Məhkəmə qərarları › İş №2(037)-201/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-201/2023

13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-201/2023 13.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 13 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 350 manat maddi zərər və 2000 manat mənəvi zərər olmaqla, cəmi 2350 manat məbləğinin, habelə iddianın verilməsi üçün ödədiyi 44 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşı polis serjantı Cavabdeh onu idarə etdiyi VAZ 2106 markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri Axundov küçəsində hərəkətdə olarkən saxlamış və ona təhlükəsizlik kəməri taxmadığı əsası ilə inzibati protokol tərtib olunacağını bildirmiş, eyni zamanda avtomobildə əlavə konstruksiya edildiyini bildirərək avtomobili cərimə meydançasına aparılacağını bildirmiş, avtomobilin yenicə təmir etdirdiyini, heç bir əlavə konstruksiya olmadığını bildirərək etiraz etsə də, ona əhəmiyyət verməyərək onu məcbur edərək avtomobili polis şöbəsinin həyətinə gətirdmişdir.O,protokol tərtib edilmədən avtomobili dayanacağa aparmayacağını bildirdikdən sonra, Cavabdeh inzibati xəta haqqında protokol tərtib edərək, protokolda avtomaşında əlavə konstruksiya işləri görüldüyünü qeyd etmişdir. Bundan sonra o məcburiyyət qarşısında qalaraq avtomobili sürüb polis şöbəsinin həyətindəki dayanacağa gətirmişdir. Belə ki, avtomobilin ban hissəsi tam salamat olmuş, heç bir əzik, cızıq olmadan polisin cərimə meydançasına qoymuşdur. Avtomaşın qanunsuz olaraq 25 may 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək dayanacaqda saxlanılmışdır.Bu müddət ərzində o polisin qanunsuz hərəkətlərindən DİN-nin 102 və 902 xidmətlərinə zənglər vuraraq şikayətlər etmiş, avtomobilin polisin cərimə meydançasında qaldığı müddətdə qabaq buferi zədə nəticəsində əzilmişdir. Bu barədə yol patrul xidməti rəhbərliyindən kameralara baxış keçirilərək avtomobilin hansı səbəbdən əzilməsinin müəyyən edilməsini tələb etsə də heç bir hərəkət edilməmişdir. O, qanunsuz cərimə, saxlama və avtomobilin buferinin əzilməsi barədə 102 xidmətinə həm də online qaydada şikayətlər etmiş, lakin şikayəti barədə fikir bildirilməmişdir. Belə ki, avtomobilə heç bir baxış keçirilməmiş,keçirilmişdirsə də onun iştirakı təmin olunmamış, heç bir video çəkiliş aparılmamışdır.Avtomobili cərimə meydançasından çıxardıqdan sonra şəxsi vəsaiti hesabına 50 manat ödəyərək usta gətirmiş,usta digər polis əməkdaşı Bəhramlı Bəhramın iştirakı ilə avtomobilin qabaq sağ tərəfi sökülərək heç bir konstruksiya dəyişikliyi edilmədiyi bildirilmiş, bundan sonra digər sol tərəfin sökülməsinə ehtiyac olmadığı bildirilərək əlavə konstruksiya dəyişikliyi aparılmadığı bildirilmiş və avtomobilin cərimə meydançasından çıxarılmasına icazə verilmişdir. Həmin gün ona inzibati xəta haqqında qərarın sürəti təqdim edilmişdir. Hüquqlarını bilmədiyi və qərarda şikayət etmə qaydası ona izah edilmədiyi üçün ilk əvvəl 102 xidmətinə,daha sonra isə Ombudsman aparatına şikayət etmiş,oradan 19 oktyabrda cavab gələrək məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Lakin həmin qərardan şikayət müddəti ötürüldüyü üçün həm birici instansiya məhkəməsi, həm də apelyasiya məhkəməsi tərəfindən şikayət verilmə müddəti bərpa edilməmişdir. Belə olan halda polisin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi zərəri məhkəmə qaydasında tələb etmə hüququ vardır.Beləliklə cavabdehin qanunsuz hərəkətləri nəticəsində VAZ 2106 markalı,10 MZ126 dövlət qeydiyyat nişanlı avtomobilin ön buferinin əzilməsi nəticəsində yenisinin alınması və quraşdırılması xərci ilə birlikdə 180 manat,öz hesabına usta dəvət edərək avtomobilin hərəkət hissəsində əlavə konstruksiya edilibedilmədiyinin yoxlanılması üçün ustaya zəhmət haqqı və ustanın aparılıb-gətirilməsi üçün ödədiyi 50 manat, habelə avtomobilin polisin cərimə meydançasında qanunsuz olaraq 15 gün müddətində saxlandığı səbəbindən işə gedib-gəlmək üçün taksiyə hər gün 6 manat olmaqla ödədiyi 90 manat olmaqla, ümumilikdə 350 manat pulun, eyni zamanda cavabdehin qanunsuz əməlləri nəticəsində keçirdiyi mənəvi izdiraba görə 2000 manat mənəvi zərərin əvəzi cavabdehdən tutulmalıdır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı 25 may 2022-ci il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 25 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. İddiaçı məxsus “VAZ 2106” markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı rayon polis Şöbəsinin duracağına təhvil verilmişdir. Qeyd edilən avtomaşın duracağa təhvil verilərkən və duracaqdan təhvil götürülərkən avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akt tərtib edilmiş, qeyd edilən akt İddiaçı tərəfindən imza edilmişdir. İddiaçı məxsus avtomaşın duracağa təhvil verilərkən və duracaqdan götürülərkən avtomaşında heç bir əzik və zədə olmamışdır. O, məzuniyyətdə olduğundan avtomaşını duracaqdan digər ekpaj üzvü X5 Turala təhvil vermişdir. İddiaçı avtomaşını təhvil götürərkən akta avtomaşında əzik olmadığını qeyd etməklə qəbul etmişdir. Eyni zamanda avtomaşın duracaqdan çıxarılarkən qapı postunda foto şəkilləri çəkilmişdir. Qeyd edilən foto şəkillərdə İddiaçı məxsus avtomaşının qabaq hissəsində əzik olmadığı aydın görünür. O, İddiaçı məxsus avtomaşına maddi zərər vurmamışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. İddiaçı bacanağı, cavabdehi isə rayon polisi kimi tanıyır.İddiaçıya məxsus avtomaşın cavabdeh tərəfindən duracağa təmin olunmuşdur. İddiaçı ilə birlikdə maşını duracaqdan götürərkən maşının qabaq buferinin əzildiyini görmüşdür. Polis əməkdaşları içəri telefona daxil olmağa imkan vermədiklərindən maşının qabaq buferinin əzik olmasının foto şəkilini çəkə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki,İsmayıllı şəhərində yaşayır. İddiaçı yeznəsidir,cavabdehi isə tanımır. İddiaçı ilə birlikdə maşını duracaqdan götürərkən maşının qabaq buferində əzik olduğunu görmüş və bu barədə iddiaçıya məlumat vermişdir. İddiaçı maşının qabaq buferinin əzik olduğunu gördükdən sonra polis əməkdaşlarına öz narazılığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin DYPB-də inspektor vəzifəsində işləyir. İddiaçını rayon sakini kimi tanıyır,cavabdeh isə iş yoldaşıdır.Cavabdeh məzuniyyətdə olduğundan duracaqda olan avtomaşın iddiaçıya onun tərəfindən təhvil verilmişdir. İddiaçı avtomaşını təıhvil götürərkən akata imza etmişdir.İddiaçıya məxsus avtomaşında əzik olmasını eşitsə də, ümumiyyətlə avtomaşının əzilməsi və ya onun kim tərəfindən əzilməsini bilmir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əlizadə X4 Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələri təqsirli bilinərək barəsində İsmayıllı rayon Yol patrul xidməti inspektoru polis serjantı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Əlizadə X4 Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan İsmayıllı rayon Məhkəməsinin 3(037)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirili bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. İşdə olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, İddiaçı məxsus “VAZ 2106” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən imza edilməklə saxlanca qəbul edilmiş, aktda saxlanca qəbul edilərkən avtomaşında əzilmiş hissələr olmadığı qeyd edilmiş, 08 iyun 2022-ci il tarixdə avtomaşın saxlancdan çıxarılarkən aktda avtomaşının ön bamperinin duracaqda əzildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda,məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi,yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi,əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur.Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur.Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir.Ona görə də, hazırkı mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin 3000 manat ziyan vurmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı»iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, iddiaçı tərəfindən avtomobilin zədə görməsi və eyni zamanda zədənin məhz hazırki tələb üzrə cavabdeh tərəfindən yetirilməsi barədə məhkəməyə hər hansı bir sübut, sənəd təqdim olunmadığından iddia tələbi təmin edilə bilməz.İddiaçının qeyd olunanlar barəsində göstərdikləri onun özünün izahatından və təqdim etdiyi fotoşəkillərdən başqa heç bir mötəbər sübutla təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən avtomobilin ümumiyyətlə idarə olunmadığı, iddiaçının özü tərəfindən idarə olunaraq dayanacağa gətirildiyi, avtomobil dayanacağa yerləşdirilən zaman barədə akt tərtib edildiyi, avtomobil dayanacaqdan çıxarkən də foto şəkli çəkildiyi bildirilmiş, həmin vaxt avtomobildə hər hansı zədə aşkar edilmədiyi cavabdeh tərəfindən qeyd edilmiş, lakin bütün bunların əksini təsdiq edəcək sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki,bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə, cavabdehin əsil cavabdeh ilə əvəz edilməsi məsələsini müzakirə etmiş, iddiaçı bu barədə yazılı razılıq təqdim etməyərək, avtomobili məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində zədələnməsini qeyd edərək,hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsini bildirmişdir. Ona görə də məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. İddiaçının maddi zərər tələbi ilə bağlı gəldiyi qənaətin məntiqi nəticəsi olaraq məhkəmə, mənəvi ziyan tələbini də əsassız hesab edir və bununla bağlı əlavə araşdırılma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada çəkilmiş məhkəmə xərclərinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 44 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220,227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar