Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-212/2021 16.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 16 iyun 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 5,96 hektar torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan 24000 manat, həmin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 34030 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 2013-cü ilin yay aylarında cavabdeh ona JN 0019 KOD 40713038 və JN 0020 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktları əsasında özünün, ailə üzvlərinin və valideynlərinin ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Şəbiyan kəndində yerləşən ayrı-ayrılıqda 4,72 hektar və 1,24 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahələrini satdığını bildirmişdir. O, cavabdehlə razılığa gəlmiş və torpaq sahəsinin aralarında razılaşdırılmış dəyərini 12000 manat pulu cavabdehə tam şəkildə ödəməklə həmin torpaq sahəsini satın almışdır. Cavabdeh torpaq sahələrinin sənədlərini ona vermiş və mərhum valideynləri ilə əlaqədar vərəsəlik məsələləri həll ediləndən sonra alğı-satqını rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. O, aldığı torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmişdir. Cavabdehə torpaq sahələrinin alğı-satqısını rəsmiləşdirmək lazım olduğunu bildirdikdə o, hər dəfə tezliklə sənədləri qaydasına salacağını bildirmişdir. 3 il keçdikdən sonra cavabdeh ona bildirmişdir ki, ailəsində narazılıq var, ona görə də satdığı torpaq sahəsinə görə aldığı puldan 3 illik icarə haqqını çıxmaqla ona 9000 manat pul qaytarmaq istəyir. O isə cavabdehə bildirmişdir ki, keçən müdddət ərzində torpaq sahəsini münbitləşdirmək və yararlı hala salmaq üçün vəsait xərcləmişdir. Buna baxmayaraq cavabdeh aldığı 12000 manat pulu qaytararsa o da torpaq sahəsini geri qaytarar. Cavabdeh ondan aldığı pulla özünə Bakı şəhərində ev almış və yaşamaq üçün ora köçmüşdür. O, 2020-ci ilə qədər dəfələrlə cavabdehdən alğı-satqı müqaviləsinin rəsmiləşdirmək üçün gəlməsini tələb etdikdə cavabdeh hər dəfə ona ailəsini razı salacağını və alğı-satqı müqaviləsini rəsmiləşdirmək üçün gələcəyini bildirmişdir. 2020-ci ilin əvvəlində yenidən alğı-satqı müqaviləsini rəsmiləşdirmək üçün cavabdehə müraciət etdikdə o, torpaq sahəsini satmadığını və icarəyə verdiyini demişdir. Bundan sonra cavabdehin əsl niyyətini başa düşmüş və aldığı torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan dəyərini tələb etmişdir. Cavabdeh isə təkidlə torpaq sahələrini satmadığını, aldığı pulun isə icarə haqqı olduğunu demişdir. O, torpaq sahələrini aldığı gündən bu günədək ona sahiblik etmiş və istifadəsində olmuşdur. Ötən dövr ərzində o, həmin torpaq sahələrini daşdan təmizləmiş, xeyli mineral və üzvi gübrələr vermiş, bununla da həmin torpaq sahələrini yararlı hala gətimək 10000 manat vəsait xərcləmişdir. Hazırda İsmayıllı rayonu Şəbiyan kəndində 1 hektar torpaq sahəsinin qiyməti 3500-4000 manatdır. Cavabdeh topraq sahəsini ona satmamaqla 40000 manata qədər maddi ziyan vurmuş və onun hesabına varlanmışdır. Cavabdehdən 5,96 hektar torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan 24000 manat, həmin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 34030 manat pulun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun tanışdır. O, 5 hektar torpaq sahəsini satmaq niyyəti ilə iddiaçıdan 12000 manat almışdır. Sonradan ailəsində narazıçılıq olduğundan o, iddiaçıya 3 ilin icarə haqqı olaraq 3000 manat çıxmaq şərti ilə 9000 manat qaytararaq torpaq sahəsindən çıxmasını bildirsə də iddiaçı razı olmamışdır. O, iddiaçıya torpaq sahəsini satmamış, icarəyə vermişdir. İddia tələbini əssasız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. X5 ifadə verərək göstərdi ki, o, iddiaçı və cavabdehlə həmkəndlidir. İddiaçının aldığı torpaq sahəsini cavabdeh 10000 manata ona təklif etmişdir. Bir müddət sonra o, cavabdehə torpaq sahəsini almaq istədiyini bildirmiş və beh üçün 2000 manat pul təklif etmişdir. Cavabdeh isə artıq həmin torpaq sahəsini iddiaçıya satdığını bildirmişdir. O, cavabdehin həmin torpaq sahəsini iddiaçıya neçəyə satdığını bilmir, ancaq cavabdehin ona izahından məlum olmuşdur ki, torpaq sahəsini 10000 manatdan yuxarı qiymətə satmışdır. X9 ifadə verərək göstərdi ki, iddiaçı onun atasıdır. Cavabdeh onlara 2 dəfə gələrək torpaq sahələrini satmaq istədiyini bildirmişdir. Atası cavabdehlə razılaşmış və 12000 manat pul verərək həmin torpaq sahələrini satın almışdır. Ötən dövr ərzində onlar həmin torpaq sahələrini yararlı hala gətimək xeyli vəsait xərcləmişlər. X1 ifadə verərək göstərdi ki, iddiaçı onun həmkəndlisi, cavabdeh isə sinif yoldaşıdır. O, cavabdehin torpaq sahələrini iddiaçıya satdığını bilir. X2 ifadə verərək göstərdi ki, o, iddiaçı və cavabdehi tanıyır. Cavabdehin torpaq sahələrini 12000 manata iddiaçıya satdığını eşitmişdir. X4 ifadə verərək göstərdi ki, iddiaçı onun həmkəndlisi, cavabdeh isə qonşusudur. Cavabdehin torpaq sahələrini iddiaçıya satdığını eşitmişdir. O, cavabdehin həmin torpaq sahələrini iddiaçıya neçəyə satdığını bilmir. X6 ifadə verərək göstərdi ki, o, iddiaçını qonşu kənddən tanıyır, cavabdeh isə qonşusudur. Cavabdeh ona torpaq sahələrini iddiaçıya satdığını demişdir. Cavabdehin həmin torpaq sahələrinin bir hektarını 2000 manatdan iddiaçıya satdığını bilir. JN 0019 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 24 avqust 1998-ci il tarixli 56 saylı qərarı ilə İsmayıllı rayonun Şəbiyan kəndi ərazisindən 1,24 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X25 və X3 mülkiyyətinə verilmişdir. JN 0020 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 24 avqust 1998-ci il tarixli 56 saylı qərarı ilə İsmayıllı rayonun Şəbiyan kəndi ərazisindən 4,72 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X19, X11, X20, X16, X12, X17 və X13 mülkiyyətinə verilmişdir. 2013-cü il tarixli iltzamın surətindən görünür ki, Cavabdeh 12000 manata ümumilikdə 5,96 hektar torpaq sahəsini İddiaçı satdığını imzası ilə təsdiq etmişdir. İsmayıllı rayon Keyvənd bələdiyyəsinin 14 sentyabr 2020-ci il tarixli 09 nömrəli arayışından görünür ki, İsmayıllı rayon Keyvəndi nələdiyyəsi ərazisində xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı əkin torpaqlarının hazırki vəziyyətdə alış-satış qiyməti 3000-4000 manat təşkil edir. “xxxx” MMC-nin 06 may 2021-ci il tarixli 13 nömrəli texniki araşdırma və qiymətləndirmə rəylərindən görünür ki, İsmayıllı rayonu Şəbiyan kəndində yerləşən Cavabdeh və ailə üzvlərinə birgə mülkiyyət hüququ əsasında məxsus olan ümumilikdə 5,96 hektar torpaq sahəsinin 1 hektar ölçüsünün hazırda mövcud bazar qiyməti 3750 manat təşkil edir. Qeyd olunan torpaq sahələrinin 1 hektarı 3750 manat həddində olmaqla, həmin torpaq sahələrinin hazırda ərazi üzrə mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri 22350 manat müəyyən edilmişdir. 08 fevral 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2013-cü ildə cavabdeh JN 0019 KOD 40713038 və JN 0020 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktları əsasında özünün, ailə üzvlərinin və valideynlərinin ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Şəbiyan kəndində yerləşən ayrı-ayrılıqda 4,72 hektar və 1,24 hektar kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahələrini satdığını iddiaçıya bildirmişdir. İddiaçı cavabdehlə razılaşmış və torpaq sahələrinin aralarında razılaşdırılmış dəyəri olan 12000 manat pulu cavabdehə tam şəkildə ödəməklə həmin torpaq sahəsini satın almışdır. Ötən müddət ərzində iddiaçı torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. 2020ci ildə iddiaçıya məlum olmuşdur ki, cavabdeh torpaq sahəsini satmaqdan imtina edir. Mübahisə predmetinə aid olan torpaq sahələrinin ümumi hazırkı dəyəri mütəxəssis rəyinə əsasən 22350 manat həddində müəyyən edilmişdir. Məhkəmə cavabdehin izahatına münasibətdə qeyd edir ki, cavabdeh əvvəlki məhkəmə iclasında iddiaçıya torpaq sahəsini satdığı, sonuncu məhkəmə iclasında isə həmin torpaq sahəsini iddiaçıya icarəyə verdiyi barədə bir-birini təkzib edən ziddiyyətli ifadələr vermişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərin hamısı ifadələrində cavabdehin mübahisəli torpaq sahəsini iddiaçıya satdığı barədə məlumatlı olduqlarını bildirmişlər. Göstərilən xüsusatlar təsdiq edir ki, cavabdeh mübahisəli torpaq sahəsini satmaq niyyəti ilə iddiaçıdan 12000 manat pul almışdır. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan torpaq sahələrinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş pulu aldığı halda həmin torpaq sahələrini iddiaçıya satmaqdan imtina etməklə iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahələrinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, iddia tələbi qismən təmin olunaraq ümumi 5,96 hektar torpaq sahələrinin hazırki bazar qiymətinə uyğun olaraq 22350 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Habelə məhkəmə iddiaçının torpağın tam yararlı hala gətirilməsi üçün çəkilən xərcləri 2000 manat məbləğində müəyyən edilməsini də qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24350 manat və 30 manat dövlət rüsumu – cəmi 24380 (iyirmi dörd min üç yüz səksən) manat alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-212/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-212/2021
16.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver