Məhkəmə qərarları › İş №2(037)-379/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-379/2024

28.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-379/2024 28.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 28 mart 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 1700 manat və 38 manat ödənilmiş dövlət rüsumu - cəmi 1738 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehlə qohumluq münasibətində olmaqla həm də iş yoldaşı olmuşlar. Cavabdeh 2020-ci ilin avqust ayınının 05-də ona bildirmişdir ki, pula ehtiyacı var və problemli müştəri kimi “Kapital Bank” ona kredit vermir. Öz adına kredit götürüb pul verməsini və həmin kredit borcunu hər ay ödəyəcəyinə vəd vermişdir. O, cavabdehin iştirakı ilə 05 avqust 2020-ci il tarixdə "Kapital Bank"la kredit müqaviləsi bağlayaraq 4900 manat borc pul almışdır. Komissiya, sığorta və sair xərclər çıxıldıqdan sonra 4500 manat nağd pulu bankdan alan kimi cavabdehə vermişdir. Cavabdeh bir daha bildirmişdir ki, adına olan kredit borcunu hər ay ona ödəyəcəkdir. Lakin cavabdeh ilk iki ayda kredit borcunu qrafikə uyğun ona ödəsə də sonradan müxtəlif bəhanələrlə pulu bəzi hallarda gecişdirir, bəzi hallarda yarı məbləği ödəməklə kifayətlənmişdir. Faizlə birlikdə 7000 manat kredit borcunu ödəmişdir. Cavabdeh isə yalnız 5300 manat ona ödəmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə ona ödəməli olduğu 1700 manat borcu ödəməkdən yayınmışdır. Cavabdehlə mobil telefon vasitəsi ilə əlaqə saxladıqda onlarla məktublarda borcunu ödəyəcəyinə vəd vermişdir. Cavabdeh onu aldadaraq "Kapital Bank"la kredit müqaviləsi bağlatmış, pulu son qəpiyinə kimi ondan alaraq faizləri ilə birlikdə qrafikə uyğun ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməyərək 1700 manat borclu qalmışdır. O, borcunu məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmış və 38 manat dövlət rüsumu ödəmişdir. Cavabdehdən 1700 manat və 38 manat ödənilmiş dövlət rüsumu - cəmi 1738 manat pulun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, onun iddiaçıya 1700 manat borcu var. Maddi vəziyyəti yaxşı olmadığından borcunu qaytara bilməmişdir. O, borcunu iddiaçıya ödəyəcəkdir. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İşdə olan “Whatsapp” yazışmalarının surətlərindən görünür ki, cavabdeh borcunu iddiaçıya ödəyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını, cavabdehin iddiaya münasibətini, işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdehə ümumilikdə 593 manat dəyərində olan tikinti materiallarının nisyə verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə, məhkəmə tərəflərin izahatının müqayisəli təhlili nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı bankdan 4500 manat kredit götürərək cavabdehə vermişdir. Cavabdeh ümumilikdə iddiaçıya kredit borcundan 5300 manat ödəmişdir. İddiaçı faizlə birlikdə 7000 manat kredit borcu ödəmişdir. Hazırda iddiaçı qalan 1700 manat borcu cavabdehdən tələb edir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Cavabdeh isə iddianı etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindı göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara və cavabdehin iddianı etiraf etməsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi və cavabdehin etiraf etdiyi həcmdə, yəni 1700 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdehdən 1700 manat pul və 38 manat dövlət rüsumu olmaqla, cəmi 1738 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1700 manat pul və 38 manat dövlət rüsum olmaqla, cəmi 1738 (bir min yeddi yüz otuz səkkiz) manat alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar