Məhkəmə qərarları › İş №2(037)-403/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-403/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-403/2021 07.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsinə dair mülki işə 07 iyun 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək “VAZ 2106” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1650 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumu, cəmi 1680,4 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 20 aprel 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 27 aprel 2021-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 31 oktyabr 2017-ci il tarixdə idarə etdiyi “VAZ 2101” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “VAZ 2106” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonar məlum olmuşdur ki, cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdehin təqsirli olması İsmayıllı rayon Məhkəməsinin 3(037)-580 saylı 19 dekabr 2017-ci il tarixli qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “VAZ 2106” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə 1650 manat ziyan dəymişdir. 045406 saylı sığorta aktına və 13 dekabr 2017-ci il tarixli 8710 saylı ödəniş tapşırığına əsasən iddiaçı 1650 manat sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə dəymiş 1650 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən tutulmalıdır. Ona görə də iddiaçı “VAZ 2106” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1650 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumu, cəmi 1680,4 manat məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 11 aprel 2017-ci il tarixli AC seriyalı 885772 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2106” minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. 18 mart 2001-ci il tarixli AA seriyalı 384209 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2101” minik markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. 25 noyabr 2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar cavabdehin əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd olunmuş, cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülmüş və baxılması üçün İsmayıllı RM-nə göndərilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 12 dekabr 2017-ci il tarixli hesabatdan müəyyən edilir ki, “VAZ 2106” minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 1650 manat həcmində olması müəyyən edilmişdir. 13 dekabr 2017-ci il tarixli 045406 nömrəli sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “VAZ 2101” markalı ** GX *** qeydiyyat nişanlı avtomobil VAZ 2106 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1650 manat müəyyən olunmuşdur. 13 dekabr 2017-ci il tarixli 8710 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən X1 13 dekabr 2017-ci il tarixli 045406 saylı sığorta aktına əsasən 1650 manat sığorta ödənişi ödənilmişdir. 18 dekabr 2017-ci il tarixli pretenziya məktubunun surətindən müəyyən edilir ki, iddiaçının ödədiyi 1650 manat sığorta ödənişi subroqasiya qaydasında cavabdehdən tələb edilmiş, sığorta ödənişi 7 gün ərzində ödənilməyəcəyi halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İsmayıllı rayon Məhkəməsinin 3(037)-580 nömrəli 19 dekabr 2017-ci il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, 31 oktyabr 2017-ci il tarixdə saat 16:00 radələrində baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında inzibati cərimə edilmişdir. 12 aprel 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat 40 qəpik dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Araşdırma zamanı müəyyən edildi ki, cavabdeh 31 oktyabr 2017-ci il tarixdə sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2101” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “VAZ 2106” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 12 dekabr 2017-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “VAZ 2106” minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə 1650 manat ziyan dəymişdir. 045406 saylı sığorta aktına və 13 dekabr 2017-ci il tarixli 8710 saylı ödəniş tapşırığına əsasən iddiaçı 1650 manat sığorta ödənişi həyata keçirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdehin təqsirli olması İsmayıllı rayon Məhkəməsinin 3(037)-580 saylı 19 dekabr 2017-ci il tarixli qərarında öz əksini tapmışdır. Ona görə də İddiaçı Sığorta Şirkətində sığortalanmış “VAZ 2106” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində cavabdehdən 1650 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumu, cəmi 1680,4 manat məbləğin alınaraq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İsmayıllı rayon Məhkəməsinin 3(037)-580 nömrəli 19 dekabr 2017-ci il tarixli inzibati xəta haqqında qərarı ilə yol-nəqliyyat hadisəsinin cavabdehin təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə görə məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 2106” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 1650 manat sığorta məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 manat 40 qəpik dövlət rüsumu alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1650 manat sığorta ödənişi və ödənilmiş 30,40 manat dövlət rüsumu, cəmi 1680 (bir min altı yüz səksən) manat 40 (qırx) qəpik məbləği alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar