Məhkəmə qərarları › İş №2(037)-317/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-317/2021

28.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-317/2021 28.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İddiaçı Bəhman oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Bəhman oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 234 manat faktiki ziyan, 1000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 1264,40 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Bəhman oğlu iddianı müdafiə edərək göstərdi ki, vergi ödəyicisi kimi qeydiyyatdan keçərək “Çıraqban” istirahət mərkəzində mehmanxana xidməti göstərməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh1 ona müraciət edərək oteldə gecələmək istədiyini bildirmiş, o hərbiçi olduğu və müharibədən gəldiyi üçün ona güzəşt edilərək, bir gün gecələmə haqqı 50 manat olan otaq, ona 30 manat məbləğində verilmiş, ona ayrılmış otaqda yemək xidməti göstərilmiş və hər gün üçün ona göstərilmiş xidmətlərə görə xidmət haqqı ödənilmişdir. Lakin 29 və 30 dekabr tarixlərində Cavabdeh1 qaldığı otağa qonaqları gəlmiş və onların sifarişi əsasında 234 manat dəyərində xidmət göstərilmişdir. Cavabdehlər yaranmış borclarını ödəməmək üçün müxtəlif vasitələrə əl ataraq, özləri ilə gətirdikləri əl çantasına otaqda olan lazımsız tullantılarla dolduraraq dolu vəziyyətə gətirildikdən sonra, həmin çantaları otaqda qoyaraq, istirahət mərkəzini tərk etmişlər. Cavabdehlər istirahət mərkəzini xx.xx.2020-ci il tarixdə təxminən saat 9:00-10:00 radələrində tərk edərkən guya cavabdehlərlə oteldə qonaq qismində olan Kürdəmir rayon sakini olan şəxsi yola salmağa getdiklərini, qaldıqları otaqda şəxsi əşyalarını saxladıqlarını, 20-30 dəqiqəyə geri qayıdacaqlarını və borclarını tam şəkildə ödəyəcəklərini bildirmişlər. Lakin cavabdehlərin bir daha istirahət mərkəzinə qayıtmadıqlarını görüb, onların əşyalarına baxdıqda, çantaların içərisində lazımsız tullantı mallarının yığıldığının şahidi olmuşdur. Bundan sonra anlamışdır ki, cavabdehlər onun etibarından sui-istifadə edərək onu aldatmış və 234 manat borclarını ödəməmək üçün qaçıb getmişlər. Bundan sonra o, Cavabdeh3lə telefon əlaqəsi yaradaraq ona öz narazılığını bildirmiş və borcun ödənilməsini tələb etmiş, o isə heç bir ödəniş etməyəcəyini bildirərək borcu ödəməkdən imtina etmişdir. Sonradan Cavabdeh1 mobil telefonuna zəng edərək, ona iradını bildirdikdə, o etdiyi hərəkətləri etiraf edərək, həqiqətən əvvəlcədən planlaşdıraraq oteldən getmək fikrinin olduğunu və ona görə də çantasının içərisinə lazımsız əşyalar dolduraraq otelin pəncərəsinə qoyduğunu bildirmiş, guya Bakı şəhərinə getdiyini, borcunu xx.xx.2021-ci il tarixdə ödəyəcəyi barədə söz versə də, sonradan edilən telefon zənglərinə cavab verməmişdir. Sonradan cavabdehlər 102 xidmətinə zəng edərək, guya onun karantin rejimini pozduğu barədə məlumat vermiş, bu səbəbdən də onun sahibkarlıq fəaliyyətinə əhəmiyyətli əngəllər yaranmış, onun işgüzar nüfuzuna xələl gəlməklə ona maddi və mənəvi zərər dəymişdir. Ona görə də cavabdehlərdən 234 manat faktiki ziyan, 1000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 1264,40 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Onu etibarnamə üzrə sələhiyyətli nümayəndəsi/atası X1 təmsil etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak etmiş, ehtiyata buraxıldığı gün, yəni xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonuna gəlmiş, həmin gün yaşadığı evə getməmiş, təxris olunarkən ona xidmətdə olduğu müddətdə verilmiş 1250 manat əmək haqqının bir hissəsini xərcləyərək istirahət etmək qərarına gəlmiş və İsmayıllı rayonu ərazisində yerləşən “Çıraqban” istirahət mərkəzinə gələrək orada gecələmək üçün otaq kirayələmiş, bir neçə gün orada qalaraq ona göstərilən xidmətlərdən istifadə etmiş və xidmət haqqını ödəmişdir. Orada qaldığı müddətdə bir neçə dostu onun yanına gəlib-getmiş, dostları ilə yemək sifariş edilmiş və xx.xx.2020-ci il tarixdə təxminən 900 manat məbləğində ödəniş edərək, dostları ilə birlikdə həmin oteli tərk etmişdir. Bildirmək istəyir ki, o bütün borcunu artıqlaması ilə ödəmişdir, onun iddiaçıya borcu yoxdur, İddiaçı göstərdiyi xidmət müqabilində ondan real qiymətdən artıq məbləğdə ödəniş tələb edir. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/atası X1 eyni məzmunlu ifadə verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, onu İsmayıllı rayonunda hər kəs tanıyır, eləcə də İddiaçı. Onun oğlu müharibədən qayıtmışdır, hər kəs kimi İddiaçı da ona əsgər olduğuna görə hörmət edə bilərdi, oğlunun əgər borcu var idi isə ona zəng edib xəbərdarlıq edərdi, o həmin borcu ödəyərdi. Eyni zamanda oğluna 650 manat məbləğində telefon almış, həmin gün otelə borcu olduğuna görə oğlu telefonu satmış və borcunu ödəmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, Cavabdeh1 cəbhədən gəldiyi gün onlara “Çıraqban” adlı istirahət mərkəzində olduğunu bildirmiş, o, dostu Elməddinlə birlikdə həmin istirahət mərkəzinə gələrək, bir neçə gün orada qalmışlar. Həmin müddətdə müxtəlif vaxtlarda yemək yemişlər və hər dəfə xidmət haqqını ödəmişlər. xx.xx.2020-ci il tarixdə də onlara göstərilən xidmətə görə hesablanmış, oteldə qaldıqları kirayə haqqı və yedikləri yemək haqqını Cavabdeh1 artıqlaması ilə ödəyərək oranı tərk etmişlər. Onların İddiaçı heç bir borcları yoxdur. Məhkəmə iclasında Cavabdeh3 eyni məzmunlu ifadə verərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, diskə baxış keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan fakturadan görünür ki, xx.xx.2020-ci il tarixdə ad və soyad qrafasında “taleh, Mətləb”, gəliş məqsədi “işçi”, müddəti “1 gün“, qiyməti “30 ödəndi” yazılmış, xx.xx.2020-ci il tarixdə ad və soyad qrafasında “Cavabdeh1, Rəhman, Şərifli Elvin”, qiyməti “30 ödəndi” yazılmış, xx.xx.2020-ci il tarixdə ad və soyad qrafasında “Vüsal, Elvin”, gəliş məqsədi “İstirahət“, müddəti “1 gün“, qiyməti “30 ödəndi” yazılmış, xx.xx.2020-ci il tarixdə ad və soyad qrafasında “Vüsal,Oral Cümşüdzadə, Cavabdeh3, Abdullayev Elşən, özümlə iki nəfər”, gəliş məqsədi “istirahət“, müddəti “1 gün“, qiyməti “30 ödəndi” yazılmış, xx.xx.2020-ci il tarixdə ad və soyad qrafasında “Cavabdeh1, Namik, Taleh Dünyamalıyev, Mətləb Hüseynov, Əli İslamlı, S.Seva, Əhmədov Səbuhi, özümlə 3 nəfər”, qiyməti “198, 30 nisyə, 30 ödəndi, 50 ödəndi, 60 ödəndi” yazılmış faktura imza edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, müəssədaxili qaimədən görünür ki, 12 adda yemək çeşidlərinin ümumi dəyəri 83 manat hesablanmış, həmin məbləğdən 80 manat ödənilmiş, 03 manat borc qalmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müəssədaxili qaimədən görünür ki, 14 adda yemək çeşidlərinin ümumi dəyəri, 117 manat təşkil etmişdir. İş materiallarında olan 29 və xx.xx.2020-ci il tarixli müəssədaxili qaimələrdən görünür ki, ümumilikdə 19 adda yemək çeşidlərinin ümumi dəyəri, digər günlərdən qalıq məbləğlə birlikdə hesablanmaqla cəmi 234 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı Bəhram oğlunun şikayəti əsasında aparılmış araşdırma nəticəsində Cavabdeh1 əməlində cinayət, yaxud inzibati tərkib müəyyən edilmədiyindən bərəsində cinayət işi, yaxud inzibati icraat başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindı göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə isə kirayə müqaviləsi, həm nisyə alqı-satqı müqaviləsi, həm də xidmət müqaviləsi olmaqla qarışıq müqavilə mövcuddur. Belə ki, iddiaçı istirahət mərkəzində yerləşən qonaqlama otaqlarını müəyyən müddət cavabdehlərə kirayə vermiş, eyni zamanda həmin istirahət mərkəzində yemək xidməti göstərərək, həm alqı-satqı həm də xidmət müqaviləsindən ibarət qarışıq müqavilə münasibətlərinə girərək, o, öz öhdəliyini yerinə yetirərək otel otağını və həmin müddətdə yemək xidməti göstərilməsini öhdəsinə götürmüş,cavabdehlər isə müəyyən pul məbləğini ödəməyi öhdələrinə götürmüşlər. Belə olan halda cavabdehlərin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 234 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx xxxx 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli,öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Əvvəla məhkəmə qeyd edir ki, qeyd olunan xidməti iddiaçı cavabdehlərə göstərdiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə sübut təqdim etməli və bu halı sübuta yetirməlidir. Çünki, artıq bəyan etdiyi bu halı sübut etmək yükü onun üzərinə düşür. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı,kirayə və xidmət müqavilələri bağlanmaqla, onlar arasında müqavilənin qarışıq forması mövcuddur və bu hal iddia tələbinin mübahisəsiz halıdır. Eyni zamanda məhz bu halla bağlı yalnız iddiaçının izahatı və iş materiallarında olan “faktura, qaimələr və disk“mövcuddur. İddia tələbinin mübahisə doğuran halı isə cavabdehlərin iddiaçıya ödənilməli borclarının olmaması ilə bağlıdır. Belə ki, cavabdehlər iddia tələbini etiraf etmirlər. Cavabdehlərin verdikləri izahatların qarşılıqlı müqayisəsi, iş materiallarının təhlili nəticəsində məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin verdikləri izahatlar işin faktiki halına uyğun olmamaqla həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh1 polis şöbəsində araşdırma zamanı telefon vasitəsi və əvvəlki məhkəmə iclasında verdiyi ifadələrində xx.xx.2020-ci il tarixdə iddiaçıya təxminən 900 manat məbləğində pul ödəyərək borcunu tam bağladığını bildirsə də, onun sözügedən istirahət mərkəzinə borcu qalmamışdırsa hansı səbəbdən həmin tarixdə əşyalarını otelin otağında saxlayaraq, təkrarən ora qayıdacağını bildirməsini məhkəmə iclasında əsaslandıra bilməmişdir. Eyni zmanda ona məxsus 650 manat dəyərində (özünün dediyinə görə) telefonu sırf qalan borcunu ödəmək məqsədi ilə satması və borcunu ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda digər cavabdehlər də hər hansı bir əsaslı sübut təqdim etmədən iddia tələbini rədd etməklə kifayətlənmişlər. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, təmin olunmuş iddia tələbi məbləği 500 manatdan az olduğundan iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun 20 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Bəhman oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 234 manat maddi ziyan və 20 manat dövlət rüsumu olmaqla, cəmi 254 manat məbləğində pul alınıb İddiaçı Bəhman oğluna verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası MPM-nin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 234 manat maddi ziyan və 20 manat dövlət rüsumu olmaqla, cəmi 254 (iki yüz əlli dörd) manat alınıb İddiaçı Bəhram oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar