Məhkəmə qərarları › İş №2(037)-213/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-213/2021

03.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-213/2021 03.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Vahı̇ dov Habı̇ l Şəmi oğlunun cavabdeh Mı̇ kayılov Zahı̇ d Mı̇ kayıl oğluna qarşı pul tələbinə dair mülki işə 03 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Vahı̇ dov Habı̇ l Şəmi oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Mı̇ kayılov Zahı̇ d Mı̇ kayıl oğlundan (bundan sonra cavabdeh) 0,09 hektar həyətyanı torpaq sahəsinin hazırki bazar qiymətləri ilə olan 10800 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 10830 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsi işə iddiaçının işirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı cavabdehlə həm qohum, həm də qonşudur. 25 iyul 2007-ci il tarixdə cavabdeh pula ehtiyac olduğundan özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan JN 558A KOD 40718018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,09 hektar həyətyanı torpaq sahəsini satdığını iddiaçıya bildirmişdir. İddiaçı cavabdehlə razılığa gəlmiş və torpaq sahəsinin aralarında razılaşdırılmış dəyərini, yəni 0,01 hektarına həmin vaxt dövriyyədə olan manatla ******* manat pulu cavabdehə tam şəkildə ödəməklə həmin torpaq sahəsini satın almışdır. İddiaçı ilə cavabdeh həmin torpaq sahəsini notarial qaydada alğı-satqı edə bilməmiş və həmin vaxt kənd icra nümayəndəsi Yaqut İsmayılova, bələdiyyə sədri Hafiz Mehdiyev, bələdiyyə üzvü Mehman Quliyev, iddiaçı və cavabdehin iştirakı ilə bu barədə akt tərtib etmişlər. Həmin aktda “bağışlanıldı” yazılsa da əslində iddiaçı cavabdehdən həmin torpaq sahəsini satın almış və torpaq sahəsinin razılaşdırılmış dəyərinə cavabdehə tam şəkildə ödəmişdir. Cavabdeh torpaq sahəsinin şəhadətnaməsini iddiaçıya vermiş və qısa zamanda ailə üzvləri ilə birlikdə notariat kontorunda alğı-satqı edərək torpaq sahəsini iddiaçının mülkiyyətinə keçirəcəyi barədə vəd vermişdir. İddiaçı aldığı torpaq sahəsinə sahiblik etməyə başlamış və orada müxtəlif meyvə ağacları əkmişdir. Bir müddət sonra iddiaçı cavabdehə torpaq sahəsinin rəsmiləşdirmək lazım olduğunu bildirdikdə cavabdeh “narahat olma, ora sənindir, istədiyin vaxt rəsmiləşdirmə edərik” deyərək iddiaçını arxayın salmışdır. İddiaçı Rusiya Federasiyasında yaşadığından ancaq kəndə gəldiyi müddətlərdə cavabdehə bu barədə bildirsə də nəticəsi olmamışdır. 2020-ci ilin ortalarında iddiaçı cavabdehə torpaq sahəsinin öz adına rəsmiləşdirmək istədiyini bildirdikdə cavabdeh torpaq sahəsini satmadığını demişdir. Bundan sonra iddiaçı cavabdehin əsl niyyətini başa düşmüş və aldığı torpaq sahəsinin hazırki bazar qiymətləri ilə olan dəyərini tələb etmişdir. Cavabdeh isə təkidlə torpaq sahəsini satmadığını bildirmiş və iddiaçıdan satdığı torpaq sahəsinə görə pul almadığını bildirmişdir. İddiaçı torpaq sahəsini aldığı gündən bu günədək ora sahiblik etmiş və onun istifadəsində olmuşdur. Hazırda İsmayıllı rayonu Kürdmaşı kəndində 0,01 hektar həyətyanı torpaq sahəsinin qiyməti həyətyanının yerləşməsindən asılı olaraq 1000-1300 manat arasında dəyişir. Ona görə də cavabdeh iddiaçıya aldığı həyətyanı torpaq sahəsinin hər 0,01 hektarı üçün hazırki real bazar qiymətləri ilə 1200 manat olmaqla 10800 manat pul ödəməlidir. Cavabdehdən 0,09 hektar həyətyanı torpaq sahəsinin hazırki bazar qiymətləri ilə olan 10800 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 10830 manat pulun alınaraq iddiaçıya verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçı ilə həm qohum, həm də qonşudur. İddiaçı ondan 1 metr yarım yer istəmiş və o da razı olmuşdur. İddiaçı həmin yer üçün ona 110 manat pul vermişdir. İddiaçının qeyd etdiyi akta o, 1 metr yarım yer üçün imza çəkmişdir. O, iddiaçıya torpaq sahəsini satmamışdır. İddia tələbini əssasız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. X3 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonu Kürdmaşı kəndinin bələdiyyə sədri işləmişdir. İşlədiyi müddətdə iddiaçı ilə cavabdeh onun yanına gəlmiş və cavabdeh pula ehtiyacı olduğu üçün 0,09 hektar torpaq sahəsini iddiaçıya satmaq istədiyini bildirmişdir. Tərəflərin iştirakı ilə o, akt tərtib etmiş və öz imzası ilə təsdiq etmişdir. İddiaçı ilə cavabdeh arasında pul söhbəti yadında deyil. X2 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonu Kürdmaşı kəndinin icra nümayəndəsi işləmişdir. İşlədiyi müddətdə cavabdehin 0,09 hektar torpaq sahəsini iddiaçıya satmasını bilir. Bu barədə tərəflərin iştirakı ilə akt tərtib edilmiş və öz imzası ilə təsdiq etmişdir. X4 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonu Kürdmaşı kəndinin bələdiyyə sədrinin müavini işləmişdir. İşlədiyi müddətdə iddiaçı ilə cavabdeh onun yanına gəlmiş və cavabdeh pula ehtiyacı olduğu üçün 0,09 hektar torpaq sahəsini iddiaçıya satmaq istədiyini bildirmişdir. O, iddiaçı ilə cavabdehin evində olmuş və bu barədə söhbət aparmışlar. Həmin vaxt cavabdehin arvadı da orada olmuşdur. İddiaçı həmin torpaq sahəsi üçün cavabdehə keçmiş pulla 100 şirvan vermiş, qarşılığında isə cavabdeh həmin torpaq sahəsinin sənədini iddiaçıya vermişdir. Bu barədə tərəflərin iştirakı ilə akt tərtib edilmiş və öz imzası ilə təsdiq etmişdir. X1 ifadə verərək göstərdi ki, cavabdeh onun əridir. İddiaçı ərindən 1 metr yarım yer istəmiş və o da razı olmuşdur. İddiaçı həmin yer üçün ərinə 110 manat pul vermişdir. Tərtib edilmiş aktla razılaşmır və ona düzəliş edildiyini düşünür. Əri iddiaçıya torpaq sahəsini satmamış, əgər satsaydı onun və uşaqlarının icazəsi olardı. Həmin torpaq sahəsinin sənədi ərinin yadından çıxaraq iddiaçıda qalmışdır. JN 558A KOD 40718018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarı ilə İsmayıllı rayonun Kürdmaşı kəndi ərazisindən 0,09 hektar həyətyanı torpaq sahəsi Cavabdeh, X8, X9 və X5 mülkiyyətinə verilmişdir. 25 iyul 2007-ci il tarixli aktda Cavabdeh ona məxsus JN 558A KOD 40718018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə olan 0,09 hektar həyətyanı torpaq sahəsini İddiaçı bağışlaması qeyd edilmişdir. Aktın doğruluğunu tərəflər imzaları ilə təsdiq etmişlər. “xxxx” MMC-nin 10 aprel 2021-ci il tarixli 07 nömrəli texniki araşdırma və qiymətləndirmə rəyindən görünür ki, İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən Cavabdeh və ailə üzvlərinə birgə mülkiyyət hüququ əsasında məxsus olan 0,09 hektar torpaq sahəsi yerləşmə mövqeyinə görə kənd məntəqəsi hüdudu daxilindədir. Həmin ərazi üzrə yerləşmə koordinatlarına uyğun alternativ boş torpaq sahələrinin 0,01 hektar ölçüsünün hazırda mövcud bazar qiymətlərinə uyğun dəyəri 1000-1250 manat arasında dəyişir. Qeyd olunan torpaq sahəsinin 0,01 hektarı 1100 manat həddində olmaqla, həmin torpaq sahəsinin hazırda ərazi üzrə mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri 9900 manat müəyyən edilmişdir. 08 fevral 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2007-ci ildə cavabdeh JN 558A KOD 40718018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,09 hektar həyətyanı torpaq sahəsini satmaq istədiyini iddiaçıya bildirmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinin aralarında razılaşdırılmış dəyərini cavabdehə tam şəkildə ödəmiş və cavabdeh həmin torpaq sahəsini iddiaçının istifadəsinə vermişdir. Tərəflər həmin torpaq sahəsini notarial qaydada alğı-satqı edə bilməmiş və aralarında bu barədə akt tərtib etmişlər. Ötən müddət ərzində iddiaçı torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. 2020-ci ildə iddiaçıya məlum olmuşdur ki, cavabdeh torpaq sahəsini satmaqdan imtina edir. Mübahisə predmetinə aid olan torpaq sahəsinin hazırkı dəyəri mütəxəssis rəyinə əsasən 9900 manat həddində müəyyən edilmişdir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddi hüquq normalarına və müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş pulu aldığı halda həmin torpaq sahəsini iddiaçıya satmaqdan imtina etməklə iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, iddia tələbi qismən təmin olunaraq 0,09 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 9900 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Mı̇ kayılov Zahı̇ d Mı̇ kayıl oğlundan 9900 manat və 30 manat dövlət rüsumu – cəmi 9930 (doqquz min doqquz yüz otuz) manat alınaraq iddiaçı Vahidov Habı̇ l Şəmi oğluna verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar