Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-378/2020 10.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Allahverdı̇yev Kamal Ağaı̇smayıl oğlunun cavabdeh x2 qarşı pul tələbinə dair mülki işə 10 iyul 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Allahverdı̇yev Kamal Ağaı̇smayıl oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək x1 (bundan sonra cavabdeh) 1800 manat və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 1830 manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh bacanağıdır. O, 2006-cı ildən cavabdehin həyat yoldaşının adına olan İsmayıllı rayon Aşağı Zərnava kəndi ərazisində yerləşən 1,43 hektar icarəyə götürərək əkib becərmiş və hər il icarə haqqını ödəmişdir. 2015-ci ildə cavabdeh və yoldaşı onlara gəlmiş və həmin torpaq sahəsinin satmaq istədiklərini bildirmişlər. O, həmin torpaq sahəsini almaq qərarına gəlmiş və cavabdehlə 1600 manat pula razılaşmışdır. Cavabdeh torpaq sahəsinin sənədlərini ona vermiş və o həmin torpağı almaq üçün cavabdehə ümumilikdə 1800 manat pul vermişdir. O cavabdehlə qohum olduğu üçün torpaq sahəsinin alğısatqısını rəsmiləşdirməyə tələsməmişdir. 2019-cu ilin dekabr ayında cavabdeh torpağın sənədlərinin əslinin ona qısa müddətə lazım olduğunu bildirərək sənədləri istəmişdir. O da cavabdehin sözünə inanaraq sənədləri vermişdir. Sonradan o, cavabdehə həmin torpaq sahəsinin alğı-satqısını rəsmiləşdirmək istədiyini bildirmişdir. Bu barədə onun cavabdehlə çoxlu telefon danışıqları olmuşdur. Cavabdeh həmin danışıqlarda da ondan pul almasını etiraf etmiş və yaxın günlərdə alğı-satqı müqaviləsinin rəsmiləşdirəcəyini bildirmişdir. Sonradan cavabdeh müxtəlif bəhanələr gətirərək alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən imtina etmiş, torpaq sahəsini onun məlumatı olmadan başqa şəxsə satmışdır. Cavabdehin ona satdığı torpaq sahəsinin hazırda bazar qiymətləri ilə dəyəri daha yüksək olsa da o, cavabdehlə qohum olduqları üçün torpağın hazırki dəyərini tələb etmir, verdiyi pulun geri qaytarılmasını istəyir. Cavabdehdən torpağın alınmasına görə verdiyi 1800 manat pulu və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 1830 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 2006cı ildə həyat yoldaşının adına olan 1,43 hektar torpaq sahəsini iddiaçıya icarəyə vermişdir. İddiaçı həmin torpaq sahəsini əkib becərərək ona ildə 200 manat pul verəcəyini bildirmişdir. Lakin bir ildən sonra bol məhsul olmadığından ona 50 manat pul vermiş, bir müddət sonra isə 100 manat pul, 200 kiloqram buğda və 200 manat subsidiya pulun göndərmişdir. İddiaçı ona icarə haqqı olaraq cəmi 850 manata yaxın pul vermişdir. O, iddiaçıya torpaq sahəsini satmamışdır. İddia tələbini əssasız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid2 ifadə verərək göstərdi ki, iddiaçı əridir. Əri cavabdehə mübahisəli torpaq sahəsinin satın alınmasına görə 2 il müddətinə 1800 manat pul vermişdir. Cavabdeh əvvəllər həmin torpaq sahəsini satdığını etiraf etsə də sonradan onları aldadaraq torpaq sahəsinin sənədlərini götürmüş və torpağı digər şəxsə satmışdır. Şahid1 ifadə verərək göstərdi ki, cavabdeh əridir. Mübahisəli torpaq sahəsi onun adına olmuşdur. Onlar iddiaçıya güvənərək həmin torpaq sahəsini icarəyə vermişlər. İddiaçı onun ərinə 14 il ərzində cəmi 800 manat icarə haqqı vermişdir. Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi CD-diskə köçürülmüş audio yazılara tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, telefon əlaqəsi zamanı iddiaçı torpaq alğı-satqısına görə cavabdehə 1600 manat pul verdiyini, cavabdeh isə torpağa görə 1400 manat aldığını və yaxın zamanlarda ailə üzvləri ilə birlikdə gəlib alğı-satqı müqaviləsini rəsmiləşdirəcəyini bildirir. Cavabdeh eyni zamanda iddiaçıdan torpaq sənədinin əsillərinin müvəqqəti olaraq ona qaytarılmasını xahiş edir, iddiaçı da həmin sənədləri Sərraf adlı şəxsə verəcəyini və ondan götürməsini bildirir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadəsini dinləyib mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mübahisəli torpaq sahəsinin satın alınmasına görə cavabdehə ümumilikdə 1800 manat pul vermişdir. Cavabdeh iddia tələbini etiraf etmir, iddiaçıya torpaq sahəsini satmadığını və ona cəmi 850 manata yaxın icarə haqqını verdiyini bildirir. Məhkəmə hesab edir ki, iddiaçının göstərdiyi faktlar məhkəmə iclasında sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh x1 1800 (bir min səkkiz yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu – cəmi 1830 (bir min səkkiz yüz otuz) manat məbləği alınaraq iddiaçı Allahverdı̇yev Kamal Ağaı̇smayıl oğluna ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-378/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-378/2020
10.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver