Məhkəmə qərarları › İş №2(037)-25/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-25/2024

15.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-25/2024 15.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılması tələbinə dair mülki işə 15 iyul 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İsmayıllı rayonu,İsmayıllı kəndi (Yuxarıbaş yaşayış massivi) ərazisindən keçən,İddiaçı İB-nin Ağsu X4 İdarəsinin balansında və istismarında olan,diametri 76 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında (üzərində) inşa edilən tövlənin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının Cavabdeh tutularaq İddiaçı İB-nin hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İB-i tələbini belə əsaslandırmışdır ki, İsmayıllı rayonun İsmayıllı kəndi (Yuxarıbaş yaşayış massivi) ünvanında yaşayan Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli,103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” nın tələbləri pozularaq İsmayıllı rayonun İsmayıllı kəndi (Yuxarıbaş yaşayış massivi) ərazisindən keçən İddiaçı İB-nin Ağsu RQİİ-nin balansında və istismarında olan, diametri 76 mm-lik, aşağı təzyiqli qaz kəmərinin mühafizə zonasında (üzərində) tövlə binası inşa olunmuşdur.Cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında (üzərində) yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir.Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ətrafda yaşayan insanların həyatları və əmlakları üçün də ciddi təhlükə yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları "na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr,aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir.Həmin Qaydaları"nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir.Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi "Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusi ilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bundan əlavə nəzərinizə çatdırır ki, “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. "Azəriqaz" iB-nin Ağsu X4 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli xəbərdarlıqməktubu ilə cavabdehə "Qaz kəmərinin üzərində inşa edilmiş tikilinin sökülməsi barədə" müraciət edilərək tikilinin sökülməsi xahiş edilmiş və vaxt verilmiş, əks təqdirdə mövcud qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.Buna baxmayaraq cavabdeh tərəfindən bu günədək heç bir əməli tədbir görülməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Ramil Ömərov sonuncu məhkəmə iclasına gəlməmiş,elektron ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq,sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, İsmayıllı şəhəri, Yuxarıbaş yaşayış massivində yaşayır.Mübahisəli tikili tövlə binası deyil,yardımçı tikilidir. Həmin yardımçı tikili mərhum atası Rüstəm Həmzəyevə məxsus həyətdə atası tərəfindən inşa edilmişdir. Atası mübahisəli tikilini inşa edərkən Qaz idarəsinin əməkdaşlarının razılığını almışdır və həmin idarənin əməkdaşlarının tikintidən xəbərləri olmuşdur.Qaz İdarəsinin əməkdaşları yardımçı tikilinin qaz xəttinin üzərində inşa edilməsini bilsələr də,həmin şəxslər atasının sağlığında həmin tikilinin sökülməsini tələb etməmişlər, yalnız atasının vəfatından sonra sözügedən tikilinin sökülməsini tələb etməyə başlamışlar. İddia tələbinə münasibət bildirərək qeyd edir ki,mübahisəli tikili onun tərəfindən deyil,mərhum atası tərəfindən qaz idarəsinin əməkdaşlarının razılığı ilə inşa edilmişdir.Eyni zamanda mübahisəli tikilinin qaz xəttinin üzərində inşa edilmiş hissəsinin sökülüb götürülməsinə və ya qaz xəttinin yerinin dəyişdirilməsinə onun maddi imkanı yoxdur.Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə olan sənədləri,ekspert rəyini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2024-cü il tarixli, №3-16- 16/2-10/7781 nömrəli ekspert rəyindən görünür ki,İsmayıllı rayonu,İsmayıllı kəndi (Yuxarıbaş yaşayış massivi) ərazisindən keçən İddiaçı Ağsu X5 İdarəsinin balansında və istismarında olan,diametri 76 mm-lik,orta təzyiqli qaz kəmərinin cavabdehə məxsus tikilinin (tövlənin) döşəmə səviyyəsində olmaqla daxildən keçdiyi və mübahisə predmeti olan tikilinin (tövlənin) faktiki olaraq 76 mm-lik orta təzyiqli qaz xəttinin üzərində inşa edildiyini nəzərə alaraq həmin tikilinin İddiaçı Ağsu X5 İdarəsinin balansında və istismarında olan, diametri 76 mm-lik,orta təzyiqli qaz kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. İşdə olan 13 iyul 2023-cü il tarixli, 14-2-2-12/2-HŞ-1/2023 nömrəli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı İB tərəfindən 13 iyul 2023-cü il tarixdə İsmayıllı rayonu, Yuxarıbaş yaşayış massivi sakini Cavabdeh poçt vasitəsi ilə rəsmi qaydada xəbərdarlıq məktub göndərilərək gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısınəın alınması məqsədi ilə qeyd olunan tikilinin (beton örtüyü) 3 gün müddətində sökülərək qaz xəttinin mühafizə zonasından çıxarılmasının təmin edilməsi xahiş edilmiş, əks təqdirdə mövcud qanunvericiliyə uyğun olaraq tikilinin sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan 02 may 2023-cü il tarixli Ağsu RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilərək öz imzaları ilə təsdiq edilmiş aktın surətindən görünür ki, 02 may 2023-cü il tarixdə Ağsu RQİİ-nin əməkdaşları tərəfindən İsmayıllı şəhəri Yuxarıbaş yaşayış massivində yerləşən mübahisəli əraziyə baxış keçirilmiş, baxış zamanı diametri 76 mm-lik paylayıcı qaz xəttinin 11 metr hissəsinin İsmayıllı şəhəri,Yuxarıbaş yaşayış massivində yaşayan Cavabdeh tərəfindən yeni inşa edilmiş tövlənin içərisinə düşdüyü müəyyən edilmişdir. İşdə olan fotoşəkillərin surətlərindən görünür ki, İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan, diametri 76 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında (üzərində) cavabdeh tərəfindən tövlə binası inşa olunmuşdur. Mülki iş materiallarında olan “Ağsu Rayon Qaz İstismar İdarəsi”nin İsmayıllı XS üzrə rəis müavini Q.Mehdiyev tərəfindən təsdiq edilmiş sxemə əsasən iş üzrə Rüstəm Həmzəyevə məxsus həyətdən keçən diametri 76 mm-lik qaz xəttinin mühafizə zonasında (üzərində) tövlə binasının inşa edilmişdir və qaz xəttinin tövlə binasının içərisindən keçdiyi məsafənin 12 metr təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra,belə hesab edir ki,ekspert rəyi tam və əsaslandırılmış olduğundan və eyni zamanda tərəflər sözügedən rəyi mübahisələndirmədiklərindən mötəbər sübut kimi qəbul ediləndir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İsmayıllı rayonu, İsmayıllı kəndi (Yuxarıbaş yaşayış massivi) ərazisindən keçən İddiaçı Ağsu X5 İdarəsinin balansında və istismarında olan, diametri 76 mm-lik,orta təzyiqli qaz kəmərinin mühafizə zonasında (üzərində) cavabdeh tərəfindən tövlə binası inşa edilmişdir.İddiaçı Ağsu X5 İdarəsinin balansında və istismarında olan,diametri 76 mmlik,orta təzyiqli qaz kəmərinin cavabdehə məxsus tikilinin (tövlənin) döşəmə səviyyəsində olmaqla daxildən keçdiyi və mübahisə predmeti olan tikilinin (tövlənin) faktiki olaraq 76 mm-lik orta təzyiqli qaz xəttinin üzərində inşa edildiyini nəzərə alaraq həmin tikilinin İddiaçı Ağsu X5 İdarəsinin balansında və istismarında olan, diametri 76 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə işin müəyyən olunmuş yuxarıdakı hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, sökülməsi tələb olunan tövlə binasının inşaat norma və qaydalarına uyğun olmadığı ekspert rəyi və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır.Belə olan halda sözügedən tövlə binasının özbaşına tikinti kimi qiymətləndirilməsi mümkündür. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli tövlə binasının hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Göründüyü kimi qanunverici özbaşına tikintinin hüquqi əsasını müəyyən etmişdir. İş materiallarından da göründüyü kimi, İsmayıllı rayonu, İsmayıllı kənd sakini Cavabdeh mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi və tövlə binası inşa etmişdir.Cavabdeh tərəfindən inşa edilən tövlə binası İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan,diametri 76 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında (üzərində) inşa edilmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr,aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən,göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə cavabdehin mühafizə zonasında torpaq sahəsinin özünküləşdirilməsinə dair bağladığı hər hansı əqd həmin məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır, eləcə də, həmin məcəllənin 110-cu maddəsinə əsasən cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa,göstərilən tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən,tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmayan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi "Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli,356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasəntikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi,mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı müəssisənin iddiası əsaslıdır, iddiaçının sökülməsini tələb etdiyi tövlə binası qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. İddianın təmin edilməsinin hüquqi əsasları mövcuddur və ona görə də iddia təmin edilməlidir. Eyni zamanda məhkəmə iddiaçının istinad etdiyi maddi hüquq normalarının işin faktiki hallarına tətbiq edilib-edilməmə məsələsinə də aydınlıq gətirməyi zəruri hesab edir.Belə ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalar”nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmədiyini iddia tələbinin qanuni əsası kimi qeyd etmişdir. Həmin bəndin mənasından da göründüyü kimi, qanunverici görülmüş işləri deyil, görülməkdə olan işlərdən bəhs edir. İş materiallarından da göründüyü kimi Cavabdeh inşa etdiyi tövlə binası qaz kəmərinin mühafizə zonasında (üzərində) inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O,öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1,9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq "hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum,dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs,o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir.Ona görə də,hazırkı mübahisə üzrə diametri 76 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında (üzərində) inşa edilən tövlə binasının cavabdehin vəsaiti hesabına sökülərək kəmərin mühafizə zonasının bərpa edilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı İsmayıllı rayonu, İsmayıllı kəndi (Yuxarıbaş yaşayış massivi) ərazisindən keçən, İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan, diametri 76 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında (üzərində) inşa edilən Tövlə binasının Cavabdeh vəsaiti hesabına sökülərək kəmərin mühafizə zonasının bərpa edilməsi barədə tələb irəli sürmüş və öz istinad etdiyi halları sübut etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2024-cü il tarixli, №3-16-16/2-10/7781 nömrəli ekspert rəyində İsmayıllı rayonu,İsmayıllı kəndi (Yuxarıbaş yaşayış massivi) ərazisindən keçən İddiaçı Ağsu X5 İdarəsinin balansında və istismarında olan, diametri 76 mm-lik, orta təzyiqli qaz kəmərinin cavabdehə məxsus tikilinin (tövlənin) döşəmə səviyyəsində olmaqla daxildən keçdiyinin müəyyən olunması və mübahisə predmeti olan tikilinin (tövlənin) faktiki olaraq 76 mm-lik orta təzyiqli qaz xəttinin üzərində inşa edildiyini nəzərə alaraq həmin tikilinin İddiaçı Ağsu X5 İdarəsinin balansında və istismarında olan, diametri 76 mm-lik,orta təzyiqli qaz kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyinin müəyyən olunduğu qeyd edilmişdir. İddiaçının sökülməsini tələb etdiyi tövlə binasının qaz kəmərinin mühafizə zonasında yerləşməsi və həmin tikilinin yüksək təhlükə mənbəyi olması sübut olunur. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,İsmayıllı rayonu,İsmayıllı kəndi (Yuxarıbaş yaşayış massivi) ərazisindən keçən,İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan,diametri 76 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında (üzərində) inşa edilən Tövlə binası Cavabdeh vəsaiti hesabına sökülərək kəmərin mühafizə zonası bərpa edilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.Hazırkı tələb təmin edildiyindən ekspertiza xərci cavabdehdən tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli,yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İsmayıllı rayonu, İsmayıllı kəndi (Yuxarıbaş yaşayış massivi) ərazisindən keçən, İddiaçı Ağsu X4 İdarəsinin balansında və istismarında olan, diametri 76 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında (üzərində) inşa edilən Tövlə binası Cavabdeh vəsaiti hesabına sökülərək kəmərin mühafizə zonası bərpa edilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu məbləği tutularaq İddiaçı hesabına keçirilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab-büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3,SAP (XİİS) hesabı-adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab - AZ 41NAB Z********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar