrəsi **********16 olan və xx.xx.2023-cü il tarixli,qeydiyyat nömrəsi **********,reyestr nömrəsi **********15 olan Çıxarışlara əsasən İsmayıllı rayonu,Qubaxəlilli kəndi ərazisindən 4.4145 və 2.8583 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri arvadı Əzimə Qarayevanın xüsusi mülkiyyətinə verilmişdir. Cavabdehin əkdiyi torpaq sahəsi ona və arvadına məxsusdur. Cavabdehin adına torpaq sahəsi mövcud olmamışdır.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 may 2024-cü il tarixli 3-21-3-42/2-2555/2024 saylı mütəxəssis rəyində onun və arvadının mülkiyyətində olan torpaq sahələrinin iddiaçının mülkiyyətində və icarəsində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən edilmişdir.Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Üçüncü şəxs İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq,nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə işə üçüncü şəxs İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin,cavabdehin və üçüncü şəxs Nəzirməmməd Qarayevin izahatlarını dinləyib,mütəxəssis rəyini və işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki,iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli, Seriya RX ******* saylı Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki,İsmayıllı rayon Qubaxəlilli kənd sakini İddiaçı xüsusi mülkiyyətinə İsmayıllı rayonu,Qubaxəlilli kəndi ərazisindən 10.1821 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********,reyestr nömrəsi **********64 olan Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 207 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2037-ci il tarixədək illik 3250 manata İsmayıllı rayon Qubaxəlilli kənd sakini İddiaçı icarəyə verilmişdir. İşdə olan İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli reyestrdə 3M-110 nömrə ilə qeydə alınmış icarə müqaviləsinin sürətindən görünür ki, İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin adından iştirak edən X1 ilə İddiaçı adından iştirak edən X10 arasında İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli reyestrdə 3M-110 nömrə ilə qeydə alınmış icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 207 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2037-ci il tarixədək illik 3250 manata İsmayıllı rayon Qubaxəlilli kənd sakini İddiaçı icarəyə verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli,qeydiyyat nömrəsi **********,reyestr nömrəsi **********16 olan Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki,İsmayıllı rayon Qubaxəlilli kənd sakini X6 xüsusi mülkiyyətinə İsmayıllı rayonu,Qubaxəlilli kəndi ərazisindən 4.4145 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli,qeydiyyat nömrəsi **********,reyestr nömrəsi **********15 olan Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki,İsmayıllı rayon Qubaxəlilli kənd sakini X6 xüsusi mülkiyyətinə İsmayıllı rayonu,Qubaxəlilli kəndi ərazisindən 2.8583 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli,RX seriyalı,0520807 nömrəli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki,İsmayıllı rayon Qubaxəlilli kənd sakini X2 xüsusi mülkiyyətinə İsmayıllı rayonu,Qubaxəlilli kəndi ərazisindən 2.909 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 13 may 2024-cü il tarixli 3- 21-3-42/2-2555/2024 saylı mütəxəssis rəyindən görünür ki, işin araşdırılması üçün mütəxəssislər 01 mart 2024-cü il tarixdə İsmayıllı rayonu,Qubaxəlilli kənd inzibati ərazisində yerləşən əraziyə baxış keçirmişlər, GPS aləti vasitəsi ilə ölçü işləri aparılmış, kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh tərəfindən göstərilən və faktiki naturada Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi,X5 X7 əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********64 saylı çıxarışla qeydiyyata alınmış İddiaçı icarəsində olan 207.0 hektar torpaq sahəsi və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********38 saylı çıxarışla qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan 10.18 hektar torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə mütəxəssis rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra,belə hesab edir ki,mütəxəssis rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi onun valideyinlərinin mülkiyyətlərinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir və İddiaçı mülkiyyətində və icarəsində olan torpaq sahələri ilə üzt-üstə düşmür. Cavabdeh tərəfindən göstərilən və faktiki naturada Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi,X5 X7 əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********64 saylı çıxarışla qeydiyyata alınmış İddiaçı icarəsində olan 207 hektar torpaq sahəsi və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********38 saylı çıxarışla qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan 10.18 hektar torpaq sahəsi ilə üst-üstə düşmür. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki,iddiaçı mülkiyyətçi olmalı,əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq,belə qənaətə gəlir ki, hazırkı iş üzrə Cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi valideyinlərinin mülkiyyətlərinə verilmiş torpaq sahələrinin sərhədləri daxilində yerləşir. İddiaçının mülkiyyətində olan 10.1821 hektar və icarəsində olan 207 hektar torpaq sahələri Cavabdeh tərəfindən istifadə olunmur və həmin torpaq sahələri üstüstə düşmür.Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadədən fayda gəlir,artım,bəhər,törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcələnin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu,lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur.Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir.Belə ki,proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların,yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir.Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ,əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür;məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar;prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır:tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı X3 Cavabdeh və üçüncü şəxslər X4 və İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinə qarşı mülkiyyətdə və icarədə olan torpaq sahələrinin qanunsuz əkilməsinə görə pul və həmin torpaq sahələrinə edilən maneçiliklərə qadağa qoyulmasına dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar