Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-277/2021 07.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 manat əsas borcun, əldən çıxmış fayda kimi 1000 manat məbləğində pulun, əlavə xərclədiyi 250 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2780 manat məbləğində pulun alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçə İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, yalnız Cavabdeh1 1500 manat əsas borcun, əldən çıxmış fayda kimi 1000 manat məbləğində pulun, əlavə xərclədiyi 250 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2780 manat məbləğində pulun alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx xxxx 2020-ci il tarixdə cavabdehlər onun yaşadığı evinə gələrək, xırda buynuzlu heyvan almaq istədiklərini bildirmişlər. Aralarında olan razılığa əsasən 44 baş qoyunlarını ümumilikdə 4410 manat mənbləğində qiymətləndirərək, 2910 manat hissəsini nəğd almış, qalan 1500 manat hissəsinin isə bir neçə gün sonra ödəniləcəyi qərarlaşdırılmışdır. Lakin həmin vaxtdan səkkiz aydan artıq müddət keçməsinə baxmayaraq, cavabdehlər müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmış, sonralar isə onu hətda öldürəcəkləri ilə hədələmişlər. O uzun müddətdir satdığı heyvanların yerinə uyğun başqa heyvanlar alaraq gəlir əldə edir. Cavabdeh isə 1500 manat pulu uzun müddət ona verməyərək, ona əlavə olaraq qazanacağı 1000 manat məbləğində ziyan vurmuşdur. Belə olan halda o polisə müraciət etmiş, İsmayıllı RPŞ-nin TB-sinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin bağlanması rədd edilmiş və ona pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra o hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də cavabdehlərdən 1500 manat əsas borc, əldən çıxmış fayda kimi 1000 manat, pulunu alamaq üçün dəfələrlə rayon mərkəzinə gedib-gəldiyinə görə xərclədiyi 250 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək göstərdi ki, qəssablıqla məşğul olur, uzun müddətdir ki, iddiaçı ilə iri və xırda buynuzlu heyvanlarıln alqı-satqısı ilə məşğuldur. 2020-ci ilin iyun ayında İddiaçı ümumi dəyəri 4410 manat olmaqla, 44 baş qoyun almış, 2910 manat məbləğində pul vermiş, 1500 manat isə bir neçə gün sonra verəcəyi barədə razılığa gəlmişlər. Onun əvvəllər işlədiyi qəssab dükanı bağlanmış, sonralar isə mövcud pandemiya ilə əlaqədar işləyə bilmədiyi üçün borcunu ödəyə bilməmişdir. İddiaçıya 1500 manat məblıəğində borcu vardır, vaxt verilərsə borcunu ödəməyə söz verir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 4410 manat dəyərində 44 baş qoyunu nisyə verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatının müqayisəli təhlili nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı ümumi dəyəri 4410 manat olan, 44 baş qoyunu 2910 manat nəğd, qalan 1500 manat hissəsini cavabdehlərə sonradan dəyərini ödəməklə nisyə vermişdir. Cavabdeh isə həmin məbləği ödəyəcəyini öhdələrinə götürmüş, lakin qalan borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindı göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı 4410 manat dəyərində 44 baş qoyunu cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləğin bir qismini ödəmiş, qalan hissəsini isə ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 1500 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə iddianın əldən çıxmış fayda tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı həmin tələbinə dair məhkəməyə əsaslı sübutlar təqdim etməsə də cavabdehin iddiaçıdan 2020-ci ildə 44 baş qoyunun ümumi dəyəri 4410 manat olmaqla, həmin məbləğin bir hissəsini, yəni 2910 manat hissəsini ödəməsini, digər 1500 manat hissəsini isə ödəmədiyinə görə iddiaçı 1000 manat əldən çıxmış fayda tələb etsə də, məhkəmə iddiaçının sırf iri və xırdı buynuzlu heyvanların alğı-satqısı ilə məşğul olaraq qazanc əldə etdiyini, nəticədə keçimini məhz bu tip fərdi əməklə məşğul olaraq saxladığını, bunun nəticəsində almalı olduğu 1500 manat pulu ala bilməyərək, alsa idi əldə edəcəyi gəlirlərin əldən çıxdığını və qeyd olunan hüquq normalarının tələblərini nəzərə alaraq iddia tələbinin həmin hissədə qismən - 500 manat məbləğində təmin edilməsini əsaslı hesab edir. Məhkəmə iddia tələbinin 250 manat məbləğində maddi ziyan hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı həmin tələbinə dair məhkəməyə əsaslı sübutlar təqdim etməsə də pulunu almaq məqsədi ilə yaşadığı İsmayıllı rayonu, Qalınçaq kəndindən səkkiz ay ərzində dəfələrlə taksi ilə İsmayıllı şəhər mərkəzinə gəlib getməsi üçün 100 manat məbləğində pul xərcləməsi ağlabatandır. Belə ki, iddiaçının yaşadığı Qalınçaq kəndi İsmayıllı Rayon mərkəzindən 14 km şimal qərbdə yerləşir və həmin məsafənin taksi xidmət haqqı təxminən və faktiki hala görə 2-5 manat məbləğindədir. Ona görə də məhkəmə qərara alır ki, iddia tələbi həmin hissədə qismən - 100 manat miqdarında təmin olunması qanunamüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh1 1500 manat əsas borcun, əldən çıxmış fayda kimi 500 manat məbləğində pulun, əlavə xərclədiyi 100 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2130 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 oğlundan müştərək qaydada 1500 manat əsas borcun, əldən çıxmış fayda kimi 500 manat məbləğində pulun, əlavə xərclədiyi 100 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2130 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-277/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-277/2021
07.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver